AMEA Milli Azərbaycan Tarix Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova və kolleksiyaçı Mustafa Əliyevlə Azərbaycan numizmatikası, işğal olunmuş ərazilərdə tapılmış numizmatik nümunələr barədə danışdıq.
Fuad Babayev: Aygün xanım, siz dünya numizmatikasını izləyən tədqiqatçı kimi, ümumiyyətlə, Azərbaycan mənşəli, Azərbaycan ərazisində mövcud olan dövlətlərə aid pulların ermənilər tərəfindən özününküləşdirilməsi cəhdlərini müşahidə etmisinizmi? 2016-cı ildə Ermitajda erməni alimlərinin təxribatı adı altında mediada informasiya da getmişdi. Bu barədə hansı faktlar var?
Aygün Məmmədova: Çox sağolun ki, belə vacib mövzuya toxunmusunuz. Aydın məsələdir ki, Dağlıq Qarabağ ərazisi ilk insan məskənlərindən biridir.
Fuad Babayev: Azıxantropun çənə sümüyünün Qarabağda tapılması özü bunu sübut edir.
Aygün Məmmədova: Bəli, 400 min il əvvələ aiddir. Həmin çənə sümüyü Tarix Muzeyində saxlanılır. Bu ilk tapıntı idi ki, keçmiş SSRİ adlandırdığımız ərazidə Azərbaycanın ən qədim insan məskənlərindən biri olmasını sübut edirdi. Məlumdur ki, Azərbaycan ərazisində sikkəyəqədərki dövrdə bir sıra vasitələrlə ticarət edilirdi. Numizmatik tədqiqatlar sübut edir ki, bunlar tunc bilərziklər, kaurilər idi. Həmçinin mal-qara vasitəsilə də bu ticarət aparılırdı. İşğal olunmuş ərazilərə gəldikdə, məsələn, Xocavənd yaxınlığındakı Dolanlar Nekropolundan aşkar olunan tapıntılar arasında da tunc bilərziklərə rast gəlinib.
Fuad Babayev: Müəyyən dövrlərdə ölüləri silahları, ziynət əşyaları ilə basdırırdılar. Nekropoldan tapılan tunc bilərzik dəfinə anlamına gəlirmi?
Aygün Məmmədova: Onlar adətən skeletlər və digər əşyalarla birgə tapılır. Mənim anam Şəki arxeoloji ekspedisiyasının üzvüdür, onlar keçən yay Zaur Həsənovun rəhbərliyi ilə olan qazıntılar zamanı Təpəbaşı nekropolunda yenə də kaurilərə rast gəliblər. Bütün bu faktlar əsaslı sübutdur ki, Azərbaycanda sikkəyəqədərki vasitələr tunc bilərziklər və kaurilər olub. Dolanlar Nekropolunda aşkarlanan bilərziklər də Tarix Muzeyində saxlanılır. 1920-ci ildən fəaliyyət göstərən Tarix Muzeyində ilk numizmatik kolleksiya Yevgeni Paxomova məxsus olub. O, Tiflisdən Bakıya ezam olunaraq Azərbaycanın bir sıra bölgələrində ham arxeoloji, həm numizmatik, həm də etnoqrafik səfərlərdə iştirak edib. Numizmatik materialları ilk dəfə qeydə alan da məhz o olub. “Azərbaycanın və Qafqazın digər respublika, vilayət və əyalətlərinin sikkə dəfinələri” topluları onun ən məhsuldar işlərindən biridir. Biz bilirik ki, hər hansı bir sikkə və ya sikkə dəfinəsi Azərbaycan ərazisindən aşkar olunursa, onun topoqrafik xüsusiyyəti, məhz bu torpaqdan çıxması onun bizə mənsub olduğunu deməyə əsas verir. Hansısa xarici dövlətin sikkəsi də bizim ərazimizdə tapıla bilər. Ümumiyyətlə, sikkə dəfinələrinin erkən sikkəsi və son sikkəsi arasında yüzillikləri əhatə edən məsafələr də ola bilir. Sikkənin Qarabağ ərazisindən çıxması da onun topoqrafik xüsusiyyətini göstərir. Bayaq dediyiniz məsələyə qayıtmaq istəyirəm. 2016-cı ildə mediada Şərq numizmatikası üzrə “İCON” 2-ci Beynəlxalq Konfransında ermənilərin təxribatı ilə bağlı məlumatlar əks olunmuşdu. 18 -22 aprel 2017-ci ildə Rusiya Federasiyasının Novqorod şəhərində XIX Ümumrusiya Numizmatika Konfransı keçirilirdi və həmin konfransda Tarix Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin müdiri, professor Əli Rəcəbli Akopyanın çıxışına münasibət bildirdi.
Fuad Babayev: Akopyan 2016-cı ildə çıxış edib.
Aygün Məmmədova: Bəli. 2017- ci ildə baş tutan konfransda Rizvan Hüseynov və Əli Rəcəbli iştirak edirdi. Akopyan məruzəsində bir çox tarixi həqiqətləri təhrif etmişdi. Onlardan biri də Səfəvi sikkələri ilə bağlı idi. Akopyan onları İran sikkələri kimi təqdim edib. Halbuki, Səfəvilər dövlətinin ərazisi yalnız İranla məhdudlaşmırdı. Həm də şimaldakı əraziləri əhatə edirdi.
Fuad Babayev: Əsas səhv də odur ki, onun məruzəsi “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” adlanır.
Aygün Məmmədova: Bəli, elmi işi belə adlanırdı. Biz bu məsələyə çox toxunduq. Əli müəllim Xarici İşlər Nazirliyinə bu barədə məktub ünvanladı. Həm də öz məqalələrində buna öz kəskin münasibətini bildirdi. Akopyan öz çıxışından ancaq Ermənistan və Gürcüstanda olan sikkələrin zərb olunmasını qeyd edib. Amma Əli müəllim etirazlarında bildirdi ki, Səfəvilər dövründə Gəncə, Şəki, Şamaxı, Pənahabad, Naxçıvan, Quba, Dərbənd, Bakıda da qızıl və gümüş sikkələr zərb olunub.
Fuad Babayev: Aygün xanım məsələni sırf elmi-nöqteyi nəzərdən şərh edir. Mustafa müəllim, bəs siz öz fəaliyyətiniz barədə nə demək istəyirsiniz? Azərbaycanda kolleksiya işi necədir?
Mustafa Əliyev: Mən kolleksiyamdan bir neçə nümunə də gətirmişəm. Məsələn, bu iki sikkə Səfəvilər dövrünə aiddir. Biri İsfahan zərbidir, digəri isə Tiflis. İsfahan zərbi Şah Sultan Hüseynin dövrünə aiddir. Tiflis zərbi isə II Şah Abbasın dövrünə aidir. Zərb ili 1645-ci iledir. Hicri təqvimlə 1064-cü ilə təsadüf edir.
Aygün Məmmədova: Bu sikkələrin tapılma yeri bəllidirmi?
Mustafa Əliyev: Xeyr.
Aygün Məmmədova: İrəvan, Tiflis tarixi Azərbaycan şəhərləridir. Tapılma ərazisi əslində Qarabağ ərazisidir. Sikkələr əldən-ələ keçdiyi üçün adətən kolleksiyaçılar tapılma yerlərini söyləyə bilmir. Numizmatikanın ən aktual və həllini gözləyən problemi odur ki, dəfinələr tədqiqatçılara, muzeyə tam halda gəlib çıxmır. Mənfur qonşularımızın da əlinə düşə bilir.
Fuad Babayev: Mustafa müəllim, buyurun davam edin.
Mustafa Əliyev: Biz internet saytlarında müxtəlif auksionlara daxil olanda müşahidə edirik ki, ermənilər üzərində İrəvan zərbi olan sikkələri özününküləşdirirlər. Öz adları ilə auksiona çıxarırlar. Çox sayda dostlarımız var ki, həmin sikkə qiymətindən daha baha başa gəlsə də çalışırlar ki, əldə etsinlər.
Fuad Babayev: Axı bu necə erməni sikkəsi hesab oluna bilər ki, yazılar ərəb qrafikası ilədir.
Mustafa Əliyev: Əlbəttə ki, buna heç bir əsas yoxdur. İrəvan yazılması onlara kifayət edir. Belə hesab edirlər ki, zərb yeri həmin sikkələrin qədim erməni pulu hesab olunmasına əsas verir.
Fuad Babayev: Bu özü elmi-nöqteyi nəzərdən şübhəli deyilmi?
Mustafa Əliyev: Müəyyən qədər anlayışı olan insan başa düşür ki, bu da erməni yalanlarından biridir. Həqiqəti əks etdirmir.
Aygün Məmmədova: Üzərində hicri təqvimə uyğun zərb ili qeyd olunub. Və yaxından, uzaqdan ermənilərlə, onların tarixi ilə əlaqədar olmayan bir faktdır.
Fuad Babayev: Mustafa müəllim, Azərbaycanlı kolleksiyaçıların auksionlardakı fəallığı hansı səviyyədədir?
Mustafa Əliyev: Məsələn, İrəvan zərbi olan həmin sikkələr Azərbaycanda qədim pulların satıldığı yerlərdə 50 manatdırsa, auksionda iştirak edən azərbaycanlı numizmatlar 80-90 manata da olsa alırlar. İmkan vermirlər ki, düşmənin əlində qalsın.
Fuad Babayev: Bu sonu görülməyən bir proses deyilmi?
Mustafa Əliyev: Bacardığımız qədər köməklik göstəririk ki, Azərbaycanın tarixi özümüzdə qalsın.
Fuad Babayev: Göyçə gölünün adını dəyişib Sevan edirlər, şəhər adlarımızı dəyişirlər, çay adlarını, dağ adlarını erməniləşdirirlər. Amma bu pulu dəyişmək mümkün deyil axı. Erməni kolleksiyaçılarla təmasınız varmı?
Mustafa Əliyev: Xeyr.
Fuad Babayev: Yalnız internetdə olur belə auksionlar? Yoxsa, hansısa beynəlxalq auksionda da iştirak etmisiniz?
Mustafa Əliyev: Sırf internetdə olan auksionlarda iştirak etmişəm. Beynəlxalq auksionlardan əldə etdiyim sikkə olmayıb, amma ola bilsin ki, başqa kolleksiyaçılarda belə sikkələr var.
Fuad Babayev: Kolleksiyaçıların birləşdiyi hansısa məkan varmı? Yəni, onların bir-birilə necə kontakt qururlar?
Mustafa Əliyev: Kolleksionerlər şənbə və bazar günləri səhər saat 09:30-dan günorta 14:00-a qədər “Dostluq” kinoteatrının yaxınlığında yığışırlar. Sikkə almaq istəyən alır, bəziləri barter etmək istəyir.
Fuad Babayev: Qəlp pullara rast gəlinir? Ümumiyyətlə, siz onu müəyyənləşdirə bilirsinizmi?
Mustafa Əliyev: Təbii ki. O sikkələr ki, nadirdir adətən onlarda rast gəlinir. Artıq uzun müddətdir bu işlə məşğul olduğum üçün əldə saxlayanda da seçmək olur. Əsl sikkələrin çəkisi nisbətən ağır olur, qəlplərlə əsasən bu xüsusiyyətlərilə seçilirlər. Bununla yanaşı sikkələrdə müəyyən individual xüsusiyyətlər də olur.
Fuad Babayev: Kolleksiyaçıların sərəncamında hansısa bir vasitə varmı? Sikkələrin qəlp olub olmadığını yoxlamaq üçün.
Mustafa Əliyev: Ən dəqiq diaqnozu tərəziyə çıxartmaqla bilmək olur.
Aygün Məmmədova: Yəni, elektron tərəzilər vasitəsi ilə.
Mustafa Əliyev: Əsas məsələ sikkələrin kataloqda göstərilən çəkisi ilə üst-üstə düşməsidir.
Fuad Babayev: Saxta sikkə düzəldən şəxslər onun çəkisinə nəzarət edə bilmir?
Mustafa Əliyev: Tamamilə uyğunlaşdırmaq mümkün deyil. Amma istisna etmirəm ki, müəyyən qədər oxşada bilərlər.
Fuad Babayev: Amma yaradılan vaxt bütün sikkələr identik olub, elə deyilmi?
Aygün Məmmədova: Həmin dövrdə xüsusi zərbxanalar var idi və bu işlər orada xüsusi təşkil olunurdu.
Fuad Babayev: Xüsusi texnologiyanın olmadığı dövrdə tam dəqiqliyə nail olmaq mümkün idimi? Həm də pullar işləndikcə aşınır, müəyyən qədər çəkisini itirir axı.
Mustafa Əliyev: Aşınma çəkiyə çox cüzi təsir edir. Elə də əhəmiyyətli fərq yaranmır.
Aygün Məmmədova: Qızıl, gümüş və mis nəcib metallar hesab olunur. Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində xüsusi laboratoriya var. Bütün arxeoloji qazıntılar nəticəsində əldə olunan həm arxeoloji tapıntılar, həm də numizmatik tapıntıların tərkibini həmin laboratoriyada yoxlamaq mümkündür. Məsələn, sikkədə hansı əyarlı gümüşdən istifadə olunduğunu müəyyən edə bilirlər.
Fuad Babayev: Azərbaycanda dünya miqyasına çıxa biləcək kolleksiyalar var?
Mustafa Əliyev: Kolleksiyası güclü olan şəxslər var. Şəxsən özüm tanıyıram. Amma çox böyük rəqəmlərlə dəyəri ölçülə biləcək kolleksiyalar olduğuna inanmıram.
Aygün Məmmədova: Mən sikkələrin topluları ilə bağlı da danışmaq istərdim. Məsələn, Xarici İşlər Nazirliyinin əməkdaşı Mustafa Şabanovun öz şəxsi kolleksiyası var. O, bizlə daim təmasdadır və gəncəli olduğu üçün Gəncə xanlığının tarixi ilə çox maraqlanır. Xanlığın sikkələrini toplayır. O, hətta bizə demişdi ki, “Gəncə xanlığının sikkələri” adlı kataloq da hazırlayıb. Orda xronoloji ardıcıllıqla Gəncə xanlığında zərb olunan sikkələrin şəkilləri, tapılma məkanları, dəfinələrin tərkibi təqdim olunub. Eləcə də Gəncənin tarixi, coğrafi mövqeyi. Hətta ordakı yeniliklərdən biri də odur ki, Mustafa müəllim öz kataloqunda zərbxananın Gəncə ərazisində dəqiq harda yerləşməsini müəyyən etmək üçün bəzi fikirlər də irəli sürüb. Və o, bu işlə həvəskar numizmat kimi məşğul olur. Onun Zəyəm sikkələri: Şirvanşahlar, Osmanlı və Səfəvilər dövrü adlı kataloqu da nəşr olunub. Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi Zəyəm yaşayış yerində Şirvanşahlar, Osmanlı və Səfəvilər dövlətinin hakimiyyəti zamanı zərb olunan sikkələrdən bəhs olunur və 9 hökmdarın sikkələri daxil edilib. Bu işdə çox fəal olanlardan biri də Ruslan Rəhimlidir. O, hazırda jurnalist fəaliyyəti ilə məşğuldur, amma numizmatikaya çox maraq göstərir. O, da şəkili olduğu üçün Şəki xanlığı ilə maraqlanır. Mən sosial şəbəkədə müşahidə edirəm, həvəskar numizmatlar bəzən o qədər maraq göstərirlər ki, artıq tipajları, sikkə möhürlərini müqayisə etməyə başlayırlar. Kolleksiyaçılar arasında nadir sikkələrin əldə olunması ilə bağlı müəyyən rəqabət də var.
Fuad Babayev: Mustafa müəllim, necə oldu ki, siz bu işlə məşğul olmağa başladınız?
Mustafa Əliyev: Mən uşaqlıqdan tarixə maraq göstərmişəm, tarixi sevmişəm. Daha sonra sikkələrin satışı haqqında eşitdim, müxtəlif saytlarda bu barədə araşdırma etdim. Və hobbi kimi bu işlə məşğul olmağa başladım.
Fuad Babayev: Numizmatların kolleksiyaçılarla iş birliyi olurmu?
Aygün Məmmədova: Ümumiyyətlə belə bir fikir var ki, istənilən numizmatika üzrə mütəxəssisin gizli də olsa şəxsi kolleksiyası var, amma heç vaxt etiraf eləmir. Təbii ki, mütəxəssis olaraq numizmat hər hansı sikkənin vahid nüsxədə olduğunu bilə bilər. Məsələn, hansısa hökmdar çox qısa bir müddət hakimiyyətdə olubsa, demək ki, onun sikkəsi nadirdir. Bizim kolleksiyaçılarla iş prosesimiz necədir. Mən Tarix Muzeyində çalışarkən dəfələrlə şahidi olmuşam ki, Ruslan Rəhimli çox nadir bir zərbxana olan Derov zərbxanasının sikkələrini bizim fonda hədiyyə edib. Biz bunu saytımızda da vətənpərvər addım kimi işıqlandırmışıq. Düzdür, biz deyə bilmərik ki, kolleksiyaçılar daha yaxşı sikkəni özündə saxlamır, bizə verir. Amma istənilən halda kolleksiyaçının muzeyə sikkə hədiyyə etməsi çox böyük addımdır. Numizmatik baxımdan sikkənin ən önəmli cəhətlərindən biri odur ki, üzərində zərbxananın adı, zərb ili dəqiq görünsün.
Fuad Babayev: Bəs bununla yanaşı ermənilərə qarşı mübarizədə, sırf numizmatikanın əhatə etdiyi məsələlərdə kolleksiyaçılarla numizmatlar arasında kontakt varmı?
Aygün Məmmədova: Ümumiyyətlə, onu da deyim ki, pula tamahı olan kolleksionerlər də var. Biz onlara hər hansı nadir sikkəni muzeyə satmağı təklif edəndə, kolleksiyaçı tamahından irəli gələrək elə bir məbləğ təklif edir ki, bu da muzeyin imkanları çərçivəsində olmur. Yəni, sikkənin təbliği, tədqiqi yox, işin maddi tərəfi daha çox maraqlı gəlir. Kolleksiyaçılığın da belə mənfi cəhəti var. Mən sizə slaydımı da təqdim etmək istəyirəm. İşğal olunmuş bölgələrdən aşkar olunmuş numizmatik tapıntılarla bağlıdır. Məsələn, bu Roma imperatoru Oktavian Avqustun dövrünə aid Şuşa ərazisində tapılmış sikkədir, gümüş denari adlanır. Üzərində Oktavian Avqustun büstü, arxasında isə oğlanları Qay və Lutsinin təsvirləri var. Antik dövrə aid sikkədir. Digəri isə Bizans imperiyasına aid sikkədir. II əsrə aid qızıl soliddir. X Konstantinin dövrünə aiddir və 1953- cü ildə Ağdərənin Vəngli kəndində tapılıb. Bizans imperiyasının paytaxtı o zamanlar Konstantinopol adlanan hazırki İstanbul şəhəri idi. Və xarici sikkənin məhz Qarabağda tapılması hələ keçmişdən mövcud olan tarixi ticarət əlaqələrini büruzə verir. Biz Qarabağ ərazisində belə bir fakta da rast gəlmişik. Həm Sasani drahmasının həm İran şəhəri olan İstəxrdə, həm də Bərdədə zərb olunduğunun şahidi olmuşuq. Numizmatik faktlar sübut edir ki, İlk Qarabağ zərbxanası Sasanilər dövründən etibarən fəaliyyət göstərməyə başlayıb. Sasani sikkələrinin belə bir xüsusiyyəti də var idi ki, onlarda iki pəhləvi hərfinin birləşməsi ilə zərbxana adı göstərilirdi. Və onu numizmatlar müxtəlif cür oxuyurlar. Digər bir sikkə isə Eldənizlər dövlətinə aid sikkədir.
Fuad Babayev: Çox maraqlıdır ki, bu da Xankəndi ərazisində tapılıb.
Aygün Məmmədova: Bəli. Qeydiyyata alan da Yevgeni Paxomov olub. Növbəti sikkə isə Trabzon imperiyasının komminlər sülaləsinə məxsus sikkədir. Onun da tapılma yeri Ağdamdır.
Fuad Babayev: Rusdilli dünyada baş verən hadisələrdən vaxtında xəbər tuta bilirik. Bəs ingilisdilli, fransızdilli numizmatika aləmində necə? Orda baş verənlərdən xəbərimiz varmı? Ermənilər orda necə fəaliyyət göstərirlər?
Aygün Məmmədova: Academia.edu saytında müntəzəm olaraq erməni numizmatların məqalələri də çap olunur. Biz müşahidə edirik ki, həmin məqalələrdə hətta Azərbaycan zərbxanalarının coğrafi mövqeyi belə düz göstərilmir. Onlar çox aktiv olaraq xarici dillərdə nəşrlər edirlər ki, daha geniş ictimaiyyətə xitab edə bilsinlər. Tarix elmləri doktoru, professor Nailə xanım Vəlixanlı məqalələri ilə ermənistanlı tədqiqatçı Şaginyanın bir sıra fikirlərinə öz münasibətini bildirib. Sonuncu nəşr olunan monoqrafiyalarında xüsusilə Armenian adı ilə zərb olunan sikkələr, Armenian adı ilə təqdim olunan materiallara çox geniş şərh verib.
Fuad Babayev: Mustafa müəllim, sonda sizə bir neçə sualım da olacaq. Ümumiyyətlə, peşəkar səviyyədə kolleksiyaçılıqla məşğul olmağa başlayan şəxs üçün nə qədər kapital lazımdır?
Mustafa Əliyev: Əvvəla, onu deyim ki, insanlarda belə bir fikir formalaşıb ki, əgər hər hansı bir əşya qədimdirsə, deməli bunun qiyməti çox yüksəkdir. Əslində belə deyil. Məsələn, məndə Şirvanşahlar dövlətinə aid bir sikkə var. Axsitanın dövrünə aiddir. Fikir versəniz burda monqol tamğası da var. Bu sikkənin qiyməti 5 manatdır. Nəyə görə? O səbəblə ki, çox tapılır. Gümüş sikkələr isə nisbətən baha olur.
Fuad Babayev: Kolleksiyada ən azı neçə neçə predmet olmalıdır?
Mustafa Əliyev: Kolleksiyanın tam olması üçün hər hökmdara aid heç olmasa, bir sikkə olmalıdır. Məsələn, Şirvanşahlar dövlətini götürsək, hər hökmdardan minimum bir sikkə olmalıdır. 861-1538-ci il aralığında hakimiyyətdə olmuş bütün hökmdarlar daxildir.
Aygün Məmmədova: Şirvanşahlarda isə 3 sülalə və hər sülalədən də çox sayda hökmdar hakimiyyətdə olub.
Asytac Hüseynova: Bəs sizdə belə bir tamamlanmış kolleksiya varmı? Məsələn, elə Şirvanşahlar dövlətinə aid sikkələrdən ibarət.
Mustafa Əliyev: Xeyr, təəssüf ki, mənim kolleksiyam natamamdır. Kolleksiyamda Şirvanşahlardan Axsitanın və İbrahimin dövrünə aid gümüş sikkə var. Atabəylər dövlətinə aid Ərdəbil zərbi olan sikkə var. Məhəmməd Cahan Pəhləvanın dövrünə aiddir.
Aygün Məmmədova: Məhəmməd Cahan Pəhləvan Eldənizdən sonrakı dövrdə hakimiyyətdə olub.
Aytac Hüseynova: Azərbaycan kolleksiyaçılarının, numizmatlarının hansısa bir təşkilatı varmı?
Aygün Məmmədova: Rövşən Əhmədovun rəhbərlik etdiyi Num.az cəmiyyəti var. Onlar Ədliyyə Nazirliyindən hüquqi qeydiyyatdan da keçiblər.
Mustafa Əliyev: Mən də üzvüyəm.
Aygün Məmmədova: Rövşən müəllim daim muzeylə təmasdadır. Orda həm banistik, həm numizmatik kolleksiyaların satışı həyata keçirilir.
Aytac Hüseynova: Qızıl sikkələr haqqında nə deyə bilərsiniz? İşğal olunan bölgələrimizdən belə sikkələr tapılıbmı?
Aygün Məmmədova: Qarabağ ərazisində zərb olunan, xəlifə Harun Ər-Rəşidin dövrünə aid Aran dinarını misal gətirə bilərəm. Bu Qarabağda zərb olunan ilk qızıl sikkə adlandırıla bilər. Üzərində 8-ci əsrə aid olduğu yazılıb. Bu sikkə nəyi sübut edir? Ərəb xəlifələri döyüşlərdə qalib gələn sərkərdələri Azərbaycana canişin təyin edirdilər. Canişinlər isə pul zərb edirdilər. Məsələn, bu Hüzeymə İbni Hazim adlı sərkərdə adından zərb olunan qızıl dinardır. O, müstəqilliyə can atdığı üçün sikkə üzərində tabe olduğu xəlifənin adını zərb etməyib. Bir növ bu addımla xəlifəyə qarşı çıxıb. Bu sikkədə Aran sözü zərb olunub. Bərdədə zərb olunsa da Gəncə ərazisində tapılıb. Və ərəb müvərrixlərinin yazılarına görə Aranın tərkibinə həm Gəncə, həm Bərdə, həm Şəmkir daxil idi.
Materialda “http://muzeydeneg.ru” saytının şəklindən istifadə edilmişdir.
Hazırladı: Aytac Hüseynova, 1905.az