– Neçə ildir ki, Almaniyada yaşayırsınız. Təbii ki, almanlarla ünsiyyətdəsiniz. Adi almanların holokosta görə hələ də utanc hissi keçirdiklərini müşahidə etmisinizmi?
– Mən 13 ildir Almaniyada yaşayıram. Mənim kifayət qədər alman dost və tanışlarım var. Düşünürəm ki, istənilən millət əgər onun vicdanı varsa baş verən bütün qətliamlara həm üzülər, həm də bunun üçün utanc hissi duyar. Alman xalqı sivil xalqdır və dünyanın ən inkişaf etmiş dövlətini qurub müharibədən sonra. Baxmayaraq ki, müharibədə məğlub olub. Bu tarix həm də almanlar üçün bəzi şeylərin dəyişməsi ilə başlamışdır. Onlar artıq düşünərək addım atırlar və hədəfləri də odur ki, güclü Almaniya ilə dünyada ilklərdən olmaq və alman xalqının rifahının yaxşı olması. Bu onların hədəfidir. Təbii ki, holokostla bağlı bu gün də peşmançılıq və üzüntü var. Bu bütün almanlara aiddir. Həm sıravi vətəndaşlara, həm də siyasi xətt tutanlara!
– Almaniyada erməni diasporunun fəaliyyəti diqqətinizi cəlb etməyib ki?
– Mənim üçün ermənilər heç zaman diqqət cəlb edən olmayıblar, olma ehtimalları da yoxdur. Onlar mənim üçün maraqlı deyillər. Mənim üçün ilk öncə ölkəm, millətim və övladlarım gəlir!
DİASPORLA HEÇ BİR ƏLAQƏM OLMAYIB BU GÜNƏ QƏDƏR
– Bəs bizimkilər necə? İşləyirlər? Bizim diasporun Azərbaycanı tanıtmaq işində iştirak edirsinizmi?
– Təbii ki, Azərbaycan diasporu haqda çox eşitmişəm və gördükləri işlər barədə də. Çoxusunu media vasitəsi ilə izləyirəm. Avropada olan fəaliyyətlərini, əsas olaraq “Xocalıya ədalət” kampaniyasının aparılmasını yüksək qiymətləndirirəm. Düşünürəm ki, bunu artıq bütün dünya bir soyqırım kimi qəbul etməlidir. Bu yöndə görülən işlər təqdirəlayiqdir. Bununla yanaşı Novruz bayramı, Müstəqillik günü və s. tədbirlərin keçirildiyini də müşahidə edirəm. Mən sadəcə bunlara sevinirəm. Bu həm də dövlətimin inkişafının göstəricisidir. Diasporla heç bir əlaqəm olmayıb bu günə qədər. Lakin verdiyim konsertlərdə özüm ölkəmizin tanıtılması yönündə bu 13 ildə Avropada çox iş görmüşəm və görməyə davam edəcəyəm. Bu ilk növbədə mənim vətəndaşlıq və insanlıq borcumdur!
– Vokalla məşğulsunuz. Necə oldu ki, sənətə gəldiniz?
– Vokalla məşğulam, bəli. Sənətə necə gəldim. Elə çıxdım gəldim. Təbii ki, bu bir zarafatdır. Mənim elə uşaqlıqdan musiqiyə qarşı duyumum çox fərqli olub. Hər zaman musiqidə olmağı, mahnı oxumağı sevmişəm. Mən ailə qurdum, bir müddət bu istəklərimdən kənarda qaldım, amma sonradan yenidən istəyimin yönündə fəaliyyət göstərdim. Şükür Allaha bu gün istədiyim yerdəyəm və yeni uğurlara doğru addımlayıram.
MƏN MAHNIMI QARABAĞ QAYTARILAN GÜN ŞUŞADA, AĞDAMDA, KƏLBƏCƏRDƏ OXUYACAĞAM.
– Mahnı oxumaqla Qarabağı qaytarmaq olarmı? Əlbəttə ki, bu təkcə mahnı oxumaqla mümkün deyil. Mahnı oxumaq bu işdə hansı rolu oynaya bilər?
– Mahnı oxumaqla Qarabağı qaytarmaq olarmı sualı məncə bir az qeyri-ciddi sualdır. Mən belə cavab verim. Hər bir millət öz mədəniyyətini nümayiş etdirməlidir təbii ki. Mən mahnımı Qarabağ qaytarılan gün Şuşada, Ağdamda, Kəlbəcərdə oxuyacağam. Bu mənim arzumdur. Musiqi ilə məşğul olanlar dünya turnelərində çox olurlar və onların ünsiyyətləri çox olur insanlarla. Məhz bu səfərlər zamanı onlara Qarabağ haqda məlumat vermək, onları bu faciələrlə bağlı məlumatlandırmaq düşünürəm ki, elə ən böyük uğurlardan biridir.
İNŞALLAH ÖLKƏMİZƏ HƏMİŞƏLİK QAYITMAQ YAŞLANANDA YƏQİN OLA BİLƏR.
– Nə vaxtsa həmişəlik Azərbaycana qayıtmağı planlaşdırırsınızmı?
– Həmişəlik Azərbaycana qayıtmağı hələ bilmirəm dəqiq. Mənim iki övladım var. Onlar hal-hazırda məktəbdə təhsil alırlar. Onların gələcəyi mənim üçün önəmlidir. Avropada təhsil almaları bu ayrıca bir üstünlükdür. Onlar alman, ingilis, rus və Azərbaycan dillərini mükəmməl bilirlər və bundan sonra daha bir neçə dil öyrənəcəklər. Onların gələcəyinin qurulması və həyat mübarizələrində onlarla bir olmaq bu mənim əsas işimdir və analıq borcumdur. İnşallah ölkəmizə həmişəlik qayıtmaq yaşlananda yəqin ola bilər. İlk öncə övladlarım və onların gələcəyidir. Bundan önəmli bir də mənim üçün vətəndir. Bu iki qüvvə mənə hər zaman ayaqda durmağa güc verir.
– Minnətdarıq sizə.
1905.az