Azərbaycan Sığortaçılar Assosiasiyasının təmsişçiləri Məmməd Ağayev və Turanə Axundova ilə Azərbaycanın sığorta bazarından danışdıq.
Fuad Babayev: Orta statistik azərbaycanlının sığorta haqqında bilgilərində nə çatışmır?
Turanə Axundova: Nəzərə alaq ki, sığorta Azərbaycanda digər inkişaf etmiş ölkələrə nisbətən daha gec yaranıb. Ona görə də insanların hələ sığorta savadı yoxdur. Yəni insanlarımızın çox böyük bir qismi sığortaya inamın, ümumiyyətlə sığortanın nə demək olduğunu hələ ki, anlaya bilmir. Məsələn dəfələrlə olub ki, icbari sığorta edən şəxslər məsuliyyətini sığortaladığı halda iddia edib ki, ona ziyan dəyib. Həmin şəxsə başa salmaq olmur ki, onun kiminsə qarşısında məsuliyyətinin sığortası müqavilədə yazılıb. Bu kimi hallar onu göstərir ki, ilk növbədə insanları sığorta ilə bağlı maarifləndirmək lazlmdır.
Fuad Babayev: Məmməd müəllim, Siz bu fikirlə razısınız?
Məmməd Ağayev: Bəli, razıyam.Hətta əlavələrim də var. Bu gün Azərbaycanda mövcud və potensial sığorta olunan şəxsdə sığortaya qarşı həm məlumatsızlıq, həm də konspiroloji, yəni şübhəli bir yanaşma var. Bununla yanaşı sığortaya qarşı mühafizəkar yanaşma da mövcuddur. Sığortaya şübhəli yanaşanlarda hər hansı hadisə zamanı dəyən ziyanın ödənilməsi ilə bağlı inamsızlıq hökm sürürsə, məsələyə mühafizəkar yanaşanlar mənə heç nə olmaz prinsipindən çıxış edirlər.
Sığorta məhz gözlənilməz hallar üçün nəzərdə tutulmuş ən optimal, ən unikal müdafiə mexanizmidir.
Fuad Babayev: Sığorta haqqında bilgilərimiz arzuolunan səviyyədə deyil. Səbəblərin bir qismini siz sadaladınız. Bəs məsuliyyəti necə paylaşaq? Sığorta biznesi ilə məşğul olan şirkətlərin və şəxlərin bu məsələdə məsuliyyəti nədən ibarətdir?
Turanə Axundova: İlk növbədə daşınmaz əmlakın sığortasından danışmaq istəyirəm. Daşınmaz əmlakın icbari sığortası sizi əmlakınızda baş vermiş hadisədən sığortalayır. Yəni qonşunuzun evinizə su axıtması, yanğın və s. kimi hallardan sizin əmlakınız 25 min manat dəyərində sığortalanmış olur. Daşınmaz əmlakın alğı-satqı prosesində, əmlakın dəyişdirilməsi və ya bağışlanması prosesində sığorta əməliyyat məcburidir. Ümid edirik ki, digər xarici ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da daşınmaz əmlakın sığortası avtomobil sığortası kimi məcburi olsun.
İcbari tibbi sığorta isə rayonlarımızda daha öncədən həyata keçirilməyə başlayıb. Pandemiya dövründə ümumiyyətlə tibbi sığorta növləri işləmir. Pandemiya dövründə bütün dərmanlar, müayinə və müalicə dövlət hesabına olmalıdır.
Fuad Babayev: Minimum əmək haqqı alan şəxs hər ay icbari tibbi sığortaya nə qədər vəsait ödəməlidir?
Turanə Axundova: Həmin şəxsinödəyəcəyi vəsait5 manata qədər olacaq.
Fuad Babayev: Deməli il ərzində icbari tibbi sığortaya vəsait ödəyən vətəndaşın hesabında 60 manat pul olacaq. Əgər bir il ərzində həmin şəxs xəstələnməsə, icbari tibbi sığortaya ödədiyi vəsait onun hesabında qalacaq?
Turanə Axundova: Bu məbləğ sizin ödədiyiniz sığorta haqqıdır, sığorta məbləği deyil. Azərbaycan Respublikasının icbari tibbi sığorta zərfində təxirəsalınmaz tibbi xidmətlərin siyahısı var. Hər bir vətəndaş o zərfə daxil olan xidmətlər çərçivəsində təcili tibbi yardıma və xəstəxanaya müraciət edə bilər. Bu xərcləri icbari tibbi sığorta qarşılayır. İcbari tibbi sığorta təkcə dövlət xəstəxanaları ilə deyil, özəl xəstəxanalarla da müqavilə bağlayır. İcbari tibbi sığorta Bakıda yeni olduğu üçün hələlik bütün özəl klinikalarla müqavilə bağlanmayıb.
Fuad Babayev: 60 manat sığorta haqqı ödəyən vətəndaş hansı məbləğdə tibbi sığortaya ümid edə bilər? Təbii ki, qeyri-adi, mürəkkəb əməliyyatı bu sığorta qarşılamaya bilər
Turanə Axundova: Qarşılayacaq. Hətta açıq ürək əməliyyatı da icbari tibbi sığorta zərfinə daxil edilib. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında (https://its.gov.az/page/xidmetler-zerfi-2 – red.) məlumat əldə etmək olar.
Təmkin Məmmədli: Yəni bu vaxta kimi icbari tibbi sığortaya heç bir vəsait ödəməyən sıravi vətəndaşın ehtiyacı olan əməliyyat Xidmətlər Zərfinə daxildirsə, sığorta onu qarşılayır.
Turanə Axundova: Bəli.
Məmməd Ağayev: Aprel ayından etibarən ümumrespublika səviyyəsində tətbiq olunmağa başlayan icbari tibbi sığorta mexanizmivə əvvəllər də tətbiq olunan könüllü tibbi sığorta mexanizmində region ölkələri ilə müqayisədə unikallıq var. Unikallıq ondan ibarətdir ki, region ölkələrinin bəzilərində tibbi sığorta müraciət edən şəxsin müayinə və müalicəsinin müyyən bir hissəsini qarşılayır. Amma Azərbaycanın sığorta sistemində könüllü və ya icbari sığorta mexanizminə görə bu tamamilə qarşılanır. Yəni burada vətəndaş əlavə ödəniş etmək məcburiyyətində qalmır.
Mən daşınmaz əmlakın icbari sığortası ilə də bağlı fikrimi bildirmək istərdim. Daşınmaz əmlakın icbari sığortası əslində 2019-cu ildə yaranmış təbliğat kampaniyası ilə başlamamışdı. Daşınmaz əmlakın icbari sığortası onsuz da 2011-ci ildən etibarən mövcud idi. Bu “İcbari sığortalar haqqında” qanunla tənzimlənirdi. Yəni qanunvericiliklə məcburi xarakter daşıyırdı. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində də daşınmaz əmlakı icbari sığorta etməyənlərə qarşı cərimə nəzərdə tutulur. Lakin cərimə mexanizmi hələ tətbiq olunmayıb.
Turanə Axundova: Qanun qüvvədədir, tətbiqində bəzi çətinliklər var.
Məmməd Ağayev: Hazırda mexanizm formalaşdırılmaqdadır. Amma daşınmaz əmlakın icbari sığortası olmayan vətəndaş indiki halda cərimələnməsə belə Turanə xanımın qeyd etdiyi kimi əmlak alqı-satqısında, bağışlanmada, girov əməliyyatlarında mütləq şəkildə sığorta sənədi tələb edilir.
Turanə Axundova: Daşınmaz əmlakın icbari sığortası əslində çox yaxşı bir haldır. Mənim 10 illik fəaliyyətimdə kifayət qədər razı qalmış müştərilər olub. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı keçən ilki ajiotajdan əvvəl də vətəndaşlar öz daşınmaz əmlaklarını sığortalayırdılar. Çünki insanlar bilirlər ki, ildə 50 manat onların büdcəsi üçün elə də böyük məsrəf deyil. Amma qonşunun səhlənkarlığı ucbatından daşınmaz əmlaka dəyən ziyanın (evə su axıdılması və s.) xərci 200 manatdan aşağı olmur.
Təmkin Məmmədli: Bəlkə sığortası olan vətəndaşın daşınmaz əmlakla bağlı problemi yarandıqda sığorta şirkətlərinin öz öhdəliklərinə əməl etməməsi insanları icbari sığortadan çəkindirir?
Turanə Axundova: Daşınmaz əmlakın sığortası zamanı müqavilə şərtləri ilə tanış olan insanlar dələduzluq etməyə başladılar. Yəni daşınmaz əmlakda olan köhnə zədələri yeni zədə kimi sənədləşdirib sığorta pulu almaq istəyən fırıldaqçılar meydana çıxdı. Təbii ki, ekspertlər zədənin nədən və nə vaxt yarandığını müəyyən edirlər. Sığorta şirkəti daşınmaz əmlaka dəyən zədənin böyük bir qisminin sığorta müqaviləsində nəzərdə tutulan təminatdan daha öncə baş verdiyini vətəndaşa deməsinə baxmayaraq onlar sığortadan yardım gözləyirlər.
Fuad Babayev: Qanun isə geriyə tətbiq olunmur.
Turanə Axundova: Bəli.İkinci bir məsələ sığorta hadisəsinin baş verdiyi anda və ya mümkün olan ən qısa bir zamanda sığorta şirkətinə məlumat verilməsi ilə bağlıdır. Çünki sığorta şirkəti sığorta hadisəsinin mövcudluğunu araşdırmalıdır. Bəzi hadisələr təminata daxil deyil. Məsələn, yağış suyu nəticəsində daşınmaz əmlaka dəyən ziyan sığortaya daxil deyil. Amma fövqəladə hallarda, yəni leysan xarakterli yağışlar sığortaya daxildir. Əmlaka dəyən zərər regionlar üzrə bölünüb. Bakı şəhərində sığortadan azadolma məbləği (sığorta şirkəti o məbləğə qədər ödəniş etmir – red.) 250 manatdır. Müqavilədə sığortadan azadolma məbləği ilə bağlı hissəni yaxşı oxumayan vətəndaş gözləntisini əldə edə bilməyəndə narazı qalır. Biz ASA (Azərbaycan Sığortaçılar Assosiasiyası – red.) olaraq bütün bu məqamlarla bağlı insanları maarifləndirməyə çalışırıq.
Fuad Babayev: İstərdim Azərbaycan Sığortaçılar Assosiasiyası haqqında məlumat verəsiniz.
Məmməd Ağayev: Bu il Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA – red.) fəaliyyətinin 15 ili tamam olur. ASA Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin iradəsi ilə yaradılıb. Assosiasiyasının məqsədi sığorta şirkətləri ilə dövlət qurumları, xüsusən də requlyatorla (Mərkəzi Bank – red.) və hökumətlə birbaşa körpünün yaradılmasına kömək etməkdir.
Fuad Babayev: Assosiasiyaya sığorta şirkətləri ilə yanaşı, fiziki şəxslər də üzv ola bilər?
Məmməd Ağayev: Xeyr. Yalnız Azərbaycanda fəaliyyət göstərən və requlyator tərəfindən lisenziya ilə təmin edilmiş sığorta şirkətləri ASA-nın üzvü ola bilər. Hazırda 18 subsığorta təşkilatı və 1 təkrar sığorta şirkəti Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvüdür. ASA olaraq əsas məqsədimiz və missiyamız Azərbaycanda sığorta şirkətlərinin fəaliyyətinin stimullaşdırılması, sığorta vərdişlərinin aşılanması, sığorta ilə bağlı yeniliklərin, eyni zamanda dünya sığorta trendlərinin, dünyada sığorta ilə bağlı baş verən yeniliklərin ölkəmizin sığorta bazarına inteqrasiyasının mümkünlüyünü araşdıraraq onun tətbiqinə təkan verilməsindən ibarətdir. Bu yaxınlarda biz yerli sığorta bazarı ilə bağlı 3 illik strategiyamızı təsdiq etmişik. Əsas prioritet və hədəflərimiz ilk növbədə Azərbaycanda sığorta mədəniyyətinin və vərdişlərinin formalaşdırılması, Azərbaycan sığorta bazarı ilə beynəlxalq sığorta bazarları arasında münasibətlərin yaradılmasından ibarətdir. İndiki dövrdə Azərbaycanda sığorta bazarı yeni bir inkişaf mərhələsindədir. Qloballaşan dünyada, dünya iqtisadiyyatında yeni meyllər, müasir çağırışlar ön plandadır. Azərbaycan sığorta bazarı da bu tendensiyalardan kənarda qala bilməz. Bu günə qədər Azərbaycanın sığorta bazarının beynəlxalq bazarla bu və ya digər formada distant əlaqələri olub. Bundan sonra bizim əsas hədəfimiz Azərbaycan sığorta bazarı ilə qlobal sığorta bazarı arasında münasibətlərin qurulması, birgə layihələrin həyata keçirilməsi, dünya sığorta praktikasının Azərbaycanda tətbiq olunmasıdır. Bu gün Azərbaycanın həqiqətən də geniş sığortalı kontingenti var. Onların sığortaya cəlb olunması da bizim üçün prioritetdir. Bura təkcə vətəndaşlar deyil, həm də sahibkarlar və sığorta olunan digər bütün təbəqə daxildir. Azərbaycanda maraqlı bir statistika ondan ibarətdir ki, avtomobilin icbari sığortası avtonəqliyyat vasitəsi sahiblərinin 100 faizini əhatə edir. Yəni nə qədər avtomobil varsa, hər birinin icbari sığortası da var. Təkcə bu göstəriciyə görə Azərbaycan regionda lider ölkəyə çevrilib. Hətta 100 ildən çox sığorta təcrübəsinə malik Türkiyədə belə icbari avtomobil sığortasında 100 faizlik penetrasiya, yəni əhatəlilik təmin olunmayıb. Amma Azərbaycanın da digər ölkələrin təcrübəsindən öyrənəcəyi məsələlər var.
Fuad Babayev: Avtomobilin sığorta müddəti bitəndə maşın sahibinə müxtəlif sığorta şirkətlərindən zənglər gəlir. Yeri gəlmişkən, avtomobilini çoxlarının yalnız cərimələnməmək üçün sigortaması fikri ilə razısınızmı?
Turanə Axundova: Əhalinin 70 faizi bu səbəbdən avtomobilini sığortalayır.
Fuad Babayev: Aydındır. Öyrənmək istəyirəm ki, avtomobil sahibinin telefon nömrəsinin bütün sığorta şirkətlərinə verilməsi qanunidirmi?
Turanə Axundova: İş orasındadır ki, sizə zəng edən müxtəlif sığorta şirkətlərinin əməkdaşları deyil. Sığorta müqavilələrini yazan agent şəbəkəsi var. Ola bilər ki, həmin agent sizə müqavilə yazarkən bir sığorta şirkətində işləyib, hazırda isə başqa sığorta şirkətində çalışır. Həmin agent hansı şirkətə gedirsə, məlumat bazasını da özü ilə aparır. Bundan başqa agentlikdən daha böyük olan broker şirkətləri də var. Onlar müştəriyə müxtəlif sığorta şirkətlərini təklif edə bilər. Çünki həmin agent bir neçə sığorta şirkətinə bağlıdır.
Fuad Babayev: Biz çox tez-tez hər şeyi vətəndaşın üstünə yıxırıq. Əgər icbari tibbi sığorta insanların aorta-koronar şuntlama kimi əməliyyatlarını tam qarşılasa avtomobil sığortasında olduğu kimi heç bir cəzaya ehtiyac qalmayacaq. Əgər icbari tibbi sığortada bu hələlik müşahidə olunmursa, deməli orada hansısa çatışmazlıq var.
Turanə Axundova: Bu necə müşahidə oluna bilər?Axı yeni tətbiq olunmağa başlayıb. Bakıda icbari tibbi sığorta aprel ayının 1-dən tətbiq olunur. Regionlarda, Tovuzda, Gəncədə, Mingəçevir və Yevlaxda artıq siz dediyiniz tendensiya müşahidə olunur.
Fuad Babayev: Sığorta bazarı ilə bağlı məlumatsızlığa görə yalnız vətəndaş cavabdeh olmalıdır? Bəs biznes strukturlarının məsuliyyəti nədən ibarətdir?
Turanə Axundova: Maarifləndirmə daha geniş şəkildə olmalıdır. Azərbaycan Sığortaçılar Assosiasiyası ictimai qurum olaraq biznes strukturlarının dəstəyi ilə insanlarımıza sığortanı daha dərindən aşılamağa, onları daha çox maaarifləndirməyə çalışacaq. Postpandemiya dövründə təhsil ocaqlarında, klinikalarda, insanların sıx olduğu yerlərdə maarifləndirici tədbirlər keçirməyi nəzərdə tuturuq. İnsanlarda sığorta vərdişlərinin aşılanması bir günün işi deyil. Mən inanıram ki, bir neçə ildən sonra könüllü sığortalanmaq istəyən insanların sayı həddən artıq çox olacaq. Bu gün mən onun işartılarını görürəm.
Fuad Babayev: “Obamacare” sığorta layihəsi barədə oxuyanda (2010-cu ildə Amerika prezidenti Barak Obamanın dövründə qəbul edilmiş bu layihə əvvəllər sığortası olmayan 20 milyon ABŞ vətəndaşına tibbi sığorta imkanı yaratmışdı – red.) mən belə bir fakta rast gəlmişdim ki, ABŞ vətəndaşlarının 6/1 hissəsinin heç tibbi sığortası yoxdur.
Turanə Axundova: Mən ABŞ-da təhsil almışam. ABŞ-da tibbi xidmət, sığorta çox bahadır. Orada tibbi xidmət dövlət məmurlarına, tələbələrə, müəllimlərə daha çox kömək edir. ABŞ-dakı tibbi sığorta da hər şeyi qarşılamır.
Fuad Babayev: Sığorta bazarındakı tendensiyalardan danışaq. Trend necədir?
Məmməd Ağayev: Azərbaycanda sığorta ilə bağlı qanunvericilik bazasının əsasını 2011-ci ildə təsdiq edilmiş “İcbari sığortalar haqqında” qanun təşkil edir. Mənə elə gəlir ki, 10 il zaman kəsimi çox da böyük müddət deyil. Hazırda sığorta bazarının ümumi statistikasına nəzər salsaq görərik ki, 2011-ci ildən bu günə kimi ilbəil sığorta şirkətlərinin təmin etdiyi sığorta aktlarında, sığorta icmallarında davamlı artım tendensiyası qorunub saxlanılır. Düzdür yığımlarda və ödənişlərdə müəyyən azalma və ya artmalar da olur. Amma istənilən halda 2020-ci ilə Azərbaycan sığorta bazarı 700 milyondan çox sığorta haqqını təmin edib. 2018-ci ildə Azərbaycanın sığorta bazarı sığorta yığımlarının həcminə görə rekord vurmuşdu. Amma 2020-ci ildə həmin rekord yenilənərək 700 milyonu ötdü.
Təmkin Məmmədli: Könüllü sığortaları nəzərdə tutursunuz?
Məmməd Ağayev: Ümumi sığorta bazarı üzrə. Bu icmallardahəm könüllü, həm də icbari sığortalar öz əksini tapıb. İkinci bir məqam. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları erməni işğalından azad edildi. Bu da sığorta bazarı üçün yeni üfüqlər açır. Qarabağın Azərbaycana yenidən qazandırılması Azərbaycanın sığorta sistemi üçün yeni bir fəza yaradır. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri Qarbağda qurulacaq infrastrukturu və növbəti mərhələdə təmin olunacaq yaşam tərzini, yəni qısa desək, Qarabağın bu gününü və sabahını sığortalamağa tam hazırdır. Sığorta biznes olmaqla yanaşı, dövlət səviyyəsində tətbiq olunan sosial müdafiə mexanizmidir. Həm də sığorta heç zaman köhnəlməyən və bütün zamanlar üçün ən eleqant bir dəbdir.
Təmkin Məmmədli: İqtisadi yönümlü ali təhsil müəssisələrində sığorta tədris olunur?
Turanə Axundova: Mən bir neçə dəfə şahidi olmuşam ki, universitetlərdə dərsliklərdə sığorta haqqında anlayışlar əks olunub. Amma sığorta səthi keçirilir.
Məmməd Ağayev: 2 ay əvvəl Sığortaçılar Assosiasiyasıolaraq biz bu məsələni gündəmə gətirmişdik. Turanə xanımın qeyd etdiyi kimi ali məktəblərdə sığorta haqqında ibtidai anlayış verilir. Əvvəllər Memarlıq və İnşaat universitetində, İqtisad universitetində sığorta əsaslı şəkildə tədris edilirdi. Amma sonralar səbəbi bilinmədən həmin fakültələr fəaliyyətlərini dayandırdılar. Bizim Assosiasiya iqtisadiyyatla bağlı ali təhsil verən müəssisələrdə görüşlər keçirərək sığortanın tədrisini bərpa etməyi planlaşdırır. Biz ixtisaslaşmış mütəxəssislərin sığorta sisteminə gəlməsində maraqlıyıq.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 9 aprel 2021-ci il tarixində baş tutub.
Materialda novostroev.ru saytının fotosundan istifadə edilmişdir.