Dəyərli jurnalistlərimiz Kamil Həmidov və Mürtəza Bünyadlı ilə Şuşadan danışdıq.
Fuad Babayev: Bugünkü söhbətimiz Şuşada keçirilmiş Zəfər Qurultayının (Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 aprel 2022 – red.) nəticələrinə həsr olunub. Artıq neçənci dəfədir ki, Şuşa böyük tədbirlərə ev sahibiliyi edir. Zəfər Qurultayının əhəmiyyəti və onun mediadakı rezonansı barədə Sizin fikirlərinizi öyrənmək istərdik.
Mürtəza Bünyadlı: Şuşada keçirilmiş Zəfər Qurultayı siyasi, mənəvi və tarixi cəhətdən çox böyük əhəmiyyət kəsb edir. Bu Qurultayın niyə məhz Şuşada keçirilməsi ilə bağlı Prezident tədbirdə müəyyən açıqlamalar verdi. Bu günə kimi dünya azərbaycanlılarının 4 Qurultayı keçirilib. V Qurultay keçən müddət ərzində görülən işlərin hesabatı idi. 2001-ci ildə keçirilən ilk qurultayın hədəfləri dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaqdan, diaspor təşkilatlarımızı formalaşdırmaqdan, iqtisadiyyatımızı gücləndirməklə Azərbaycan və Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdan ibarət idi. 21 il ərzində dünya azərbaycanlılarının həmrəyliyinə nail olundu, onların diaspor təşkilatları yenidən formalaşdırıldı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fərqli formatda işlər görüldü. İqtisadi inkişafımız, ordunun yenidən qurulması və gücləndirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıraraq onu söz sahibinə çevirdi. Daxili və xarici siyasətdə dünya azərbaycanlılarının həmrəyliyinə nail olunması, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu, güclü iqtisadiyyat və qüdrətli ordu qarşıda duran hədəfə çatmağa imkan verdi, Qarabağın işğaldan azad edilməsi və Şuşa zəfəri ilə başa çatdı. Şuşa tədbiri sözün həqiqi mənasında Zəfər Qurultayı idi. Qurultayda dövlət başçımız həm də ötən illərdə görülən işlərin hesabatını verərək göstərdi ki, bu real əməllər nəticəsində biz Zəfər qazanmııq. Biz ümummilli məsələlərdə azərbaycanlıların həmrəy olduğunu dünyaya nümayiş etdirdik. Əldə olunan qələbədə dünya azərbaycanlılarının rolu qiymətləndirildi. Dünya Azərbaycanlılarının Zəfər qurultayının Şuşada keçirilməsi bu Qələbədə xidməti olan insanlara bir töhfə, dünyaya isə mesaj idi. Təbii ki, qarşıda əsas hədəflər dayanıb. Müharibədən sonra yeni reallıqlar meydana çıxıb. Bu gün dünyamızın geosiyasi baxımdan yenidən şəkilləndirilməsi gedir. Müharibədən sonra Azərbaycan da bölgədə yaranmış geosiyasi reallığa uyğun addımlar atır. Yeni yaranmış reallıqlar Azərbaycanın daxili və xarici siyasəti qarşısında yeni hədəflər qoyur. Azərbaycanın növbəti mərhələdə də həmrəyliyə ehtiyacı var. Hələ ki, qarşımızda duran problemlər tam həll olunmayıb. Yeni dövrün və reallıqların tələbinə uyğun olaraq biz öz gücümüzü daha da artırmalıyıq.
Kamil Həmidov: Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının ilk Qurultayını yaxşı xatırlayıram. İlk qurultaydan keçən müddət ərzində çox şeylər dəyişdi. Nəticə etibarı ilə Heydər Əliyevin Qurultaydakı çıxışının prioritet hədəflərinin böyük bir qisminə nail olundu. Azərbaycan xalqı Ali Baş Komandanının rəhbərliyi altında 2020-ci ildə zəfər əldə etdi. Bizim üçün ən müqəddəs, ən əziz olan Şuşa azad olundu və 21 ildən sonra Zəfər Qurultayı məhz Şuşada keçirildi. Şuşanın azad olunduğu dövrdə keçirdiyim hissləri bu qurultay zamanı yenidən yaşadım. İşğal altında olan digər bölgələrimizdən fərqli olaraq biz Şuşanın qayıtmağını xəyal belə etmirdik. Amma Azərbaycan xalqının qəhrəmanlığı sayəsində bu gerçəkliyə çevrildi. Fəxr edilməli, qürur duyulmalı bir hadisədir. Bir şeyi mən təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə hər şey Prezidentin çiyinləri üzərindədir. Prezident çoxlarının görməli olduğu işi öz çiyinlərində daşıyır. Azərbaycan diasporu və diaspor təşkilatları hələ də qaneedici səviyyədə deyil. Xaricdə yaşayan imkanlı və tanınmış soydaşlarımızı biz heç bir savaşda, o cümlədən informasiya savaşında da yanımızda görmədik, onların dövlətə dəstəyini hiss etmədik. Bir qisim insanlar diaspor təşkilatları yaratsalar da, orada müəyyən qarşıdurmaların şahidi olduq. Bəli, görülən işləri inkar etmək olmaz. Amma bütövlükdə Azərbaycan diasporunu, diaspor təşkilatlarını hələ də tam oturuşmuş şəkildə, bərqərar olmuş bir camiə kimi görə bilmirəm. Təkcə qurultayda iştirak etməklə, müsahibə verməklə diasporla bağlı problemləri həll etmək olmaz. Bu Qurultayın əks-sədası Azərbaycandan çox-çox uzaqlarda hiss olunmalı idi. Bizim üçün bu Qurultayın Şuşada keçirilməsi hər bir mənada böyük sevinc və qürur yaşadan bir hissdir.
F.B. – Dünya mediası Şuşadakı Zəfər qurultayını necə işıqlandırdı?
Mürtəza Bünyadlı: Biz ermənilərə düşmən kimi yanaşsaq da, onların diaspor fəaliyyətini dəyərləndirməyi bacarmalıyıq. Erməni lobbisi ilə Azərbaycan diasporu arasındakı fərqlər göz qabağındadır. Ermənilərin diaspor təşkilatları Ermənistana yardım göstərdiyi halda, bizim bir sıra diaspor təşkilatları Azərbaycan dövlətindən faydalanırlar. Təəssüf ki, bir çoxları diaspor təşkilatlarından təmsil olunduğu ölkələrdə daha çox öz şəxsi məqsədləri üçün istifadə edirlər. Dünya KİV-də Şuşadakı Zəfər qurultayı haqqında informasiyaların olmamasının bir səbəbi də bizim müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının zəifliyidir. Diasporumuzun əsas fəaliyyəti dövlətimizin üzləşdiyi informasiya blokadasının qarşısını almaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olmalıdır. Bugün dünyada gedən prosesləri döyüşdən çox, informasiya müharibəsi həll edir. Hazırda ermənilər informasiya saxtakarlıqları ilə uğur qazana bilirlər. Amma biz mövcud həqiqəti və reallıqları çatdıra bilməliyik. Məhz bu sahədə bizim çatışmazlıqlar bir daha qabarıq şəkildə ortaya çıxır. Diaspor təşkilatlarımız təmsil olunduqları ölkədə media qurumları ilə sıx işləməyi bacarmalıdırlar. 44 günlük müharibə gündəm hadisə olduğu üçün onu bütün dünya KİV-ləri verməyə məcbur idi. Amma bu gün görülən işlər qənaətbəxş hesab edilə bilməz. İstər xaricdə yaşayan milyonçularımız, istərsə də bu sahəyə cavabdeh səlahiyyətli şəxslər öz fəaliyyətlərini gücləndirməlidirlər. Kamil bəyin dediyi kimi yükün ağırlığı hər zaman olduğu kimi yenə də cənab Prezidentin üzərinə düşdü.
Bu faktdır ki, biz komanda oyunlarında zəiflik nümayiş etdiririk. Amma deyək ki, gürcülərdə 3 nəfər bir məclisdə oturan kimi mütləq axırda xorla eyni mahnını oxuyurlar. Bunun genetikadan, tarixdən, ənənədən gələn səbəbləri də var. Hər bir cəmiyyətdə problemlər var. Erməni diasporunun özü də Qərb, rus və İran kəşfiyyatının nəzarətindədir. Amma elə məsələlər var ki, onlar da bir araya gəlirlər. Bizdə çox təəssüf ki, bəzən diaspor təşkilatlarına həm xaricdə, həm də daxildə şəxsi maraqlar prizmasından baxılır. Ona görə də bu lazımi effekti verə bilmir.
F.B. – Bəs nə etmək lazımdır?
Mürtəza Bünyadlı: Diaspor təşkilatlarında ümummilli maraqlar, dövlət maraqları əsas götürülməlidir. Diaspor fəaliyyətində düşüncəsindən asılı olmayaraq faydalı ola biləcək hər bir adamı dəyərləndirməyi bacarmalıyıq. Ayrı-seçkilik və ya dostluq münasibətlərinə dispor fəaliyyətində yol verilə bilməz.
F.B. – Prezidentimiz 2022-ci ili “Şuşa İli” elan edib. Şuşa tarixən bizimdir. Biz Şuşa kimi həssas mövzunu necə gündəmdə saxlamalıyıq? Media nə etməlidir?
Mürtəza Bünyadlı: Təbii ki, medianın üzərinə düşən funksiyalar var. Şuşanın əhəmiyyəti və orada keçirilən tədbirlər mədəniyyət paytaxtımızı medianın gündəmində saxlamağa imkan verir. Amma ilk növbədə Şuşada tədbirlərin keçirilməsi üçün lazımi infrastruktur yaradılmalıdır. Şuşanın qonaq qəbul etmək imkanları artırılmalıdır. Yalnız 1-2 otel və restoranla iş həll olmur, xidmət sektoru daha da genişləndirilməlidir. Bəzən Şuşaya getmək istəyənlər bilet satışının az olduğundan şikayətlənirlər. Amma əhaliyə izah olunmalıdır ki, Şuşanın eyni zamanda müəyyən sayda turist qəbul etmək imkanı var. Hazırda Şuşada tikinti işləri gedir. Tikintidə çalışan şəxslərin, Şuşanın təhlükəsizliyini təmin edən hərbçilərin də orada yaşadığını nəzərə almaq lazımdır. Eyni zamanda media təkcə Şuşanı deyil, işğaldan azad edilmiş digər bölgələrimizi də gündəmdə saxlamalıdır. Qələbəmizin daimiliyini təmin etmək hər birimizin vətəndaşlıq borcudur. Biz Şuşanı almışıq. Zəfərin əbədi olması üçün, daha yeni zəfərlər üçün biz bunları yaşatmalıyıq. Reallıqları, gözlənilən təhlükələri nəzərə almalıyıq. Hazırda regionumuzda hələ də təhlükəli oyunlar bitməyib. Biz hərbi əməliyyatları bitirmişik, amma müharibə başa çatmayıb. Düzdür, 2020-ci ilin 10 noyabrında kapitulyasiya bəyanatı imzalanıb. Amma hələ sülh sazişi yoxdur. Sülh sazişi imzalansa belə bölgədəki güclər bu sülhü pozmaq üçün çox böyük çəhdlər edəcək. Biz bunu görməliyik. Qələbə davamlı olmalıdır.
Kamil Həmidov: Ümumiyyətlə ikinci Qarabağ müharibəsinə qədər mənim çox şeylərə baxışım fərqli idi. Amma mütəmadi olaraq şəhid ailələri və qazilərlə bir yerdə olmağım mənim mövqeyimi dəyişdi. Mən hər şeyə onların gözü ilə baxmağa başladım. Artıq mənim üçün şəxsi məsələlərimdən də öncəlikdə onlar dayanır. Şuşaya getməyi çox istəyirəm. Müharibədən az sonra bir qrup qazi ilə görüşdüm. Şuşanın azad olunmasında iştirak edən qazilərdən biri hazırda Şuşada sosial sahədə çalışır. Şuşaya gedəndə onu görmək istərdim. Çünki onun deyəcək konkret sözü var, orada rahat gəzməyə haqqı var. Arzu edirəm ki, gələcəkdə digər torpaqlarımızı sülh yolu ilə əldə edək. İnsanların, anaların, ataların göz yaşlarına əbədiyyən son qoyaq. Biz Şuşaya sıradan bir hadisə kimi yanaşmamalıyıq. Mən şəhid ailələrində tez-tez oluram. Şəhidlərin ata-anaları ilə şəkil çəkdirəndə onlar çox zaman əsəbi reaksiya verir, şəkil çəkdirmək istəmirlər. Mən izah etməyə çalışıram ki, bu fotolar bu gün üçün deyil, tarix üçün, gələcəkdə yazılacaq əsərlər üçün lazımdır. Axı Xocalı soyqırımını görməyən gənclərimiz ermənilərin bu vəhşiliyi haqqında əsasən fotolar vasitəsilə məlumat alıblar. Bu söhbətlərlə şəhid valideynlərini şəkil çəkdirməyə razı sala bilirəm. Şuşanın, Qarabağın necə alındığını, bizim nələrdən və hansı proseslərdən keçdiyimizi, nələr yaşadığımızı unutmamalıyıq. İşğaldan azad edilmiş torpaqlarımıza o cür dəyər verməliyik, onun hər qarışında şəhidlərimizin qanı var.
Mürtəza Bünyadlı: Zəfər Qurultayının hədəfi həm də dünya azərbaycanlılarını Şuşaya dəvət etməklə ora gedilən yolu, oradakı çətinlikləri, dağıntıları, itkiləri göstərmək idi. Şuşada ermənilərin törətdikləri cinayətləri, vandalizm aktlarını öz gözləri ilə görən soydaşlarımızın hər biri yaşadıqları ölkədə bu barədə məlumat verməlidir. Şuşaya gedənlər özlərini turist kimi aparmamalıdır. Şuşa tədbiri təsadüfən Zəfər Qurultayı adlanmır, bunun rəmzi mənası var. Söhbət ermənilərin 30 ildə cəhənnəmə çevirdiyi o cənnətimizə yeni həyat verilməsindən gedir. Prezidentin də qeyd etdiyi kimi hərbçilərimizin Qələbə Zəfərinin izi ilə biz Şuşaya yol açmışıq. Qəhrəman oğullarımız keçilməz dağ zirvələrini qanı bahasına güllə yağışı altında fəth edib. Dünya azərbaycanlıları bir şahid kimi Şusada gördüklərini, erməni vəhşiliklərini, dağıdılmış tarixi memarlıq abidələrini dünya ictimaiyyətinə çatdırmalıdırlar. Çünki ermənilər bu gün də saxta, yalançı təbliğatlarını davam etdirirlər. Şuşa bugün komfort, istirahət yeri deyil. Şuşada hələ şəhidlərin qanı qurumayıb. Oradakı dağıntılar aradan qaldırılmayıb.
F.B. – Biz artıq məğlub ölkədən qalib ölkəyə çevrilmişik. Qarşıda görüləsi işlər çoxdur. Bu baxımdan medianın da üzərinə böyük yük düşür. Biz pafosdan uzaq əməli fəaliyyətə ustunlük verməliyik.
Mürtəza Bünyadlı: Qəhrəmanlarımızı təqdim edə bilmirik.
Kamil Həmidov: Heç buna səy də göstərmirik.
Mürtəza Bünyadlı: Bu istiqamətdə aparlan ideoloji təbliğat yetərli deyil. Misal üçün şəhid Xalid Mahmud oğlu Hassan haqqında heç olmasa sənədli film çəkmək olmazmı? Xalidin anası məcburi köçkünlük həyatı yaşamış Ağdamlı Maya Quliyeva, atası isə Misir vətəndaşıdır.
Kamil Həmidov: Hər bir şəhidin özünün dastanı var. Mən mütəmadi olaraq şəhid və qazi ailələri haqqında yazan tək jurnalist olduğuma görə həm sevinirəm, həm də kədərlənirəm. Bu prosesdə 15-20 jurnalist olsa şəhid və qazi ailələri heç bir çətinliyə düşməz, onların problemləri ictimailəşdirilərəsə daha tez həllini tapar.
Hazırladılar: Təmkin Məmmədli, Ləman Carçalova, 1905.az
Söhbət 27 aprel 2022-ci ildə baş tutub.