Bugünkü söhbətimiz qonaqlarımız – politoloqlar Ceyhun Əhmədli və İlyas Hüseynov ilə “Şuşa Bəyannaməsi” barədə oldu.
Fuad Babayev: “Şuşa Bəyannaməsi” haqqında bir neçə cümlədən ibarət bir tərif vermək lazım gəlsə idi, hansı cümlələrdən istifadə edərdiniz?
İlyas Hüseynov: İlk növbədə bu dəvətə və tədbirə görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, dəyərli həmkarım Ceyhun bəylə birlikdə Şuşanın azad olunmasından sonrakı dönəmdə – postmünaqişə dövründə “Şuşa Bəyannaməsi”nin regionda yaratdığı reallıqlar fonunda üstünlükləri və Azərbaycana gətirdiyi siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahədə dividendləri, Azərbaycanın regional siyasəti, Türkiyə ilə əməkdaşlığı haqqında danışacağıq. “Şuşa Bəyannaməsi”ni qısa tezis formasında izah etsək, deməliyik ki, bu, Azərbaycan ilə Türkiyə arasında olan münasibətlərin keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırılmasıdır. Əlamətdar haldır ki, bu Bəyannamə işğaldan azad olunmuş Azərbaycanın musiqi, mədəniyyət beşiyi sayılan Şuşada məhz 15 iyun tarixində imzalandı və bunun bir sıra rəmzi mənası var. 15 iyun həm Azərbaycanın müasir tarixi üçün önəmli bir gündür, həm də 44 günlük Vətən müharibəsində Ermənistanı kapitulyasiya aktını imzalamağa vadar edən Azərbaycan Silahlı Qüvvələrinin rəşadət simvoludur.
Qarabağın, Şuşanın azad olunması istiqamətində Azərbaycan çoxillik fəaliyyət həyata keçirib. Burada iqtisadi sahədən tutmuş, hərbi və müdafiə qabiliyyətinin artırılmasına qədər çoxşahəli, geniş miqyasda iş həyata keçirilib. O cümlədən, Azərbaycan xarici siyasətinin, diplomatiyasının önəmli rolu da olub. Beynəlxalq, regional təşkilatların qəbul etdiyi qərar və qətnamələr ölkəmizin mövqeyini bir qədər də gücləndirib, normativ-hüquqi bazanı artırıb.
Şuşanın Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Biz hər il 8 mayı – Şuşanın 1992-ci ildə işğal edildiyi günü acı və kədərlə xatırlayırdıq, amma ümidli idik ki, mütləq Qarabağa, Şuşaya qayıdacağıq.
Eyni zamanda, Şuşanın azad olunması Azərbaycanın müasir tarixində qələbə günü kimi qeyd olunur və bundan sonra da əbədi olaraq qeyd olunacaq. Biz hər zaman şəhidlərimizi, bu qələbənin qazanılması üçün qanından, canından keçən şəxsləri yad edəcəyik.
2021-ci ilin 15 iyununda imzalanan “Şuşa Bəyannaməsi” həm də Azərbaycan ilə Türkiyə münasibətlərinin daha da dərinləşməsini ehtiva edir. Xüsusilə nəzərə almalıyıq ki, “Şuşa Bəyannaməsi” 1921-ci il 13 oktyabr tarixli “Qars müqaviləsi”nə istinad edir. “Qars müqaviləsi” Naxçıvanın təhlükəsizliyini qoruyurdu, hazırkı “Şuşa Bəyannaməsi” də Şərqi Zəngəzurun, Qarabağın təhlükəsizliyini qoruyur və sülhün, sabitliyin olmasında mühüm bir normativ sənəddir.
F.B. – “Şuşa Bəyannaməsi” tarix dərsliklərinə düşəcək bir sənəddir. Bəyannamənin mətni kifayət qədər zəngindir, burada çoxlu bəndlər var. Bunun haqqında yığcam nə demək olar? “Şuşa Bəyannaməsi” nədir? İlyas müəllimin fikrincə “Qars müqaviləsi” Naxçıvanın, bu müqavilə isə Azərbaycanın təhlükəsizliyinin təminatı və Türkiyə Respublikası ilə münasibətlərin yeni müstəviyə çıxmasıdır. Bu haqda daha nə demək olar?
Ceyhun Əhmədli: Əvvəla, mən də İlyas müəllimin fikirlərinə qoşuluram. O, “Şuşa Bəyannaməsi”ni tarixi, siyasi, geosiyasi və digər aspektlərdən qiymətləndirdi. “Şuşa Bəyannaməsi” II Qarabağ müharibəsinin yaratmış olduğu yeni geosiyasi reallıqları özündə ehtiva edən bir sənəddir. Bu Bəyannamə təkcə Azərbaycan-Türkiyə strateji münasibətlərinin yeni bir mərhələyə qədəm qoymasını şərtləndirmir, eyni zamanda, regionda yeni bir balans yaradır. “Şuşa Bəyannaməsi”nə qədər də Azərbaycan və Türkiyə strateji müttəfiq idi. İki ölkə arasında elə ən azı “Şuşa Bəyannaməsi” qədər dəyərli müxtəlif sənədlər imzalanıb. Keçən əsrin 90-cı illərinin əvvəllərində Ulu öndər Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərini xarakterizə edərkən “bir millət, iki dövlət” konsepsiyası ilə çıxış etmişdi. Ondan əvvəl isə böyük Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə kədərimizdir” sözləri ilə münasibətlərimizi səciyyələndirmişdi və sevindirici haldır ki, hər iki kəlam “Şuşa Bəyannaməsi”nin preambulasında özünə yer tapıb. Bu, həm də bizim tarixən olan münasibətlərimizə, böyük öndərlərimizə olan sədaqətimizi nümayiş etdirir. Yəni 100 il, 30 il bundan əvvəl təməli atılan o münasibətlər bu gün də davam və inkişaf edir.
II Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlardan ən mühümü nədir? Türkiyə regiona daha fərqli mandatla, statusla gəldi. Qardaş ölkə regionda onsuz da mövcud idi, amma 44 günlük müharibə regionda düzəni tamamilə dəyişdi. 10 noyabr bəyanatı Qarabağda sülhməramlıların müvəqqəti səlahiyyət zonasında yerləşməsini şərtləndirdi. Lakin ondan yeddi ay sonra imzalanan “Şuşa Bəyannaməsi” ilə Türkiyə dövləti artıq, Şərqi Zəngəzur və Qarabağın təhlükəsizliyinə zəmanətçi ölkəyə çevrildi. Yəni ölkəmiz burada bir balans yaratdı. Necə ki, Rusiya Federasiyası 10 noyabr 2020-ci il bəyanatından sonra Qarabağda təhlükəsizliyə zəmanətçi qismində iştirak etməyə başladı, 15 iyun 2021-ci ildən sonra Türkiyə Respublikası da Azərbaycanın təhlükəsizliyinə zəmanətçi bir ölkəyə çevrildi.
“Şuşa Bəyannaməsi”nin imzalanması nə deməkdir? Bu o deməkdir ki, postkonflikt dövründə Azərbaycan Respublikasına qarşı hansısa bir məkrli niyyəti, planı olan dövlət artıq qarşısında təkcə ölkəmizi deyil, Azərbaycan-Türkiyə birliyini görəcək. II Qarabağ müharibəsində Türkiyənin çox mühüm dəstəyini aldıq və qardaş ölkənin mənəvi, siyasi və s. dəstəyi hesabına qələbə qazandıq. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu qələbə həm də Türkiyə-Azərbaycan qardaşlığının qələbəsi idi. Ancaq “Şuşa Bəyannaməsi”nin əsas məzmunu belə idi ki, bundan sonra Azərbaycana qarşı hər hansı bir cüzi hərbi təxribat olarsa, hansısa xarici təhdid yaranarsa, yaxud müşahidə olunarsa, artıq Azərbaycan-Türkiyə birgə hərbi əməliyyatları həyata keçirilə bilər. Təkcə ölkəmiz daxilində deyil, bu əməliyyatlar Azərbaycan Respublikasından kənarda da baş tuta bilər.
Bayaq qeyd etdim ki, ölkələrimiz arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Ancaq “Şuşa Bəyannaməsi”ni xarakterizə edən ən mühüm amillərdən biri odur ki, hər iki ölkənin silahlı qüvvələri koordinasiya olunmuş şəkildə addım atacaqlar. Buna qədər münasibətlərdə bu element yox idi. Bəli, Silahlı Qüvvələrimizin mənsubları Türkiyədə təlimlərdə iştirak ediblər, ordumuzun bu səviyyəyə gəlib çatmasında Türkiyənin rolu böyükdür, iqtisadi, siyasi əlaqələrimiz, beynəlxalq arenada bir-birimizə dəstək olmağımız… bütün bunlar var idi. Amma iki ölkənin silahlı qüvvələrinin koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməsi və bu məqsədlə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması artıq münasibətlərdə yeniliyi ehtiva edir.
Bir sözlə, “Şuşa Bəyannaməsi” Şərqi Zəngəzur və Qarabağın timsalında bütün Azərbaycanın təhlükəsizliyinə təminat verir. Bu sənəd Türkiyə və Azərbaycan münasibətlərində yeni bir dövrün, mərhələnin başlandığını göstərir.
F.B. – Bəli, əsas da odur ki, bu il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, 22 martda isə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin qüvvəyə minməsi ilə bağlı qərarı imzalayıblar və bu sənəd artıq qüvvəyə minib. Dediyiniz kimi, tam fərqli bir mərhələ yaranıb. Çox maraqlıdır, Azərbaycanda politoloqlar “Şuşa Bəyannaməsi”ni auditoriyaya kifayət qədər təqdim edə bildilər? Orta statistik azərbaycanlı Bəyannamənin əhəmiyyətini nə dərəcədə anladı? Sizcə, siyasətşünaslar bu missiyanın öhdəsindən gələ bildilər?
İlyas Hüseynov: Düşünürəm ki, politoloq, siyasi təhlilçi, siyasi analitik bu sahəni bilən insandır; bu sahə üzrə təhsil alıb, ixtisaslaşıb və akademik çevrəni təmsil edir. Ona görə də politoloq baş verən proseslərdə pozitiv məqamları qeyd etməklə yanaşı, nöqsanları, qüsurları, çatışmazlıqları da mütləq qeyd etməlidir. Və biz 44 günlük Vətən müharibəsindən öncə Tovuz hadisələrində, ondan öncə Ermənistanın daxili ictimai-siyasi həyatında ölkəmizə qarşı işğalçılıq niyyətləri, planları, sürətlə silahlanmasını və digər amilləri qeyd etməsə idik, bəlkə də bugünkü qələbəmiz olmazdı. Davamlı olaraq vurğulayırdıq ki, düşmən silahlanır, Gəncəni, Naxçıvanı işğal etmək istəyir, yaxud Suriyadan muzdlular gətirir, etnik erməniləri xaricdən gətirib işğal altında olan ərazilərimizdə yerləşdirir və s. Bütün bunlar kompleks şəkildə biz politoloqlar tərəfindən ictimaiyyətə çatdırıldı. Dövlət hərbi, siyasi qərarlar qəbul etdi, diplomatik resurslardan istifadə olundu. Ona görə də, əgər ümumi olaraq Azərbaycan siyasətşünaslığını qiymətləndirsək, qənaətbəxş hesab etmək olar. Yəni hər şey ola bilsin ki, yüksək səviyyədə təhlil və təqdim olunmur və yaxud siz müəyyən mənada istənilən mənzərəni görmürsünüz. Amma hesab edirəm ki, politoloqlar üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bilirlər.
“Şuşa Bəyannaməsi” və onun xüsusi məziyyətlərinin Azərbaycan və Türkiyə cəmiyyətinə təqdim olunması da yetərincə oldu. Bəzi məsələlər var ki, onlar daha çox siyasi biliklər, erudisiya və yaxud müasir beynəlxalq münasibətlərdən anlayış tələb edir. İzah edirik ki, Türkiyə və Azərbaycan arasında münasibətlər müttəfiqlik səviyyəsinə gəlib və onlar bundan sonra qarşılıqlı fəaliyyət göstərəcəklər. Bu, beynəlxalq hüquqdan irəli gələn vəzifələrin, maraqların birləşdirilməsidir. Hər iki xalq bundan sonra bir sıra sahələrdə birgə addımlayacaqlar: diaspor, siyasət, iqtisadiyyat, enerji, mədəniyyət, gənclər, idman və digər sahələrdə. Auditoriya bunu bilsə, mənə elə gəlir ki, sonrakı məlumatların əldə olunması üçün açıq resurslardan istifadə edərək daha detallı öyrənmək mümkündür.
Bayaq qeyd etdiniz, yəni əlamətdar haldır ki, hər iki ölkənin qanunverici orqanları “Şuşa Bəyannaməsi”ni ratifikasiya etdilər. Bu da, xalqın seçdiyi namizədlər tərəfindən bu Bəyannaməyə müsbət rəy verilməsidir ki, sənəd hüquqi zəmində daha da möhkəmlənmiş oldu və artıq onun bütün müddəaları işlək vəziyyətdədir. Bu, həm hərbi-siyasi məsləhətləşmələrin həyata keçirilməsi, birgə addımlar, təlimlər, seminarlar və s. deməkdir.
Eyni zamanda “Şuşa Bəyannaməsi” ilə paralel olaraq Türkiyə və Azərbaycanın həm də beynəlxalq münasibətlər sistemində bərabər fəaliyyətini müşahidə etdik. Məsələn, 2021-ci il yanvar ayının 21-də Türkmənistan ilə mübahisəli olan Xəzər dənizindəki “Dostluq” yatağı ilə bağlı önəmli bir memorandum imzalandı. Bu razılıqla Türkmənistan qazının Azərbaycan vasitəsi ilə Türkiyə ərazisindən Qərbə nəqli nəzərdə tutulur.
Başqa bir misal, Pakistan-Azərbaycan-Türkiyə geosiyasi üçbucağı daha da möhkəmlənib. Pakistanın 44 günlük Vətən müharibəsində Azərbaycana siyasi, mənəvi dəstək göstərməsi, bizim müttəfiqimiz olması, məhz regionda Azərbaycan və Türkiyənin birgə fəaliyyətinin kənar nüvə gücü tərəfindən dəstəklənməsi ifadəsini verirdi.
Biz, həmçinin “Şuşa Bəyannaməsi”ndən sonra türk dövlətləri arasında həmrəyliyin və birliyin güclənməsinin şahidi olduq. Türk Dövlətləri Birliyinin yaradılması, onun struktur və institusional formada yeni transformasiyası məhz Azərbaycanın tarixi qələbəsi sayəsində mümkün oldu. Əlamətdar hadisədir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə təşkilatın adının dəyişdirilib Türk Dövlətləri Təşkilatı olduğu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim olundu. Burada da, türk toplumları arasında koordinasiyanın, əlaqələndirmənin daha güclü formada tənzimlənməsi əsas münasibətlərdə lokomotiv rolunu oynayan Azərbaycan və Türkiyə sayəsində mümkün olub. Azərbaycan artıq geosiyasi nöqteyi-nəzərdən türk dövlətləri ilə Türkiyə və Qərb arasında uzlaşdırıcı bir mexanizmə çevrilir və burada orta dəhliz layihəsi aktuallaşır. Zəngəzur dəhlizi Mərkəzi Asiya ölkələri üçün də yeni bir əməkdaşlıq imkanları formalaşdırır.
F.B. – Rusiya Federasiyası ilə də fevralın 22-də “Moskva Bəyannaməsi” imzalanıb. Moskvada və Şuşada imzalanan sənəd arasında ortaq və fərqli cəhətlər hansılardır? Yəni bu sənədlər bir-birinə əks deyil ki?
Ceyhun Əhmədli: Əslində bir-birini tamamlayır. Çünki “Şuşa Bəyannaməsi” Azərbaycanın təhlükəsizliyinin Türkiyə dövləti tərəfindən zəmanət altına alınmasını şərtləndirən bir sənəddir. “Moskva Bəyannaməsi” də dolayısı ilə Azərbaycanın təhlükəsizliyinə zəmanət qazandırır, ancaq burada Rusiya faktorunun olması bəzi skeptik yanaşmaları ortaya çıxarır. Çünki cəmiyyətimizin Rusiyaya qarşı münasibəti, bilirsiniz ki, tarixən necədir. Biz, ölkələrimiz arasında münasibətləri strateji müttəfiq sözü ilə xarakterizə edərkən, bəziləri buna rişxənd ilə yanaşır. İttihamların bəziləri ilə razılaşmaq olar, amma məhz indiki şəraitdə Şuşa və Moskva bəyannamələrinin imzalanması Azərbaycanın tarixi zəfəridir. Nəyə görə? Biz, əslində 10 noyabr 2020-ci ildə imzalanmış bəyanat ilə “Dağlıq Qarabağ” adlı keçmiş münaqişəyə son qoyduq və Ermənistanı diz çökməyə məcbur etdik. Ancaq yaxşı bilirsiniz ki, münaqişəni həll etmək bir məsələdir, münaqişənin elementlərini aradan qaldırmaq başqa məsələ. Münaqişənin elementləri varsa, dolayısı ilə münaqişənin özü də qalacaq.
F.B. – Yenidən alovlana bilər.
Ceyhun Əhmədli: Nə vaxtsa yenidən qarşıdurma yarana bilər. “Moskva Bəyannaməsi” məhz bu ehtimalları minimuma endirmək baxımından bizim üçün çox vacibdir. Hamı bilir ki, Ermənistan dövləti əsasən Rusiyadakı havadarlarına, Rusiya dövlətinin özünə güvənərək Azərbaycana qarşı işğalçılıq planlarını həyata keçirib. Baxmayaraq ki, Rusiya ilə Azərbaycan arasında ali səviyyədə münasibətlər ürəkaçandır, amma Rusiya daxilində siyasi konyunktura elə formalaşıb ki, biz daha çox Rusiya dövlətinin erməni separatizminə dəstək verdiyini görmüşük. Məsələn, Qarabağ separatçılarının ən çox səfər etdikləri ölkə Rusiya olub.
F.B. – Bundan başqa, uzun illər bundan əvvəl (1997-ci ildə) Rusiyanın Ermənistana 1 milyard ABŞ dolları həcmində pulsuz silah verdiyini də xatırlayaq.
Ceyhun Əhmədli: Bəli. Dünən (12 aprel 2022-ci il – red.) cənab Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə belə bir məqama toxundu ki, II Qarabağ müharibəsi zamanı Ermənistana məxsus 5 milyard ABŞ dolları miqdarında silah-texnika məhv edildi. Və haqlı olaraq belə bir sual verdi ki, Ermənistanda bu silahlar haradandır. Hansı pul ilə alınıb. Yəni Ermənistan bu silahları almaq imkanına malik deyil. Belədirsə, deməli Ermənistana bu silahlar ötürülüb.
İlyas Hüseynov: Hərbi Qənimətlər Parkına baxmaq kifayətdir ki, onlara silahın haradan ötürüldüyünü bilək.
Ceyhun Əhmədli: İndi gəlin “Moskva Bəyannaməsi”nə baxaq. Bu sənəd de-yure Rusiyanın erməni işğalçılığı qarşısında bir sədd çəkdiyini göstərən sənəddir. Amma faktiki olaraq bunun reallaşdığını görmürük. Ancaq bu Bəyannamə erməni separatizminin kökünü kəsəcək dərəcədə zəruri bir sənəddir.
F.B. – “Moskva Bəyannaməsi”ndən iki gün sonra Rusiya-Ukrayna müharibəsi başladı.
Ceyhun Əhmədli: Biz bu sənəd imzalanandan sonra həm Qarabağda Rusiya sülhməramlılarının destruktiv yanaşmalarının şahidi olduq, həm də Rusiya dövlətinin özünün Ukraynada rus əhalisinə göndərilən yardımlar fonunda qondarma Dağlıq Qarabağı təbliğ etdiyini, onu hüquqi subyekt kimi təqdim etməyinin şahidi olduq. Bunun özü də “Moskva Bəyannaməsi”nin legitimlik əmsalını ciddi şəkildə aşağı salır və ictimai platformalarda müzakirələr gedirdi ki, belə olan halda biz bu sənədi təsdiq etməməliyik. Çünki “Moskva Bəyannaməsi” həmin addımlar ilə ciddi şübhə altına alındı. Və Rusiya tərəfi bunu başa düşdü. Nə vaxt? Mart ayında Rusiya Müdafiə Nazirliyi bəyanat verdi ki, Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub. Yəni “Dağlıq Qarabağ” ifadəsini işlətdi, Fərrux kəndi ilə bağlı təxribatçı mövqe sərgilədi, Azərbaycanı günahkar çıxartdı, atəşkəsi pozduğunu bildirdi, tutduğu mövqeləri tərk etmək haqqında Azərbaycana çağırış etdi. Buna da Azərbaycan dövlətinin müvafiq qurumları sərt şəkildə reaksiya verdi. Sosial şəbəkələr, politoloqlar, jurnalistlər də o qədər sərt mövqe ortaya qoydular ki, Rusiya dövləti o açıqlamanı saytdan silmək məcburiyyətində qaldı.
Bəli, suallar çoxdur. Amma bizə nə lazımdır. Əsas odur ki, nə qazanırıq. Bizi maraqlandıran əsas məsələ – münaqişə elementlərini azaltmaq, aradan qaldırmaq, maksimum şəkildə ermənilərin işğalçılıq ambisiyalarını cilovlamaq, neytrallaşdırmaqdır. Və bu Bəyannamə imzalanandan sonra Azərbaycan ordusunun mövqelərinin daha da irəli çəkilməsinin şahidi olmaqdayıq. Bundan başqa, Qarabağda sülhməramlıların müvəqqəti səlahiyyət zonasında artıq de-fakto yurisdiksiyamızın təmin olunması istiqamətində real addımlar atılır. Separatçılar o vaxtdan Rusiyaya səfər edə bilmirlər. Çünki Bəyannamənin 10-cu maddəsində birmənalı olaraq qeyd edilir ki, tərəflər öz ərazisində qarşı tərəfin ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına qarşı yönəlmiş istənilən fəaliyyətin qarşısını alırlar. Yəni bu o deməkdir ki, Azərbaycan əleyhinə Moskvada, Sankt-Peterburqda hər hansı tədbir olarsa, orada ölkəmizin ərazi bütövlüyünə qarşı bəyanat səslənərsə, həmin tədbir ləğv olunmalıdır. Nəzərə alsaq ki, Rusiya onların ən böyük dəstəkçisi, donoru, silah tədarükçüsü olub, o zaman, erməni separatizminin əl-qolunun bağlanması, onların Azərbaycana qarşı işğalçılıq niyyətlərinin fiasko ilə nəticələnməsi baxımından “Moskva Bəyannaməsi”nin tarixi əhəmiyyəti var.
Fuad müəllim bayaq çox vacib bir məqama toxundu. Nəyə görə iki gün sonra müharibə başladı? Yəni Moskva bəzi məsələlərdə Azərbaycanla bağlı əmin olmaq istəyirdi. Azərbaycan yeganə post-sovet ölkəsidir ki, tam suveren və müstəqil siyasət həyata keçirir.
Siyasi suverenlik baxımından asılılıq yoxdur. Rusiya Qazaxıstanla, Ermənistanla bağlı arxayın idi. Azərbaycan isə, əslində Qərbin bir parçasıdır. Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasının birinci maddəsində ölkəmiz strateji olaraq Qərbə inteqrasiyanı hədəf götürüb. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxması, Azərbaycanın dolayısı ilə Qərbin təhlükəsizlik sisteminin bir parçasına çevrilməsi prosesinin nümayişidir.
İlyas Hüseynov: Türkiyə axı həm də NATO deməkdir.
Ceyhun Əhmədli: Bəli. Biz NATO üzvü deyilik, heç onun partnyor ölkəsi də deyilik. Bu qurum ilə ölkələrin əməkdaşlığı 3 parametr üzrə inkişaf edir: üzv dövlətlər, partnyor ölkələr və təşkilatın ayrı-ayrı proqramlarında iştirak edən ölkələr.
F.B. – Yəni Azərbaycan kimi “Sülh naminə tərəfdaşlıq” proqramında iştirak.
Ceyhun Əhmədli: Bəli, beynəlxalq sülhməramlı əməliyyatlarda və s. Ancaq Azərbaycanın unikallığı ondan ibarətdir ki, o, nə üzv deyil, nə partnyor ölkədir, buna baxmayaraq ölkəmiz Türkiyə ilə strateji müttəfiqlik qurmaqla, dolayısı ilə özünü Şimali Atlantika Alyansının bir parçasına çevirir. Əgər bugün Azərbaycana qarşı hədə NATO üzvü olan Türkiyəyə qarşı hədə hesab olunursa, deməli Azərbaycan Qərbin təhlükəsizlik sisteminin bir parçasıdır və Rusiya ilə 22 fevralda imzalanan Bəyannamə Moskvanın 24 fevralda başladığı hərbi əməliyyatlarda Azərbaycanla bağlı şübhələrin, tərəddüdlərin aradan qaldırılmasına yönəlmiş bir cəhd idi.
F.B. – Maraqlıdır, dünyanın “Şuşa Bəyannaməsi”nə münasibəti necədir?
İlyas Hüseynov: Bu Bəyannamə ilə bağlı beynəlxalq mediada əhəmiyyətli yazılara rast gəlmədik. Təbii ki, Azərbaycan və Türkiyə mediasında geniş yazılar, təhlillər, müxtəlif verilişlər oldu. Beynəlxalq media isə bunu yalnız iki dövlətin müttəfiqliyini, dostluğunu, qardaşlığını təsbit edən bir hüquqi sənəd kimi, bir qədər də əhəmiyyətsiz formada təqdim etdi. Əlbəttə, Azərbaycanın torpaqlarını azad edərək, həm də BMT qətnamələrinin implementasiyası istiqamətində həyata keçirdiyi fəaliyyət və Rusiya-Ukrayna müharibəsi fonunda ikili standartları və qərəzli yanaşmanı görmüşük və görürük də.
F.B. – Ona görə də bir növ öyrəncəliyik.
İlyas Hüseynov: Bir də bizim geosiyasi vəziyyət, əhalinin türk və müsəlman olması kimi faktorlar da, təəssüf ki, dünya mediasının konyunkturasında özünə yer alıb.
F.B. – Ermənilərin yazıq, məzlum obrazları da böyük rol oynayır.
İlyas Hüseynov: Həmçinin erməni lobbisinin təsiri altında olan media orqanları da öz təsirini göstərir. Ümumiyyətlə, beynəlxalq mediada Azərbaycana qarşı qərəzli yazıların olması, yaxud hansısa ölkədə jurnalistlərin erməni əsilli insanların maliyyə vəsaiti hesabına fəaliyyət göstərməsinin şahidi olmuşuq və bu faktor Rusiyada kifayət qədər güclüdür. Ona görə də müxtəlif media agentliklərinin səhifələrində qərəzli münasibəti tez-tez görürük. Məhz “Şuşa Bəyannaməsi”nə orada vurğunun edilməsi, bu sənədin onların tutduğu yol üçün bir fiasko olması haqqında məlumatların olması bizə deməyə əsas verir ki, Bəyannamə həqiqətən də ikitərəfli münasibətləri tənzimləyən ciddi, hüquqi bir sənəddir.
Yerləşdiyimiz geosiyasi areal, coğrafiya bizim qədərimizdir. Ona görə də biz bu reallıqları qəbul etməliyik ki, şimalda Rusiya kimi qonşumuz var və iki dönəm onun tərkibində olmuşuq. Lakin hazırda Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasət yürüdür, beynəlxalq münasibətlərin fəal aktorudur. Buna görə də, Rusiyanın ambisiyalarını, xarici siyasət kursunu bildiyimiz üçün ehtiyatlı davranmalıyıq. Lakin Türkiyə ilə müttəfiqliyimiz təbii, dostluq və qardaşlıq münasibətləridir, səmimi və ortaq soy-kökə söykənir. Bu üzdən burada ciddi fərqlilik vardır. Bəli, hər iki bəyannamənin müddəalarında oxşarlıq var, lakin “Moskva Bəyannaməsi”nin 1-ci, 7-ci və 17-ci maddələrində məhz təhlükəsizlik spektrində beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT-nin nizamnaməsinə uyğun fəaliyyətin təşviq olunmasına geniş yer verilir. Bu isə Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi, münasibətlərə hüquqi zəmində aydınlıq gətirilməsi baxımından çox önəmlidir. Biz, nəinki Türkiyə və Rusiya ilə önəmli müqavilələr, eyni zamanda İranla Anlaşma Memorandumu imzaladıq ki, bu da Zəngəzur dəhlizinin cənub qolu ilə bağlı çəkiləcək 4 körpü, elektrik və gələcəkdə qaz xətti deməkdir. Azərbaycanın göstərdiyi siyasi iradə bir daha regionda bizim geosiyasi vəziyyətimizin daha da möhkəmləndirilməsi nöqteyi-nəzərindən qiymətləndirilir və ölkəmiz, ətrafında olan böyük güc mərkəzləri ilə müttəfiqlik münasibətlərinə təsir edir, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində atdığı addımlarla təhlükəsizlik kəməri formalaşdırır. Məhz “Moskva Bəyannaməsi”nin imzalanması erməni lobbisinə, diasporuna və revanşist qüvvələrə bir mesaj idi ki, bəli, Azərbaycan da Rusiya ilə müttəfiqlik münasibətləri çərçivəsində əlaqələr qura bilər. Çünki 30 ilə yaxın davamlı olaraq Ermənistanın öz milli maraqları üçün Rusiyanın siyasi, iqtisadi, hərbi qüdrətindən istifadə etdiyinin şahidi olmuşuq. Dəfələrlə bizi 102-ci baza, KTMT ilə və s. ilə təhdid edirdilər. Artıq bu cür təhdidlər minimallaşır, yaxud tam şəkildə aradan çıxır. Düşünürəm ki, “Moskva Bəyannaməsi” balanslaşdırılmış siyasət çərçivəsində regional fəaliyyətin həyata keçirilməsi baxımından qiymətləndirilməlidir. Amma Türkiyə ilə münasibətlər daha çox səmimiyyətə və qarşılıqlı fəaliyyətə söykənir. Bundan sonra Azərbaycan Türkiyənin də geosiyasi fikirlərinin, maraqlarının yer aldığı müxtəlif coğrafiyada olacaq. Artıq Türkiyə Azərbaycanın necə yanındadırsa, Azərbaycan da Türkiyənin o cür yanında olacaq və “Şuşa bəyannaməsi”ndə önəmli maddələr də bunu təsdiq edir.
Hər iki bəyannamə arasında kifayət qədər fərqlər vardır. Onu da qeyd edək ki, Azərbaycan bütün dünyada və regionda baş verən geosiyasi proseslərdə zamanın nəbzini doğru tutur. Məhz “Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra, Şərqi Zəngəzur və Qarabağda gedən proseslər göstərdi ki, yaxşı ki, vaxtında bu Bəyannaməni imzalamışıq. Azərbaycanın milli maraqları daha da möhkəmləndi. Rusiya və Azərbaycan arasında “Moskva Bəyannaməsi” isə başqa səbəblərə görə imzalandı. Onun Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi kampaniyadan öncə imzalanması, Azərbaycanla yanaşı, görünür ki, Rusiyaya da çox lazım idi.
Hazırladı: Mehman İbrahimov, 1905.az
Söhbət 13 aprel 2022-ci ildə baş tutub