“Şuşaya pəncərə” Facebook qrupunun idarəçisi İsmayıl İsmayılov və jurnalist Bəxtiyar Məmmədli ilə Şuşadan danışdıq.
Fuad Babayev: Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edb. Məhz buna görə də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2022-ci ilə nəzərdə tutulmuş layihələri “Şuşa İli” adı altında keçirməyi və mədəniyyət paytaxtımız Şuşa şəhərinə həsr etməyi qərara alıb. Bugünkü tədbirlə biz “Şuşa İli” çərçivəsində söhbətlər silsiləsinə başlayırıq. İlk sualım belə olacaq. Şuşa işğaldan azad olunandan bu günə kimi, yəni bir il iki ay ərzində görülən işləri necə səciyyələndirərdiniz?
İsmayıl İsmayılov: Əvvəla onu qeyd edim ki, dağıntıların, xarabalıqların miqyası təsəvvürəgəlməz dərəcədə böyükdür. Şuşaya gedən kilometrlə yol boyunca bu dağıntıların miqyasını görmək mümkündür. Açıq deyək ki, Şuşada 28 il ərzində daşı daş üstə qoymayan ermənilər 2008-ci ildən sonra guya ki, təmir-tikinti işlərinə başladılar. Bu da mərkəzi küçəyə asfalt çəkilməsindən və bir də bir-iki binanın bərpasından ibarət olub. Yəni Şuşada işğal müddətində ermənilər sərgərdan kimi yaşayblar, demək olar ki, heç bir iş görməyiblər. Məsələn, mən öz evimizə getmişdim. Mənim 30 il bundan əvvəl yatdığım çarpayını, hətta bizim qoyub çıxdığımız karniz və divar kağızlarını belə yeniləməyiblər. Yəni ermənilər orada heç bir iş görməyiblər.
F.B. – Sıravi vətəndaşımızda belə bir təsəvvür var ki, ermənilər bufer zonası kimi işğal etdikləri 5 rayonu gec-tez qaytaracaqlarını güman etdikləri üçün orada heç nə tikməyib, əksinə, soydaşlarımızın evlərinin daşlarını, qapı-pəncərələrini belə tikinti materialı kimi satıblar. Bəs Şuşada niyə quruculuq işləri aparılmayıb? Pul olmayıb?
İsmayıl İsmayılov: Çox güman ki, maddiyyata görə. Çünki, Şuşa barıt çəlləyi idi, nə vaxtsa partlamalı idi. Yəni işğal dövründə Şuşada yaşayan ermənilər heç yerə getmək imkanı olmayan əlacsızlardan və hərbçi ailələrindən ibarət olub.
Amma biz bir il ərzində çox iş görmüşük. Elə Füzulidəki Hava limanı 8 aya tikilib. İnkişaf etmiş dövlətlərin əyalət şəhərlərində heç elə hava limanı yoxdur. Mürəkkəb relyeflərdən keçən çox yüksək keyfiyyətli yol çəkilib, körpülər salınıb, yarımstansıyalar istifadəyə verilib. Şuşa kimi dağlıq ərazidə işıq dirəklərinin quraşdırılmasının özü bir qəhrəmanlıqdır. Ermənilər 30 ildə bizim 8 ayda gördüyümüz işin heç 50 faizini görməyib.
Təmkin Məmmədli: Belə bir təsəvvür var idi ki, ermənilər Şuşa və Kəlbəcərin turizm potensialından istifadə ediblər. Amma reallıqda bunun əksini görürük.
İsmayıl İsmayılov: Turizm üçün heç bir infrastruktur yaratmayıblar.
F.B. – Bəxtiyar müəllim, Şuşa işğaldan azad olunandan sonra bir il ərzində ictimai sektorda, tədbirlərin təşkilində, kitab nəşri sahəsində görülən işləri necə dəyərləndirmək olar?
Bəxtiyar Məmmədli: Açığı ictimai sektorda çox işlər görülür.Amma pandemiyaya görə görülən işləri geniş ictimaiyyətə çatdırmaq olmur. Elə AVCİYA-nın 4 dildə nəşr etdiyi kitab buna misal ola bilər.
Zəfər günü təqdim olunan “Şuşa, sən azadsan!” sənədli filmi çox xoşuma gəldi. Azərbaycanda 30 il ərzində bəlkə də bu dərəcədə gözəl film ərsəyə gətirilməyib. Mən sənədli film sahəsi üzrə peşəkar deyiləm, amma jurnalist kimi gördüm ki, mövzu ən xırda detallarına qədər işlənib. Elə işlər var ki, onları təqdimatı, piarı zəif olub. Amma elə işlər var ki, həqiqətən də göz oxşayır.
F.B. – Şuşanın işğaldan azad edilməsi zamanı səhv etmirəmsə, bizim 360 xüsusi təyinatlımız şəhid olub. Allah onların ruhlarını şad etsin! Onların qəhrəmanlığı 300 spartalı kimi tarixə düşəcək qəhrəmanlıqdır. Sizi bir jurnalist kimi o 360 şəhid qəhrəmanımız haqqında yazılanlar, çəkilənlər qane edirmi? Biz onları layiq olduqları səviyyədə tanıtdıra bildikmi?
Bəxtiyar Məmmədli: Mətbuatda, xəbərlər blokunda şəhidlərlə bağlı yazılar verilir. Amma məncə mətbuatın bu sahədə görəcəyi iş film kimi effektiv ola bilməz. Biz Hollivuda gedib çıxa bilməsək də, ən azından Türkiyənin kino industriyasından, onların peşəkarlığından istifadə edə bilərik.
F.B. – Biz hətta milli qəhrəmanımız Mübariz İbrahimovun obrazına da Türkiyə seriallarında rast gəlirik.
Bəxtiyar Məmmədli: Bəli. Yəni türk kino industriyası hədəfləri düzgün müəyyənləşdirə bilir. Onların cəmiyyətə, tamaşaçıya psixoloji təsir imkanları böyükdür. İnsanlar daha çox görüntünü qəbul edirlər.
F.B. – Bir il sanballı film ərsəyə gərirmək üçün zaman baxımından problematik ola bilər. Amma 360 qəhrəmanımızı təqdim etməyə bizim jurnalistikaya nə mane olur? Təbii ki, burada başqa bölgələrimizin işğaldan azad edilməsində şücaət göstərmiş oğullarımız arasında ayrı-seçkilik də etmək olmaz. Amma Şuşa bizim üçün müqəddəsdir. Yəni bu sahədə boşluğu hiss edirsiniz? Biz bu qəhrəmanları tanımırıq axı?
Bəxtiyar Məmmədli: Mediada bu işlər hissə-hissə görülür. Mən istərdim ki, 3 minə yaxın şəhidimizlə bağlı fərqli formatda təqdimat olsun. Bu fərqlilik insanları televiziya qarşısında oturmağa cəlb edə bilsin. Etiraf edək ki, insanlarımız böyük həcmli yazıları oxumur, iri həcmli, böyük xronometrajlı süjetlərə maraq göstərmir. Ona görə də biz mediada onun optimal təqdimat yolunu tapmalyıq. Biz şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız haqqında həqiqəti insanlara çatdırmağı bacarmalıyıq.
İsmayıl İsmayılov: Dünya təcrübəsindən istifadə etmək olar.
Bəxtiyar Məmmədli: Bir çox ölkələrdə, o cümlədən Türkiyədə sosial reklam çarxlarından istifadə edirlər. Biz belə məsələlərin təqdimatında Türkiyə təcrübəsindən də bəhrələnə bilərik.
F.B. – “Şuşa İli”nin ilk həftələrində “Şuşa” adlı “KVN” komandası ilə bağlı xoşagəlməz olay gündəmə çevrildi. Bu hadisə geniş rezonansa səbəb oldu. Az qala hamı özünü bu məsələylə bağlı rəy bildirməyə borclu bildi. “KVN“ olayına mediamızın, sosial şəbəkə istifadəçilərimizin bu qədər enerji sərf etməyi Şuşanın bizim üçün sakrallığının təzahürü idi. Amma bununla müqayisəyəgəlməz dərəcədə əhəmiyyətli olan şəhidlərimizlə bağlı analoji maraq mediada hiss olunmur. Bunun səbəbini nədə görürsünüz?
Bəxtiyar Məmmədli: Bunu mən televiziyalarımız haqqında deyə bilmərəm. Söhbət əgər saytlarımızdan gedirsə, saytlarımızın redaksiyası kiçikdir. Yəni bizim düşündüyümüz qədər orada əməkdaş çalışmır.
Əgər informasiya agentliklərindən danışırıqsa, onların yükü də başqadır. Onlar sırf gündəlik xəbərlərlə işləyirlər. Hazırda minlərlə sayt fəaliyyət göstərir. Amma bazara işləməklə yanaşı öz imicini qoruyan ciddi saytlarımız da var. Həmin saytların bu qəbildən olan işləri görməkdə maliyyə sıxıntıları var. Jurnalisti bölgələrə göndərmək üçün, sanballı analitik yazılar və reportajlar hazırlamaq üçün maliyyə vəsaiti lazımdır. Misal üçün mütəmadi olaraq bölgələrə səfərlər edən, şəhid və qazilərimizi, onların ailələrini öz yazıları ilə daim gündəmdə saxlayan Kamil Həmidovun gördüyü işi təqdirəlayiq hesab etmək olar.
Saytlarda Vətən müharibəsi qəhrəmanları ilə bağlı yazılar gedir. Sadəcə hazırda saytların büdcəsi olduqca məhduddur. Onlar bu məhdud büdcədən kənara çıxa bilmirlər. Təbii ki, hər bir sayt, hər bir media orqanı, elə mən çalışdığım “Kaspi” qəzeti də o cümlədən bu qəbildən olan yazılar, reportajlar verməkdə maraqlıdır. Amma onu da etiraf edək ki, belə yazıların sayı ötən bir ildəkinə nisbətən azalıb. Reklam bazarının məhdudluğu, səngimək bilməyən pandemiya medianın maddi vəziyyətinə təsirsiz ötüşmür.
F.B. – “Şuşa İli” hələ yeni başlayıb. Bir il əvvələ nisbətən səngiyən işlərin yenidən geniş vüsət alacağını gözləmək olarmı? “Şuşa İli” özündə nəyi ehtiva etməlidir? “Şuşa İli”, ümumiyyətlə nə deməkdir?
İsmayıl İsmayılov: Şuşa niyə sakral əhəmiyyət daşıyır? Şuşa həqiqətən elə bil şəhər deyil. Şuşaya gedib çıxırsan və elə bilirsən ki, məkan dəyişdi və sən sehrli bir aləmdəsən. Çox maraqlıdır ki, bunu təkcə şuşalılar demir. Şuşanın cəmi 270 yaşı var. 270 yaşı olan şəhər haqqında nə qədər danışmaq olar. Baxırsan ki, bütün bu danışıqların heç birində təkrara yol verilmir. Biz deyirik ki Şuşada 17 məhəllə, 17 meydan olub, 17 məscid fəaliyyət göstərib. Amma dərinə getdikcə hər dəfə Şuşa haqqında yeni bir şey öyrənirsən. Bir dəfə rus jurnalisti mənə təxribat xarkterli sual verərək soruşdu ki, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması siyasi addımdır, yoxsa zərurətdir? Axı erməni də bu şəhərə iddialıdır, azərbaycanlılar da. Onun sualına cavab olaraq deyirəm ki, Azərbaycanın dünya miqyasında tanınmasında rolu olan saysız-hesabsız dahi azərbaycanlılar məhz Şuşada anadan olub. Azərbaycanın hər bir guşəşinə canım qurban. Amma mən cəsarətlə deyə bilərəm ki, Azərbaycanın bütün tanınmış şəxsiyyətlərinin əlli faizi Şuşadan çıxıb. Şuşada doğulmuş məşhur ermənilər isə heç bir faiz də təşkil etmir. Təkcə bu faktın özü Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsini zərurətə çevirir. Ümumiyyətlə, bizim tariximizdə şişirtmə yoxdur.
2022-ci ilin “Şuşa İli” elan edilməsinə gəldikdə isə bunun əhəmiyyəti çox böyükdür. Şuşaya onsuz da sonsuz maraq var. Bu il isə Şuşa ilə bağlı töhfələrin sayı daha da artacaq. İşğaldan azad edilmiş Şuşanın bərpası, onun dirçəldilməsi daha da sürətlənəcək.
Bir haşiyəyə çıxım. 1977-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul ediləndən sonra bərpa işlərinə başlanıldı. Bu qərardan sonra Şuşanın tarixi hissəsinin bərpası ilə yanaşı şəhərin infrastrukturunda da çox böyük əhəməiyyətə malik işlər görüldü. Yəni “Şuşa İli”nin elan olunması da bərpa baxımından belə bir dirçəlişə səbəb olacaq.
Fuad Babayev: “Şuşa ili”ndə şuşalıların yurdlarına qayıtması prosesinə start verilcək?
Bəxtiyar Məmmədli: Ötən ilin sentyabr ayında Şuşaya gedənə qədər mən də hamının Şuşaya getməsinin tərəfdarı idim. Amma özüm Şuşaya gedəndən sonra gördüm ki, təhlükəsizliklə bağlı müəyyən məsələlər var. Çünki əgər əvvəllər biz Şuşaya Xankəndindən 7 dolama vasitəsilə qalxırdıqsa, indi Hadrutdan keçən yeni dolama yolların, sərt döngələrin, eniş-yoxuşların sayı 20-dən çoxdur. Belə bir yolu biz bir də Kəlbəcərə gedəndə görə bilərik. Allahdan bütün şəhidlərə rəhmət diləyirəm. Allah bütün qazilərimizə cansağlığı versin. Təsəvvür edin bizim maşınla belə çətinliklə getdiyimiz o yolları əsgərlərimiz ayaqla, əllə, dişi ilə, dırnağı ilə fəth ediblər. Mən gedib gördüm ki, bizim binaların yerində Zəfər məscidi tikiləcək.
Biz onsuz da o evlərin suvağını söküb yenidən təmir edəcəkdik. Amma indi artıq o binaların sökülməsinə qərar verilib. Mən əvvəldən də bu qərarın əleyhinə olmamışam. Sadəcə tək mənim yox, o binada yaşamış bütün insanların istəyi vardı ki, evimizi sonuncu dəfə görək.
F.B. – Hə, 30 illik ayrılıqdan sonra.
Bəxtiyar Məmmədli: Yəni o məsələdə mən belə başa düşdüm ki, icraçılar tərəfindən tələskənliyə yol verilib.
F.B. – Bəs həmin binanın sakinləri harada yaşayacaq?
Bəxtiyar Məmmədli: Həmin sakinlər yeni salınacaq məhəllələrdə tikiləcək binalarda məskunlaşacaqlar. 3, 4 və 5 mərtəbəli binaların tikilməsi nəzərdə tutulub. Şuşada yaşayış yeri aşağı hissədəki tarixi köhnə evlər idi. Şəhərin yuxarısındakı təzə hissəsində isə bizim yaşadığımız binalar var idi. Hamının ata-baba evi aşağı hissədə olsa da, ailə böyüdükcə şəhərin yuxarı hissəsinə köçüblər.
F.B. – Bu il sizin Şuşaya köçməyiniz və ya evlərin mülkiyyət hüququnu rəsmiləşdirməyiniz realdır?
Bəxtiyar Məmmədli: Mən 10 yaşına kimi Şuşada yaşamışam. Şuşanın şaxtası qış aylarında orada tikinti və suvaq işi görülməsini sadəcə imkansız edir. Şuşada tikinti işləri yazdan payıza qədər olan müddət ərzində aparıla bilər. Həm də bayaq İsmayıl bəyin vurğuladığı kimi dağıntıların miqyası çox böyükdür. Mən nənəmgilin Aşağı Gövhərağa məscidinə bitişik olan evinə getmişdim. Evin nə özü qalıb, nə də bünövrəsi.
F.B. – O ev nə zaman dağılıb?
Bəxtiyar Məmmədli: O evi ermənilər söküb.
İsmayıl İsmayılov: Həmin evləri ermənilər söküb tikinti materialı kimi daşıyıb satıblar. Yerdə qalan binaları da Şuşanın Azərbaycan şəhəri olmasını yaddaşlardan silmək üçün dağıdıblar. Misal üçün 2010-cu ildə çəkilmiş şəkildə gördüyüm binanın 2020-ci ildə heç əlli faizi belə salamat qalmayıb. Yəni 10 il ərzində o binanı zaman da uçurub.
Bəxtiyar Məmmədli: Təsəvvür edin ki, babamgilin su quyusunu ermənilər daşla doldurublar.
İsmayıl İsmayılov: Bizim qonşuluğumuzda isə ermənilər su quyusunun üzərində ayaqyolu tikiblər.
Bəxtiyar Məmmədli: Dayımgilin ikimərtəbəli evindən yalnıztağ və pəncərənin bir hissəsi salamat qalıb, xalamgilin həyətində isə parnik salıblar. Bizdə elə təsəvvür var idi ki, ermənilər işğal dövründə Şuşada quruculuq işləri ilə məşğul olublar. Əslində isə heç nə etməyiblər.
İsmayıl İsmayılov: 3 saylı internatın yerində uzun müddət ərzində tikməyə cəhd göstərdikləri bina da yarımçıq qalmışdı.
Bəxtiyar Məmmədli: Demək istədiyim odur ki, biz hələ müəyyən müddət Şuşaya köçməklə bağlı səbir etməliyik.Çünki orada heç bir infrastruktur yoxdur. Su boruları darmadağın olub.
F.B. – Bəs ermənilər Şuşada necə yaşayıb?
Bəxtiyar Məmmədli: Sovet dövründən qalma borular çürük vəzyyətdə olub. Evlərin elektrik enerjisi ilə təminatı sıfırdan başlayır.
İsmayıl İsmayılov: Sözügedənbinalar 1972-1973-cü illərdə tikilib.
Bəxtiyar Məmmədli: Bizim bina 1978-ci ildə istifadəyə verilib.
İsmayıl İsmayılov: Vəzirov küşəsi 7-də bizim də mənzilimiz var idi. O bina demək olar ki, qəzalı vəziyyətdə idi. Düzdür həmin binalarla bağlı uşaqlıq xatirələrimiz var, biz orada böyümüşük. Amma ümumilikdə həmin dövrdə o binaların tikilməsi kökündən yanlış idi. Çünki o binalar Şuşanın estetik görkəminə uyğun gəlmirdi. Mən Şuşaya səfərim zamanı şəhərin memarlıq abidələri olan aşağı hissəsini qarış-qarış gəzdim. Həmin ərazilərdə minadan təmizlənmə işlərinin getdiyinin şahidi oldum. Qədim bir evin salamat qalmış pəncərəsini belə bərpa zamanı saxlayıblar. Hiss olunur ki, bu işlərə peşəkarlıqla yanaşılır. Yəni şəhər həqiqətən də lazımı səviyyədə bərpa olunacaq.
Bəxtiyar Məmmədli: Yəni biz şuşalılar çox ümidliyik. Bizə ümid verən başlıca amil isə dövlət başçımızın Şuşaya xüsusi diqqət ayırmasıdır. Şuşaya gedib gələndən sonra məndən soruşurdular ki, Şuşa ilə Bakının fərqi nədir? Mən yalnız bircə cümlə ilə onu deyə bilərəm ki, Şuşada olanda nəfəs aldığını hiss etmirsən.
T.M. – Şuşalıların mülkiyyət hüquqlarını sübut edəcək sənədlərlə bağlı vəziyyət necədir?
İsmayıl İsmayılov: Şuşalıların bəlkə də 70 faizinin mülkiyyət sənədləri var. Bundan başqa mən tam əminliklə deyirəm ki, hətta sənədi itibsə belə Şuşada heç kəs başqasına aid mülkiyyətə, torpağa göz dikməz. Allaha şükürlər olsun ki, hələ yaşlı Şuşa sakinləri sağdır. Heç bir sənəd olmadıqda isə şəxs faktın tanınmasına dair məhkəmədə iddia qaldıra bilər. Yəqin İcra hakimiyyətinin arxivləri də bu işdə yardımçı ola bilər. Yəni bu məsələdə mən problem görmürəm.
Bəxtiyar Məmmədli: Mən bildiyimə görə Şuşa işğaldan azad olunandan bir müddət sonra yaşlı şuşalılardan şəhərdə kimin harada yaşaması haqqında məlumatlar toplanaraq sənədləşdirilib. Şuşa elə də byük şəhər olmadığı üçün hamı bir-birini gözəl tanıyır.
İsmayıl İsmayılov: İnsanlar özləri müraciət etməklə bu prosesi daha da asanlaşdıra bilərlər.
Bəxtiyar Məmmədli: Bəli, Siz dediyiniz kimi müraciət edənlər də var. Şuşada evi olub, amma Şuşa qeydiyyatı olmayan vətəndaşlarımız da var.
F.B. – Əhalinin Şuşaya köçməsi üçün həm də iş yerlərinin açılması lazımdır.
Bəxtiyar Məmmədli: Mən “Şuşa ili” ilə bağlı belə bir təklif vermək istəyirəm. Təklif edirəm ki, Şuşada yaşayacaq gənclər üçün praktik peşə kursları təşkil edilsin. Bu kursları bitirənlər Şuşada fəaliyyət göstərəcək obyektlərdə, xidmət sahələrində çalışsınlar. Şuşada fəaliyyət göstərəcək otel üçün tələb olunan personalın hazırlığına indidən başlamaq olar.
İsmayıl İsmayılov: Bu həm də müraciət edən insanların sayını müəyyənləşdirməyə kömək edəcək. Hazırda Şuşada fəaliyyət göstərən obyektlərdəki personal müvəqqəti olaraq orada çalışır. Gələcəkdə isə işlə təminat məsələsində yerli sakinlərin potensialından istifadə edilməlidir.
Bəxtiyar Məmmədli: Misal üçün hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və ya Azərsuda işləyən şuşalılar indidən siyahıya alınmalıdır ki, onların potensialından gələcəkdə Şuşada istifadə edilsin.
F.B. – Media sahəsində çalışanlar üçün də yeni imkanlar açılacaq.
İsmayıl İsmayılov: Artıq Şuşa Radio-Televiziya yayım qülləsinin təməli qoyulub.
Bəxtiyar Məmmədli: Bəli, “Şuşa” qəzetinin bərpası nəzərdə tutulur. Özü də “Şuşa” qəzeti təkcə Azərbaycan dilində olmamalıdır.
F.B. – Ermənilərin mətbuatında, sosial şəbəkəsində Şuşa ilə bağlı revanşist yazılara rast gəlirsiniz?
İsmayıl İsmayılov: Şuşa və Hadrutla bağlıbelə yazılarla rastlaşırıq. Amma bunlar erməni cəmiyyətinə hesablanmış mənasız addımlardır.
Bəxtiyar Məmmədli: Mənim fikrimcə, ermənilər daim Şuşada qalacaqlarına əmin olsaydılar, bu şəhəri bərpa edərdilər. Şuşanın həqiqətən mənəvi ruhu var, onu duymaq lazımdır. Şuşanın dahilər yetişdirməsi də təsadüfi deyil.
İsmayıl İsmayılov: Çunki Şuşa Sankt-Peterburq kimi boş torpaqda salınan şəhərdir. Pənahəli xan cəmiyyətin elitar təbəqəsini, yəni ətrafda yaşayan bəyləri, xanları, ziyalıları Şuşanın təməlinin qoyulmasına cəlb edə bildi. Həmin şəxslərin törəmələrəsi isə Şuşada fərqli cəmiyyətin yaranmasına rəvac verdi.
F.B. – Sizin Şuşadan danışmağa haqqınız var. Bunu hamı bilir. Bu haqqı Siz təkcə şuşalı olduğunuza görə qazanmamısınız. Özəlliklə İsmayıl müəlliminin “Azərbaycan mirvarisi Şuşa” kitabı, 10 ildən artıq fəaliyyət göstərən ”Susaya pəncərə” feysbuk səhifəsində gördüyü işlər ancaq fədakarlıqdır.
İsmayıl İsmayılov: “Odnoklassniki” (rusdilli internetin ən populyar sosial şəbəkələrindən biri – red.) də var, “Şuşa, Azərbaycan” feysbuk səhifəmizdə də analoji fəaliyyətlə məşğul oluruq. Amma ən çox vaxt aparan iş Vikimapiya (beynəlxalq coğrafi onlayn ensiklopediya – red.) ilə bağlıdır. Mən Vikimapiyaya 2013-cü ildə baxanda Şuşada azərbaycanlılara məxsus bir toponimə də rast gəlmədim. Artıq 10 ildir ki, hər gün ermənilərin saxtalaşdırdığı toponimləri düzəltmək üçün Vikimapiyaya 1 saat vaxt sərf edirəm. Bundan başqa Şuşadakı evlərin şəkillərini, kimə məxsus olduğu, hansı küçədə yerləşməsini Vikimapiyaya daxil edirəm.
F.B. – Şuşa mövzusunu gündəmdə saxlayan insanlara tövsiyəniz nədir?
İsmayıl İsmayılov: Hamımızın yadındadır ki, müharibə başlayana qədər işğaı altında olan bölgələrimiz yalnız həmin gün xatırlanırdı. Biz “Şuşaya pəncərə” feysbuk səhifəmizdə isə hər gün mayın 8-ni yaşamışıq. Yəni gündəlik olaraq trendi tutmaq lazımdır. Gündəmə çevrilən mövzular bizi qane etmədikdə isə onun istiqamətini dəyişməyə çalışmalıyıq. Dövlətə, xalqa dəstək baxımından, işğaldan azad olunmuş bölgələrimizin dirçəldilməsinə dəstək baxımından faydalı işlər görmək olar. Yetər ki, istək olsun.
Bəxtiyar Məmmədli: Mən elə hesab edirəm ki, qeyd olunanməsələlər bir illə yekunlaşmayacaq. Şuşa ilə bağlı təbii ki, bu il ərzində dövlət tərəfindən görüləcək işlər var. Qeyri-hökumət təşkilatlarının həyata keçirəcəyi layihələr olacaq. Mətbuatın Şuşa ilə bağlı gördüyü işlər sözsüz ki, yenə davam edəcək. Ən azından mətbuat nümayəndələrinin Şuşaya yeni səfərləri nəzərdə tutulur. Amma mən kimliyindən asılı olmayaraq görülən işlərin keyfiyyətli olmasını istərdim.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 26 yanvar 2022-ci ildə baş tutub.
Materialda rəssam Fuad Tahir Manafovun “Şuşaya bahar gəlir” adlı rəsm əsərindən istifadə edilib.