Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Akif Əli və şair, yazıçı-publisist Kərim Kərimli ilə Şuşadan danışdıq.
Fuad Babayev: Gəlin, Şuşa problematikası, Şuşanın tarixi, onun işğalı və Şuşa zəfəri ilə bağlı məsələlərin ədəbiyyatımızda inikası barədə danışaq.
Akif Əli: Şübhəsiz ki, Şuşa təkcə Qarabağda və Şuşada doğulanlar üçün deyil, bütün azərbaycanlılar üçün müqəddəs bir məkandır. Şuşa bütün dünyada Azərbaycanın bir rəmzi olaraq tanınır. Biz Şuşanın acılı-şirinli günlərini yaşamışıq. Xalqımız da xoşbəxtdir ki, Şuşa artıq qayıdıb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nəşr etdiyi kitabda olduğu kimi “Əziz Şuşa, biz qayıtmışıq!”.
F.B. – Akif müəllim, Şuşa mövzusu sizin yaradıcılığınızda hansı yeri tutur?
Akif Əli: Şuşa adətən musiqi sənətinin beşiyi kimi təqdim olunur. Bu bəlkə ondan irəli gəlir ki, dağlar qoynunda olan Şuşa Tanrıya daha yaxındır və musiqi orada daha çox inkişaf edib. Çünki musiqi də Tanrı səsi kimidir. Bununla yanaşı Şuşada çox görkəmli elm, ədəbiyyat, dövlət xadimləri, hərbçilər olub. Şuşanın yetirdiyi ziyalılar spektri çox genişdir. Sizin sualınızla bağlı mən özümdən əvvəl Şuşada yazıb-yaratmış böyük ədibləri xatırlatmağı daha uyğun bilərdim. Məlumdur ki, Xan qızı Natəvan, dahi Üzeyir bəy Şuşanın yetirmələridir. Əhməd bəy Ağaoğlu kimi dahi bir insan Şuşada yetişib. O, vaxtilə Türkiyədə azadlıq mübarizəsində iştirak edib. Atatürkün yanında olub. Əbdürrəhim bəy Haqverdiyev kimi çox ciddi bir yazıçı, Nəcəf bəy Vəzirov kimi yazıçı-dramaturq Şuşa ədəbi mühitinin yetirməsidir. Ensiklopedik biliyə malik olan Mir Möhsün Nəvvab Şuşada yaşayıb-yaratmış ziyalılarımızdandır. Şair, rəssam, yazıçı, təbib olan Nəvvab, ümumiyyətlə Şuşanın fəxridir. Yeri gəlmişkən, Mir Möhsün Nəvvabın “1905–1906-cı illərdə erməni-müsəlman davası” adlı publisistik bir yazısı var. Mənfur qonşularımızın Qarabağa iddiaları başlayanda mən Nəvvabın həmin əsəri əsasında bir yazı yazmışdım. Orada qeyd edirdim ki, əgər biz vaxtilə bu cür klassiklərin əsərlərinə diqqətlə yanaşsaydıq, öyrənsəydik, onları öz düşüncə arealımıza dəvət etsəydik, indi belə gözlənilməz hadisələrlə rastlaşmazdıq.
Nəvvabın əsərində yazdığı tarixi faktlar 1988-ci ildən sonra başlayan Qarabağ hadisələri zamanı eynilə yenidən təkrarlandı. Mir Möhsün Nəvvabın kitabını oxuyandan və müasir dövrdə Şuşada baş verən hadisələri izləyəndən sonra məlum olur ki, erməni elə həmin ermənidir. Erməni dəyişmir.
Təmkin Məmmədli: Tarix təkrar olunur.
Akif Əli: Həm tarix təkrar olunur, həm də ümumiyyətlə, erməninin xisləti dəyişməyib. İnsanları qətlə yetirmək, əzazillik etmək, evləri, binaları dağıtmaq və saxtakarlıqla özlərini şuşalı kimi qələmə vermək ideyaları ermənilərdə hər zaman olub. Digər yazıçıların əsərlərində də Şuşa mövzusu, Şuşa obrazı olub. Onun ən gözəl poetik obrazını “Şuşanın dağları” şeirində Xan Əmi (xanəndə Xan Şuşinski, İsfəndiyar Aslan oğlu Cavanşir:1901-1976 -red.) yaradıb.
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı…
Yəni, bu, Şuşanın obrazıdır. Bundan başqa, Şuşanın görkəmli ziyalılarından, yazıçılarından biri olan Yusif Vəzir Çəmənzəminli də “Qan içində” (bu roman həm də “İki od arasında” adı ilə tanınır – red.) romanında Şuşanın başqa bir obrazını yaradıb. Şuşada olan qanlı-qadalı hadisələr “Qan içində” romanında öz əksini tapıb. Bu ədəbiyyatda bəlkə də Şuşa romanı kimi daha çox tanınır. Şuşa doğumlu şəxsiyyətlər arasında dahi Firidun bəy Köçərlini və əslən şuşalı olan görkəmli yazıçı, publisist, pedaqoq Tağı Şahbazini də mütləq qeyd etmək lazımdır. Müasir dövrdəki yazıçılara qədər Şuşada yaşayan ziyalılar həmişə Şuşa haqqında yazıb-yaradıblar.
Təvazökarlıqdan uzaq olsa da, Şuşada doğulan və Şuşanı sevən bir insan kimi, Şuşanın təəssübünü çəkən bütün azərbaycanlılar kimi mədəniyyət paytaxtımıza həmişə öz yaradıcılığımda xüsusi diqqət ayırmışam. 1988-ci il hadisələri başlayanda mən “Vətən səsi” qəzetinin baş redaktoru işləyirdim. 1992-ci ilin fevralında “Vətən səsi” qəzetində mənim “Şuşa əldən gedir” adlı yazım çıxdı. Şuşa hələ işğal olunmamışdı. Amma məqalə Şuşadan gələn xəbərlər və aldığım materiallar əsasında yazılmışdı. Qəzetin manşetinə çıxartmışdıq ki, Şuşada vəziyyət gərgindir. Əgər iqtidar təcili və təsirli tədbirlər görməsə Şuşa əldən gedəcək. Bu yazıya görə bizi ara qarışdırmaqda günahlandıranlar da tapıldı. Təəssüf ki, cəmi üç aydan sonra məlum oldu ki, iqtidar Şuşaya nəinki təcili və təsirli kömək göstərməyib, ümumiyyətlə heç bir iş görülməyib. Çox təəssüf ki, gözəl Şuşamız o vaxt əldən getdi. Təbii ki, mən Şuşanın itirilməsi ilə heç vaxt barışmamışam. “Tərlanlar oylağı sar ola bilməz!” adlı məqaləmdə yazırdım ki, Şuşa müvəqqəti olaraq işğal olunub, erməni orada heç vaxt qala bilməz. Mən Şuşa mövzusuna sonralar da mütəmadi olaraq müraciət etmişəm. Qarabağ müharibəsindən, işğal faciəsindən bəhs edən “Dumanlı dağlar” adlı kino-pritça qələmə almışdım. Vəsait tapılmadığı üçün bu ssenari ekranlaşdırılmadı. Görkəmli dövlət xadimi Heydər Əliyevin belə bir sözü var idi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”. Bütün Azərbaycan xalqı 30 il Şuşa həsrəti ilə yaşadı. Mənim “Şuşada eşşək otaran erməniyə müraciət” adlı yazım var.
F.B. – Nə vaxt qələmə alınıb o o yazı?
Akif Əli: 2007-ci ildə “Təzadlar” qəzetində çıxıb. O vaxtlar türk fotoqrafın Şuşada çəkdiyi bir foto mənim diqqətimi cəlb etdi. Həmin fotoşəkildə Şuşada eşşək otaran erməni əks olunmuşdu. Mən həmin erməniyə müraciət yazdım. Sonra elə oldu ki, o müraciətə erməninin dilindən cavab gəldi. Sonra mən yenə cavab yazdım. Təxminən 4-5 belə yazışma oldu. Bütün bunların hamısı çap olunub. Bu tragikomik müraciətin ideyası ondan ibarət idi ki, ay erməni, sən əgər Şuşaya gəlib cır-cındır içində, ac-susuz eşşək otaracaqdınsa, niyə belə gözəlliyi dağıtdın? Hər gün Ərimgəldi qayasına çıxıb Amerikadan yardım gösləyirsən.
Bundan başqa, “Qarabağda talan var”, “Erməniliyin anatomiyası” kimi yazılarımda ermənilərin Şuşada törətdiyi vəhşiliklər, yerlə-yeksan etdikləri kitabxanalar, muzeylər, teatr binaları, məktəblər və tarix memarlıq abidələri haqqında məlumatlar öz əksini tapıb. Bütün bunları dünyada özünü “qədim və mədəni xalq” adlandıran ermənilər edib. Sən hansı mədəniyyət sahibisən ki, rəsm əsərlərini, kitabları yandırırsan, məktəbləri dağıdırsan. Ermənilər müharibənin ilk illərində bütün dünyaya car çəkirdilər ki, guya Qarabağda ilk xristian abidələrini vəhşi müsəlmanlardan qoruyurlar. Ona görə dünya onlara kömək etməlidir. Ona görə də biz dünyaya sübut etməliyik ki, bu xristian abidələri azərbaycanlı albanlara məxsusdur. Sadəcə olaraq onların üzərində sonradan düzəlişlər apararaq erməniləşdiriblər. Bunu biz dünyaya sübut edə bilsək erməninin Qarabağ iddiasının ayağının altından stulu vurub çıxarmış olarıq. 1930-40-cı illərdə alban abidələrini ermənilər öz adlarına çıxaranda, onların üzərində iş aparanda bizim ideoloji işə cavabdeh adamlar buna fikir verməyiblər. Digər səbəb isə bizim əvvəllər xristian abidələrinə biganəliyimizlə bağlıdır. Elə bir təsəvvür var idi ki, əgər indi müsəlmanıqsa, xristianlığın bizə aidiyyatı yoxdur. Bu isə kənar təbliğatın nəticəsi idi. Halbuki, məlumdur ki, Azərbaycanda atəşpərəstlik olub. Atəşpərəstlikdən sonra İsa Peyğəmbərin apostolları xristianlığı bura gətiriblər. Yəni bu tarixi həqiqəti dünyaya izah etmək lazımdır. Bu ədəbiyyatın, publisistikanın, eyni zamanda şübhəsiz ki, televiziyanın və kinonun funksiyasıdır.
Mən İkinci Qarabağ müharibəsi başlayanda Nyu-Yorkda idim. Oradan bütün hadisələri 3 dildə paylaşırdım, yayırdım. Amma bütün dünya inanırdı ki, ermənilər ilk xristian abidələrini Qarabağda vəhşi müsəlmanlardan qoruyur.
F.B. – Kərim müəllim 1993-cü ildə “Salam Şuşam” şeirini yazıb. Yenicə nəşr olunan “Onun adı Şuşadır!” kitabı isə müəllifin “Şuşa İli”nə töhfəsidir. Kərim müəllim, sizin yaradıcılığınızda Şuşa hansı yeri tutur?
Kərim Kərimli: Mənim ilk şeirim “Şuşa” qəzetinin 4 iyul 1981-ci il tarixli sayında dərc olunub. Amma o Şuşaya aid deyildi. Onda mənim 17 yaşım var idi və o zamanlar Şuşanı Şuşa sakini kimi çox sevsəm də, heç vaxt ağlıma gəlməzdi ki, Şuşa uğrunda müharibə gedə bilər, Şuşa işğal oluna biər. Amma bir müddətdən sonra məlum oldu ki, Şuşa müharibənin mərkəzindədir. Yarandığı gündən Şuşa uğrunda müharibə gedib və bu gün də mübarizə davam edir. Təkcə ermənilər və azərbaycanlılar deyil, dünyanın bir çox yerlərindən Şuşaya diş qıcayanlar var. Şuşa kimdədirsə, Qarabağ ondadır.
Konkret bədii yaradıcılığa gələndə isə gənclik illərindən bəri Şuşa haqqında çox şeir yazmışam. Bu şeirlərin biri də rus məktəbləri üçün “Azərbaycan dili” dərsliyinə salınıb. Şuşanı vəsf etmək təkcə yaradıcılıq deyil, insanın xoşbəxt olmaq məsələsidir. Bədii sözün qüdrətindən, gücündən istifadə edib Şuşanı vəsf etməyin özü bir xoşbəxtlikdir. Şuşa dünyada haqqında ən çox şeir yazılan şəhərdir. Vaxtilə Vasif Quliyevin nəşr etdiyi ikicildlik “Şuşa nəğmələri” kitabına 1750-ci ildən 2001-ci ilə qədər yazılmış minlərlə şeir daxil edilib. Həmin nəşrin 2-ci cildində mənim də şeirlərimə yer ayrılıb. Məmməd Araz “Şuşada bir gecə” şeirində deyir:
Bu gecə, gecənin son qatındayam,
Bu gecə bir qəndil qanadındayam.
Sağımda bir dərə – qara hörükdür,
Solumda bir dərə – qara hörükdür.
Dövrəmdə buludlar bölük-bölükdür,
Dünyanın damına çıxmışam nədir?
Baba bəy Şakir, Qasım bəy Zakir, Xurşidbanu Natəvandan Səməd Vurğun, Rəsul Rza, Famil Mehdi, Bəxtiyar Vahabzadə, Ramiz Rövşənə qədər yüzlərlə yerli, həmçinin əcnəbi şair Şuşa haqqında şeir yazıb. Qələbədən sonra isə Şuşa haqqında şeir yazmaq artıq dəbə çevirilib. Amma Qələbəyə qədər Şuşa haqqında yazılan şeirlər nəhəng bir kitabxana deməkdir. Mənim də orada müəyyən payım var. Mən Şuşa haqqında müharibədən əvvəl də, müharibə dövründə də, işğaldan sonra da şeirlər və poemalar yazmışam, Şuşa şəhidləri haqqında da şeirlərim var. Amma Qələbəyə qədərki poeziya yaradıcılığımın zirvəsi “Salam, Şuşam!” şeiri sayılır. Bu şeir dünyada tanınır. Bütün tədbirlərdə oxunan bu şeiri şuşalılar əzbər bilir. Bir-birindən xəbərsiz üç bəstəkar bu şeirə mahnı bəstələyib. Ən populyarı Könül Kərimovanın oxuduğu “Şuşam mənim” mahnısıdır.
“Onun adı Şuşadır!” mənim sayca 14-cü kitabımdır. İlk kitabım isə “Ürəyimin şüşəsi Şuşa” adlanır. Ondan sonra çap olunmuş “Hələ Şuşalıykən”, “Şuşalı, Şuşasız günlərim”, “Şuşasız”, “Şuşamın kitabı” adlı kitabların müəllifiyəm. 2016-cı ildə 500 bənd və 2500 misradan ibarət “Azərbaycan unutdumu Şuşanı?!”adlı kitabım işıq üzü görüb. Bu nəşrdə Şuşanın yer adlarının, şəhidlərinin, alimlərinin, şairlərinin əksəriyyətinin adı çəkilib. Təkcə Xarıbülbül haqqında beş şeirim var. Çox xoşbəxtəm ki, Şuşa işğaldan azad olunandan sonra 50-60 şeirim çıxıb. “Azad Şuşaya” şeirimi “Kulis.az” saytı “Şuşa haqqında ən gözəl şeirin müəllifinin qələbə şeiri” təqdimatı ilə dərc edib. Həmin şeirin epiqraf yerində “İşğalının 29-cu ildönümünü azad qeyd edən Şuşaya” yazmışdım. Yəni biz həmişə mayın 8-ni qara bir gün kimi qeyd edirdik. İlk dəfə idi ki, 8 mayı acı xatirə olsa da, keçmişdə qalmış bir tarix kimi qeyd edirik.
F.B. – O da tarixin bir tərkib hissəsidir.
Kərim Kərimli: Bəli. “Azad Şuşaya” şeiri mənim deyə bildiklərimdir:
Sən dağların başında mirvarisən, incisən,
Şəhərlər sırasında dünyada birincisən!
Gözəlliyin Tanrının qüdrətindən yaranmış,
Tanrı verən payından bütün dünya barınmış…
Şəhidlərin qanından lalələrin güc almış,
Xarıbülbül, adınla, şöhrətinlə ucalmış…
İbrahimin qılıncı, Pənah xanın taxtısan,
Bu gün artıq ölkəmin mədəni paytaxtısan!
Musiqinin beşiyi, sözün, səsin yurdusan,
Yalın əllə döyüşən ölümbilməz ordusan!
Eşqinin ünvanısan mədəni insanlığın,
İstedadın beşiyi, mədəni – insanlığın!..
Bayrağım əllərində sən ucaldın göylərə,
Bayrağımı birinci sən ucaltdın göylərə.
Dünya sənə heyrandır – papağı başdan düşür,
Dirisi at belindən, ölüsü daşdan düşür…
Başı dumanlı yurdum, duman üstə var Günəş,
Sənə arx-dayaqdır ulu Qırxqız, Ərgünəş!
Əsgər kimi döyüşdü torpağın da, daşın da,
Qartalları düzürdü səmaya qardaşın da…
Qoy Zəfərin əbədi, Zəfər yolun düz olsun,
Göz dikənin qazancı qoy quruca söz olsun!
Daim ayıq olsan da, qoy bu döyüş son olsun!
Sülh donun göy-qırmızı, ağ-yaşıl bir don olsun!
Əbədiyyət məskəni, ey əziz yurdum Şuşa!
Qəhrəmanlar diyarı, igidim, mərdim Şuşa!
Ey Qəhrəman övladın sən ey şanlı Vətəni,
Qəlbi məhəbbət dolu, gözü qanlı Vətəni!
Bundan sonra əbədi azad yaşa, hürr yaşa!
Cah-calal, çal-çağırlı, şaqraq yaşa, gur yaşa!
Kərimin də şeiri sənə ərməğan olsun,
İstəyi yalnız budur: şəninə şayan olsun!!!
Şuşa haqqında çox yazılar yazılıb. “Onun adı Şuşadır!” kitabımda isə hekayələr toplanıb.
F.B. – Bu hekayələrin bəzilərinun yazılma tarixi qeyd edilsə də, bəzilərində bu tarix yoxdur.
Kərim Kərimli: Birinci hekayənin yazılma tarixi var. “Onun adı Şuşadır!” adlı birinci hekayədə qəhrəmanın uzun müddətdən sonra Şuşaya qayıtmağı təsvir olunur. “Arxamızda Şuşadır” adlı ikinci hekayə konkret bir döyüşçünün – Bəşirov Kamil Sabir oğlunun qəhrəmanlığından bəhs edir. Şuşada belə bir qeyri-adi əsgər var idi. Balacaboy bir oğlan olan bu döyüşçümüz təkbaşına 19 nəfər düşmən əsgərini məhv etmişdi. Əslində Kamil döyüşçü deyildi, rabitəçi idi. Bu qəhrəman övladımız mühasirəyə düşərək vuruşmuşdu. Son anda şifrəli kağızların yarısını udmuş, yarısını isə qanına boyayıb kolun içində gizlətmişdi. Qana boyanmış həmin şifrəli kağızlar hazırda Azərbaycan Tarixi muzeyindədir.
T.M. – Söhbət Birinci Qarabağ müharibəsindən gedir?
Kərim Kərimli: Bəli. Ermənilər onu sürüyə-sürüyə aparanda bizimkilər hücum edib onu azad etsələr də beş dəqiqədən sonra keçinmişdi. Mən hadisə yerində olmuşam. Mən çatanda o, artıq şəhid olmuşdu.
F.B. – Yerli adam idi?
Kərim Kərimli: Bəli, şuşalı idi. Onun qəribə taleyi olub. Kamil müharibə dövründə Sumqayıtda hərbi xidmətdə idi. Atasına zəng edib deyib ki, mənim yerimi dəyişdir, Şuşaya gəlim. Şuşada müharibə gedir, mən isə Sumqayıtdayam. Atası 500 manat pul verib Kamilin yerini dəyişdirərək Şuşaya gətirir. Ana-bacısı hər ağlayanda deyirdilər ki, oğlum şəhidliyini 500 manata alıb. Şuşa işğal olunandan sonra Kamilin ata-anası Pirşağıdakı “Lokomotiv” düşərgəsində yaşayırdı. Kamilin hər iki valideyni və böyük bacısı Şüşəxanım da vəfat edib. Qəhrəmanımızın ikinci bacısı Könül xanım, bacısıuşaqları və bacısının həyat yoldşı sağdır.
F.B. – Özü subay idi təbii ki…
Kərim Kərimli: Bəli, 21 yaşında subay oğlan idi.
Bir dəfə zarafatla demişdim ki, Şuşa haqqında yazdıqlarımı xalı kimi yerə sərib üstü ilə piyada Şuşaya gedib çıxmaq olar. Hətta 2012-ci ildə Şuşanın işğalının növbəti ildönümündə bəyanat vermişdim ki, 20 ildir biz Şuşanı satanı, günahkarı axtarırıq. Mən o məsuliyyəti öz boynuma götürürəm. Şuşanı mən satmışam, pulu mən almışam. Hamının əvəzinə cəza çəkməyə hazıram. Məni həbs edin, güllələyin, asın. Amma bir şərtim var ki, daha Şuşanı satanı axtarmayın, Şuşanı azad etməyə başlayın.
Tarixən azərbaycanlılar həmişə at, ermənilər isə eşşək belində olub. Ona görə Akif müəllimin “eşşək otaran erməniyə müraciət”i çox yaxşı tapıntıdır. Erməninin mindiyi həmişə eşşək olub.
Akif Əli: Bunu mən 2007-ci ildə yazmışam. Məni israrla Şuşaya qonaq çağıran eşşək otaran erməniyə cavabımbda deyirəm ki, mən Şuşaya boynu bükük, sifətində müti gülüşlə getmərəm, ay erməni. Mən gəlsəm ora qalib kimi gələrəm və gələcəm. Mən ora dolanbac yollarla təkəsaqqal Andreyin izni ilə gəlmərəm. Mən gəlsəm ildırım sürətli türk yıldızlarının qanadında gələrəm və gələcəm, ay erməni. Amma qonaq yox.
Kərim Kərimli: 44 günlük müharibədə olduğu kimi.
Akif Əli: 1991-ci ilin mart ayında “Bakıdan Şuşaya səyahət” yazım qəzetdə çap olunub. Mən Şuşada axırıncı dəfə 1987-ci ildə olmuşam. Ondan sonra getmək mümkün olmadı. 1991-ci ildə Ali Sovetdə Şuşayla bağlı söhbətlər gedirdi. “Qarabağ heç vaxt indiki kimi bizim olmayıb” məşhur ifadəsinin səsləndiyi dövr idi. 1991-ci ilin mart ayında mən də jurnalist olaraq Ağdamı keçərək Şuşaya getmək istədim. Əsgərana çatanda Sovet əsgərləri bizi saxladılar. Şuşaya getdiyimizi biləndə dedilər ki, biz sizin təhlükəsizliyinizə təminat verə bilmərik. Belə məlum oldu ki, orada heç Sovet hökuməti yoxdur və bizi getməyə qoymadılar. Mən qayıdıb gördüklərimi olduğu kimi qələmə aldım. Beləliklə mən gözəl Şuşamıza bir daha gedə bilmədim. İndi arzu edirəm ki, Şuşaya Cıdır düzünə gedərəm, füsunkar Topxana meşəsini bir daha seyr edərəm, İsa bulağına baş çəkərəm.
F.B. – Bir müddət bundan əvvəl mediada bizim Azadlıq, Zəfər müharibəmizin ədəbiyyatımızda inikasınn yubanması ilə bağlı fikirlər səsləndirildi və müəyyən siyahılar dərc olundu. Bu qədər şeir, hekayə, roman yazılıb. Sizcə biz yubanmırıq?
Akif Əli: Ola bilər ki, hadisələrə dərhal reaksiya vermək üçün jurnalistika, publisistika önə keçir. Bu hadisələrlə bağlı mənim publisistik yazılarım çox olub. Amma roman ola bilər ki, vaxt tələb etsin. Amma bu yenə də yaradıcı adamın istedadına və yaxud ona yaradılan şəraitə bağlıdır. Müharibə gedə-gedə gözəl əsər yazanlar da olub. İkinci dünya müharibəsində biz bunun şahidi olmuşuq. Gözəl mahnılar, şeirlər döyüş gedə-gedə səngərin içində yazılıb. Bu yaradıcı adamın istedadına baxır. Bu bizə də şamil olunur. İkinci tərəfdən isə bəlkə də bu əsərlər dövlət sifarişi ilə yazılmalıdır.
F.B. – Həvəsləndirilmə, stimul olmalıdır.
Akif Əli: Bəli. Tutaq ki, hər hansı bir yazıçı əsər yazmaq istəyir. Amma problemlərindən, məişət qayğılarından və sıxıntılarından azad olub özünü o işə həsr edə bilmir. Bu zaman dövlət tərəfindən şərait yaradılmalıdır. Sifariş normal bir şeydir. Bu bütün dünyada var. Nizami Gəncəvinin əsərləri sifarişlə yazılmayıb?
Kərim Kərimli: Sifariş deməsinlər. Amma stimul yaradılmalıdır. Bir də hər hansı bir əsərin yaranması yazıçının əhval-ruhiyyəsindən asılıdır. Burada konkret vaxt təyin etmək mümkün deyil. Qələbəmizə həsr edilmiş əsər bu gün də yazıla bilər və yazılır, 5 ildən sonra da.
F.B. – İndi ortada əgər böyük bir roman, povest və yaxud hekayələr lazım ola biləcək qədər deyilsə, bu o demək deyil ki, gecikirik.
Akif Əli: İkincisi də o ola bilər ki, bu əsərləri yaza bilən adamlarımız hələ yoxdur və yaxud da ki, onlara şərait yaradılmayıb.
F.B. – Mən çox istərdim ki, Kərim müəllim “Onun adı Şuşadır!” kitabının ərsəyə gəlməsindən danışsın.
Kərim Kərimli: 1988-ci ildən etibarən ədəbiyyatmızdakı Qarabağ mövzusunu iki hissəyə bölmək lazımdır. Zəfərə qədərki və Zəfərdən sonrakı ədəbiyyat. Mənim fikrimcə, zəfərə qədər tam əla olmasa da, məyyən qədər yaxşı romanlar yaranmışdı. Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” və “Dolu” əsərləri əladır. Hərçənd, “Dolu”nun sonu xoşuma gəlmir.
Akif Əli: Kinoda sonluq fərqlidir.
Kərim Kərimli: Bəli. Mən romanı deyirəm. Amma “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” in hər fəslindən film çəkmək olar. Başqa romanlar da var. Amma qələbəyə qədər yazıçılarımız müharibənin qurtarmamasını, Qarabağın hələ işğaldan azad olunmamasını bəhanə edə bilərdilər. Amma bütün bunlar bəhanə idi. Biz həqiqəti yazmağa qorxurduq. Həqiqət isə o idi ki, Rusiya, Ermənistan və o zamankı iqtidar birləşib Qarabağı erməniyə vermək istəyirdilər. Azərbaycan xalqı Allah umuduna qalmışdı. Mən 4 il 3 ay o müharibənin içində olmuşam, onu incəliklərə qədər bilirəm. “Qarabağ müharibəsi: təfərrüatlar və detallar” adlı onun xronikasını yazmışam. Mən Şuşada mətbəənin direktoru idim. 5-10 min tirajla icazəsiz çap etdiyimiz qəzet vasitəsilə Azərbaycan xalqına müraciət edirdik ki, bizə kömək edin. Qəzeti rayonlarda və Bakıda paylayırdıq. Kömək etmirdilər, silah yox idi. Heç nə yox idi. Təbii ki, bədii əsər sırf çılpaq həqiqət əks etdirməkdən ibarət deyil. Amma bununla belə həqiqətin rüşeymləri görünməlidir. Ona görə də yaxşıya yaxşı, pisə pis deyilməlidir. Yaranan əsərləri alqışlamaq lazımdır. Ümumiyyətlə yoxdur demək yanlışdır. TEAS Press Nəşriyyat evində nəşr olunan “44 Fəsil” adlı hekayələr kitabını mən tərtib etmişəm. Bu nəşrə 44 yazıçının 44 hekayəsi daxil edilib.
T.M. – Keçən il çap olunub?
Kərim Kərimli: Bəli, 2021-ci ildə çap olunub. Üç xalq yazıçısının – Elçin, Çingiz Abdullayev və Kamal Abdullanın da hekayələri bu kitaba daxil edilib.
Akif Əli: Şuşa haqqında?
Kərim Kərimli: Bunlar, ümumiyyətlə Qarabağ müharibəsi haqqında Zəfər hekayələridir, o cümlədən Şuşa haqqında da. Bu kitaba daxil edilən hekayələrin bir hissəsi mənim sifarişimlə yazılıb. Ötən il Mədəniyyət Nazirliyi üç nominasiyada – esse, hekayə və poeziya üzrə “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi” keçirib. Bundan başqa Ramiz Qusarçaylının “Vətən”, Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poemalarını, Xəyal Rzanın “Kötük baba” hekayəsini çox yüksək qiymətləndirirəm.
Akif Əli: Sizin nəşrlərin, o cümlədən “44 Fəsil” kitabınızın oxuculara, ictimai şüura təsiri necədir? Bu kitaba daxil olan hekayələr haqqında ictimayyətin məlumatı var?
T.M. – İndiki reallıqda filmlərin ictimai şüura təsiri daha çoxdur.
F.B. – Bayaq sizin qeyd etdiyiniz “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” əsəri mənə tanış deyil. Amma “Dolu”nu kinonun sayəsində biz hamımız gördük.
Kərim Kərimli: “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” əsəri yazılanda mən “Ədalət” qəzetində işləyirdim. “Onun adı Şuşadır!” kitabına gəlincə isə təvazökarlıqdan uzaq olsa da onu deyim ki, əgər şərait, yəni stimul olsaydı bu günə qədər Qarabağ haqqında çoxsaylı bədii əsərlər yazmış olardım. Mənim ilk 4-5 kitabım yazılanda evdə stolum olmayıb. Bir otaqda uzun müddət 14 nəfər ailə üzvu ilə yaşamışıq.
Akif Əli:– İnsanların işləməsi üçün şərait yaradılmalıdır.
Kərim Kərimli: Stimul yoxdur. “Onun adı Şuşadır!” hekayəsini mən Şuşaya gedib gələndən sonra yazmışam. 50 səhifəlik hekayəyə sığışdırdığım mövzunu mən böyük roman edə bilərəm. Ümumiyyətlə Şuşa, Qarabağ mövzusu tükənməzdir. Hər bir yazıçı oradan bir damla götürür. Bir damlanı götürən adam elə bil ki, ora min damla əlavə edir. Vaxtilə Yusif Vəzirin “Qan içində” romanı dəhşətli təhriflərə məruz qalıb, çox böyük redaktələrlə çap olunub. Bu yaxınlarda oxudum ki, həmin əsərin orijinalı çapa hazırlanır. Həmidə xanım Cavanşirin Cəlil Məmmədquluzadə haqqında yazdığı “Xatirələrim” kitabı da vaxtilə təhrif edildiyi üçün Mehriban Vəzir onu yenidən bərpa edərək nəşr edib.
Akif Əli: Mən bayaq Şuşa ziyalılarının adını çəkəndə Həmidə xanımı unutmuşam. Çox böyük haqsızlıq etmişəm. Həmidə xanım Şuşanın, Qarabağın ən böyük ziyalılarından biridir. Onun ən gözəl əsəri Mirzə Cəlil haqqında xatirələridir.
F.B. – Kərim müəllim, Siz bu kitabı ərsəyə gətirmisiniz. Bir kitabı ərsəyə gətirmək üçün nə lazımdır?
Kərim Kərimli: Mən TEAS Press Nəşriyyat evində redaktor işləyirəm. Demək olar ki, bütün günü kompüterin qarşısında redaktə işi ilə məşğulam. Biz hazırda “Memorial. Vətən müharibəsi şəhidləri” kitabı üzərində işləyirik. 957 qəhrəmanın bioqrafiyasını əhatə edən 1-ci cild artıq çap edilib. Birinci kitabda soyadlarının birinci hərfi “A” hərfindən “G” hərfinə qədər olanlar toplanıb. Qeyd etdiyiniz və müəllifi özüm olduğum digər kitabları dediyim rejimdən kənar hazırlamışam.
F.B. – İctimai əsaslarla…
Kərim Kərimli: Belə demək mümkünsə, bəli. Hekayələrin kompüterdə yığılmasından tutmuş dizayna qədərki bütün işlərini özüm görmüşəm. Dizayn və digər işləri isə çox minnətdar olduğum dostlarıma aiddir. Çap xərcini öz vəsaitim hesabına ödədiyim üçün yazmışam ki, bu kitab müəllifin “Şuşa İli”nə töhfəsidir.
T.M. – Kitabın tirajı nə qədərdir?
Kərim Kərimli: 500 nüsxə.
F.B. – Şuşa mövzusuna hər adam müraciət etməməlidir. Trendi müəyyənləşdirə bilən gənclərə nə tövsiyə edərdiniz? Şuşa mövzusuna müraciət edən gənc yazar, şair, publisist, jurnalist və yaxud dramaturq ilk növbədə nəyə fikir verməlidir?
Akif Əli: Həqiqətən bizdə kampaniyaçılıq meyli var. Vaxtilə hamı köşk açırdı, sonra hamı qəzet təsis etməyə başladı. İndi də Şuşaya getməyi, orada selfi çəkib paylaşmağı dəbə çeviriblər. Hətta “Şuşa” adını KVN komandasına qoyanlar da tapıldı. 30 yanvar 2022-ci ildə çap edilmiş “Şuşa adını qoruyaq” adlı yazımda etiraz edərək bildirdim ki, Şuşa bizim üçün müqəddəsdir. Biz Şuşa adını hər yerdə istifadə edib o müqəddəsliyi ucuzlaşdırmamalıyıq. Artıq Milli Məclisdə Şuşa adından istifadə olunması haqqında qərar qəbul olunub. (“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa 5 may 2022-ci il tarixli dəyişikliyə əsasən, “Şuşa” sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol veriləcək – red.) Şuşa adını istismar etmək olmaz. Cənab Prezidentin “Əziz Şuşa, biz qayıtdıq” cümləsi bütün dünyaya yayıldı. O cümlənin emosional təsir gücü, enerjisi 30 il o sözü gözləyən adamların bütün mahiyyətini əks etdirdi. O yayıldı, sevildi və beyinlərə həkk olundu. Belə əsərlər yazılmalıdır. Bunu da yazmaq üçün həm istedad, həm şərait, həm də stimul lazımdır. Cəmiyyətin özünün ab-havası onu tələb etməlidir. Sizin sualınız çox qlobal mahiyyət daşıyır. Birmənalı cavab vermək çətindir.
Kərim Kərimli: Mənim əlavəm odur ki, əgər söhbət bədii ədəbiyyatdan gedirsə, istedadın qabağını almaq lazım deyil. Şuşada deyirdilər ki, dəli tapmayanda maymaq olan birini ortalığa salıb onu dəli edirmişlər. İstedadsız adamın yazdığını tərifləmək dəli oynatmaqdır. Gənc yazar bilməlidir ki, həqiqi mənada yazıçı olmaq istəyirsə istedad azdır, o əziyyət çəkməlidir, işləməlidir, dünya ədəbiyyatını öyrənməlidir. Dünyadan xəbəri olmalıdır.
Mən istedadlı gənclərə ilk növbədə zəhmətkeş olmağı tövsiyə edərdim. Gənclərin bir çoxu Azərbaycan dilini bilmir. Misal üçün yazırlar ki, mən filan şeyə qatıldım. Qarabağda qatmaq, qatılmaq qanqala aiddir. Qanqal, quşəppəyi qatıbdır yemək olmur, yəni bərkiyib, yeməli deyil. Sən necə qata, qatıla bilərsən? Sən adamsan axı. Yəni bədii əsərdə bu cür ifadələr işlədirlər.
F.B. – Özü də romanda.
Kərim Kərimli: Bəli, təkəmseyrək sözünün mənasını bilməyən yazarlarımız var. Söhbət ondan gedir ki, dili bilmirlər. Molla Pənah Vaqifə saray şairi deyirlər, onu ruslara işləməkdə ittiham edilər. Amma mən onun şairliyindən danışıram.
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır.
Nə badi-səbadan, nə şanədəndir.
Vaqifdən gözəl bunu kim deyib? Aşıq Ələsgəri köhnədir deyə oxumurlar. Hüseyn Arifin dili baldır. Hüseyn Arifi gənclər şair hesab etmir. Bəzən isə küçə leksikonunu, söyüşü, jarqonu ədəbiyyata gətirirlər. Bədii ədəbiyyat gözəl olmalıdır. Ədəbiyyatın həm məzmunu, həm ideyası, həm də dili gözəl olmalıdır.
Ulu babam bu dünyaya
Atlı gəldi, atlı getdi,
Bəlkə elə ona görə
Adlı gəldi, adlı getdi.
Bəxtiyar Vahabzadə “Azərbaycan oğluyam” şeirində deyir:
Mən bir qədim mahnıyam
Xallarım əlvan-əlvan.
Musiqim – Qarabağdır,
Sözlərimsə – Naxçıvan.
Söz gözəl olmalıdır. Bədii ədəbiyyatın bir vəzifəsi də dili qorumaqdır. Dili qorumaq və inkişaf etdirmək lazımdır. Ona görə gənclər nə qədər çox öyrənsə bir o qədər gözəl yazacaq. Zəlimxan Yaqub həm də ona görə gözəl şair idi ki, bütün Azərbaycan ədəbiyyatını əzbər bilirdi.
F.B. – Oxuculara, auditoriyaya nə tövsiyə etmək lazımdır?
Akif Əli: Təxminən 20-25 il əvvəl müsahibə zamanı mənəvi dəyərlərin itməsi ilə bağlı mənə verilən suala cavab vermişdim ki, dəyərlər itmir. Dəyərlər öz yerində qalır. Sadəcə olaraq cəmiyyətin ona münasibəti dəyişir. Yəni, o dəyərləri sadəcə olaraq arxivdən qaldırıb cəmiyyətə təqdim etmək lazımdır. Bunu isə şübhəsiz ki, mədəniyyət siyasəti etməlidir. Mədəniyyət siyasəti düzgün, doğru qurulduqda həmin dəyərlər üstünlük təşkil edir və insanlar o dəyərlərə uyğun hərəkət etməyə başlayır. Vaxtilə bəyənmədiyimiz sovet dövründə kitaba hörmət böyük idi. Hətta iş adamları evlərinə kitab alıb düzürdülər. O vaxtlar cəmiyyətdə dəyər bu idi. Onlar özlərini dəyərli göstərmək üçün evlərində kitab olduğunu vurğulayırdılar. Bugün də mədəniyyət siyasətimiz elə qurulmalıdır ki, bizim milli mənəvi dəyərlər, ən yaxşı zövqlü əsərlər cəmiyyətə yayılsın və cəmiyyət bilsin ki, bu yaxşıdır. Yaxşı nümunə olduqda, o artıq pis nümunəni özü qəbul etməyəcək. Mədəniyyət siyasəti ilə yanaşı, hər bir vətəndaş, hər bir fərd də özünü yetişdirməlidir. Bu isə mütaliə tələb edir. Mütaliəsi geniş olan insanın zövqü formalaşır. Zövqü formalaşan insan zəif əsəri sadəcə qəbul etmir.
T.M. – Özünün meyarları olur.
Akif Əli: Bəli. Ümumbəşr mədəniyyətinin dəyərləri var. Leonardo da Vinçinin, Mikelancelonun əsəri dəyərdir. Bizdə də eynilə Nizami, Füzuli, Nəsimi dəyərdir, Hüseyn Cavidin səviyyəsi dəyərdir. O səviyyələri cəmiyyətdə dəyər kimi istifadəyə vermək lazımdır ki, o dəyərdən aşağı olanlar qəbul olunmasın. Bu bir az qlobal məsələdir. Amma bunun yolunu bu cür görürəm.
F.B. – Yəni inzibati yolla.
Akif Əli: Hər iki yolla. Yəni insanlar özlərini hazırlamalıdır, gözəl əsərlər oxumalıdırlar. Bununla yanaşı dövlətin mədəniyyət siyasəti insanlarda yüksək zövqün formalaşmasına ciddi fikir verməlidir.
Kərim Kərimli: Mənim əlimdə dəqiq statistik məlumatlar yoxdur. Amma oxuduğum mənbələrə görə Azərbaycan qonşu ölkələrlə müqayisədə kitab oxuyanların sayına görə çox geridə qalır. Ukraynada kitab oxumayanı adam saymırlar. Rusiya kitab oxuyan ölkələr arasında öncül yerlərdən birini tutur.
Akif Əli: Türkiyənin özünü də misal çəkmək olar.
Kərim Kərimli: Bəli, Türkiyədə də kitab sahəsində böyük canlanma var.
Şuşada “Dünya ədəbiyyatı kitabxanası”na daxil olan əsərləri sifariş edib alırdıq. Evə gələn qonağa ilk növbədə evdəki kitabxana göstərilirdi. Kitaba münasibət gücləndikcə biz irəli gedəcəyik. Hər şey kitabdır. Bəşəriyyətin ən böyük kəşfi kitabdır. Kitab işinə bir az azadlıq vermək lazımdır. Yəni, idarə olunan həvəsləndirmə, stimullaşdırma hər zaman müdrik əllərdə olarsa, kitab çiçəklənə bilər.
Mən Çingiz Abdullayevin “Alqış sədaları altında ölüm” romanını Azərbaycan dilinə tərcümə etmişəm. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Xalq yazıçısı özü bu romanı Azərbaycan dilində ən gözəl əsəri adlandırıb. “44 fəsil” kitabında Çingiz Abdullayevin “Körpə və kürən pişik balası” adlı hekayəsini mənim tərcüməmdə oxuyan Seyran Səxavət demişdi ki, bu Çingizin əsəri deyil, tərcüməçinin əsəridir. Tərcüməçi tərcümə etdiyi əsərin orijinal dilini yaxşı, tərcümə dilini isə gözəl bilməlidir.
Akif Əli: Çingiz Əlioğlu ötən əsrin 80-ci illərində “Gənclik” nəşriyyatında işləyirdi. Mən televiziyada baş redaktor olanda o verliş aparırdı. Çingiz Əlioğlu bir dəfə mənə dedi ki, Gertsenin “Olmuşlar vә düşüncәlәr” (“Былое и думы”- red.) əsərini heç kim tərcümə etmək istəmir. Bəlkə sən götürəsən. “Olmuşlar vә düşüncәlәr” rus ədəbiyyatında fəlsəfi publisitika ilə yazılmış ən mürəkkəb əsərlərdən biridir. Həmin əsər mənim tərcüməmdə “Dünya uşaq ədəbiyyatı kitabxanası” seriyasında nəşr edildi. Demək istədiyim odur ki, tərcüməçilər də çox zaman asana qaçırlar, çətin əsərlərə yaxın durmurlar.
Kərim Kərimli: Biz özümüzü dünyaya yaxşı təqdim edə bilmirik. Azərbaycanı dünyaya tanıtmağın bir yolu da ədəbiyyatdır.
Ən yaxşı əsərləri seçib müxtəlif dillərdə dünyaya təqdim etmək lazımdır. Şuşa haqqında kitabları dünyaya yaymaq lazımdır. Həmin kitabların elektron variantının dünya kitabxanalarında yerləşdirilməsi təmin edilməlidir.
Akif Əli: 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz Qarabağı, Şuşanı Azərbaycan xalqına qaytardı. Ordu, xalq və rəhbərliyin birliyi bizə böyük tarixi qələbə qazandırdı. Azərbaycan son 200 illik tarixində ilk dəfə belə böyük bir Zəfərə imza atdı. O vaxta qədər azərbaycanlılar ermənilərin təbliğatı ilə qorxaq, aciz xalq kimi tanıdılırdısa da, Qələbədən sonra Azərbaycan xalqı bütün dünyaya başqa bir obrazda tanıdıldı. Məlum oldu ki, Azərbaycan xalqı böyük qüruru olan xalqdır. Azərbaycan xalqının torpağa məhəbbəti böyükdür. Böyük həmrəyliyə malik Azərbaycan xalqı vaxtilə ona qorxaq deyən erməniləri işğal etdikləri torpaqlardan iti qovan kimi qovdular. Ordu öz öhdəsinə düşən işi şərəflə yerinə yetirdi. Hazırda Qarabağda böyük quruculuq işləri gedir. Dövlət dəqiq, plana uyğun şəkildə sürətlə böyük quruculuq işləri aparır. Dövlət öz üzərinə düşən işləri şərəflə yerinə yetirir. Hesab edirəm ki, bu prosesdə indi növbə ziyalı və yazıçılarındır. Qarabağ, Şuşa haqqında yazıçılarımız gözəl əsərlər yaratmalıdırlar. Onlar bütün dünyaya Azərbaycanın bədii obrazını olduğu kimi çatdırmaqda səy göstərməlidirlər. Tək ədəbiyyatda deyil, mədəniyyətin bütün sahələrində, o cümlədən kinoda, televiziyada, mətbuatda, rəssamlıqda, musiqi sənətində yüksək səviyyəli əsərlər yaratmaq hər bir yaradıcı ziyalının borcudur.
Hazırladı: Təmkin Məmmədli, Ləman Carçalova, 1905.az
Söhbət 31 may 2022-ci ildə baş tutub
Əvvəlki söhbətlər burada: 1-ci; 2-ci; 3-cü; 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci