Dəyərli jurnalistlərimiz Ramilə Qurbanlı və Mirsəməd Cəfərli ilə Şuşadan danışdıq.
Fuad Babayev: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 2022-ci ilə nəzərdə tutulmuş layihələri “Şuşa İli” adı altında keçirməyi və mədəniyyət paytaxtımız Şuşa şəhərinə həsr etməyi qərara alıb. Bu Assosiasiyanın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə edilir. Keçən il biz 4 dildə – Azərbaycan, ingilis, türk və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabını nəşr etdik. Bugünkü tədbirimiz “Şuşa İli” çərçivəsində ikinci söhbətimizdir. Birinci söhbətimizin qonaqları peşəkar vəkil, Şuşanı daim gündəmdə saxlayan sosial şəbəkə istifadəçisi İsmayıl İsmayılov və hamınızın yaxşı tanıdığı şuşalı jurnalist Bəxtiyar Məmmədli olub.
İlk sualım belədir. Bir media mənsubu olaraq Şuşaya səfərlər sizə nə verib? Şuşada olan jurnalist oradan qayıdandan sonra nə etməlidir və nə edir?
Ramilə Qurbanlı: Vallah bilmirəm, hisslərimdən başlayım, yoxsa onun tarixi əhəmiyyətindən başlayım. Hissləri izah etmək olmur.
F.B. – Siz əvvəllər Şuşada olmusunuz?
Ramilə Qurbanlı: Mən heç vaxt Şuşada olmamışdım. Amma mən Şuşanın azad olunmasını Cəbrayılın azad olunmasından daha çox arzulayan, o nisgili daha çox yaşayan adamam. Mənim atam hətta Cəbrayılın deyil, Şuşanın azad olunmasına qurban demişdi. Allaha şükürlər olsun ki, qurbanımız qəbul olundu! Təkcə mənim üçün yox, yəqin bütün vətənpərvər azərbaycanlılar üçün Şuşa müqəddəsdir. Şuşada bir ruhanilik var. Təsəvvür edirsiniz, gedəndə də Şuşada onu hiss etdim. Hətta Medianın İnkişafı Agentliyindən zəng edib mənim Şuşaya getmək istədiyimi soruşanda da dərhal cavabım bu oldu ki, adamdan da belə şey soruşarlar, əlbəttə, istəyirəm. Telefon qulağımda dərhal redaksiyada qışqırdım ki, uşaqlar, mən Şuşaya gedirəm. Şuşaya çatan kimi görk üçün yox, sadəcə hamıdan kənara çəkildim, dizlərimi yerə qoyub torpağı götürüb opdüm. Bu mənim əhdim idi. Düşündüm ki, igid oğullarımızın qanı tökülmüş o torpağa elə belə ayaq basmaq olmaz. Əvvəlcə gərək onu öpəsən, onların ruhundan halallıq aldıqdan sonra Şuşa torpağına ayaq basasan. Bizim Şuşaya səfərimiz qışa, dekabr ayına təsadüf etdi. Dağların başı dumanlı idi.
F.B. – Duman olanda Şuşadan Xankəndi görünmür yəqin ki.
Ramilə Qurbanlı: Yox, görünmür. Biz Şuşaya çatanda duman var idi, amma günortaya doğru duman çəkilir. Duman çəkiləndən sonra isə Xankəndi də, Malıbəyli də görünürdü. Şuşanın hır qarışını gəzdik. İndi hissləri bir kənara qoyaq. Mənə elə gəlir ki, əli qələm tutan hər bir şəxs Şuşanın bu gününü də, sabahını da görməlidir. Gələcəkdə bəlkə elə bir əsər yazılacaq ki, Şuşada gördüklərimiz bizə lazım olacaq. Müharibədən çıxmış Şuşanı bizim gedib görməyimiz istənilən halda yaxşıdır.
F.B. – Mirsəməd müəllim, Siz dünyanın çox ölkələrində olmusunuz. Azərbaycanlılar indi artıq daha çox səyahət edirlər. Amma, Siz azsaylı insanlarımızdansınız ki, gəzdiyiniz yerləri bizə də göstərirsiniz. Siz də əvvəllər Şuşada olmamışdınız? Şuşada hansı hissləri keçirdiniz?
Mirsəməd Cəfərli: Mən də ilk dəfə idi ki, Şuşaya gedirdim. Ramilə xanımın qeyd etdiyi kimi hissləri ifadə etmək həqiqətən çox çətindir. Adamın ürəyi coşub-daşır. Xüsusilə də Zəfər yolu ilə gedəndə artıq insanda həyəcan baş qaldırır. O serpantin yollarla Şuşaya qalxanda insan hən fiziki, həm də mənəvi baxımdan ucalır.
F.B. – Həm də insanın gözünün qabağına gəlir ki, bizim qəhrəman oğullar oranı necə alıblar.
Mirsəməd Cəfərli: Bəli. Biz yolu boyu döyüş gedən yerlərin fotoşəklini çəkirdik. Şuşa həqiqətən xüsusi aurası olan bir yerdir. İnsan özündən asılı olmayaraq orada doğrudan da kövrəlir. Bilirsən ki, bu torpaq qanla suvarılıb. Şuşa Qarabağın tacıdır. Şuşaya malik olmaq Qarabağa sahib olmaq deməkdir. Orada hər şeyin sənin nəzarətin altında olduğunu hiss edirsən.
F.B. – Hər bir jurnalistin öz auditoriyası var. Siz Şuşaya gedib-gələndən sonra nə etdiniz? Hər hansı bir yazı yazdınız, yoxsa hələ yazacaqsınız?
Mirsəməd Cəfərli: O səfəri təşkil edənlər təkcə jurnalistləri deyil, həm də QHT təmsilçilərini, diaspor təşkilatlarının da nümayəndələrini Şuşaya aparmışdılar. Mənim fikrimcə, Şuşa səfərindən sonra uzun, sicilləmə yazı yazmaq mütləq deyil, emosiya və hissləri bir cümlə ilə və yaxud bir şəkillə də ifadə etmək mümkündür. Sosial şəbəkədə Şuşa ilə bağlı fotoşəkli paylaşmaqla da o mövzunu gündəmdə saxlamaq olar. Çox yaxşı oldu ki, artıq bu ildən etibarən hər bir kəs Şuşaya gedə bilər.
F.B. – Şuşaya hər bir kəsin getmək imkanının olmasını artıq təşkil edilmiş səfərlərin başa çatması kimi də dəyərləndirmək olar.
Mirsəməd Cəfərli: Biz Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) olaraq xarici ölkələrdən gələn blogerlərin, xüsusilə də səyahət blogerlərinin də işğaldan azad edilmiş bölgələrə səfərlərinin təşkil olunmasını təklif etmişik. Misal üçün ixtisasca həkim olan ukraynalı bloger Aleksandr Çeban bizim təşkilatın və Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Füzuli aeroportunun tikildiyi yerə getmişdi. O Füzuliyə səfər edəndə aeroportun tikilmə prosesi başa çatmamışdı. O deyirdi ki, burada aeroportun tikilməsi ağlagəlməz bir şeydir. Sonradan Çeban aeroportun açılışında da iştirak etdi. Bundan başqa bizim təşkilatın nümayəndələrinin də iştirak etdiyi səfərlərdə xarici blogerlər Fuzulidə, Xudafərin körpüsündə oldular. Xarici blogerlərin bu qəbildən olan səfərləri mütləq təşkil edilməlidir.
Ramilə Qurbanlı: Sizin suala cavab olaraq onu deyim ki, səfərdən sonra sosial şəbəkədə bir-iki şəkil paylaşdım, amma heç bir yazı yazmamışam hələ. İstəyirəm ki, bu yazı emosiyadan, hissdən tamam uzaq olsun. Təbii ki, nəzərdə tutduğum yazı reportaj olmayacaq. Hələ ki, bu yazını yazmağa özümü hazır hiss etmirəm. Özümü məcburən yazı yazmağa məcbur etmək istəmədim.
F.B. – “Şuşa İli” yeni başlayıb. “Şuşa İli”ndən gözləntiniz nədir?
Ramilə Qurbanlı: Düşünürəm ki, Şuşa beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edəcək. Eyni zamanda, Şuşanın abadlaşdırılması, hamının Şuşaya gedib-gələ bilməsi geniş vüsət alacaq.
Mirsəməd Cəfərli: Ümuyyətlə, mən Şuşanı başqa cür təsəvvür edirdim. Mənə elə gəlirdi ki, Şuşa abad bir yerdir. Yəni işğal dövründə ermənilər orada turizm infrastrukturunun rüşeymini də qura bilməyiblər.
Ramilə Qurbanlı: Ermənilər bilirdilər axı Şuşada daimi qalmayacaqlar. Təkcə Ağdamda, Şahbulaqda abad yer gördüm.
Mirsəməd Cəfərli: Şuşada mütləq turizm infrasturukturu yaradılmalıdır.Bahalı otellərlə yanaşı hostellər olmalıdır. Hazırda Şuşadakı hosteldə əsasən xidməti ezamiyyətə gələnlər qalırlar. Şuşa o qədər böyük yer deyil. Ona görə də oranı kafe və restoranlarla da doldurmaq düzgün olmazdı.
Ramilə Qurbanlı: Ən yaxşısı Şuşanı qoruq kimi saxlamaqdır.
F.B. – Şuşada bizim 360 nəfər xüsusi təyinatlı əsgərimiz həlak olub. Bu 360 nəfərin adı mənə elə gəlir ki, o qədər də hallanmır. Bu sahədə sizin fikrinizcə, media “Şuşa İli”ndə nə etməlidir?
Mirsəməd Cəfərli: Onları gündəmdə saxlamaq lazımdır. Bu adlar yəqin ki, əfsanələrə çevriləcək. Onların hər biri haqqında, döyüşün özü haqqında bədii və sənədli filmlər çəkilməlidir.
Ramilə Qurbanlı: Onlar haqqında silsilə yazılar yazılmalıdır.
Təmkin Məmmədli: Bu qəhrəmanlarımızın unudulmaq təhlükəsi varmı?
Mirsəməd Cəfərli: Mən 1998-ci ildə İran İslam Respublikasına səfər etmişdim. Orada çoxmərtəbəli binaların divarlarında şəhidlərin böyük portretlərini görürdüm. Müharibədən 10 il keçməsinə baxmayaraq şəhidlər əvvəlki kimi yenə də təbliğ edilirdi. Elə Türkiyənin özündə də körpülərin üstündə şəhidlərin şəklinə rast gəlmək mümkündür.
F.B. – İndi bizdə də şəhidlərin portretlərinə rast gəlmək mümkündür.
Mirsəməd Cəfərli: Qəhrəmanlarımızı daim gündəmdə saxlamağın bir vasitəsi kimi bu imkanlardan istifadə edilə bilər.
F.B. – Mənə elə gəlir ki, bütün bunlara rəğmən orta statistik azərbaycanlı Şuşa şəhidlərinin heç olmasa 10-15 nəfərinin adını bilmir.
Mirsəməd Cəfərli: İstər şəhid ailələri, istərsə də qazilər elə ehtiram və diqqətlə əhatə olunmalıdır ki, onların gördüyü işin necə müqəddəs olmasını hamı bilsin. Sovet dövrünün müharibə veteranlarına olan münasibət günümüzün qəhrəmanlarına da şamil olunmalıdır.
F.B. – Yəni bu sahədə boşluq var?
Mirsəməd Cəfərli: Təbii ki, var.
Ramilə Qurbanlı: Əslində o 360 qəhrəmanımız haqqında nə etsən, azdır. Amma görünən odur ki, hələ heç nə edilmir.
F.B. – Sizin fikrinizcə, ermənilərin Suşanı qaytarmaq sevdası hələ də qalır?
Mirsəməd Cəfərli: Onlarda bu ümid heç zaman səngiməyib. Ermənilər beynəlxalq şirkətləri Şuşada işləməkdən çəkinməyə çağırırlar. Bunların qarşısını almaq üçün Şuşaya gediş-gəliş daha da intensiv olmalıdır. Şuşanın turizm potensialı artırılmalıdır. Xarici blogerlərin Şuşaya səfərləri mütləq təşkil olunmalıdır. Şuşanın toponimlərinin, məşhur şəxsiyyətlərinin bizə məxsus olması xarici blogerlərin dili ilə dünyaya çatdırılmalıdır. Bu məsələ daim gündəmdə qalmalıdır.
Ramilə Qurbanlı: Bu ərazilərin bizim olmasını, onu işğaldan azad etdiyimizi isbat etməliyik.
F.B. – Bütün hallarda ümid edək ki, “Şuşa İli” başa çatandan sonra da bu mövzu davam edəcək. Bu isə bizim hamımızdan asılıdır.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 10 fevral 2022-ci ildə baş tutub.
1-ci söhbət – burada