Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm biznesi” kafedrasının baş müəllimi Əlixan Mürvətov və turizm üzrə ekspert Ceyhun Aşurovla Şuşadan danışdıq.
Fuad Babayev: Bugünkü söhbətimiz Şuşanın turizm potensialına həsr olunur. Sovet dövründə Şuşada turizm hansı səviyyədə idi?
Əlixan Mürvətov: Şuşada turizm Sovet dövründə ötən əsrin 50-60-cı illərindən başlayıb. Şuşaya həm SSRİ-nin respublikalarından, həm də Azərbaycanın müxtəlif bölgələrindən gedən turistlər çox olub. Bu turistlər adətən icarəyə götürdükləri evlərdə istirahət edirdilər. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra Şuşaya xüsusi diqqət yetirilməyə başlanıldı. Əvvəlcə orada “Şuşa” oteli tikildi. Sonra Cıdır düzü ərazisində kotteclər hazırlandı. 1970-ci illərin sonunda bir korpusdan ibarət 4 mərtəbəli “Şəfa” Turist Bazası yaradıldı. 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Həmin dövrdə Kamran Bağırov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. SSRİ dönəmində bütün respublikaların turizm mərkəzləri Moskvaya tabe edilmişdi. 1981-1983-cü illərdə Mərkəzi Turizm Şurası 20 günlük Qafqaz turları adlı Ümümittifaq turist marşrutları təşkil edirdi. Moskvalılar üçün nəzərdə tutulan 20 günlük Qafqaz turlarının marşrutuna yalnız Ermənistan və Gürcüstanı daxil etmişdilər. 3-cü Qafqaz respublikası olan Azərbaycan bu marşrutdan kənarda qalmışdı. SSRİ Mərkəzi Turizm Şurasının sədri Abukovun (Aleksey Abukov 1968-1990-cı illərdə SSRİ-nin Turizm və ekskursiyalar üzrə Mərkəzi Şurasını sədri olub – red.) indi adını unutduğum müavini isə erməni idi. Hələ həmin dövrdə onun Azərbaycanla heç arası yox idi. Moskvanın bu ədalətsiz qərarına biz etiraz etdik. Moskvadan hər həftə 30 nəfər turist Ermənistana və Gürcüstana getdiyi halda Azərbaycana gəlmirdilər. Bizim rəhmətlik sədrimiz Həmid Zeynalovun (Sovet ekskursiya və turizm idarəçiliyi üzrə Azərbayсan Respublika Şurasının sədri olub – red.) dəfələrlə Abukov və onun müavini ilə danışmasına baxmayaraq heç bir nəticə hasil olmadı. Hər dəfə bir bəhanə gətirərək Azərbaycanı bu turist marşrutundan kənarda saxlayırdılar.
Kamran Bağırovun da danışıqları bir nəticə vermədiyi üçün o bizə Moskvaya Heydər Əliyevin yanına getməyi təklif etdi. Biz Moskvada Kamran Bağırovla birlikdə Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyevin qəbulunda olduq. Mən də gənc kadr kimi nümayəndə heyətinin tərkibində idim. Biz qəbul otağında otursaq da Heydər Əliyevlə Kamran Bağırovun kabinetdəki dialoqunu mikrofon vasitəsilə eşidirdik. Heydər Əliyevə qısaca məlumat verildi ki, Mərkəzi Turizm Şurası 20 günlük Qafqaz turlarının 10 gününü Ermənistana, 10 gününü Gürcüstana salsa da, Azərbaycanı bu marşruta daxil etməyb. Heydər Əliyev köməkçisinə zəng edib dedi ki, Abukovu calaşdırın.
F.B. – Siz də eşidirsiniz?
Əlixan Mürvətov: Bəli. Biz də eşidirik. Nazirlər Soveti sədrinin birinci müavini kimi turizm də Heydər Əliyevin kurasiyasında idi. Heydər Əliyev ümumi işlərin vəziyyəti ilə maraqlandıqdan sonra soruşdu ki, təşkil etdiyiniz Qafqaz turlarına nə üçün Azərbaycanı daxil etməmisiniz? Abukov cavab verdi ki, turumuz 20 günlük olduğu üçün 10 gün Ermənistana, 10 gün də Gürcüstana salınıb. Heydər Əliyev Abukova tapşırdı ki, cəmi 21 gün olmaqla hər 3 respublikaya 1 həftəlik turlar təşkil olunsun. Və öz səhvlərini təcili düzəldib ona bu barədə məruzə etsinlər. Bu söhbətdən sonra biz gecə ilə Bakıya qayıtdıq.
F.B. – Beləliklə, məsələ həll olundu.
Əlixan Mürvətov: Bəli. Səhər biz işə gələndə Həmid müəllim deyirdi ki, telefon susmur. Moskva bizdən təcili 1 həftəlik Bakı, Azərbaycan marşrutunu istəyir. Biz Bakı, Mingəçevir, Şuşa marşrutunu təklif etdik. Bu marşrut bizdə hazır idi. Şuşadan isə turizm marşrutu indiki Laçın yolu ilə Ermənistana keçirdi.
F.B. – Turistlər Ermənistana da Azərbaycan turunda istifadə etdikləri avtobusla gedirdilər?
Əlixan Mürvətov: Ermənistana keçəndə onların öz avtobusları gəlirdi və sərhəddə onları qəbul edirdilər.
Mingəçevirdə bizim heç bir problemimiz olmadı. Şuşada da bizim istirahət korpusumuz o dövrün standartlarına cavab verirdi. Yəni biz elit Moskva turistlərini qəbul etməyə hazır idik. Amma problem onda idi ki, Ekskursiya Bürosu Xankəndində yerləşirdi, bələdçiləri isə ermənilər idi. Birinci ekskursiyaya turistlərlə mən də getmişəm. 3 gün Mingəçevirdə qaldıqdan sonra Şuşaya gəldik. Tur vaxtı erməni bələdçilər Şuşaya Şuşi, Azıx mağarasına Azox və ya Azoxskaya peşera (Азохская пещера – red.) deyirdilər. 26 Bakı komissarı küçəsini sadəcə 26 komissar küçəsi kimi təqdim edirdilər. Bakı sözünü dillərinə belə gətirmək istəmirdilər. Erməni bələdçiləri Xankəndi (o vaxt Stepanakert adlanırdı) haqqında məlumat verəndə şəhərin 1923-cü ilə qədər olan tarixindən heç nə danışmırdılar. Qeyd edirdilər ki, 1923-cü ildə 26 komissarın rəhbəri Stepan Şaumyanın şərəfinə bu şəhər Stepanakert adlanıb. İndi isə Dağlıq Qarabağın paytaxtıdır.
Ekskursiyadan sonra mənim direktorla bu məsələlərlə bağlı mübahisələrimiz oldu. Ekskursiya bələdçisi deyirdi ki, ona təqdim olunan mətnə müvafiq danışıb. Onu niyə danlayırıq. Biz bələdçini dəyişsək də ikinci ekskursiya da birincidən fərqlənmədi. Mən Şuşadan Bakı ilə əlaqə saxlayaraq deyirdim ki, bizə ekskursiya bələdçiləri lazımdır, bunlarla alınmır. Bu söhbətlərdən sonra Ekskursiya bürosunun Xankəndindəki direktorunu işdən çıxartdılar.
Onun yerinə İqor Baqiryan adlı cavan bir oğlanı təyin etdilər.Yəni vəziyyət yenə də dəyişmədi. Onda mən Şuşada Ekskursiya bürosunu yaratmağı təklif etdim. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti – red.) 2 məzununu (1 qız və 1 oğlan – red.) Şuşada Ekskursiya bürosunun işinə cəlb etdik. Üç gün onlarla Şuşanı turizm marşrutları üzrə gəzdik. Ona görə də mən Şuşanı hələ Sovet dövründən beş barmağım kimi tanıyıram. Cıdır düzündən tutmuş muzeylərə, mərkəzi hissəyə qədər tam ekskursiya təşkil etdik. Bir də ki, Xankəndinə və Azıx mağarasına ekskursiya var idi. Biz ona xətti marşrutlar deyirik. Rus dilində səlis və dəqiq danışan bu gənclərimiz turlarda yüksək səviyyədə bələdçilik etdilər.
Ermənilər Ekskursiyanın onların bələdçilərindən alındığı üçün hər yerə şikayət etdilər. Hətta Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi Gevorkovun da məsələyə müdaxilə etməsinə baxmayaraq ermənilər istəklərinə nail ola bilmədilər.
Biz isə öz qərarımızı onunla əsaslandırdıq ki, Şuşa ekskursiya bürosu “Şəfa” İstirahət Mərkəzinin yanındadır. Avtobus və bələdçilər də Şuşada olduğu üçün turların burada təşkili daha məqsədəuyğundur. Yəni belə bir çətinliklərimiz oub. Sonra işlər qaydasına düşdü.
F.B. – Ceyhun müəllim, Sizi dinləyək.
Ceyhun Aşurov: Mənfur düşmən tarix boyu bizim əleyhimizə bacardığı hər şeyi edib. Erməni bələdçilərin hətta Gürcüstan ərazilərini də turizm marşrutunda “Yeni Ermənistan” kimi təqdim etdiyi vaxtlar olub. Turizm nöqteyi-nəzərindən Əlixan müəllimin qeyd etdiyi kimi Şuşa insanlarımızın Sovet dövründə də istirahət mərkəzi idi. İndi isə artıq yeni trend kimi Azərbaycan turizmində də kənd və günlük evlərdən geniş istifadə edilir.
F.B. – Xınalıqda bu praktika uzun illərdən bəri tətbiq olunur.
Ceyhun Aşurov: KOBİA-nın (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – red.) və həm də Dövlət Turizm Agentliyinin dəstəyi ilə müxtəlif bölgələrdə 50-ə yaxın kənd evləri yaradılıb. Sovet dövründən artıq bu mexanizm çalışırdı. Sanatoriyaya istirahətə gələn insanlar da bu mexanizmdən faydalana bilirdi.
Şuşa şəhərinin istər coğrafi mövqeyi, istərsə də iqlimi, təbiəti turizm üçün bir unikallıq yaradır. Bütün bunlar sövet dövründə ciddi araşdırılıb. O dövrdə Bakıdakı və rayonlardakı otellərin lokasiyaları çox gözəl seçilmişdi.
F.B. – Şəkidə, Şuşada, Şamaxıda və Lənkəranda 9 mərtəbəli otellər var idi.
Ceyhun Aşurov: Həmin otellərin, Bakıda olan köhnə mehmanxanaların yerləri elmi coğrafi araşdırmalar nəticəsində seçilib. Şuşanın iqlimi, coğrafi mövqeyi və relyefi oranın istirahət zonası kimi təşəkkül tapmasına imkan verib. Şuşada tarixi, ekoloji və müalicəvi turizm bir-birilə vəhdət təşkil edir. Bu nöqteyi-nəzərdən Şuşanın, ümumilikdə Qarabağın potensialının Azərbaycan turizminə çox ciddi şəkildə töhfə verəcəyinə inanırıq. Bu ərazidə tikilən 3 beynəlxalq hava limanı həm də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
F.B. – Füzuli aeroportu tikilib, artıq fəaliyyətdədir.
Ceyhun Aşurov: Bu ilin sonunda Zəngilan, 2024-ci ilin sonuna kimi isə Laçın hava limanı da istifadəyə veriləcək. Bu beynəlxalq hava limanları gələcəkdə xarici turistlərin birbaşa gəlməsi üçün turizmin imkanlarını daha da genişləndirəcək. Bu qlobal təhlükəsizliyimizin bir parçasıdır. Çünki, beynəlxalq hava şirkətlərinin uçuşları, xarici vətəndaşların səfərləri dünya miqyasında təhlükəsizlik məsələlərini gündəmə gətirəcək. Beynəlxalq status daşıyan bir yer kimi təhlükəsizlik məsələsi ən yüksək səviyyədə təmin olnacaq. Bütün bunlar və görülən işlər onu deməyə əsas verir ki, dövlətin özü burada iqtisadiyyatın digər sahələri ilə yanaşı turizmin də inkişafında çox maraqlıdır. İstisuda yeni təməli qoyulmuş sanatoriyanın tikintisi də buna bariz misaldır.
Əvvəllər Kəlbəcərdə İstisu zavodu olub. Mineral suları, təkrarsız iqlimi ilə Qarabağ turizm üçün olduqca əlverişli bir bölgədir. Konkret olaraq Şuşa isə öz tarixinə və Qarabağda tutduğu mövqeyinə görə unikal bir şəhərdir. Şuşa həm də bizim Zəfər abidəmizdir.
2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad olunduqdan sonra onun şərəfinə Zəfər yolu inşa edildi. Gələcəkdə Şuşa bizim turistlərə Qarabağın digər bölgələri ilə birlikdə açıq səma altında tarixi bir muzey və qoruq kimi təqdim olunacaq. Təəssüflər olsun ki, Qarabağ zonasında təhlükəsizlik məsələləri hələ tam yekunlaşmayıb. Təhlükəsizlik məsələləri öz həllini tapdıqdan sonra turizm marşrutları da fəaliyyətə başlaycaq. Böyük geosiyasi hadisələr baş verir. Bütün bunların fonunda xarici siyasətdə çox uğurlu addımlar atılır, ölkəmiz yenidən dünyada tanıdılır. Eyni zamanda Qarabağımız, Şuşamız bütün beynəlxalq sərgilərdə yüksək səviyyədə turizm bazarına təqdim olunur. Bu görülən işlərin müsbət nəticələrini biz gələcəkdə hiss edəcəyik.
F.B. – İki ilə yaxındır ki, Şuşa işğaldan azad olunub. Bu iki il ərzində Şuşaya turist kimi gedənlər olub, yoxsa bunların hamısı müxtəlif beynəlxalq tədbirlərə gələn qonaqlardır?
Əlixan Mürvətov: Hələlik turist səfərlərinin təşkilinə icazə verilmir. Şuşaya onlayn bilet satılır. Avtobusların gündəlik gedişi məhduddur. Təbii ki, 1 gündə Şuşaya 10 avtobusun getməsi hələlik mümkün deyil. Biz bütün bunların hamısını başa düşürük. İnanın ki, həm xarici tərəfdaşlarımız arasında, həm də ölkə daxilində Şuşaya səfər etmək istəyənlərin sayı çoxdur. Əgər Şuşaya turlar açılsa Azərbaycanın özündən hər gün 200-300 nəfər apara bilərik. Amma hələlik gözləyirik.
Təmkin Məmmədli: Ərazi olaraq Şuşanın nə qədər turist qəbul etmək imkanı var?
Əlixan Mürvətov: Misal üçün, İstanbulda Topqapı sarayına gələn 2000-3000 nəfər turist növbə ilə sarayı ziyarət edirlər. Eyni yanaşmanı biz Şuşada da tətbiq edə bilərik.
Bütün bunları tənzimləmək mümkündür. Digər tərəfdən hazırda bizim Şuşada elə də çox ekskursiya obyektimiz də yoxdur. Biz hələlik kiçik marşrutla hərəkət edirik. İsa bulağına, Gövhərağa məscidinə hələ ki, getmək olmaz. Turistləri biz yuxarı hissəyə apara bilərik. Oradan gözəl bir mənzərə açılır və Xankəndi də görünür.
Füzulidən Şuşaya biz Ordumuzun Zəfər yolu ilə gəlirik. Son dayanacaq Şuşadır. Biz Turizm və Menecment Universitetinin magistrlərinə “Ordumuzun Zəfər yolu” və “Könlüm keçir Qarabağdan” mövzularında diplom işi vermişik.
T.M – Hətta dağıntılara məruz qalmız yerlərin də bir qismini turizm marşrutlarına daxil etmək olar.
Əlixan Mürvətov: Əlbəttə.
F.B. – Gəncədə raket zərbəsinə məruz qalmış ərazini olduğu kimi saxlayıblar.
Əlixan Mürvətov: Gəncədəki raket zərbəsinə məruz qalmış əraziləri biz ekskursiya marşrutuna daxil etmişik. İnsanlar görür ki, Qarabağdan kənarda olan Gəncə şəhəri də raket zərbəsinə məruz qalıb.
Mən Şuşa uğrunda əlbəyaxa döyüşlərin getdiyi yerləri ekskursiya marşrutuna da daxil edəcəm. Şuşanın əlbəyaxa döyüşlə alınması XX və XXI əsrlər tarixində ikinci hadisədir. İkinci Dünya müharibəsində, 1945-ci il aprelin 4-də Avstriyanın paytaxtı Vyana şəhəri də faşistlərdən azad ediləndə tanklardan və artilleriyadan istifadə olunmayıb. Çünki, Vyana orta əsr abidələri ilə zəngindir, muzeylər şəhəridir. Ən yeni tarixdə əlbəyaxa döyüş ilə alınan ikinci şəhər bizim Şuşadır. Orada da artilleriyadan, tanklardan istifadə olunmadı. O sıldırım qayaları aşmağa alpinist lazımdır. Bizim xüsusi təyinatlılar Şuşanı işğaldan azad edərkən müstəsna şücaət göstəriblər.
F.B. – Hamı Şuşaya getmək istəyir. Amma hazırda hamının Şuşaya getməsi mümkün deyil. Şuşa şəhərinin mini modelini 3D formatda canlamdırmaq ideyasını necə dəyərləndirirsiniz?
Ceyhun Aşurov: Çox gözəl bir məqama toxundunuz. Turizmdə yeni trendlərdə və sərgilərdə də viar (Virtual reallıq – tamaşaçını ekran arxasındakı xəyali dünyaya aparmaq məqsədilə vizual və səs effektlərini təmin edən kompüter sistemləri-red.) texnologiyaların tətbiqinə, virtual səyahətlərə rast gəlmək mümkündür. Viar texnologiyaları vasitəsilə insan 3D formatında 360 dərəcə görüntü əldə edir. Bu çox effektlidir. Bu texnologiyalar bizə heç yerə getmədən Fransa muzeylərini və yaxud Sankt-Peterburqdakı Ermitajı görmək imkanı yaradır. Digər tərəfdən elə təəssürat yarana bilər ki, viar texnologiyaların tətbiqi turizmin inkişafına mane olur. Amma əslində viarın özü də turizm biznesində satış texnologiyası kimi istifadə edilir. Misal üçün, hər hansı bir yeri göstərmək lazımdır ki, o potensialı və yaranan tələbatı formalaşdırsın. Bəzən biz deyirik ki, And dağlarında, Paraqvayda, Meksikada görməli yerlər var, amma çox uzaqdır. Viar texnologiyalar müəyyən qədər ilkin məlumatı versə də, əsas həlledici məqamı saxlayır və turisti həmin məkanı öz gözü ilə görməyə təşviq edir. Bu qəbildən olan texnologiyaları dünyanın qabaqcıl turizm ölkələri tətbiq edir. Bizim Qarabağımız təhlükəsizlik zonası elan edilənə qədər və yaxud marşrutlar tam açılana qədər bu məsələlər peşəkar insanlar tərəfindən hazırlana bilər.
F.B. – Hazırlanmalıdır. Bir az gecikirik.
Ceyhun Aşurov: Bunlar dövlət sifarişi və yaxud hər hansı bir özəl şirkətin birgə layihəsi ola bilər. Əslində biz danışaraq layihə kimi bir ideya formalaşdırırıq. Dövlət Turizm Agentliyi belə layihələri gerçəkləşdirə bilər.
F.B. – Təbii ki, Şuşanın, Ağdamın, Cəbrayılın, Qubadlının hamısının turizm potensialı var. Əksər insanlarımızın məişətində turizm sanki həmişə ikinci plandadır. Qarabağın, özəlliklə Şuşanın turizm potensialının əlçatan olması bizim turizm təfəkkürünə hansı təsiri göstərə bilər?
Ceyhun Aşurov: Səyahət vətəndaşlarımız üçün prioritet olmasa da, artıq bizim də turizmə münasibətimiz yaxşılığa doğru dəyişir. Artıq kreditlə istirahətə gedənlərimiz də artır. 2019-cu ildə ölkəyə 3 milyondan çox xarici vətəndaş gəldi. Bu bir az yüksək göstəricidir. Eyni zamanda 2019-cu ildə 5 milyon 500 min Azərbaycan vətəndaşı xaricə gedib.
F.B. – Ölkəmizə gələn 3 milyon turistin nə qədəri Rusiya vətəndaşı olan azərbaycanlıdır?
Ceyhun Aşurov: 3 milyon 170 min xarici vətəndaş gəlib. Onun da təxminən 2,9 milyonu turist sayılır. Yəni, ölkədə gecəliyir. Ümumdünya Turizm Təşkilatının verdiyi tərifə görə öz yaşayış yerini tərk edərək müxtəlif məqsədlər üçün ən azı 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxs turist sayılır. Bu qohumların ziyarəti də ola bilər.
Eyni zamanda, Azərbaycandan xaricə gedən turistlərin sayındakı artım tempini də müşahidə edə bilirik.
F.B. – Koronovirus pandemiyası onu bir az əngəllədi.
Ceyhun Aşurov: 70%-ə qədər ümumi azalma oldu. Bu il keçən ilin müvafiq dövrünə nisbətdə 60%-ə qədər bərpa var. Amma hələ tam olaraq 2019-cu il səviyyəsinə çatmamışıq. Amma görünən odur ki, biz də dünyaya inteqrasiya edirik və bizim insanlarımız da istirahətinə dəyər verirlər. Həqiqətən istirahətə gedən, dünyanı kəşf etmək istəyən insanlarımız var.
T.M. – Şuşada işğal dövründə elə bir tikinti olmayıb. Ermənilər işğal dövründə Şuşanın turizm potensialından necə istifadə ediblər? Şuşaya turist axını necə olub? Bu barədə statistik məlumatlar var?
Əlixan Mürvətov: Xeyr, turist gəlməyib. Bizdə olan məlumata görə, ancaq rəsmi şəxslər Yerevandan gələn qonaqları Şuşaya gətiriblər. Şuşanı da Şuşi adı ilə qədim erməni məskəni kimi təqdim ediblər.
T.M. – Şuşa turizm marşrutunu Dövlət Turizm Agentliyi formalaşdırır?
Əlixan Mürvətov: Bu Dövlət Turizm Agentliyinin xətti ilə olmalıdır. Biz sadəcə həmin marşrutu daha da genişləndirməklə bağlı təkliflər verə bilərik. Dövlətin nəzarəti altında marşruta əlavələr edə bilərik.
F.B. – Bizim oxuculara, potensial turistlərə Şuşa ilə bağlı, Şuşanın turizmi ilə bağlı nəyi tövsiyə edərdiniz? Bayaq qeyd etdiyimiz yeni texnologiyaların tətbiqinə qədər Şuşaya hələ getməyən insanlar üçün nə etmək olar?
Ceyhun Aşurov: Mən düşünürəm ki, XXI əsrin qeyri-adi döyüş və zəfər səhnəsi kimi Şuşanın işğaldan azad olunması ora artıq xüsusi maraq yaradır. İnsanlarımızın Şuşaya getməsi üçün kifayət qədər istəkləri var. Çünki bu bizim zəfər yolumuzdur. Dövlət də daim bunu gündəmdə saxlayır. Şuşanın 270 illiyinin qeyd olunması, oranın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Şuşaya verilən önəmin göstəricisidir. Təkcə Şuşada deyil, bütün Qarabağ ərazisində döyüş səhnələrinin yer aldığı ərazilərdə açıq səma altında muzeylərin təşkili nəzərdə tutulub. Bu bizim millətimizin zəfər tarixidir. Biz öz əsgərlərimizin harada və necə döyüşdükləri haqqında məlumat almalı, həmin yerləri görməli və hiss etməliyik. Əlixan müəlimin qeyd etdiyi kimi əsgərlərimizin fəth etdiyi o sıldırım qayalara baxanda heyrətə gəlməmək mümkün deyil. Şuşanı görmək mənim üçün böyük bir maraq və istəkdir. Ona baxıb öz tarixinlə, keçmişinlə, millətinlə necə fəxr etməyəsən. Qarabağ savaşında hər birimiz, o cümlədən bütün dünya azərbaycanlıları da həmrəy olmuşduq. Mən düşünürəm ki, Şuşaya turistlərin təlabatı hər zaman olacaq. Sadəcə olaraq burada turistlərin gəlməsi üçün müvafiq şərait yaradılmalıdır. Hazırda turistlər üçün Şuşa açıq deyil. Ora ancaq dövlət tədbirlərinə dəvət edilən şəxslər gedə bilərlər. Təhlükəsizlik məsələləri öz həllini tapandan sonra turizm məkanı kimi Şuşa ən çox səfər edilən və ziyarət olunan Azərbaycan məkanlarından biri olacaq.
Əlixan Mürvətov: Şuşa bütün bölgələri üstələyəcək. İndi statistikaya baxsaq görərik ki, yayda ən çox gedilən yerlər Quba, Nabran, Şirvan, Lənkəran və Göygöl zonasıdır. Amma bu yol açılsa birinci yerdə Şuşa olacaq.
Hazırladılar: Təmkin Məmmədli, Ləman Carçalova, 1905.az
Söhbət 21 sentyabr 2022-ci ildə baş tutub
Əvvəlki söhbətlər burada:
1-ci; 2-ci; 3-cü; 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci