Rejissor Əlimürsəl Hacızadə və yazıçı-publisist Bəxtiyar Qaraca ilə Şuşadan danışdıq.
Fuad Babayev: Bu gün biz Şuşa televiziyasından danışacağıq. Buyurun söz Sizindir. Şuşa televiziyası necə yarandı?
Əlimürsəl Hacızadə: 1988-89-cu illərdə Şuşa ilə, Qarabağla əlaqələr kəsilmişdi. Heç bir əlaqə yox idi, informasiya almaq olmurdu. O vaxtlar Azərbaycan televiziyası Moskvaya tabe idi. Həmin dövrdə Şuşada müxbir məntəqəsi açmaq haqqında qərar qəbul olundu.
Təmkin Məmmədli: Şuşa televiziyasının əsas kollektivi neçə nəfər idi?
Əlimürsəl Hacızadə: Şuşa televiziyasında biz 5 nəfər idik. Müxbir kimi Bəxtiyar müəllim, rejissor olaraq mən, operator, işıqçı və bir nəfər də video-mühəndis fəaliyyət göstərirdi.
Bəxtiyar Qaraca: O vaxt hadisələr başlayanda ermənilər iqtisadi inkişafdan geri qaldıqlarını və guya Azərbaycanın onlara baxmadığını iddia edirdilər. Halbuki, Azərbaycanda və bəlkə də İttifaqda ən yüksək həyat səviyyəsi ermənilərdə idi. Mən özüm Qarabağdan olduğum üçün bəzi şeylərin şahidi olmuşam. Həmin dövrdə onların bu söhbətlərinin qarşısını almaq üçün bütün erməni və Azərbaycan kəndlərinə telefon xətti çəkdilər.
T.M. – 1988-89-cu illərdə?
Bəxtiyar Qaraca: Bəli. Bundan başqa Xankəndində televiziya təşkil olundu. O vaxta kimi yerli radioları var idi.
F.B. – Yəni ermənilər efirə Xankəndindən çıxırdılar?
Bəxtiyar Qaraca: Bəli. Amma ermənilər efirə çıxmaq üçün mütləq Şuşadakı ötürücüdən istifadə etməli idilər. Yəni nəzarət bizdə idi.
Əlimürsəl Hacızadə: Şuşada ötürücü qüllənin mövcudluğu indi bəzi kadrlarda görünür. Bizim televiziya da orada yarandı.
Bəxtiyar Qaraca: Xankəndində yerləşən televiziya vasitəsilə ermənilər bizə yalan və böhtan yağdırırdılar. Bütün bunlar Şuşa televiziyasının yaranmasına səbəb oldu. Həmin vaxt biz Şuşada ötürücü qüllədə otururduq. Şuşa televiziyası vasitəsilə biz erməni təbliğatına operativ cavab verirdik.
Əlimürsəl Hacızadə: Həm də o vaxt gediş-gəliş yox idi, yalnız vertolyot vasitəsilə əlaqə saxlanılırdı.
T.M. – Xankəndində yerləşən erməni televiziyasının dövriliyi necə idi?
Əlimürsəl Hacızadə: Hər gün efirə çıxırdılar.
T.M. – Neçə saat?
Əlimürsəl Hacızadə: Erməni dilində 1 saat efirə çıxırdılar.
F.B. – Bakıda o dalğanı tutmaq imkanı var idi?
Əlimürsəl Hacızadə: Var idi.
Bəxtiyar Qaraca: Şuşa televziyası yaranana qədər ermənilərin efir vaxtı bir saat yarım idi. Biz fəaliyyətə başlayandan sonra onlara bir saat vaxt verildi. Ermənilərin bir saatı tamam olan kimi Şuşa televiziyası efirə çıxırdı. Şuşa televiziyasının verilişləri üçün Üzeyir bəyin “Koroğlu” operasının uvertürasından istifadə edərək “şapka” hazırlamışdıq.
F.B. – Şuşa televiziyası 1989-cu ilin hansı ayında yaradıldı?
Əlimürsəl Hacızadə: Şuşa televiziyasının yaradılmasına 1989-cu ilin avqust ayında başlanıldı.
Bəxtiyar Qaraca: Ştat yox idi.
T.M. – Seçim necə aparıldı, yoxsa Şuşaya gedənlər yalnız könüllülər idi?
Bəxtiyar Qaraca: Könüllülər idi.
Əlimürsəl Hacızadə: Bayaq dediyim kimi beş nəfər ayrıldı və o siyahıdakıların hamısı könüllü idi.
F.B. – Oraya gedib ilk günlərdə efiri quran, efirə çıxan kimlər idi?
Bəxtiyar Qaraca: İlk dəfə rəhmətlik Nadir Abdullayev öz dəstəsi ilə getmişdi.
Əlimürsəl Hacızadə: Sonra biz getdik. Bizim növbəmiz sentyabr ayına düşmüşdü.
F.B. – Nadir müəllimlə gedən adamların adları yadınızdadır?
Əlimürsəl Hacızadə: RejissorTofiq Zeynalov (xalq artisti Eldəniz Zeynalovun qardaşı – red.), operator Eldar Abbasbəyli, işıqçının adını unutmuşam, video-mühəndis isə Vaqif Aslanov idi. İkinci qrupun tərkibində biz getdik. Yəni real təhlükə olduğu üçün Şuşaya gedənlər könüllülər idi.
F.B. – Artıq Topxana meşəsinin qırılması ilə başlayan məlum hadisələr baş vermişdi.
Əlimürsəl Hacızadə: Bəli. Biz oraya vertolyotla uçmuşuq. Hər qrup orada 15 gün qalmalı idi. Amma biz bir ay qalmalı olduq. Bu istəkdən asılı idi.
F.B. – Məişət problemləri necə həll olunurdu?
Əlimürsəl Hacızadə: Biz orada Şuşa sanatoriyasında qalırdıq. Şuşada 9 mərtəbəli mehmanxana var.
Bəxtiyar Qaraca: “Qarabağ” mehmanxanası.
Əlimürsəl Hacızadə: Yaradıcı heyətimiz bu mehmanxananın birinci mərtəbəsində yerləşən yeməkxanaya təhkim olunmuşdu. Bizə “RAF” markalı avtomobil vermişdilər, sürücümüz də Vaqif adlı baməzə oğlan idi.
F.B. – Sizin çəkilişlər harada olurdu?
Bəxtiyar Qaraca: Kərkicahanda, Malıbəylidə, Laçında, Qubadlıda çəkilişlər aparırdıq.
F.B. – Siz 1989-cu ilin sentyabrında Şuşaya getdiniz…
Əlimürsəl Hacızadə: Bir ay orada qaldıq. Sentyabrın 18-i Üzeyir Hacıbəyovun və həm də mənim doğum günümdür. Biz Üzeyir Hacıbəyovun ev muzeyindən bir süjet etmişdik.
Bəxtiyar Qaraca: Həmin süjet Bakıda “Günün ekranı”nda da nümayiş etdirildi. Şuşadan Üzeyir Hacıbəyovun ev muzeyindən verilən süjetdə qeyd olundu ki, bu gün Üzeyir Hacıbəyovla bizim rejissorun doğum günüdür.
F.B. – Şuşa televiziyası hansı müddətdə fəaliyyət göstərib?
Əlimürsəl Hacızadə: 1990-cı ilin yanvar hadisələrinə qədər.
Bəxtiyar Qaraca: Bakıda Az TV-nin enerji bloku partladılandan sonra Şuşa televiziyasının da fəaliyyəti dayandırıldı.
Əlimürsəl Hacızadə: O vaxt mobil telefon yox idi. Qohumlarla ev telefonu vasitəsilə əlaqə saxlayırdıq. Onlar deyirdi ki, rayonlarda Şuşa televiziyasına baxırlar. Bizim efir təxminən 30-40 rayona yayılırdı.
Bəxtiyar Qaraca: Şuşa televiziyasına Qarabağ bölgəsində baxırdılar, bizim efir Qazağa qədər yayılırdı.
F.B. – O efirlərin arxivi qalıb?
Əlimürsəl Hacızadə: Yəqin ki, bizim televiziyada qalıb.
T.M. – Sizin süjetlər canlı yayımda efirə verilirdi?
Əlimürsəl Hacızadə: Bəli, efirə canlı çıxırdıq, montaj olunmurdu.
Bəxtiyar Qaraca: O vaxt rəhmətlik Mikayıl Gözəlov (Şuşa rayonunun sabiq icra başçısı – red.) ilə tez-tez görüşüb Şuşanı gəzirdik. Həmin dövrdə Şuşada müəyyən işlər görülsə də küçələrin, mağaza və vitrinlərin adı erməni dilində idi. Biz M.Gözəlova demədən bu barədə süjet hazırlayıb efirə verdik. Mən jurnalist kimi canlı efirə çıxdım.
Əlimürsəl Hacızadə: Elə çəkirdik ki, montaja ehtiyac olmasın.
F.B. – Gözəlovun da xəbəri yox idi?
Bəxtiyar Qaraca: Bu süjet efirə gedəndən sonra camaat ayağa qalxaraq erməni dilində olan küçə, maqazin və s. adları söküb atdı. Ertəsi gün rəhmətlik mənə dedi ki, gündə görüşürük, bunu mənə desəydiniz, özümüz həll edərdik.
Əlimürsəl Hacızadə: Biz də dedik ki, sizin illərlə görə bilmədiyiniz işi bir gecədə gördük. Bunun nəyi pisdir? Yəni, biz heç nədən qorxub çəkinmədən hər yerə gedirdik.
F.B. – Çəkilişlər zamanı sizi polis müşayiət edirdi?
Əlimürsəl Hacızadə: Xeyr.
Bəxtiyar Qaraca: Ermənilərin şikayət və etirazlarına baxmayaraq biz hər gün efirə çıxırdıq. Onların uydurma və böhtanlarına canlı yayımda cavab verirdik. Biz ermənilərin yanından keçib Malıbəyliyə, Laçının ucqar kəndlərinə, Fərəcana, Qayğı qəsəbəsinə (Həkəri çayının sahilində, dağətəyi ərazidədir. 1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən “Qayğı” cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır – red.) çəkilişlərə gedirdik. İnsanlarımızda mübarizə ruhu var idi. Biz Laçın yolu ilə dəfələrlə gedib-gəlirdik. Həmin yolda sonralar Salatın Əsgərovanı (Azərbaycanın Milli Qəhrəmanı və ilk şəhid qadın jurnalisti. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib – red.) güllələdilər. Mən 1993-cü ildə bir neçə dəfə Kəlbəcərdə çəkilişlərdə oldum. Ermənilər aprelin 24-də qondarma genosid gününü qeyd edəcəkdi. Hətta bir dəfə Kəlbəcərdə Çərəkdar deyilən bir yerdə minalı əraziyə girsək də oradan sağ çıxa bildik. Yəni taleyimizdə, qismətimizdə sağ qalmaq var imiş.
Əlimürsəl Hacızadə: Qayğı qəsəbəsinə dörd erməni diversant gəlmişdi. Yemək yeyən vaxt əllərində qumbara partladığı üçün biri ölmüşdü. O birilər də onu sürüyə-sürüyə aparmışdı. Diversantlar Qayğı qəsəbəsini partlatmağa gəlirdi. Yəni belə faktlar olurdu.
F.B. – 1990-cı ildə Şuşa televiziyası fəaliyyətini dayandırdı. 1992-ci ildə Şuşa işğal olundu. Bu illər ərzində Şuşa televiziyası ilə bağlı nə yazmısınız? Siz medianın, o cümlədən Azərbaycan televiziyasının Şuşa televiziyası fenomeninə marağını hiss etmisiniz?
Bəxtiyar Qaraca: Şuşa televiziyası haqqında konkret nə isə yazılması barədə məlumatım yoxdur. Televiziyanın rolu çox böyükdür. Xüsusən də Qarabağ bölgəsində televiziyanın rolu danılmazdır. Keçən ilin oktyabrında cənab Prezidentin Hadrutda həmin bölgədən olan insanların iştirakı ilə keçirdiyi görüşə məni də dəvət etmişdilər. Həmin görüşdə 2 təklifim oldu. Prezidentlə söhbət zamanı qeyd etdim ki, biz vaxtilə Şuşa televiziyasında işləmişik, bu televiziyasının yenidən bərpası bölgənin həyatı üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
F.B. – Həm də indiki texnologiyalar başqa imkanlar yaradır.
Bəxtiyar Qaraca: İkinci təklifim isə Qarabağa gedən yolda Pənahəli xanın və İbrahimxəlil xanın heykəllərinin qoyulmasından ibarət oldu. Hər iki təklif bəyənildi. İndi artıq Şuşa televiziyası ilə bağlı müəyyən işlər görülür.
F.B. – Bəs 1990-cı ildən keçən müddət ərzində Şuşa televiziyası yada düşüb?
Əlimürsəl Hacızadə: Bizim televiziyada da, Xəzər telekanalında da Şuşa televiziyası ilə bağlı çıxışlarımız olub.
Bəxtiyar Qaraca: İnsanlar məlumatsızdırlar.
F.B. – O cümlədən televiziyanın mövcudluğundan məlumatsızdırlar.
Əlimürsəl Hacızadə: Mən Xəzər televiziyasında efirə çıxdım. Verilişdən sonra bəlkə 10 nəfər başıma yığılmışdı ki, müəllim, həqiqətən orada belə bir şey olub. Deyirdim ki, əlbəttə olub.
F.B. – Siz Şuşa işğaldan azad olunandan sonra orada olmusunuz?
Əlimürsəl Hacızadə: Xeyr, olmamışam. Şuşanın 17 məhəlləsi, hər məhəllənin də özünün məscidi olub. Şuşa torpağını öpən jurnalist onun nə üçün mədəniyyət paytaxtı elan edildiyindən də yazmalıdır. Şuşada bir hamam var idi, bir şam ilə onun suyu lazımi temperaturda saxlanılırdı. Bu, möcüzədir.
F.B. – Şuşa televiziyasının yerləşdiyi bina hazırda nə vəziyyətdədir?
Bəxtiyar Qaraca: Həmin ötürücü qüllə hazırda salamatdır. Ötürücü qüllədə bizə bir otaq ayırmışdılar, efirə oradan çıxırdıq. Efirdən sonra “Qarabağ” mehmanxanasına düşürdük. Efirdən sonra əhali verilişlər barədə bizimlə fikir mübadiləsi aparır, tərifləyir, bəzən tənqid edir və təkliflər verirdilər.
Əlimürsəl Hacızadə: Bir dəfə zəng gəldi ki, Kərkicahanda atışmadı. Biz ora çəkilişə getdik.
Bəxtiyar Qaraca: Şuşadan baxanda biz birinci Xankəndini görürük.
Əlimürsəl Hacızadə: Ondan da yuxarıda Kərkicahandır. Kərkicahan Xankəndi erməniləri ilə vuruşurdu. Qadınlar tüfəng atırdılar. Bəxtiyar müəllim soruşurdu ki, nəyə ehtiyacınız varmı? Deyirdilər ki, heç nəyə ehtiyacımız yoxdur. Bizə güllə, tüfəng, silah versinlər. Biz öz torpaqlarımızı qoruyaq.
Bəxtiyar Qaraca: Bəli. Camaat çox qeyrətli idi. Heç kəs yerindən tərpənmirdi.
Əlimürsəl Hacızadə: Bəxtiyar müəllimin sözünə qüvvət sizə bir fakt deyim. Biz bir dəfə yeməkxanadan çıxanda gördük ki, sürücümüz Vaqif yoxdur. Biz isə çəkilişə tələsirdik. Bir müddətdən sonra gələn Vaqif üzrxahlıq edərək dedi ki, bir maşın daş gətirmişdim, aparıb həyətə tökdüm. Yəni, demək istəyirəm ki, bütün əhali tikmək, qurub-yaratmaq eşqi ilə yaşayırdı. Təslimçilik əhval-ruhiyyəsi yox idi. Şuşa televiziyası 1990-cı il yanvarın 21-nə qədər fəaliyyət göstərib. Orada son fəaliyyət göstərən müxbir Vidadi Bağırov olub. Rejissor Tofiq Zeynalov da sona kimi orada qalmışdı.
Bəxtiyar Qaraca: Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılandan sonra bizim informasiya almaq imkanımız yox idi. Bir müddət bu funksiyanı Şuşa televiziyası öz üzərinə götürdü. Amma oranı da tutdular və Şuşa televiziyası bağlandı. Çox çətin və ağır günlər idi.
F.B. – Şuşa televiziyasında çalışan insanların missiyası nədən ibarətdir? Sizin danışdıqlarınız Azərbaycan elektron media tarixində bir fenomendir. Siz bu illər ərzində Azərbaycan mediasının xüsusi marağını hiss etməmisiniz. Sizin bu mövzunu ictimailəşdirmək üçün hansı planlarınız var?
Əlimürsəl Hacızadə: Təsəvvür edin ki, o dövr üçün Şuşada montaj olunmamış efirə çıxmaq nə deməkdir?! Məsuliyyəti biz daşıyırdıq, senzura da özümüz idik. Nə qədər qəribə səslənsə də, bu belə idi. Mən tək öz qrupumuzdan danışmıram.
Bəxtiyar Qaraca: Qarabağ böyük anlayışdır. Amma Şuşa mərkəz olub. Milli Şuranın üzvü, İstiqlal bəyannaməsinə imza atanlardan iki nəfər Tuğ kəndində anadan olub, ancaq onların təhsil aldıqları yer Şuşadır. Şuşaya Azərbaycanın hər yerindən gəlirdilər. 1919-cu ildə Qarabağ general-qubernatorluğu yarananda Üzeyir bəy “Azərbaycan” qəzetində yazırdı ki, Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl qəzalarından ibarət Qarabağ general-qubernatorluğu yaranıb. Zəngəzur Qarabağ idi. Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva bizim əməkdaş idi. Hamı elə bilirdi ki, Solmaz xanım Şəkidəndir. Amma özü söhbət edirdi ki, babasına İbrahim xan Zəngəzurdakı Şəki kəndini bağışlayıbmış, Şəkinskaya soyadı oradan gəlir. Üzeyir bəy deyirdi ki, xanlığı yaradan kişilər aranı nəzərdə tutduqları qədər, yaylağını da nəzərdə tutmuşdular. Aşıq Ələsgərin bir şeiri var:
Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa – Qarqar.
Göyçə qar əlindən zara gəlibdi,
Muğan həsrət çəkər: a yağa qar, qar…
Qarabağ torpağı ilə, şəxsiyyətləri ilə bizə məxsusdur. Biz Şuşa İcra Hakimiyyəti ilə birlikdə Qarabağdan çıxan görkəmli şəxsiyyətlərlə bağlı film işlədik. Həmin insanların sadəcə adını sadalamaqla qurtarmırdı. Söhbət hər sahədəki ilklərdən gedir. Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də ictimai-siyasi paytaxtdır. Buradan çıxan dövlət xadimlərinə, generallara baxın.
T.M. – Əhməd bəy Ağaoğlundan tutmuş Mehmandarova qədər.
Bəxtiyar Qaraca: Şuşa həm də “Difai”ni yaradan Əhməd bəy Ağaoğlunun vətənidir. Şuşa televziyası gizli fəaliyyət göstərməyib. Amma bu dövrü araşdıran yoxdur. İnsanların yaddaşı bu qədərmi qısadır? Şuşa televiziyasının mövcudluğunun özü də Qarabağın bizə mənsubluğunun sübutlarından biridir.
Hazırladılar: Təmkin Məmmədli. Ləman Carçalova, 1905.az
Söhbət 17 iyun 2022-ci ildə baş tutub
Əvvəlki söhbətlər burada: