Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabitləri Samxal Ağayev və Şəmsəddin Qurbanovla Şuşadan danışdıq.
Fuad Babayev: Şuşa möcüzəsinin ərsəyə gəlməsində sizin müstəsna rolunuz olub. Əgər sizlər olmasaydınız, bizim işğaldan azad olunmuş Şuşanın tarixindən və mədəniyyətindən danışmaq, orada tədbirlər keçirmək imkanımız da olmayacaqdı. Ona görə də söz sizindir. Biz sizin döyüş xatirələrinizi dinləmək istəyirik.
Şamxal Ağayev: Bildiyimiz kimi 27 sentyabr 2020-ci ildə ölkə rəhbəri İlham Əliyevin müvafiq göstərişinə əsasən düşmən təxribatının qarşısını almaq məqsədilə başlayan Vətən müharibəsi 44 gündən sonra bizim Zəfərimizlə nətcələndi.
Ali Baş Komandanın göstərişi ilə Müdafiə Nazirliyinin bütün qoşun növlərinə, o cümlədən silahlı qüvvələrimizin ən elit təbəqəsi olan “Yaşma” ya da (Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan Müdafiə nazirliyinin nəzdində 1999-cu ildə yaradılıb. Bu dəstələrdən biri yerləşdiyi ərazinin adına uyğun olaraq “Yaşma” adlandırılır – red.) da müvafiq döyüş tapşırıqları verildi. “Yaşma” adı ilə düşməni lərzəyə salan Xüsusi Təyinatlı Qüvvələrin komandanlığına, xüsusi əməliyyat briqadalarına, xüsusi əməliyyat taborlarına, bölmə və qruplarına da aidiyyatı üzrə göstərişlər verildi. Hər bir briqada, tabor, qrup aidiyyatı üzrə tapşırıqların icrası üçün fəaliyyətə başladı. Hesab edirəm ki, şəxsi heyətimiz verilmiş tapşırıqların öhdəsindən layiqincə gəldi.
Ölkə rəhbərinin vurğuladığı kimi Qarabağ Azərbaycanın döyünən ürəyidir. Şuşa bizim üçün çox vacib və strateji tapşırıq idi. Şuşada bizim tarixi və memarlıq abidələrimiz çox olduğuna görə biz oranı dağıda bilməzdik. Şuşa döyüşlərində zirehli texnikalardan, artilleriya mərmilərindən istifadə olunmamalı idi. Ona görə biz də Şuşa döyüşlərində bu tapşırığa uyğun fəaliyyət göstərirdik.
Hərbi Dəniz Qüvvələrinin, Daxili Qoşunların, Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun, Sərhəd qoşunlarının Xüsusi Təyinatlı Qüvvələri Şuşa döyüşlərində bizimlə çiyin-çiyinə iştirak edərək yüksək peşəkarlıq göstəriblər. Təbii ki, Şuşa döyüşlərinə rəhbərlyi Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev həyata keçirirdi. Füzuli rayonu işğaldan azad olunandan sonra bizim komandana general-leytenant hərbi rütbəsinin verilməsi (17 oktyabr 2020 – red.) şəxsi heyətimizi daha da sevindirdi, bizdə ruh yüksəkliyi yaratdı. Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyəti və bizə göstərilən diqqət artıq müharibənin taleyini bəlli etmişdi.
Biz Vətən müharibəsinə Kəlbəcər istiqamətində, Murov dağı yüksəkliyində qatılmışıq. Kəlbəcər coğrafi iqlim şəraitinə görə ən yüksək strateji bir yerdir. Füzuli və Cəbrayıl istiqamətində ermənilər düzənlik ərazilərdə 30 ilə yaxın fortifikasiya işləri (Qoşunların döyüş mövqelərini möhkəmlətmək, silahlı qüvvələri, mühüm obyektləri və əhalini qorumaq məqsədilə yaradılan müdafiə qurğuları – red.) görmüşdülər. Bütün bunlara baxmayaraq Azərbaycan əsgəri Ohanyan səddini (Ermənistanın keçmiş müdfiə naziri Seyran Ohanyannın birbaşa rəhbərliyi altında qurulan və sonrakı dövrlərdə güçləndirilən müdafiə qurğuları sistemi. S.Ohanyan Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə iştirak edib, o cümlədən Xocalıda dinc əhaliyə qarşı törədilən soyqırımın rəhbərlərindən biri olub.- red.) yararaq düşməni yerindəcə məhv etdi, strateji obyektləri ələ keçirdi. Bizim şəxsi heyətimiz də bu döyüşlərdə fərqləndiyinə görə təltif edilib.
Arxa cəbhədə xalqımızın bizə göstərdiyi mənəvi-psixoloji və maddi dəstək şəxsi heyətimizə əlavə güc verirdi. Ermənilərlə yaxın təmasda döyüşən xüsusi təyinatlılarımız düşmənin üzərinə daha qətiyyətlə gedərək onları məhv edirdi. Biz Şuşaya noyabr ayının 1-də Daşaltının sağ və sol istiqamətindən bir xüsusi əməliyyat briqadası və onun tabeçiliyində olan üç xüsusi əməliyyat taboru, onların da tərkibində 10-12 nəfərlik qrup olmaqla 3 istiqamətdən daxil olduq. Mən orada xüsusi əməliyyat qrupunun komandiri kimi fəaliyyət göstərirdim. Bizim tapşırığımız Şuşa-Laçın yolunun Xankəndi istiqamətindən gələn düşmən qüvvəsinin qarşısını almaq idi. Biz Şuşaya qalxanda sursatımız bitmişdi, tank əleyhinə vasitələrimiz belə qalmamışdı. Şuşaya qalxanda yaralılarımızı da özümüzlə Şuşaya aparmışıq. Şuşaya qalxmaq istəyən yaralılarımızın yüksək əhval-ruhiyyəsi bizim üçün çox qürurverici idi.
Biz çox zaman torpaqlarımızın işğalının son 30 ilini xatırlayırıq. Amma 200 ildən artıqdır ki, Azərbaycan zəfər əldə etmirdi. 44 günlük Vətən müharibəsi həqiqətən Azərbaycanın şanlı tarixinə yazılmalıdır. Azərbaycan zəngin bir dövlətdir. Onun inkişaf etmiş güclü ordusu var. Bunu nəinki Ermənistan, Azərbaycanı istəməyən bir çox dövlətlər də görməlidir. Hesab edirəm ki, heç bir ölkə bizə qarşı təxribata yol verməməlidir. Belə bir təxribata yol verən düşməni isə bizim yüksək əhval-ruhiyyədə olan əsgər və zabitlərimizin döyüş meydanında məhv edəcəyinə əminəm.
Şuşaya biz yüksək dağlardan, sıx meşəlik və çətin relyefli ərazilərdən qalxırdıq. Şəxsi heyətimiz lazım olan mövqeləri ələ keçirərək düşmənin 10-a yaxın tankını və zirehli texnikasını məhv etmişdi. Biz yüksəklikdə yerləşən və döyüşçülərimizə pusqu quran erməni postlarını yerindəcə zərərsizləşdirərək həmin əraziləri öz nəzarətimizə götürürdük.
Şuşanın işğaldan azad edilməsi noyabr ayına təsadüf etdi. Adətən noyabrda Şuşada hava çox soyuq olur. Amma elə bil sanki təbiət də xalqımızın haqq işinə dəstək verirdi. Millətimizin xeyir-duası daim bizim köməyimiz idi. Orada günlərlə ac-susuz qalsaq da, bu bizə o qədər də təsir etmirdi. Çünki hər kəsin qəlbində Vətən sevgisi var idi. Qarabağı, Şuşanı və bütün torpaqlarımızı işğaldan azad etmək sevgisi bütün Azərbaycan xalqında yüksək səviyyədə idi. Bu müharibədə hamı üçün hər şeydən irəli Vətən idi. Ali Baş Komandanın apardığı düzgün siyasətlə xalqımızın ölkə rəhbərliyinə inamı vəhdət təşkil etdiyi üçün bu gün biz qalib xalqıq.
F.B. – Siz Şəmsəddin bəyi Şuşa döyüşlərinə qədər tanıyırdınız?
Şamxal Ağayev: Şəmsəddin qardaşla biz eyni hərbi hissədə xidmət etmişik. Təbii ki, qardaşımızın da döyüş yolu böyükdür. Hazırda mən də, Şəmsəddin qardaşım da səhhətimizlə əlaqədar kapitan rütbəsində ehtiyata çıxmışıq. Biz qapalı kəllə-beyin travması keçirmişik, müəyyən qəlpə yaralarımız olub. Fürsətdən istifadə edərək bizi müalicə edən bütün həkimlərimizə öz minnətdarığımızı bildiririk. Vətən müharibəsində müstəsna xidməti olan “Yaşma”-nı bütün dünya tanıyır. Amma Xüsusi Təyinatlı Qüvvələrin şərəfli əsəgər və zabitlərinin əksəriyyətini xalq tanımır. Çünki “Sədaqətimiz şərəfimizdir” şüarına sadiq qalan Xüsusi Təyinatlılar görünməyən qəhrəmanlardır.
F.B. – Siz Mehrab Niftəliyevi tanıyırdınız?
Şamxal Ağayev: Bəli, Mehrab Niftəliyev Vətən Müharibəsi Qəhrəmanımız olub. Xüsusi Təyinatlı döyüşçülərin bir-birilə gözəl qardaslıq münasibəti var.
F.B. – Bu, ordunun elitasıdır.
Şamxal Ağayev: Mehrab Niftəliyevi çox səmimi, mehriban insan və gözəl döyüşçü kimi xarakterizə edə bilərəm. Mən Mehrabla bir taborda 5 il xidmət etmişəm. Rəhmətlik Mehrab qardaşımız da bizim ən yaxşı döyüşçülərimizdən biri olub. Torpaqları şəhidlərsiz almaq olmazdı. Qanla verilmiş torpaqlar, qanla da alınmalı idi.
F.B. – Şəmsəddin bəy, buyurun. Söz sizindir.
Şəmsəddin Qurbanov: Mən həm Aprel döyüşlərinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Bizim qazandığımız Zəfərin memarı xalqımızın etimadına güvənən Ali Baş Komandan İlham Əliyev, təminatçısı isə şəhidlərimiz və qazilərimizdir. Cənab Prezidentin siyasi arenadakı qələbəsi, onun masaya vurduğu dəmir yumruq döyüş meydanındakı ordu idi. Biz onu təmsil edirdik. Müharibə 1992-1993-cü illərdə dünyaya göz açmış, Şuşanı, Qarabağı görməyən bizim nəslin taleyinə yazıldı.
2016-ci ilin Aprel (1-5 aprel 2016-cı ildə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu – red.) və 2020-ci ilin İyul döyüşləri (12-17 iyul 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən döyüşlər- red.) Vətən müharibəsinin başlanmasına zəmin yaratdı. Erməni terrorçularının bizim dinc əhaliyə qarşı törətdiyi soyqırımların cavabı verilməli idi. Mən Zaqatalada Muxax kənd 3 saylı tam orta məktəbində oxumuşam. Həmin məktəbə Birinci Qarabağ müharibəsinin şəhidi Elman Feyziyevin adı verilmişdi. Valideynlərimiz və müəllimlərimiz bizə vətənpərvərlik hissini uşaqlıqdan aşılamışdılar.
Qeyd olunduğu kimi Vətən müharibəsi üçün zəmin 2020-ci ilin sentyabr ayında yetişdi və biz Murov dağ silsiləsində 3600 metr yüksəklikdə havasızlıq şəraitində döyüşlərə qatıldıq. Bizim yoldaşlarımız müəyyən düşmən postlarını ələ keçirdikdən sonra cəbhəmiz dəyişdi. Biz Cəbrayıl və Füzuli istiqamətində döyüşdük. Prezidentimiz həmin istiqaməti “Zəfər yolu” adlandırıb. Şuşaya qədər o qanlar tökülməsəydi Şuşa da azad edilməzdi.
Xoşbəxtlikdən Şuşanı işğaldan azad etmək bizə nəsib oldu. Amma əl-ayağını itirən, artıq döyüşə bilməyən yaralı yoldaşlarımızın da ürəyi bizimlə idi. Bizimlə gəlmək istəyən yaralı yoldaşlarımıza deyirdik ki, narahat olmayın. Biz sizin əvəzinizə də, şəhidlərimizin əvəzinə də döyüşəcəyik, öz bayrağımızı Şuşaya sancacağıq. Noyabrın 7-də biz bayrağımızı Şuşaya sanca bildik. Çox böyük və məşəqqətli yol keçdik. Noyabrın 3-dən Daşaltının yanından keçərək Laçın dəhlizinə qədər 96 km yol qət etdik. Noyabrın 1-dən 3-nə qədər biz meşədə mövqe tutduq. Ermənilər qadağan olunmuş silahlardan, fosfor mərmilərindən istifadə edirdilər. Düşmən meşələri yandırmaqla, fosfor mərmilərindən istifadə etməklə bizim yerimizi müəyyən etmək istəyirdilər. Amma onlar bizim döyüşçülərin qarşısını kəsə bilmədilər. Bizim artıq Şuşaya yaxınlaşdığımızı görən ermənilər noyabrın 3-də Laçın dəhlizi vasitəsilə Ermənistana qaçırdılar.
Təmkin Məmmədli: Şuşaya hücum zamanı gözlənilməzlik effektini axıra qədər qorumaq mümkün oldu?
Şəmsəddin Qurbanov: Bəzən bizdə düşmənin zəif olması haqqında fikir formalaşır. Dinc əhalini qətlə yetirmək əlbəttə ki, qorxaqlığın bir nümunəsidir. Amma döyüşçü olaraq biz düşməni heç vaxt zəif görməmişik. Özümüzü güclü düşmənlə döyüşə hazırlamışıq. Biz düşməni zəif hesab edib döyüş meydanına girsəydik ona qalib gələ bilməzdik.
F.B. – Amma müqavimət var idi.
Şəmsəddin Qurbanov: Ermənilər “zaqradotryad”ların (döyüşdən qaçanları arxadan vurmaq üçün qırıcı dəstələr- red.) hesabına müqavimət göstərirdilər. İkinci Dünya Müharibəsində Stalin də “zagryadotryad”lardan istifadə edib. Düşmən bilirdi ki, geri qaçsa onu öldürəcəklər. Onlar sağ qalmaq ümidilə hücuma keçir, son anda belə silahlarını yerə qoymurdular. Yəni bunu düşmənin qəhrəmanlığı kimi qəbul etmək olmaz. Ermənilər noyabrın 7-də Şuşanı azad edəcəyimizi gözləmirdi. Biz Laçın dəhlizinin Xankəndi yolu tərəfindən Şuşaya qalxdıq və onları gözləmədiyi anda məhv etdik. Dünyanın nüfuzlu media qurumlarının da yazdığı kimi biz şəhidlərimizi, yaralılarımızı çiyinlərimizdə qürurla daşıyaraq Şuşaya qalxdıq. Yanan, bədəninin əzaları ələ gəlməyən şəhidlərimiz bəzən itkin kimi qələmə verilirdi. Bütün şəhidlərimiz bizim üçün müqəddəsdir. Bizim torpaqlar onların qanı ilə suvarılıb. Bizim sərvətimiz neft deyil, qanı torpağa qarışan şəhidlərimizdir, onların bizə qoyduğu əmanətlərdir.
Şuşada ermənilər noyabrın 7-də Xankəndi istiqamətindən aşırım boyu 200-ə yaxın texnika ilə gecə vaxtı üzərimizə hücum imitasiyası yaratmaqla bizi qorxutmağa cəhd göstərdilər. Biz Xankəndi aşırımından üzərimizə doğru gələn o texnikaları görürdük. Həmin vaxt biz yenə də öz mövqeyimizdən geri çəkilmədik. Bizim ən ağır silahımız 7,62 kalibrli Kalaşnikov pulemyotu olub. Biz kiçik silahlarla düşmən tankının qarşısında durmuşduq. Şuşaya əlavə qüvvə və təminat gəlməsəydi belə biz oradan çıxmayacaqdıq. Sonuncu döyüşçü qalana qədər vuruşacağımıza and içmişdik.
F.B. – O zaman Hadrut bizdə idi?
Şəmsəddin Qurbanov: Bəli.
Şamxal Ağayev: Ermənilərin alnmaz qala saydıqları Hadrut oktyabrın 9-da işğaldan azad edilib. Düşmən nə qədər güclü olsa da onların qarşısında kimin dayandığı hiss edirdi. Biz gecə vaxtı məhdud görmə şəraitində səssiz, düşmənə görüntü vermədən hərəkət edirdik. Orada 10 gün ağır döyüşlər olub.
Şəmsəddin Qurbanov: Orada yaşayış məntəqələri var idi.
Şamxal Ağayev: Xalqımızın orduya dəstəyini dillə ifadə etmək mümkün deyil. Öz pensiyasını Orduya yardım fonduna keçirən insanlarımızı görəndə bu millətin böyüklüyünə qibtə etməmək mümkün deyil. Təbii ki, mənim komandiri olduğum qrup da şəhidlər verib. Allah hamısına rəhmət etsin. Hamısının ailəsi qarşısında baş əyirəm. Amma biz də canlı şəhidlərik. Almanların gözəl deyimi var: “Müharibədən heç kim sağ qayıtmır. Biri cismən ölür, biri ruhən”. Şəhidlər heç zaman ölmür. Şəhidlər o zaman ölər ki, xalq və yaxınları onları unutsunlar. Mən əminəm ki, gələcək nəsillər də şəhidlərimizi xatırlayacaq.
Şəmsəddin Qurbanov: Həmişə sual verirlər ki, döyüş vaxtı sizdə qorxu hissi var idi? Öz adımdan deyirəm ki, işi yarımçıq qoyub geri qayıtmağımızdan qorxurdum.
Xalqımızın bizə bəslədiyi ümid məsuliyyətimizi daha da artırmışdı. Mən 4 günlük Aprel döyüşlərində də olmuşam. Aprel döyüşləri bizim qələbəmizin başlanğıcı idi.
F.B. – Siz Aprel döyüşündə Talış istiqamətində olmusuz?
Şəmsəddin Qurbanov: Bəli.
Şamxal Ağayev: Aprel döyüşündə Talış istiqamətində olmuşuq. Rəhmətlik Pəncəli Teymurov, Milli Qəhrəmanlarımız Murad Mirzəyev, Samid İmanov, eləcə də Mühüd Orucov, Elmidar Səfərov, “Murov qartalı” adını qazanmış Raquf Orucov kimi igidlərimiz Aprel döyüşlərinin qəhrəmanlıq salnaməsidir.
Vətən müharibəsindən 2 ay öncə biz Basqalda təlimlərdə olduq. Mürəkkəb relyefli şəraitdə keçdiyimiz təlimlər sayəsində biz Qarabağ döyüşlərində çətinliklərin öhdəsindən asanlıqla gələ bildik. Şəxsi heyətimiz kifayət qədər bilikli, təcrübəli və bacarıqlı idi. Əsgərlərimiz olduqca yüksək əhval-ruhiyyədə döyüşürdülər. Cəbrayıl istiqamətində döyüş vaxtı əsgərimiz Firdovsi Tahirov minaya düşərək əlini və ayağını itirdi. Təbii ki, döyüş yoldaşları onu bu vəziyyətdə qoyub döyüşə davam edə bilməzdi. Əsgərə ilk tibbi yardım göstərilməsinə baxmayaraq Firdovsi Tahirov şəxsi heyətimizin gözündən yayınaraq silahı ilə özünü vurdu.
F.B. – Döyüşçü yoldaşlarına yük olmamaq üçün.
Şamxal Ağayev: Bəli. Bu xəbər bizim döyüş yoldaşlarımızda qeyri-adi hisslər yaratdı, bizi qələbəyə daha da ruhlandırdı.
T.M. – Mediada Sizin haqqınızda məlumatlar o qədər çox deyil. Siz özünüz müsahibə vermirsiniz, yoxsa müraciətlər yoxdur?
Şamxal Ağayev: Mətbuatla təmaslarımız olur. Şəmsəddin qardaşımız hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüş bir zabitdir. Mən yeni tərxis olmuşam, Sadəcə hazırda səhhətimizlə əlaqədar müalicələrimiz davam edir. Mən ehtiyatda olan zabitəm. Ali təhsilliyəm. Sonradan ordu siralarına qatılmışam.
T.M. – İxtisasınız nə olub?
Şamxal Ağayev: Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. İxtisasım Tikili binaların yoxlanışı və onlara texniki nəzarət olub. Sadəcə əgər vətənpərvərlikdən danışırıqsa, bizim dədə-babalarımız da döyüşkən insanlar olub.
T.M. – Şəmsəddin bəy, Sizin təhsiliniz sırf hərbi sahə ilə bağlıdır?
Şəmsəddin Qurbanov: Mən 2008-ci ildən hərbi xidmətdəyəm. 3 il Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 4 il isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində oxumuşam. 2015-ci ildə zabitlər üçün 6 ay ixtisasartırma kursu keçmişəm. 2015-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayının 16-na qədər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm.
F.B. – Şamxal bəy, Siz hansı bölgədənsiniz?
Şamxal Ağayev: Yardımlıdanam, amma tələbəlik illərindən Bakıda yaşayıram. Mənim babam Böyük Vətən müharibəsinin, rəhmətlik əmim oğlu isə Birinci Qarabağ savaşının iştirakçısı olub.
İcazənizlə, mən Şuşa döyüşləri ilə bağlı bir-iki əlavə etmək istəyirəm. Bayaq qeyd etdim ki, biz Şuşada yolu pusquda saxladıq. 3 gündən artıq biz o yolda ac-susuz qaldıq. Mən ən axırıncı suyumu, yeməyimi bölüşdürüb oradakı yaralılara vermişəm. Şuşaya gələn təminat yollarımız açılmadığı üçün yaralıları psixoloji cəhətdən hər şeyin qaydasında olduğuna inandırırdım. Mənəvi-psixoloji ruh yüksəkliyi sayəsində biz davam gətirdik. Şuşa döyüşlərində qəhrəmanlıq göstərən döyüşçülərimizdən biri də rəhmətlik mayor Bəhruz Abuşov olub. Allah onun da məqamını uca etsin.
Arzu xanım Əliyevanın rəhbərlik etdiyi Bakı Media Mərkəzinin istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Şuşanın işğaldan azad olunmasında Xüsusi Təyinatlı Qüvvələrin rolundan bəhs edir. Onların bütün kollektivinə minnətdarlığımı bildirirəm. Bundan başqa “Kod adı: YAŞMA” adlı sənədli filmin də qrup rəhbəri mən olmuşam. Mənimlə bərabər döyüş yoldaşlarım da o filmə çəkilib. Bayaq Şəmsəddin qardaşımızın da qeyd etdiyi kimi Vətən sərhəddən, vətənpərvərlik isə məktəbdən başlayır. Allah bütün müəllimlərimizə cansağlığı versin. Bu gün birimiz şəhid oluruqsa, minimiz dirilirik.
Şəmsəddin Qurbanov: Mənim də hər iki babam II Dünya Müharibəsindən geri qayıtmayıb. Onlardan birinin adı Şəmsəddin olub. Bu gün mən o adı şərəflə daşıyıram. Döyüşlərdə həm Azərbaycan, həm də Türkiyə bayrağı həmişə mənim üstümdə olurdu. Mən niyyət etmişdim ki, hər iki bayrağı Şuşaya sancacam. Amma o niyyətimə çata bilmədim. Azərbaycan əsgəri öz şəhidini, öz yaralı yoldaşını çiyinlərinə alıb Şuşaya qalxıb. Biz həmin vaxt Şuşada yaralı əsgərlərimizlə məşğul olduğumuza görə bayraq sancmaq kimi bir arzumuz olmadı. Onsuz da bizim bayrağımız hər yerdə dalğalanacaqdı. Oktyabrın 4-də Cəbrayılda bizim pusquya düşən heyətimizi xilas edərkən Azərbaycan bayrağı mənim əlimdə idi. Həmin bayraqda 4 dənə güllə deşiyi var. Mənə atılan güllələr həmin o bayrağa tuş gəlib. Məndən öncə bayraq qazi olub. Həmin Azərbaycan bayrağı ilə Türkiyə bayrağını Şuşaya qədər özümlə apardım. Sadəcə olaraq bayrağı sanca bilmədim. Mənim arzum həmin bayrağı Türkiyə dövlətinin rəhbərliyinə təqdim etmək idi. May ayında müalicə üçün Türkiyəyə gedən qazilərin nümayəndə heyətində mən də təmsil olunurdum. Həmin səfərdə Türkiyə bayrağını qardaş öləkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmək mənə nəsib oldu.
Mən 10-15 ildən sonra olmaya bilərəm. Amma döyüşdə qazi olmuş Azərbaycan bayrağı hər hansı muzeydə saxlanılsa daim yaşayacaq. Tarixi şəhidlərimiz, qazilərimiz öz qanları ilə yazır. Şəhidlərimizin axıdılmış qanı bizim ədiblərimizin, şairlərimizin qələminin mürəkkəbi olur. İkinci Qarabağ müharibəsindəki qələbə Azərbaycanın Türk dünyasına bəxş etdiyi şanlı zəfərdir. Biz hamımız şəhid ola bilməzdik. Şəhidlərimizin qəhrəmanlıqlarını biz dilə gətiririk, onları qəlbimizdə yaşadırıq. Biz övladlarımızı da bu ruhda yetişdiririk.
T.M. – Sizin hansı təltifləriniz var?
Şamxal Ağayev: Bugün Xüsusi Təyinatlı Qüvvələrdə işləyən hər kəs mənim fikrimcə, qəhrəmandır. Bizim şəxsi heyət sırf döyüşə hazırlaşırdı. Biz Qarabağın alınması üçün əlimizdən gələn hər şeyi etdik. Mən ölkə rəhbəri tərəfindən “Qarabağ” ordeni və “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam.
F.B. – Şəmsəddin qardaşımız da “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəmsəddin Qurbanov: Mən Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin adını xüsusi qeyd etmək istəyirəm. O təkbaşına yaralı halda düşmənin 11 nəfər zabit və əsgərini məhv edib. Mən bu qəhrəmanımızın şərəfinə qızıma Adilə adı qoymuşam. Onun adını belə yaşadıram.
Hazırladılar: Ləman Carçalova, Təmkin Məmmədli, 1905.az
Söhbət 1 oktyabr 2022-ci ildə baş tutub
Əvvəlki söhbətlər burada:
1-ci; 2-ci; 3-cü; 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci