Filologiya elmləri doktoru, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi Raqub Kərimov və filologiya elmləri doktoru, Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd ilə Şuşadan danışdıq.
Fuad Babayev: “Şuşa İli”ndə Azərbaycan vətəndaşı, informasiya istehlakçılarımız Şuşa ədəbi məclisləri haqqında nəyi bilməlidir?
Tahirə Məmməd: Mən belə fikirləşirəm ki, Şuşa ədəbi məclisləri haqqında mütləq bilmək lazımdır. Ona görə ki, bu fenomen Şuşa mədəniyyətinin güzgüsüdür. XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələri ilə fərqlənir. Bu məclislərdə ədəbiyyat əsas rol oynasa da, onun üzvləri həm rəssamlıq, həm musiqişünaslıq, həm xəttatlıq, həm də memarlıqla məşğul olurdular. Şuşanın mədəniyyətində, Şuşanın ictimai həyatında böyük rol oynayan bu ədəbi məclislər mütləq öyrənilməlidir, ona indikindən qat-qat artıq diqqət ayrılmalıdır.
Raqub Kərimov: Şuşa ədəbi məclislərinin öyrənilməsi həm də ona görə vacibdir ki, onlar Qarabağın bizə məxsus olmasının ən bariz nümunələrindən biridir. Bizim araşdırmalara əsasən XIX əsrdə Qarabağda 150-ə qədər şair yaşayıb. Amma onların da arasında şeirlərini Azərbaycan dilində yazan Mirzəcan Mədətovdan başqa erməni şair olmayıb. Onun Aşıq Pəri ilə deyişmələri var. Təkcə bu fakt sübut edir ki, Qarabağda hakim qüvvə həmişə azərbaycanlılar olub. Bizim ədəbi məclislərimizin tərkibi çox zəngindir. Burada alimlər, müxtəlif sənət sahibləri fəaliyyət göstərib. Ancaq bu səviyyəyə gəlib çatan bir nəfər erməni göstərmək mümkün deyil. Şuşa ədəbi mühiti geniş tədqiq olunmalıdır. Təkcə Xurşidbanu Natəvanı, Mir Möhsün Nəvvabı təbliğ etməklə kifayətlənmək olmaz. Bu ədəbi məclislərdə Abdulla bəy Asi, Məhəmmədəli bəy Məxfi, Məşədi Əyyub Baki kimi şairlərimiz fəaliyyət göstərib. Bu şairlərin hamısı ayrı-ayrılıqda tədqiq olunmalıdır.
Tahirə Məmməd: Eyni zamanda, kifayət qədər təzkirələr (təzkirə – görkəmli şəxsiyyətlərin, xüsusən şair, rəssam və b.-nın həyatı haqqında qeydlər və əsərlərindən nümunələr verilən əsər – red.) yazılıb.
F.B. – Şuşa ədəbi məclisləri ilə bağlı bu yazını oxuyan oxucu nəyi bilməlidir?
Tahirə Məmməd: XIX əsrdə Azərbaycan işğal edildikdən sonra xanlıqlar ləğv edildi. Azərbaycan xanlıqlarının yerini tutan təsisat elə bu ədəbi məclislər oldu. Ədəbi məclislər siyasi hakimiyyət əldən getdikdən sonra mədəni hakimiyyəti ələ alan, mədəniyyətin, maarifin, milli ideologiyanın inkişafına təkan verən mərkəzlər funksiyasını yerinə yetirib. Bəzən ədəbi məclislərin guya kənar qüvvələrin dəstəyi ilə yaranması haqqında fikirlər səsləndirilir. Mən qətiyyən o cür düşünmürəm. Həmin ədəbi məclislər Şuşanın mədəni kodunu açır. Şuşa ədəbi məclisləri nəyi qorumaq və nəyi inkişaf etdirmək istəyirdilər. Ədəbi məclis üzvlərinin adları ilə yanaşı fəaliyyətləri ilə də tanış olmaq lazımdır. Məşədi Əyyub Bakinin ayrıca divanı var idi və yaxud Məhəmməd ağa Müctəhidzadə təzkirə müəllifi idi. Qarabağ şairlərinin hər birinin əsərlərinə görə adlarını çəkmək mümkündür. Amma adlardan daha çox onların fəaliyyətinin mahiyyəti önəmlidir. Mir Möhsün Nəvvabın, eləcə də Xurşidbanu Natəvanın fəaliyyəti təkcə ədəbi məclis rəhbəri kimi deyil, məhz bu mənada mənim üçün çox qiymətlidir. Onların hansı ideologiyaya xidmət etməsini açmaq lazımdır. Mənə elə gəlir ki, XX əsrin əvvəllərində siyasi ideologiya halına gələn türkləşmək, islamlaşmaq, müasirləşmək ideologiyasının mədəni təzahürləri ilk dəfə olaraq ədəbi məclislərdə formalaşıb.
Təmkin Məmmədli: Yəni onların fəaliyyəti istiqlal ideyasına xidmət edirdi?
Tahirə Məmməd: Bəli. Onlar kənar qüvvələrə xidmət etmirdi, əksinə, məhz istiqlalı qoruyub saxlayırdılar.
T.M. – Şuşada “Məclisi-üns” və “Məclisi-fəramuşan”la yanaşı üçüncü bir ədəbi məclisin də fəaliyyət göstərməsi haqqında məlumatalara rast gəlirik.
Tahirə Məmməd: Cəfərqulu xan Nəvanın sarayında fəaliyyət göstərən üçüncü ədəbi məclis haqqında məlumatlara Nəsrəddin Qarayevin tədqiqatlarında rast gəlmişəm.
Raqub Kərimov: Televiziya verilişlərinin birində ədəbi məclislərin yuxarıların təşkilatcılığı ilə yaranmasını iddia edən şəxsə Şuşa ədəbi məclisini misal gətirərək “Məclisi-üns”ün yaranma tarixindən danışdım. Dedim ki, burada hansı rus təsiri var, hansı dövlətin təsiri var? Onların belə bir ədəbi məclis yaratmasına nə ehtiyac olub? Bu ədəbi məclisləri xalq yaradıb. Dövlətçiliyin olduğu bütün dövrlərdə ədəbi məclislərə rast gəlmək mümkündür. Şah məclislərini idarə edən “məlik əş şüəra”, yəni şairlər məclisinin şahı olub. Şah məclisində iştirak edən şairlər üçün meyarlar çox sərt idi. Məsələn, bizim böyük tədqiqatçımız Rüstəm Əliyev (XX əsrdə yaşamış məşhur Azərbaycan şərqşünası, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Harvard Universitetinin fəxri doktoru – red.) yazırdı ki, bu məclisə üzv olmaq üçün hər bir şair 10 min beyt klassiklərin şeirindən, 5 min beyt isə müasirlərin şeirindən əzbər bilməlidir.
Nadir şahın hakimiyyəti süquta uğrayandan sonra feodal pərakəndəliyi yarandı və ölkə xanlıqlara bölündü. Xanlıqların bir-birinə qarşı ərazi iddiaları və rəqabətin olduğu dövrdə ədəbi məclislər yox idi. Amma stabilləşmə gedəndən sonra xanlıqlar arasındakı münasibətlər müsbət məcrada inkişaf etməyə başladı, qohumluq əlaqələri yarandı. Misal üçün Natəvanın anası Bədircahan bəyim Cavad xanın nəvəsi idi. İbrahimxəlil xanın həyat yoldaşı isə Cavad xanın bacısı idi. İlk ədəbi məclisləri Gəncədə Mirzə Şəfi Vazeh və Qubada Abbasqulu Ağa Bakıxanov yaradıb. Son tədqiqatlar göstərir ki, XIX əsrdə 12-yə qədər ədəbi məclis fəaliyyət göstərib. Şuşada “Məclisi-üns” və “Məclisi-fəramuşan”la yanaşı Cəfərqulu xan Nəvanın ədəbi məclisi də fəaliyyət göstərib. Cəfərqulu xan Nəva Mehdiqulu xanın qardaşı oğlu, yəni Məhəmməd Həsən xanın oğlu olub. Məhəmməd Həsən xan isə İbrahimxəlil xanın böyük oğlu idi. İbrahimxəlil xan varis kimi Məhəmməd Həsən xanı seçmişdi. İbrahimxəlil xan öləndən sonra Məhəmməd Həsən xan hakimiyyətə gəlməli idi. 1805-ci ildə vərəm xəstəliyindən Məhəmməd Həsən xan dünyasını dəyişdiyi üçün İbrahimxəlil xan ikinci oğlu Mehdiqulu xanı (Natəvanın atası) özünə varis təyin etdi. Bu zaman təxminən 25-26 yaşlarında pəhləvan cüssəli gənc olan Cəfərqulu artıq əmisi ilə rəqabətə girdi. Bildiyimiz kimi 1806-cı ildə İbrahimxəlil xan ailəsi ilə birlikdə qətlə yetirilidi. Bu hadisədən sonra Cəfərqulu xanı 5 il müddətinə ev dustağı kimi Simbirskə, sonra isə Peterburqa göndərdilər. Sürgündən qayıdandan sonra çar hökuməti Cəfərqulu ilə münasibəti tənzimlədi və 6 kəndi idarə etmək üçün ona verdi.
F.B. – Bu kəndlər xəzinə torpaqları idi?
Raqub Kərimov: Bəli. Cəfərqulu xan həmin torpaqlarda əsl xan həyatı keçirib. Ona xanlıq titulunu vaxtilə Abbas Mirzə verib. Abbas Mirzə Fətəli şahın oğlu idi. Fətəli şahı isə Qarabağ xanlığı ilə qohumluq əlaqələri birləşdirirdi. İbrahimxəlil xanın qızı Ağabəyim Ağa Fətəli şahın həyat yoldaşı idi. Ağa Məhəmməd Şah Qacar 1797-ci ildə Qarabağda qətlə yetiriləndən sonra Baba xan Fətəli şah adı ilə hakimiyyətə gəldi. Qacarın zürriyyəti (övladı-red.) olmadığı üçün ömrü boyu çalışıb ki, qardaşı oğlu hakimiyyətə gəlsin. Qacar ətrafında olan bütün qohumlarını qırmışdı ki, heç kim Baba bəyin hakimiyyətə gəlməsinə mane olmasın. Fətəli şah da hakimiyyətə gələn kimi İbrahimxəlil xanın oğlunu və qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) girov kimi öz sarayına göndərilməsini tələb edir. Şahın 4-cü xanımı olmasına baxmayaraq Ağabəyim ağaya həmişə çox böyük ehtiram göstərilib. Ağabəyim ağa ata evindən necə getmişdisə ömrünün sonuna kimi də elə yaşayıb.
Tahirə Məmməd: Keçən il Ağabəyim ağanın Avropada yaşayan nəticələrinin Türkiyədəki müsahibəsinə qulaq asdım. Onlar deyirdilər ki, biz həm də Qarabağlıyıq. Bizim ulu nənəmiz Ağabəyim ağa, babamız isə Fətəli şah olub.
Raqub Kərimov: Deyə bilərlər. Pənahi Semnani adlı məşhur İran tarixçisinin “Fətəli şah” əsərini farscadan Azərbaycan dilinə mən tərcümə etmişəm. (Pənahi Semnani, Fətəli şah Qacar, Bakı, 2006, “Şuşa” nəşriyyatı – red.) Fars mənbələrinin əksəriyyətində Ağabəyim ağanın həmin vəziyyəti dəqiqliklə təsvir olunur. Toy gecəsi Ağabəyim ağanın otağına girən Fətəli şah dərhal oradan çıxandan sonra deyib ki, onun gözlərində ilan vardı, məni çaldı. Çünki, Ağabəyim ağa öz əmisi oğlu Məhəmməd bəy Cavanşiri sevirdi.
Tahirə Məmməd: Onlar deyikli (uşaqlıqdan adaxlanmış qız, ya oğlan; nişanlı – red.) olublar
Raqub Kərimov: Belə bir versiya var ki, Vaqifin ölümünün də səbəbkarı Məhəmməd bəy olub. Nəvanın ədəbi məclisi haqqında danışarkən ilk növbədə onu qeyd etmək lazımdır ki, Cəfərqulu xan Nəva müstəqil adam idi. Onun sarayına təkcə şairlər deyil, həm də qoçular, döyüşçülər, güləşçilər də gəlirdi.
Tahirə Məmməd: Eyni zamanda, Nəva Natəvanla ziddiyətdə idi. Ona görə də Nəva o biri ədəbi məclislərdə ola bilməzdi.
Raqub Kərimov: Cəfərqulu xan Nəva Natəvanın atası ilə düşmən idi. Amma Natəvan həmişə onun hörmətini saxlayırdı.
Tahirə Məmməd: Nəva Natəvana evlənmək təklifi də edib.
Raqub Kərimov: O sonralar olub. Hətta deyirdilər ki, Natəvanın üzüyünün içində Nəvanın şeirindən misra yazılıb: “Mələklərlə üzbəüz oturar, Fatimənin kənizi Xurşidbanu”. Natəvan Nəvanın doğmaca əmisi qızıdır. Tahirə xanım düzgün qeyd etdi ki, Nəva sonralar Xurşidbanu Natəvanı özünə, onun qızı Xanbikəni isə oğlu Hidayətə almaq istəyirdi.
F.B. – Sovet dövründə ədəbiyyatşünaslığımızda Şuşa ədəbi məclislərinin öyrənilməsinə maraq necə olub? Bugün biz deyə bilərikmi ki, müstəqillik dövründə Şuşa ədəbi məclisləri Sovet dövrünə nisbətən daha çox öyrənilib?
Tahirə Məmməd: Sovet dövründə XIX əsrdən bəhs edəndə Şuşa ədəbi məclislərinə toxunulub.
Biz bilirdik ki, hansı ədəbi məclislər var. Bu ədəbi məclislərin üzvlərinin adlarını əzbərləsək də, yalnız rəhbərinin adları yadda qalırdı. Sovet dövründə Əlyazmalar İnstitutunda tədqiqatlar aparılıb, Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyası ixtisarla çap olunub. Müstəqillik dövründə isə artıq həmin ədəbi məclislər haqqında təqdqiqatlar daha geniş formada çap olundu, onların üzvləri tanındı.
Sovet dövründə Nəvvabın fəaliyyəti haqqında danışmaq demək olar ki, yasaq idi. Natəvan haqqında danışmaq olardı. Nəvvab haqqında isə yox. Nəvvabın çoxtərəfli fəaliyyəti onu izah etməyə imkan vermirdi. Nəvvabın əsərləri ilə tanış olanda görürük ki, o, təkcə şair deyil, həm də çox böyük alimdir. Bundan başqa, “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və ixtişaş tarixləri”, “1905–1906-cı illərdə erməni-müsəlman davası” kimi əsərlərin müəllifi olduğuna görə Sovet dövründə Nəvvabın adını hallandırmaq olmazdı. Nəvvab öz dövründə də təqib olunurdu. Onun Şuşada olduğu vaxt təqib olunması, rus çar idarəsində ondan ayrı-ayrı vaxtlarda izahatlar alınması haqqında da məlumatlar var. Nəvvab öz nəslində öncəgörmə qabiliyyətinin olmasını heç vaxt gizlətmirdi. Nəvvabın çap olunan əsərlərində onun özünün ruhlarla əlaqəyə girməsi haqqında məlumatlar var.
F.B. – Yəni bu mistisizmdir.
Tahirə Məmməd: Mistisizm aspektindən də Nəvvab insanlara təsir edə bilərdi. Çünki onların mənsub olduğu müqəddəs ocağa inam və hörmət var idi. O şəcərəyə insanlar övliya ocağı kimi münasibət bəsləyirdilər. Bu mənada biz belə fikirləşirik ki, Nəvvab xan nəslinə mənsub olmadığı üçün yəqin təqib olunmazdı. Amma Nəvvab məhz elə övliyalıq şəcərəsinə görə təqib olunurdu. Bundan əlavə Nəvvabın Gövhərağa ilə çox sıx əlaqələri var idi. Gövhərağanın mülklərini idarə edən, onun maliyyə işlərini aparan Nəvvab həm də Gövhərağa məscidinin minarələrinin memarı idi. Xan ailəsi ilə yaxın əlaqələri və özünün də mənsub olduğu şəcərə Nəvvabın Sovet dövründə üzə çıxmasının qarşısını alırdı.
F.B. – Müstəqillik dövründə Nəvvaba münasibət dəyişdi?
Tahirə Məmməd: Müstəqillik dövründə Nəvvabın əsərləri çap olunmağa başladı. Nəvvabın əsərlərini oxuduqca insan heyrətə gəlir. Nəvvab təkcə ensiklopedik alim deyil. Nəvvabın tədqiqatları multidisiplinar əlaqələrə əsaslanır. O, müxtəlif elm sahələrini bir-biri ilə əlaqədə öyrənir, elmləri bir-biri ilə əlaqələndirir. Nəvvab musiqi haqqında yazdığı əsərinin riyazi sistemini verib, dünyanın mahiyyətini göstərmək üçün hərflərdən və sxemlərdən istifadə edib. Nəvvabın “Elmi, dini, tibbi qeydlər”i insanın psixoloji cəhətdən müalicəsi üçün duanın, elmin və Şərq təbabətinin təsirindən bəhs edir.
Raqub Kərimov: O əsəri tərcümə və tərtib edən kimdir?
Tahirə Məmməd: Mən bu əsərlərin nəzəri dəyərinə, elmlərarası əlaqəsinə diqqət çəkirəm. Nəvvabın əsərlərinin tərtibatçısı kimi isə Raqub müəllimi dinləyək.
Raqub Kərimov: Bəli, mən onu Nəvvabın öz əlyazması əsasında tərtib etmişəm. Nəvvab farspərəst şair olub. O fars dilinə böyük qiymət verib və əsərlərinin səksən faizini fars dilində yazıb. Azərbaycan dilində olan təzkirənin də annotasiya hissəsini farsca verib. Amma bu əlbəttə onun böyüklüyünə xələl gətirmir. Mən Qarabağla bağlı tərtib etdiyim 17 kitaba ön söz yazmışam, şairlərin tərcümeyi-halını bərpa etmişəm. “Qasım bəy Zakir və müasirləri” adlı monoqrafiyanın müəllifiyəm, Qarabağla əlaqədər mənim geniş tədqiqatlarım var. Hazırda mən XIX əsr Qarabağ şairlərinin antologiyasını hazırlayıram, “525-ci qəzet”də hər həftə XIX əsrdə yaşamış Qarabağ şairləri haqqında həm məlumatlar, həm də onların şeirlərindın nümunələr verirəm. Qarabağ haqqında ən intensiv iş bizim Əlyazmalar İnstitutunda gedir.
F.B. – Medianın Şuşa ədəbi məclisləri fenomeninə marağını hiss etmisinizmi? Misal üçün Tahirə xanım 19 noyabr 2020-ci il tarixdə “Edebiyyatqazeti.az” saytında dərc edilmiş “Şuşa ədəbi məclisləri: funksiya və missiyası” adlı məqaləsində yazır ki, qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin əsas özünəməxsusluqlarından biridir. Bu elə hazırda dəbdə olan gender məsələsinə, feministlərin çıxışlarına cavab deyilmi? Heç olmasa bu aspektlərdə Şuşa ədəbi məclislərinə mediada marağı hiss etmisinizmi?
Tahirə Məmməd: Xeyr, medianın hər hansı marağını hiss etməmişəm. Mədəniyyət telekanalında isə “Məclisi-üns” adlı televiziya verlişi var.
Raqub Kərimov: Mən dəfələrələ o verilişdə çıxış etmişəm.
Tahirə Məmməd: Ümumilikdə ədəbi məclislərin mahiyyətini açan, bu məclislər haqqında yeni informasiyalar çatdıran mətbu orqanına rast gəlməmişəm. Amma mən bu il sentyabrın 21-22-də Varşavada keçiriləcək elmi konfransda “Şuşanın ədəbi ictimai həyatında qadınların rolu” mövzusunda məruzə edəcəm.
Raqub Kərimov: Mediada araşdırmaçı-jurnalist Vasif Quliyevin baş redaktor olduğu “Şuşa” qəzeti xüsusi fəallığı ilə seçilir. Vasif müəllim mütəmadi olaraq mediada Şuşa ədəbi mühitini canlandırıb. Vaxtilə kitablarımın çoxunun nəşr olunmasında mənə kömək edib. Vasif Quliyev bu sahədə çox böyük işlər görüb. Qarabağda qadınların kişilərlə bir ədəbi məclisdə fəaliyyət göstərməsi ilə bağlı isə onu qeyd edim ki, xanım şairlər Qarabağ ədəbi mühitində həmişə mühüm yer tutub. Gövhərağanın özü də vaxtilə şeir yazıb. Gövhərağa ilə Nəvvabın yaxınlığından danışmaq istəyirəm. Əvvəla, Nəvvabın ana babası Əmiraslan bəy Gövhərağanın tərbiyəçisi olub. 1806-cı ildə İbrahimxəlil xan ailəsi ilə birlikdə güllələləndə orada sağ qalanlardan biri də o vaxt balaca uşaq olan Gövhərağa imiş. Gövhərağanı və bir də qızıl qəlyanı məhz Əmiraslan bəy Xan bağından götürüb çıxıb. Nəvvab ana tərəfdən xan nəslinə yaxın bir şəxsiyyət olub. Onun babası Mir Faseh Qarabağın ən sayılıb-seçilən seyidlərdən idi. Bu gün də onun qəbri, məqbərəsi ziyarətgahdır.
Tahirə Məmməd: Əbdürrəhim bəy Haqverdiyev Nəvvabın nəslini, onun aid olduğu ocağı çox yüksək qiymətləndirirdi.
Raqub Kərimov: Bir daha qeyd edim ki, qadın şairlərə Qarabağda həmişə çox böyük hörmət göstərilib. Məsələn, Fatma xanım Kəminə “Məclisi-fəramuşan”ın üzvü olub. Xurşidbanu Natəvan isə “Məclisi-uns”ün rəhbəri olub. Natəvanın qapısında böyüyən Abdulla bəy Asinin də tarixçəsi çox maraqlıdır. Mehdiqulu xanın yanında çox etibarlı şəxsiyyət olan Əli bəy Poladov (Fuladov) Abdulla bəy Asinin atası idi.
Tahirə Məmməd: Qasım bəy Zakirin də kürəkəni idi.
Raqub Kərimov: Bəli. Mehdiqulu xan 1822-ci ildə xanlıq hüququ ləğv olunandan sonra çara acıq edərək altı min nəfərlə Qaradağa köçdü. Çünki, bacısının əri Fətəli şah orada idi. Bütün dövrlərdə Əli bəy Mehdiqulu xana sadiq qalıb, onun bütün təsərrüfatını idarə edib. Mehdiqulu xan Qarabağa qayıdandan sonra Qasım bəy Zakirin qızı Nənəş xanıma elçi düşərək onu Əli bəy Poladova aldı. Cavanşir nəslindən olan Zakirin özü də Mehdiqulu xanın qohumlarından biri idi. Əli bəyin Nənəş xanımdan üç oğlu, bir qızı oldu. Onlardan biri İbrahim idi. Mehdiqulu xanın Natəvandan başqa övladı olmadığı üçün öz atasının adını Əli bəy Poladovun oğluna qoyub. Bu uşaq anadan olanda Mehdiqulu xan atasının möhürünü onun bələyinin içərisinə qoyaraq uşağa İbrahim adı verib. Əli bəyin ikinci oğlu Abdulla Asi, üçüncü oğlu isə Xudadad olub. Bunların üçü də şair olub və Natəvanın sarayında böyüyüblər. Buna baxmayaraq 1845-ci ildə Mehdiqulu xan, 1848-ci ildə isə Əli bəy dünyasını dəyişəndən sonra ailənin bütün ağırlığı Qasım bəy Zakirin üzərinə düşdü. Natəvanla Əli bəy Poladovun uşaqları arasında soyuqluq yarandı. Xan qızı Natəvanın ikinci dəfə rəiyyətdən olan Seyid Hüseynlə ailə həyatı qurması Qarabağ bəylərini narazı salmışdı. Natəvanın ikinci evliliyinə qarşı olanlar ona həcv yazmağa başladılar. Həcv yazanlar arasında Abdulla bəy Asi də yer alırdı.
Tahirə Məmməd: Seyid Əzim Şirvani isə ona cavab yazdı.
Raqub Kərimov: Elə onu deyirəm. Seyid Əzim Şirvani və Abdulla bəy Asi çox yaxın dost olublar. Seyid Əzim hətta Abdulla bəy Asini yüksək qiymətləndirib.
Tahirə Məmməd: Füzulinin təbində şair…
Raqub Kərimov: Firidun bəy Köçərli deyir ki, hətta Asinin elə şeirləri var ki, Füzulinin şeirlərindəndən də yeydir (yaxşıdır – red.). Ancaq mən də öz monoqrafiyamda yazmışam ki, bu sadəcə olaraq Asiyə vurğunluqdan irəli gəlib. Cəfər Cabbarlı demişkən Asi elə bir adamdır ki, onun misrasından dastan yazmaq olar. Başqa bir ədəbi məclisin üzvü olan Fatma xanım Kəminənin də xətrinə dəyən olanda Seyid Əzim Şirvani, Gəncədən Naci (Mirzə Mehdi Naci – XIX əsrdə Gəncədə yaşayıb-yaratmış tanınmış təbib, şair, nəqqaş-xəttat – red.) onun müdafiəsinə qalxırdı.Yəni o dövrdə şairlər bir-biri ilə yazışırdılar, həcvləşirdilər.
Tahirə Məmməd: Nəvvab da Seyid Əzim Şirvanini tənqid edir ki, sən seyidə yaraşmayan kobud sözlər işlətmisən.
T.M. – Bu yazışmalar özünəməxsus mətbuat funksiyasını yerinə yetirirdi.
Tahirə Məmməd: Bu yazışmalar, ədəbi məclislər Azərbaycan ziyalılarını bir-biri ilə birləşdirirdi. Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti, o cümlədən maarifçilər belə ədəbi məclislərlə əlaqə saxlayırdılar.
Raqub Kərimov: Bunların hamısı ədəbi proseslər idi. Bu ədəbi məclislər də qadınları müdafiə edirdilər. Ağabəyim ağa İranda ən məşhur şairlərdən biri olub və “Məluli” təxəllüsü ilə şeirlər yazıb. Ağabəyim ağa şahın onun üçün tikdirdiyi sarayda yaşayıb. Ağabəyim ağanın Fətəli şahdan övladının olması söhbəti absurddur. Heç bir mənbə bunu təsdiq etmir. Yəni Qarabağda qadınlara həmişə hörmətlə yanaşılıb. Natəvan əksər məclislərdə özü iştirak edib. Amma Ağabəyim ağa haqqında yazırlar ki, şeir məclislərində o, pərdənin arxasında oturarmış.
F.B. – Bizim Şuşa ədəbi məclisləri haqqında informasiyanı fioloqlarımızın, sizin kimi say-seçmə alimlərimizin əsərlərindən almaq imkanımız var. Mediada vəziyyət elə də ümidsiz deyil. Bəs orta və ali məktəblərin ədəbiyyat dərsliklərində ədəbi məclislərimiz, onların Mir Möhsün Nəvvab kimi tədqiqatlardan kənar qalmış üzvlərinin yaradıcılığı lazımı səviyyədə tədris edilirmi?
Tahirə Məmməd: Mən özüm ali məktəblərdə tədris etdiyim XIX əsr Azərbaycan ədəbiyyatı proqramında dəyişiklik etmişəm.
F.B. – Bu dəyişikliklər dərsliklərdə öz əksini tapıb?
Tahirə Məmməd: Fikrimcə, ilk növbədə dərsliklərə fərqli prizmadan yanaşılmalıdır. Şəxsiyyətlərdən əvvəl XIX əsrə baxışı dəyişmək lazımdır. Mənim bu məqsədlə ali məktəblər üçün yazdığım “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyim 2010-cu ildə çap olunub. Hər il Bakı Slavyan Universitetində bu kitabla dərs keçirəm. 1000 nüsxə tirajla çap edilmiş bu dərsliyi tələbələrə pulsuz paylayıram. Bu kitabın çapı zamanı çox böyük maneələrlə üzləşdim. Dərsliyi iki cilddə nəşr etdirmək istəyirdim. Sovet dövründə XIX əsr ədəbiyyatı doğru öyrənilməyib. XIX əsr əsasən maarifçi realizm istiqamətində tədris edilib. Mən birinci cilddə izah etməyə çalışdım ki, XIX əsr Azərbaycan ədəbiyyatı təkcə maarifçi realizmdən ibarət deyil. Həmin dövrdə yeni yaranan maarifçi realizm güclü idi, tədricən əvvəlki ənənəvi ədəbiyyat arxa plana keçirdi. Amma təsəvvür edin ki, XIX əsr ədəbiyyatının, xüsusən də poeziyanın səksən faizini ənənəvi divan ədəbiyyatı təşkil edir. Həmin ənəvi ədəbiyyatı qoruyub saxlayan əsasən ədəbi məclislər idi. “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinə mən təriqəti, ədəbi məclisləri ayrıca istiqamət və mövzu kimi daxil etmişəm. Divan ədəbiyyatı içərisində maarifçi realist elementlərə və Nəvvaba xüsusi yer ayırmışam. Nəvvabın və Abbasqulu ağa Bakıxanovun “Nəsihətnamə”lərini bu dərsliyə salmışam. Yəni XIX əsr Azərbaycan ədəbiyyatı dərsliyində olan yanlışlıqları aradan qaldırmağa çalışmışam. Dərsliyin ikinci cildində isə indiyə kimi öyrənilməyən ədiblərə ayrıca oçerklər həsr etmişdim.
F.B. – Amma dərsliyi iki cilddə nəşr etməyə imkan olmadı?
Tahirə Məmməd: İkinci cildi çap etdirmədim. Çünki dərsliyin birinci cildi nəşr edilən zaman məni çox süründürdülər. Təsəvvür edin ki, tələbələrə pulsuz payladığım dərsliyi mən öz vəsaitimlə ağlaya-ağlaya çap etdirdim. Bizdə dərsliklər nazirlikdə (Təhsil nazirliyində – red.) təsdiq olunur. Mənə dedilər ki, sən niyə Feyzulla Qasımzadənin (Azərbaycan EA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, 1898-1976 – red.) ölçülərini dağıdırsan. Feyzulla Qasımzadəyə çox böyük hörmətim var. Amma F. Qasımzadə Sovet dövründə yaşayıb və XIX əsr ədəbiyyatını mövcud ideologiyanın tələblərinə uyğun təqdim edib. Feyzulla müəllim tutaq ki, bizim indi fəxr duyduğumuz bir çox şairləri mürtəce adlandırıbsa, mən də mürtəce yazmalıydım? Yəni, mən çox əziyyət çəkdim və tam ruhdan düşdüm. İkinci cildi çap etdirmədim.
F.B. – Yəni ikinci cild dərslik kimi çap olunmasa da, onun elektron versiyasından mühazirələrinizdə istifadə edə bilərsiniz.
Tahirə Məmməd: Bəli, mühazirələrimdə istifadə edirəm. Ona görə də XIX əsr Azərbaycan ədəbiyyatı haqqında mənə danışmaq çox rahatdır. Yeri gəlmişkən, mən bu ay Şuşada keçirilən Üçüncü Beynəlxalq Qarabağ konfransında (“Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans, 19-20 may 2022 – red.) Nəvvabın dini və milli kimliyindən bəhs edən məruzə ilə çıxış etmişəm. Hazırda Elmlər Akademiyasının “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yeni nəşrində təriqətləri ayrıca bir mövzu kimi mən yazmışam.
Raqub Kərimov: Feyzulla Qasımzadə monumental bir əsər qoyub gedib.
Tahirə Məmməd: Sözsüz.
Raqub Kərimov: Amma Tahirə xanımın qeyd etdiyi kimi Feyzulla müəllim dövrün tələbinə uygun olaraq müəyyən şeyləri tam deyə bilməyib. Feyzulla Qasımzadədən sonra XIX əsr ədəbiyyatının ən gözəl mütəxəssisi rəhmətlik Zaman Əsgərli (ədəbiyyatşünas, tənqidçi, publicist – red.) də o dərslikdə yeniliklər edib. Mən hər zaman qeyd edirəm ki, Qarabağ ədəbi mühitində iki hadisə baş verib. Onlardan biri Vaqif yaradıcılığında realizm rüşeymlərinin yaranması, ikincisi isə tənqidi realizmin satira səviyyəsinə qalxmasıdır. Qasım bəy Zakir, Baba bəy Şakir, Abdulla Camal oğlu kimi şairlərin yaradıcılığı əsasında ictimai satira formalaşdı.
T.M. – Təbii ki, ədəbi məclislərin, xüsusilə, Şuşa ədəbi məclisinin əhəmiyyəti danılmaz faktdır. Bəs bu ədəbi məclislər bizim dilimizi ərəb və fars sözlərindən təmizləməyə yardımçı ola bildi?
Tahirə Məmməd: Aşıq şeir tərzinin formalaşmasında Qarabağ ədəbi mühiti mühüm rol oynayıb. Nəvvabın özünün heca vəznində, eyni zamanda satira və həcv formasında yazdığı şeirləri var. Bütün bunlar dilin sadəliyinə gətirib çıxarırdı. Vaqifin yaratdığı ədəbi məktəb, erkən realizm Qarabağda da öz təsirini göstərirdi. Beləlikə XIX əsrdə yaranan divanlarda heca vəznində yazılan şeirlərin həcmi tədricən artmağa başladı.
T.M. – Bu isə ərəb və fars sözlərindən imtina demək idi.
Tahirə Məmməd: Ondan əlavə, Qarabağda cığatayca (müasir türk dillərinin qarluq qrupunu təşkil edən özbək və uyğur dillərinin sələfi – red.) şeirlər yazılırdı. Cığatayca şeirlərin, Əlişir Nəvaiyə (XV əsrdə yaşamış özbək əsilli şair və filosof. Nizami Gəncəvinin davamçılarından biri – red.) nəzirələrin daha çox XIX əsrdə Qarabağ ədəbi məclislərində yazılmasını Firidun bəy Köçərli Səfəvilərlə əlaqələndirir. Yəni Səfəvilərlə cığatayların münasibətləri yaxşı olmadığı üçün bir müddət Nəvainin yaradıcılığı bizdə diqqətdən kənar qalıb. Amma mən o cür düşünmürəm. XIX əsrdə Nəvai yaradıcılığına müraciət və cığatayca şeirlərin yazılması bayaq qeyd etdiyim kimi ideologiyaların mədəni formada formalaşması ilə bağlı idi. Cığatayca şeir və nəzirələr yazmaq həm də işğal qarşısında ümumtürk birliyi ideyasını insanlara aşılamağa xidmət edirdi. Nəvvabın farsca yazmağa üstünlük verməsi də məncə onun ideoloq kimi çıxış etməsindən irəli gəlirdi. Rusiyanın işğal etdiyi torpaqlarda insanların beynində fars və türk birliyini qoruyub saxlamaq üçün öz yaradıcılığında bundan istifadə edib.
Raqub Kərimov: Mən cığatayca yazılan şeirləri tədqiq etmişəm. Abdulla bəy Asinin cığatayca cəmi üç şeiri var. Füzulinin şeirlərinin səksən faizi Nəvaiyə nəzirədir. Nəvai böyük türk şairi olub.
T.M. – Nəvai həm də Hüseyn Bayqaranın (Teymuri sultanı, şair, 1438-1506 – red.) sarayında vəzir və ya hökmdardan sonra ikinci şəxs olub.
Raqub Kərimov: Nəvai türkcə yazırdı, Nəvai güclü şair idi. Amma Nəvvab kimi bizim bir neçə XIX əsr şairlərimizin əsərlərinin 70-80 faizinin fars dilində olması onların daha geniş arealda tanınmaq istəyindən irəli gəlirdi. Yəni onlar İranda, Əfqanistanda, Tacikistanda tanınmaq üçün Azərbaycan dili ilə yanaşı, həm də fars dilində yazırdılar. Bundan başqa, XIX əsrin birinci yarısı ilə ikinci yarısını müqayisə edəndə biz görürük ki, XIX əsrin ikinci yarısında Füzuliyana şeirlər daha çox yazılıb. Qasım bəy Zakirin yaradıcılığında da mən eyni tendensiyanı görmüşəm. Füzulidən sonra elə bir şairimiz olmayıb ki, onun cazibəsindən çıxa bilsin. Həmin dövrdə xalq şeiri, yəni, qoşma, gəraylı, bayatı ikinci dərəcəli hesab edilirdi. Amma Füzuliyanə şeir yazmaq çətindir, çünki burada əruz var. Əruz isə elmdir, onun özünün qayda-qanunları var. Bu qaydalara riayət etmək üçün savadlı olmaq lazımdır. Ədəbi məclislərdə olan şairlərin əksəriyyəti savadlı idi. Füzuliyanə şeirlər də ədəbi məclislərdə çox inkişaf etmişdi.
Tahirə Məmməd: Klassik şeir şəkillərində də dilin sadəliyi görünür. Bu o demək deyil ki, dilin sadəliyi üçün yalnız qoşma, gəraylı yazılmalıdır. Qəzəlin də dili sadələşirdi. Natəvanın qəzəlində dil nə qədər sadədir.
Raqub Kərimov: XIX əsrdə yazılan şeirlərin əsas üstün cəhətlərindən biri də odur ki, artıq ənənəvi tərkiblərdən uzaqlaşma, sadələşmə var idi.
T.M. – Qəzəl janrı qalsa da, dil sadələşirdi.
Raqub Kərimov: Firidun bəy Köçərli, Əbdüləzəl Dəmirçizadə, Ağamusa Axundov kimi alimlərimiz Qasım bəy Zakirin aydın və gözəl dildə yazmasını yüksək qiymətləndiriblər. Zakirin dili ana südü kimi təmiz idi.
Tahirə Məmməd: Ümumiyyətlə, xanlıqların yaranması dili sadələşdirdi.
Raqub Kərimov: Təbii.
Tahirə Məmməd: Çünki artıq milli idarə üsulu idi. Bu da dili sadələşdirirdi.
F.B. – Gənc tədqiqatçılara nəyi tövsiyə edərdiniz?
Tahirə Məmməd: Sözsüz ki, istər ədəbiyyatçı, istərsə də tarixçinin əski əlifbanı və fars dilini bilməsi arzuolunandır. Hər hansı bir tarixçinin mütləq arxeoloq olması vacib deyil. O arxeoloqun əldə etdiyi nəticəni dəyərləndirə bilər. Burada obyektivliyi gözləmək məsələsi var. Kiminsə əməyini mənimsəmək olmaz. Mən nəzəriyyəçiyəm, amma eyni zamanda fars dilini və əski əlifbanı da bilirəm. Lazım olanda əlyazmanı da oxuyaram. Əgər Raqub müəllim Nəvvabın “Elmi, dini, tibbi qeydlər”ini çap etdiribsə, mən onu arxivdə niyə axtarmalıyam. O tədqiqatları oxuyandan sonra məndə əsər haqqında nəzəri görüş yaranır. Təbii ki, əsərin tədqiqatçısına istinad verilməli və minnətdarlıq bildirilməlidir. Ancaq hər hansı mənbə məndə şübhə doğuranda artıq özüm onu arxivdə araşdırıram.
Raqub Kərimov: Minnətdarlıq mütləq olmalıdır. Tədqiqatçı alim dilləri də bilməlidir. Təbii ki, əgər mən İbrahim Tahiri tədqiq etmişəmsə, artıq onu arxivdə axtarmağa ehtiyac yoxdur. Amma görəndə ki, fikir dolaşıqdır, şeir düzgün oxunmur, vəzn və qafiyə uyğun gəlmir, onda tədqiqatçı özü arxivə müraciət etməlidir.
Hazırladılar: Təmkin Məmmədli, Ləman Carçalova, 1905.az
Söhbət 24 iyun 2022-ci ildə baş tutub.
Əvvəlki söhbətlər burada:
1-ci; 2-ci; 3-cü; 4-cü, -5ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci