“Şuşa, sən azadsan!” sənədli filminin ssenari müəllifi Rasim İsmayılov və “Bu qala bizim qala” sənədli filminin ideya müəllifi, bakivaxti.az saytının təsisçisi İqbal Alısoy ilə Şuşadan danışdıq.
Fuad Babayev: Bugünkü söhbətimiz Şuşa haqqında çəkilmiş sənədli filmlərə həsr olunub. Buyurun, söz sizindir.
Rasim İsmayılov: Bizim “Şuşa, sən azadsan!” sənədli filminin həm ideyası, həm də istehsalı Bakı Media Mərkəzinə məxsusdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və həm də “Salnaməfilm” studiyasının iştirakı ilə istehsal edilən bu sənədli film Zəfər bayramı ərəfəsində çəkilib. II Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Filmdə Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin eksklüziv müsahibələri yer alıb. Şuşa haqqında təbii ki, hamı film çəkəcəkdi. Amma istehsala birinci biz başladıq. Çünki, Bakı Media Mərkəzinin rejissoru Cavidan Şərifov müharibə dövrü çəkilişlərdə idi. “Şuşa, sən azadsan!” sənədli filmində biz onun video materialından da istifadə etdik. Biz ümumiyyətlə Vətən müharibəsi haqqında film çəkmək istəyirdik. Amma Bakı Media Mərkəzinin rəhbəri Orman Əliyev Şuşanın işğaldan azad edilməsi haqqında film çəkmək ideyasını irəli sürdü. Bundan sonra biz 2021-ci il mart ayının axırında Şuşaya getdik. Şuşada yalnız hərbçilər və infrastrukturu formalaşdıran qurumlar var idi. İşğaldan azad olunmuş Şuşanı biz çılpaq gördük. Şuşa qəribə bir şəhərdir. Şuşada olmayan adama elə gələ bilər ki, buranın torpağında, ağaclarında, daş-divarında qeyri-adi heç nə yoxdur. Amma əslində Şuşanın aurası fərqlidir. Məhz Şuşada olan insan şəhərin energetikasının şahidi olur.
Onu ancaq hiss etmək, duymaq olar. Təsəvvür edin ki, mənim kimi darıxan adam Şuşada vaxtın necə keçdiyini hiss etmirdim. Səhər saat 5-də uşaqlar çəkilişə gedirdi. Mənə ehtiyac olmadığı üçün həyətdə qalırdım. Başımı qaldıranda görürdüm ki, günorta saat 1-dir, mən isə hələ də həyətdə oturmuşam və heç də darıxmamışam. Şuşa qaya üzərində salınmış yığcam şəhərdir.
Təmkin Məmmədli: İlk dəfə idi ki, Şuşaya gedirdiniz?
Rasim İsmayılov: Bəli. Bəlkə də o filmi indi çəksəydik belə uğurlu alınmayacaqdı. Çünki bu film qurulmuş ssenari və qaydalarla çəkilmədi. Orada rejissor da, ssenari müəllifi də, operator da, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) nümayəndələri də kino çəkdi.
F.B. – Orada səhnələşdirilmiş hissələr də var?
Rasim İsmayılov: Filmin müəyyən hissəsində döyüş səhnələri imitasiya edilib.
T.M. – Müdafiə Nazirliyinin çəkilişlərindən istifadə etmisiniz?
Rasim İsmayılov: Xeyr. Qətiyyən. Müdafiə Nazirliyinin heç bir çəkilişindən istifadə etməmişik. Bütün kadrlar Bakı Media Mərkəzinin öz məhsuludur.
F.B. – Hamısı Şuşada çəkilib?
Rasim İsmayılov: Bəli. Şuşada çəkilib. Bir hissəsini Cavidan Şərifov Şuşaya girən günü çəkib. Bir hissəsini isə biz sonradan Şuşa fatehlərinin müsahibələri əsasında canlandırmışıq. XTQ-nin döyüşçüləri fiziki və psixoloji hazırlıqlarına görə xüsusilə seçilirlər. Onların gözlərində sanki bir ekran var idi, danışdıqca döyüş epizodlarını imitasiya edirdilər.
Sizə maraqlı bir hadisə danışım. Aprelin 24-də ermənilərin qondarma “soyqırım” günü Şuşada çəkiliş etməliydik. Həmin çəkiliş günü qala divarlarının yanında süni partlayış təşkil etmək üçün rəsmi icazəmiz vardı. Partlayışların birinci sınaqlarını keçirəndə operatorumuz Ziya Babayev dedi ki, bura gəlin Xankəndinə baxın. Təsəvvür edin ki, orada olanlar qorxudan öz məntəqələrinə qaçdılar, Xankəndinə tərəf gedən 5-6 maşın ildırım sürəti ilə yoxa çıxdı.
Şuşa şəhərinin özünün və təbiətinin bir harmoniyası var. Bu gözlə görünən harmoniya deyil, münasibətlərin harmoniyasıdır. Şuşada olmayan onun aurasını hiss edə bilməz.
F.B. – İqbal müəllim, “Bu qala bizim qala” sənədli filmi haqqında danışmağınızı istərdik. Sizin film necə ərsəyə gəldi?
İqbal Alısoy: Şuşa işğal olunanda mənim 12 yaşım var idi. Mənim uşaqlığım dağlarla, meşələrlə zəngin olan Gədəbəydə keçib. Amma Sizi inandırım ki, Şuşadakı ucalıq, yaşıllıq tamam fərqlidir. Mən keçən ilin sonlarında Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Şuşaya səfər edən jurnalistlərin arasında idim. Zəfər yolunun sağ və sol tərəfindəki dağıntıları gördükcə adam dəhşətə gəlir. 30 ilin həsrətindən sonra Şuşaya qovuşan adamı özündən aslı olmayaraq həyəcan bürüyür. Biz Şuşaya çatanda günəşli, gözəl hava var idi. Amma bir saatdan sonra çən, duman oldu. Şəhərin mərkəzinə doğru getdikcə hava dəyişdi. Oranın qeyri-adiliyi yüksəkliklə bağlıdır. Şuşada əsrarəngiz Cıdır düzünü gəzdik, Xankəndini seyr etdik. Məhz orada olanda Şuşaya öz töhfəmizi vermək barədə düşündüm.
Müsahibələrimdən birində qeyd etmişəm ki, Şuşa ilə bağlı ən möhtəşəm filmi qəhrəman Azərbaycan əsgəri yaradıb. Bunun əvəzi yoxdur. Bizim etdiklərimiz çox xırda şeylərdir. Bakıya qayıdandan sonra kollektivlə məsləhətləşdik ki, belə bir film ərsəyə gətirək. Dostumuz Seymur Şahbazzadə ilə görüşdük. Seymur müəllimlə filmin məzmunu və ssenarisi ilə bağlı fikir mübadiləsi apardıq. Biz öz filmimizdə istinad verməklə Bakı Media Mərkəzinin kadrlarından da istifadə etmişik. “Şuşa, sən azadsan!” filmində qaynar döyüş nöqtələri, Şuşanın işğaldan azad olunması gözəl təsvir edilib. Mən elə hesab edirəm ki, sizin film daha möhtəşəmdir.
Rasim İsmayılov: Bizim filmdə bir az fərqli baxış var.
T.M. – “Bu qala bizim qala” sənədli filmində Şuşanın tarixinə, mədəniyyətinə ekskurs edilib.
İqbal Alisoy: Bəli. “Bu qala bizim qala” sənədli filminin ssenari müəllifi Seymur Şahbazzadə, rejissor Emil Babayev, redaktorlar Qalib İbrahimoğlu və Ramid İbrahimovdur. Bizim sənədli filmdə Şuşa şəhərinin tarixindən, coğrafi mövqeyindən, təkrarolunmaz təbiətindən, Şuşa mədəniyyətinin Azərbaycan və dünya mədəni irsinə verdiyi töhfələrdən, həmçinin onun Qarabağ xanlığı dövründən və Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan danışılır. Bundan başqa filmdə araşdırmaçı-jurnalist Vasif Quliyev və yazıçı-publisist Kərim Kərimli ilə müsahibələrlə Şuşa adının mənasına və şəhərin tarixinə aydınlıq gətirməyə çalışmışıq. Əslində biz filmin xronometrajının qısa olacağını düşünürdük. Bilmirdik ki, 25 dəqiqəlik olacaq.
Rasim İsmayılov: İxtisara salmaq olmur.
İqbal Alısoy: Şuşanın alınması 44 günlük Vətən müharibəsinin zirvəsi idi. Şuşanın möhtəşəmliyini hamımız qəbul edirik. İşğaldan azad olunmuş bütün torpaqlarımız bizim üçün qiymətlidir. Amma Şuşa tamam fərqlidir.
F.B. – Sizin filmlər artıq “You Tube”dadır. Bəs bu filmlər xarici dillərə tərcümə edilib?
Rasim İsmayılov: Məncə xeyr. “You Tube” platformasında bizim filmin rus dilində tərcüməsinə rast gəlmişəm. Amma tərcümənin keyfiyyəti qənaətbəxş deyil.
İqbal Alısoy: Biz də filmin ingilis dilinə tərcüməsini nəzərdə tutmuşuq.
F.B. – İngilis dilində titrlərlə.
İqbal Alısoy: Bəli. Yaxın günlərdə bu filmi biz həm disk, həm fləş-kart kimi rəqəmsal daşıyıcılarda da təqdim edəcəyik.
Rasim İsmayılov: Etiraf edək ki, Şuşanın azad olunmasına həm cəmiyyətin, həm də özümüzün inamı az idi. Amma bu filmi çəkəndə gördük ki, bizim Xüsusi Təyinatlıların bir hədəfi var imiş. O da Şuşanın işğaldan azad edilməsi.
F.B. – Onlar öz hədəflərinə çatıblar.
Rasim İsmayılov: Bəli. Çox şeylər var ki, onları filmə yerləşdirmək olmur. O adamlar nələri gözə aldılar.
F.B. – Nə qədər döyüş yoldaşlarını itiriblər. Sizin filmdə döyüş sxemlərindən də məharətlə istifadə edilib.
Rasim İsmayılov: Tapşırığa görə əməliyyatın məxfiliyini qorumaq üçün ermənilərin yanından sakitcə keçib Şuşaya getmək tələb olunurdu. Təsəvvür edin ki, 3 gün əvvəl döyüş yoldaşını şəhid edən ermənilərin yanından sakitcə keçib Şuşaya getmək üçün necə böyük psixoloji hazırlığa, iradəyə sahib olmalısan. Döyüşçülərimiz üçün Şuşanın işğaldan azad eilməsi elə bir ülvi hiss olub ki, emosiyalarını cilovlomağa onlara kömək edib. Mən o insanların əksəriyyəti ilə dostlaşmışam. Onların içərisində elə bir döyüşçü yoxdur ki, Şuşaya gedən gizli yollarda, sızma əməliyyatlarında erməni hərbçiləri ilə rastlaşmasın. Amma əməliyyatın məxfiliyi onlara toxunmamağı tələb edirdi. Əks təqdirdə Şuşanın işğaldan azad olunması təhlükə altına düşə bilərdi. Düşmən ümumiyyətlə inanmayıb ki, biz həmin qayalıqlarla gəlib Şuşanı azad edə bilrik.
İqbal Alısoy: Əslində, düşmən hücumu Laçın istiqamətindən gözləyirmiş. O qayalıqdan baxanda adamı dəhşət bürüyür. İgid döyüşçülərimiz o sıldırım qayalıqlardan necə keçib onu bir Allah bilir.
F.B. – Mən postprodakşn mərhələsindən danışmaq istəyirəm. Bu filmlərə marağı və tamaşaçıların əks reaksiyanı hiss edirsinizmi?
Rasim İsmayılov: Bir ay ərzində milyona yaxın baxış oldu. Ənənəvi olaraq film təqdimatında rejissorlar bir-iki kəlmə danışır.
F.B. – Sizin filmin təqdimatı harada oldu?
Rasim İsmayılov: Heydər Əliyev Sarayında keçirilən təqdimatda 2 minə yaxın adam vardı. Filmdə iştirak edən hərbçilərin və onların döyüş yoldaşlarının da iştirak etdiyi təqdimatda Orman Əliyevin “Biz” filmi (44 günlük Vətən müharibəsinə həsr olunmuş tarixi-sənədli film – red.) də nümayiş olundu. Filmlərin nümayişindən sonra səhnəyə qalxan 150 nəfər hərbçini tamaşaçılar 10 dəqiqəyə yaxın alqışladı. Gözəl bir mənzərə alındı. 44 günlük Vətən müharibəsində biz öz savadı, mədəniyyəti və səmimiyyəti ilə seçilən xüsusi təyinatlılarımızı Azərbaycanın elit bir qüvvəsi kimi yenidən kəşf etdik.
F.B. – Sizin filminizdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general Hikmət Mirzəyevlə müsahibə də yer alıb.
Rasim İsmayılov: Bəli, Hikmət Mirzəyevdən Bakıda müsahibə götürmüşük. Çox təvazökar insandır, müsahibə vermək istəmirdi. Hikmət müəllim ona təqdim olunan bütün sənədləri diqqətlə oxu-yur. Hətta dilçi kimi sənədlərdə düzəlişlər edib geri qaytardığı üçün hər adam onun yanına sənəd aparmağa cəsarət etmir. Demək istədiyim odur ki, XTQ-nin döyüşçüləri hərtərəfli hazırlığa malikdirlər.
F.B. – İqbal müəllim, Rasim müəllim uzun illərdir ki, televiziya sahəsində çalışdığı üçün belə filmlərə müraciət etməsi çox təbii qarşılanır. Bəs Sizin bu mövzuya təkrar müraciət etmək fikriniz var?
İqbal Alısoy: Bu film üzərində iş gedərkən ona bir az fərqli aspektdən yanaşmaq təklifləri də var idi. Hətta mənə dedilər ki, film Flora Kərimovanın Şuşanın işğalından iki ay sonra yazılan mahnısı ilə başlamasın. Amma mən razı olmadım. Çünki bu film ssenari müəllifi Seymur bəyin məhsuludur.
F.B. – Bu film artıq çəkilib.
İqbal Alısoy: Bəli. Mən bu sahədə peşəkar deyiləm.
Rasim İsmayılov: Filmdə əsas ideyadır.
İqbal Alısoy: Bəli, əsas ideyadır. Hər hansı bir düzəliş və əlavə etməklə elə bil burada o zənciri qırırsınız. Seymur bəy ona əmək sərf edib.
T.M. – Təbii ki, Şuşa ilə bağlı gələcəkdə fərqli aspektdə filmlər də çəkiləcək.
İqbal Alısoy: Bəli, bu mümkündür.
Rasim İsmayılov: Hətta Şuşanı adi bir yer kimi də çəkmək lazımdır. Adi bir yer kimi çəkəndə belə şəhərin energetikası o filmi qaldıracaq.
F.B. – Biz Şuşaya çox diqqət ayırırıq. Bu təbii ki, belə də olmalıdır.
Rasim İsmayılov: İşğaldan azad olunmuş bütün bölgələrimiz mənə əzizdir. Amma Şuşa bu mövzuda bir düşüncə dominantlığı gətirir. Elə bil ki, hər şey Şuşadan sonra başlayır. Ağdam, Cəbrayıl və yaxud Füzuli ayrı-ayrılıqda Qarabağı tam ehtiva etmir. Amma Şuşanı götürəndə bütövlükdə Qarabağı ehtiva edə bilirsən.
F.B. – Şuşa həm də rayon mərkəzi olub.
Rasim İsmayılov: Müharibə başlayanda Şuşanın şəhərdən kənar 10-11 kəndində yaşayış var idi. Artıq məktəblər də fəaliyyət göstərmirdi. Əhali yox idi. Artıq rayon statusunu çoxdan itirmişdi. Şuşa siyasətin və iqtisadiyyatın idarə olunduğu mərkəz olub. Şuşa Qarabağın məhək daşıdır.
İqbal Alısoy: Şuşa Qarabağ xanlığının paytaxtı olub. Şuşa hər şeyin fövqündədir. Qarabağ xanlığı dövründən Şuşanın mərkəz olması onun bu yüksək statusunu təmin edib.
F.B. – Bizim qəhrəmanlar, əlbəttə ki, unudula bilməz. Yüzlərlə insanımız Şuşada şəhid olub. 360 nəfər ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Biz zaman-zaman söhbətlərdə bu mövzuya qayıtmışıq. Misal üçün, Qubanın Qamqam kəndindən olan Mehrab Niftəliyev kimi qəhrəmanlarımızın tanıdılmasında biz yubanmırıq ki?
Rasim İsmayılov: Onları tanıtmaq üçün biz şablon təqdimatlardan əl çəkməliyik. Biz yaradıcı şablonlardan çıxa bilmirik. Şəhidlər haqqında hazırlanan əksər televiziya süjetlərində hökmən ağlayan ana və atası ilə fəxr edən övlad danışır. Biz hər bir qəhrəmanımıza fərdi yanaşmalıyıq, onların hər birini öz dünyası ilə tədqim etməyi bacarmalıyıq. Qeyd etdiyiniz Mehrab Niftəliyevlə bağlı sizə olmuş hadisəni danışım. Mehrab qeyr-adi dərəcədə pozitiv insan olub. Ağır yaralanan Mehrab qan içində yataqda olanda tez-tez gözünü açaraq soruşur ki, uşaqlar bayrağı asdınız? Deyirlər ki, yox hələ asmadıq. Bu sözü eşidən Mehrab yenidən özündən gedir. Bu hal bir neçə dəfə təkrar olunur. Axırda döyüşçülərdən biri bayrağın asıldığını bildirəndən sonra Mehrab gözlərini əbədi yumur. Əslində, Mehrab qanaxmadan bir neçə saata ölməli idi.
Bu, real hadisədir. Bunu Mehrabın yanında olan uşaqlar danışırdı. Yəni qəhrəmanlarımızı şablonlardan kənar fərqli aspektlərdə təqdim etməyi bacarmalıyıq.
Hazırladılar: Təmkin Məmmədli, Ləman Carçalova, 1905.az
Söhbət 1 iyul 2022-ci ildə baş tutub
Əvvəlki söhbətlər burada:
1-ci; 2-ci; 3-cü; 4-ncü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci