Ədəbiyyatşünas-tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova və şair-publisist Əli Mahmudla Şuşadan danışdıq.
Əli Mahmud: Həmin dövrdə mən rayonda çıxan “Şuşa” qəzetinin redaktor müavini və “Vaqif çeşməsi” ədəbi birliyinin rəhbəri idim. Şuşada Vaqifin məqbərəsinin açılışına hazırlıq görüldüyü bir vaxtda Mamayı məscidində “Poeziya evi” yaratmağı da mənə tapşırmışdılar. Biz şuşalıların köməyi ilə heç bir xərc çəkmədən məscidi bərpa etdik. Şuşa rayon Partiya Komitəsi də bizdən köməyini əsirgəmədi.
1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı oldu. Qarlı, çovğunlu bir gün idi. Ulu öndər Heydər Əliyevin əyləşdiyi maşın “Bazar başı” meydanına qalxan yolda qarın çoxluğundan hərəkət edə bilmədi. Lakin şuşalılar onun əyləşdiyi maşını bir anın içində qarlı yoldan çıxararaq Mədəniyyət evinin qarşısına gətirdilər. Eyni vəziyyət Cıdır düzünə qalxan yolda da təkrar olundu. Cıdır düzündə Vaqif məqbərəsinin açılışı oldu. Tanınmış yazıçılarımız, ağsaqqallar orada idi.
F.B. – Süleyman Rüstəm də, Mirzə İbrahimov da orada idilər.
Əli Mahmud: Azərbaycanın bütün sanballı və cavan yazıçıları, o cümlədən İsmayıl Şıxlı və Anarın özü da orada idi. Tədbir zamanı Şuşadan iki nəfər çıxış etdi. Şuşa rayon Partiya Komitəsinin I katibi Niyaz Hacıyev və mən. Mən çıxış edən kimi tədbiri tərk edəsi oldum. Çünki qonaqlar Mamayı məscidində yaradılmış “Poeziya evi”nə gələcəkdi.
Həmin gün yazıçı və şairlərin bir qrupu Heydər Əliyevlə birlikdə “Poeziya evi”nə də gəldilər. Mən 45 dəqiqə ərzində Şuşanın ədəbi mühitindən, mədəniyyətindən, məşhur şair və yazıçıları haqqında bildiklərimi danışdım.
F.B. – Vaqif Poeziya Günləri neçə dəfə keçirildi? Şuşanın işğalı faktiki olaraq Sovet İttifaqının süqutu ilə üst-üstə düşür.
Əli Mahmud: Şuşanın işğalına qədər Vaqif Poeziya Günləri hər il keçirilib.
F.B. – Şuşa 30 ilə yaxın işğal altında olub. Ali Baş Komandanın və Ordumuzun səyi və cəsarəti ilə Şuşa azad oldu. Şuşa işğal altında olduğu dövrdə Vaqif Poeziya Günləri başqa bölgələrdə keçirilib?
Əli Mahmud: Xeyr, keçirilməyib. Şuşanın işğalından sonra nə şuşalılar, nə də öz yurdundan didərgın düşmüş soydaşlarımız Vaqif Poeziya Günləri keçirəcək halda deyildilər. Mənim bu məsələlərə münasibətimi “Vətən oğulsuz imiş” şeirimdə bildirmişəm. İnsanlar xilas olmağın, Şuşanı azad etməyin yollarını fikirləşirdilər.
F.B. – Elnarə xanım, Vaqif Poeziya Günlərinin Şuşada bərpası ədəbi ictimaiyyət tərəfindən necə qarşılandı?
Elnarə Akimova: 2020-ci ilin noyabrın 8-də ölkə başçısı Şuşanın azad olunması xəbərini verdi. Heydər Əliyevin 39 il əvvəl dayandığı məkanda 2021-ci ilin yanvar ayının 14-də İlham Əliyev də dayanaraq dedi ki, Şuşanın bərpası bu gündən başlayır. İşğaldan azad etdiyimiz digər rayonlarda infrastruktur layihələrin həyata keçirilməsinə başladıq. Füzulidə hava limanı tikildi, Zəngilanda “Ağıllı kənd” layihəsi gerçəkləşdirildi. Amma çox maraqlıdır ki, Şuşanın bərpası mənəvi məkanların dirçəldilməsindən başladı.
F.B. – Bunların içərisində Vaqifin türbəsi ən önəmli yerlərdən birini tutur.
Elnarə Akimova: Bu ondan irəli gəlir ki, Şuşa bizim üçün hər zaman mədəniyyətin yükünü daşıyan bir simvol olub. 2021-ci il yanvar ayının 5-də Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən dedi ki, bizim qarşımızda duran əsas məsələlərdən biri Vaqif Poeziya Günlərini bərpa etməkdir.
F.B. – Şuşanın işğaldan azad olunmasından heç 2 ay keçməmiş…
Elnarə Akimova: Bəli. Prezident qeyd etdi ki, Heydər Əliyev 39 il əvvəl Vaqif məqbərəsini yaradıb. Orada hər yay Poeziya Günləri keçirilib. Biz bunu mütləq bərpa etməliyik. Biz eyni zamanda “Xarıbülbül” festivalını da bərpa etməliyik. 2021-ci ilin may ayının 7-də Şuşa mədəniyyət paytaxtı elan olundu. 2021-ci ilin may ayında “Xarıbülbül” festivalı, 29-31 avqust tarixlərində isə Şuşa işğaldan azad ediləndən sonra birinci Vaqif Poeziya Günləri keçirildi.
F.B. – Siz orada iştirak etmisiniz?
Elnarə Akimova: Mən də, Əli müəllim də 2021-ci ildə keçirilən Vaqif Poeziya Günlərində iştirak etmişik. Bu bizim ömrümüzə, tərcümeyi-halımıza qürurla yazılacaq önəmli bir hadisə idi. İnanın ki, zəfər yolunu gedərkən əsgərlərimizin dişi ilə, dırnağı ilə fəth etdiyi qayaları göz yaşı ilə seyr edirdik. Bütün bu məqamlar ömrümüzə-günümüzə yazılası önəmli tarixlər idi. Şuşa işğal altında olduğu dövrdə Vaqif Poeziya Günlərinin keçirilməməsini müxtəlif amillərlə əsaslandırmaq olar. Təbii ki, biz mənəvi cəhətdən ruh düşkünlüyünə məruz qalmışdıq. Hətta Şuşa işğalda olarkən bizim bir neçə ziyalımız hansısa layihə çərçivəsində Şuşaya qonaq kimi getməkdən imtina etmişdilər.
F.B. – Amma gedənlər olmuşdu.
Elnarə Akimova: Təbii ki, olmuşdu. Yəni, o yükü daşımaq bir qədər çətin idi. Vaqif Poeziya Günləri yaddaşın bir sipəri kimi yaranmışdı. Heydər Əliyev Vaqif Poeziya Günlərini bir neçə mərama xidmət etmək üçün yaratmışdı. Həsən Həsənov “Gələcək haqqında xatirələr” məqaləsində yazır ki, bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: “Sən şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim: “Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə baxdı və dedi: “Yox, sən hələ hamısını bilmirsən”. Mən istəyirəm ki, Şuşada Vaqifin məqbərəsini tikəm və orada hər il Vaqif Poeziya bayramı keçirilsin. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”. Həmin illər Azərbaycan dilini qorumaq, Azərbaycan dövlətçiliyinin rəmzi olaraq Qarabağ xanlığının varlığını bir mənəvi məkan olaraq təsdiq etmək üçün çox çətin bir dövr idi. Məkrli erməni siyasəti buna mane olurdu.
F.B. – Moskvanın nəzarəti var idi.
Elnarə Akimova: Bəli. Ötən əsrin 80-ci illərində Şuşaya, Qarabağa tamah salan erməni siyasətini Heydər Əliyev çox gözəl şəkildə dərk edirdi. 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən gördü ki, Vaqifin qəbri çox bərbad vəziyyətdədir. Ona görə 1972-ci ildə Heydər Əliyev Vaqif məqbərəsinin tikilməsi ilə bağlı sərəncam verdi. Vaqifin məqbərəsi memarlar Əbdülvahab Salamzadə və Eldar Kanukovun layihəsi əsasında inşa edilib. Məqbərənin tikintisi 9 il çəkdi. Artıq 1981-ci ildə məqbərə hazır idi. Siz təsəvvür edin ki, necə çətin bir dövrdə Vaqif məqbərəsi inşa edilib. Təbii ki, məqbərənin açılışında Heydər Əliyev iştirak edib. Məqbərənin lentini də Heydər Əliyev, Mirzə İbrahimov və Süleyman Rüstəm birlikdə kəsib. Bu tədbirdə eyni zamanda erməni yazıçıları da iştirak edib. Vaqifin şeirlərini erməni dilinə tərcümə edən Samvel Qriqoryan orada uzun bir çıxış edərək deyib ki, mən indiyə kimi Nizaminin, Füzulinin və Sabirin şeirlərini erməni dilinə tərcümə etmişdim. Sonuncu belə bir zövqü Vaqifin şeirlərini erməni dilinə tərcümə edəndə yaşadım. Nə qədər axıcı, nə qədər gözəl bir dildir. Təbii ki, ermənilər çıxışlarında qardaşlıqdan, dostluqdan bəhs etsələr də, irticaya, zülmə qarşı olduqlarından danışsalar da 6 il keçmədən Şuşa hiyləgər erməni siyasətinin badına getdi. Bu acı faktlardan biridir. Heydər Əliyev uzaqgörən bir siyasətçi kimi o situasiyaların içində idi və vaxtında bunların qarşısını almaq üçün o məqbərəni Qarabağın milli kimlik statusu kimi Şuşanın bağrına basmışdı. Biz Şuşanı geri alandan sonra çox asanlıqla o məqbərəni bərpa etdik. Vaqif məqbərəsində nümayiş olunan 80 eksponat yoxa çıxıb. Sovet ideologiyasının ən qatı, ən sərt bir dönəmində Azərbaycan dilinin mənəvi varlığının keşikçisi kimi çıxış edən Heydər Əliyev qeyd edirdi ki, Şuşa məclislərini, Vaqif Poeziya bayramını hər il keçirmək lazımdır. Qoy dilimiz yaşasın, yeni gələn nəsillər, şairlər bir-birini tanısın, bir-birilə təmasda olsunlar. Daha sonra ulu öndər qeyd edir ki, burada yeni binaların inşası yaxşıdır, amma köhnə tikililəri də saxlamaq lazımdır. Bunlar bizim keçmişimizdir. Azərbaycanın varlığının sübutudur. Yəni Şuşanın Azərbaycana məxsusluğunu incə məqamlara qədər düşünüb.
Təmkin Məmmədli: Əli müəllim, 1982-ci ildə Vaqif məqbərəsinin açılışında erməni şairi Ovanes Tumanyana həsr olunmuş poeziya bayramının keçirilməsi təklif olunub. Bu barədə xatirələrinizi bizimlə bölüşməyinizi istərdik.
Əli Mahmud: Dəvətsiz gəlib tədbirdə iştirak edən daşnak xislətli erməni şairi Qurqen Qabrielyan çətinliklə özünü toparlayıb: “Yoldaş Əliyev, Xankəndində də Ovanes Tumanyanın poeziya bayramını keçirsək, yaxşı olar”, – dedi. Heydər Əliyev əlini yelləyərək, qətiyyətlə və sərt şəkildə cavab verdi: “Söhbət “Vaqif poeziya günləri”ndən gedir”, – dedi. Qurqen Qabrielyan peysərinə qədər qızardı və bir daha danışmadı. Şuşa Azərbaycanın tarixidir. Bizim keçmişimiz, gələcəyimiz və bu günümüzdür.
F.B. – Siz Şuşa işğaldan azad edildikdən sonra orada keçirilən hər iki Vaqif Poeziya Günlərində olmusunuz?
Elnarə Akimova: Mən 2021-ci ildə keçirilən Vaqif Poeziya Günlərində olmuşam.
Əli Mahmud: Mən hər ikisində iştirak etmişəm. Orada məni görən prezidentimiz soruşdu ki, sən birinci açılışda da (1982-ci il nəzərdə tutulur – red.) olmusan? Dedim ki, bəli olmuşam.
F.B. – İlham Əliyev də 1982-ci ildə keçirilmiş Vaqif Poeziya Günlərində iştirak edib.
Əli Mahmud: Bəli. Qışda Şuşada qar yağmasında qeyri-adi bir şey yoxdur. Amma həmin gün elə qar yağırdı ki, köynəklə də adam açıq havada üşümürdü. Şuşanın havasında belə bir möcüzə var idi. Mən Şuşada hündürdən danışan adam, dilənçi, dəli görməmişəm. Şuşada 2-3 yerdə növbə olardı. Kitab mağazasında, qəzet köşkündə və teatr evində. Şuşa çox böyük ziyalılar yetişdirib. Mən ömrüm boyu Şuşada hava haqqında məlumata qulaq asmamışam. Bizim ev şəhərin yuxarı tərəfində idi. Səhər tezdən pəncərədən Bağrıqan dağına baxırdım. Bağrıqan dağının üstü bir azca buludlu olan kimi bilirdim ki, saat 10-11-də yağış yağacaq. Yağış yağan kimi çiçəklərin, güllərin ətri Şuşanı bürüyürdü. Şuşanın təbiəti də o cür idi. Mən Şuşaya həsr etdiyim “Şuşada nəyim qaldı” şeirini oxumaq istəyirəm.
Qəbrimə nişanə seçdiyim
Mamırlı bir daş.
Gözümə tökmək üçün qoruduğum
Bir ovuc torpaq.
Ürəyimdə bişib,
Dodaqlarımı göynədən
Bircə damla yaş.
Təsəlli üçün qardaş məzarına
Qoyacağım Xarı bülbül gülü.
Hər səhər şehinə bələndiyim,
Üzümü sürtdüyüm,
Gözümə dürtdüyüm
Maralotu sünbülü.
Sehrli nağılların
Dərin quyularına enən
Qırxpilləkan yolu.
Qoxlanmamış bənövşələrə
Keşik çəkən
Qaratikan kolu.
Yandırılmış kəndimin
Qırxqızın, Kirsin yamaclarına
Səpələnmiş külü.
Göyərməyən, qurumayan
Qan gölü.
Şəhid anamın
Mirzəhəsən qəbiristanlığındakı
Məni intiqama çağıran
Çat-çat olmuş qəbri.
Şuşasız, Göyçəsiz,
Laçınsız, Kəlbəcərsiz millətimin
Tükənib daşmayan səbri.
Xan qızı Natəvanın,
Vaqifin, Nəvvabın,
Bülbülün, Üzeyirin,
Zakirin, Cabbarın
Gülləbaran məzarları, heykəlləri.
Yanıb kösövə dönmüş
Neçə kamanın, tarın
Mizraba həsrət qalmış telləri.
Mərmər döşənmiş ağ küçələr,
Ulduzları yerə tökülmüş gecələr.
Min illərin sehri, sirri
Yığılmış mücrülər.
Sıldırımlı
Yolların üstündə,
Ənvər Paşanın, Soltan bəyin
Qolları üstündə
Qalmış şəhidlərim.
Gözümün yaşını qurutmuş
Qəmim, qəhərim.
Təbrizin qənşərində,
Baknın beş addımlığında
Əsir düşən şəhərim.
İllərdən bəri
Yağı tapdağında qalan,
Daş armudun baltalanan,
Qalaları sökülən,
İmarətləri talanan,
Ürəyi oğul həsrətiylə
Bişən şəhərim.
Yağı əlinə düşməmək üçün
Özünü qayadan atan,
Qız şəlalələrim.
Qan çilənmiş Cıdır düzündə
Qan rəngli lalələrim.
Dan yeri qanla
Sökülən şəhərim.
Kişnərtisi Qızıl qayada
Boğulub itən,
Tövləsi, axuru sökülmüş,
Nalları tökülmüş,
Yüyəni, yəhəri yandırılmış,
İnadı sındırılmış
Kəhərim.
Ərimgəldi dikdirində
Gecikən, ləngiyən,
Nəfəsi təngiyən kişilərin
Yolunu gözləyən yarları.
“Vağzalı” havası,
Yarımçıq qalan,
Əlləri qanla xınalanan,
Gözəllərin ruhları.
Yan ağaclarından
Rəngli yumaqları
Asılı qalmış hanalar.
İlmələri həvələnməmiş,
Çeşni göyərçinləri
Havalanmamış
Xalçalar, xalılar.
Bağrıqan dağının üstündə
Bir əlçim yağışsız buludum.
“Segah”ı yarımçıq kəsilmiş,
Tankların tırtılı altında
Nalə çəkə-çəkə əzilmiş
Kamanım, udum.
Ürəyim, gərəyim,
Duzum, çörəyim.
Gözlərimə güllə,
Qəlbimə barıt,
Qurşun doldurmuşam ki,
Xilas edim yağılardan Vətəni.
Qurtarım yaxamı töhmətdən,
Övladlarımın, nəvələrim,
Qınamasınlar məni.
Ömrümün bu qürub çağında,
Bundan sonra yurdsuz
Yaşamaq hədər.
Yaşasam da,
Tapmadım itirdiyim qədər.
Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, bütün türk dünyasının mədəniyyət mərkəzidir. Mənim üzə çıxartmadığım “Zəfər yolu” adlı poemam var. Şuşadakı Bağrıqan dağının adının yaranma tarixini danışmaq istəyirəm. Ötən əsrin əvvəllərində erməni-müsəlman davasında o dağda ermənilər azərbaycanlı əsirləri dabanından boynuna qədər soyurdular. Onlar dərinin ucunu aşağı əyilmiş ağacın qüvvətli bir budağına bənd edib buraxardı. Ağacın budağı yuxarı qalxanda o yazıq müsəlmanların dərisi soyulardı və bağırtısı dağa düşərdi. Bu əhvalatı görənin də, eşidənin də bağrı qan olardı. Buna görə də həmin dağa “Bağrıqan dağı” deyərdilər. Ona görə də erməninin naqisliyini, qəddarlığını, əxlaqsızlığını, bizə qarşı edilən zülmləri unuda bilmərik. Biz heç vaxt arxayınlaşmamalıyıq.
F.B. – Vaqif Poeziya Günləri bərpa olunandan sonra “Ədəbiyyat qəzeti”ndə onun inikası necə oldu?
Elnarə Akimova: Mənim də, baş redaktor Azər Turanın da bu barədə yazıları qəzetdə dərc olunub. Ədəbi ictimaiyyətdə, ədəbiyyatımızda uzun illərdir ki, Şuşa nəfəsi çatmırdı. Şuşa işğaldan azad ediləndən, Vaqif Poeziya Günləri bərpa olunandan sonra o nəfəs elə açıldı ki, məqalələrin ardı-arası kəsilmirdi. Ümumiyyətlə biz müharibə başlayan gündən Qarabağ mövzusuna daim həssas olduq. Şuşa geri alınanda bütün məqalələr Şuşaya həsr olundu. Prezidentin çıxışından başlamış, poeziya nümunələrinə, esse və hekayələrə qədər qəzetimizdə yer ayırdıq. Vaqif Poeziya Günlərində “Ədəbiyyat qəzeti”nin əməkdaşları da iştirak edirdi. Biz “Ədəbiyyat qəzeti”nin bir nömrəsini bütünlüklə Vaqif Poeziya Günlərinə həsr etdik. Anarın, Elçinin, Sabir Rüstəmxanlının, Nəriman Həsənzadənin tədbirdəki çıxışlarını çap etdik, gənclərin şeirlərinə yer verdik. Şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “İgidlərin sözü” layihəsinə (44 günlük Vətən müharibəsində iştirak edən, eləcə də şeir yazan qazilərin yaradıcılığına həsr olunmuş layihə – red.) geniş yer ayırdıq. Yeri gəlmişkən qazilərimizin şeirləri bizim şairlərdən daha təsirli, daha emosional idi. Bu bəlkə də onların müharibənin odunun alovunun içindən keçməkləri ilə əlaqədar idi. Bundan başqa Vaqif Poeziya Günləri çərçivəsində 2021-ci il avqustun 31-də Şuşada “Ədəbi müstəvidə Qarabağın dünəni və bugünü” adlı ilk elmi simpozium keçirdik. Poeziya Günləri yaranandan belə bir şey olmamışdı. İlk dəfə bunu Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi təşkil etdi. Həmin simpoziumda millət vəkili Nizami Cəfərov, Elmlər Akademiyasının müxbir üzvi Tehran Əlişanoğlu, qəzetin baş redaktoru Azər Turan, Adil Cəmil, Mustafa Çəmənli, Əsəd Cahangir, Ələmdar Cabbarlı və mən iştirak edirdim. Biz “Ədəbiyyat qəzeti”ndə simpoziumda səslənən bütün məruzələri tezis formasında çap etdik. Daha sonra həmin o məruzlərin də daxil olduğu materiallar Azərbaycan Yazıçılar Birliyinin “Bütün yollar Şuşaya aparır” adlı kitabında çap olundu. Mənə elə gəlir ki, ziyalıların da, ədəbiyyatın da, bədii sözün də üzərinə çox böyük bir yük düşür. Vaqif Poeziya Günləri nəsillərin təması kimi çox böyük qüvvəyə malikdir. Orada yaşlı, orta və gənc olmaqla üç nəsil iştirak edir. Vaqif Poeziya Günləri Vaqifin yaradıcılığınının hər zaman öyrənilməsi və Azərbaycan dilinin qorunması baxımından mühüm əhəmiyyətə malik hadisədir. Bu mənada, onun ədəbiyyatımızda, dövlətçilik tariximizdə oynadığı rol həm də yaddaşın bərpası olacaq.
F.B. – Bəli. Yaddaşımızı yenidən təzələyəcəyik.
Elnarə Akimova: 1992-ci ildə torpaqlarımız işğal olunanda Yaşar Qarayevin bir yazısı çıxmışdı. Ordakı bir ifadə hər zaman yadımdadır: “Köçkündən vətəndaşa qayıtmaq, manqurtdan ziyalıya qayıtmaqdan qat-qat asandır”. 2020-ci ildə torpaqlarımız işğaldan azad ediləndən sonra məcburi köçkünlük statusu avtomatik olaraq soydaşlarımızın üzərindən götürüldü. Amma ziyalının manqurtluq statusu asanlıqla ləğv olmur. Əgər ziyalı canında o mənəvi yükü daşımırsa, bundan xalq da, yaddaş da əzab çəkir. Ona görə də hər şeyin təkrarlanmaması üçün o daim özünü bu missiyanın altında hiss etməlidir. Uzun illərdir ki, bizim ədəbiyyatda zəfər, zirvə, qələbə sözü işlənmirdi. Biz bu ifadələri yadırğamışdıq. Amma indi bu ifadələri işlədirik. Amma bir məqama diqqət edilməlidir. Bu mövzuların pafos, patetika kimi işləndiyi dönəm bir müddət maraq kəsb edə bilər, ardınca mövzunun analitikası, dərinlərə varmaq səriştəsi gəlməlidir. Bizdə son illərdə müharibə ilə bağlı bəlkə də poeziya və publisistika Qarabağ mövzusunda yaddaşın oyaq saxlanılmasının öhdəsindən gəldi, yaxud Qarabağ mövzusunda hekayə janrında unikal bədii nümunələr meydana qoyuldu. Nəsrdə isə müəyyən maraqlı bədii nümunələr hasilə gəlsə də, bütövlükdə keçdiyimiz ağrıların siqlətini epik panoram təsvirləri, insan həqiqətinin dili ilə ifadə etməyi bacaran nümunələr yarada bilmədik.
F.B. – Hərçənd cəhdlər olub.
Elnarə Akimova: Cəhdlər olub. Müəyyən uğurlu nümunələr də var. Mən adlar da çəkə bilərəm. Misal üçün Sabir Əhmədlinin Qarabağ mövzusunda yazılan romanları, Aqil Abbasın “Dolu” romanı, Mövlud Süleymanlının “Erməni adındakı hərflər”, Şərif Ağayarın “Haramı” və “Arzulardan sonrakı şəhər” romanları, Əlabbasın “Qaraqovaq çölləri”, Elçin Hüseynbəylinin bir neçə romanı uğurlu nümunələrdəndir. Bununla belə, yalnız son otuz ilin kontekstində deyil, son 200 ilin tarixi təcrübəsindən keçib qələmə alınan nəsr nümunəsinin yoxluğundan gedir söhbət.
F.B. – İşğaldan azad olunan Şuşada iki Vaqif Poeziya Günləri keçirilib. Dinamika necədir? Türk dünyasından gələnlər olurmu?
Elnarə Akimova: 2021-ci ildə Vaqif Poeziya Günləri keçiriləndə pandemiya dönəmi idi. Biz belə bir dönəmdə Vaqif Poeziya Günlərində iştirak etdik. Tədbir müxtəlif vaxtlarda təxirə salınsa da nəhayət 29-31 avqust tarixində baş tutdu. Xarici qonaqları mən xatırlamıram. Bu il keçirilən Vaqif Poeziya günlərində isə mən iştirak etməmişəm.
F.B. – Bu il keçirilən Vaqif Poeziya Günləri hansı ayda olub?
Elnarə Akimova: Builki Vaqif Poeziya Günləri iyul ayının 15-dən 17-nə qədər davam etdi. Bu Poeziya bayramı “İgidlərin sözü” layihəsi ilə, mini çərçivədə təşkil olunmuş “Məclisi-üns” ilə yadda qaldı. Natəvanın, Vidadinin, Vaqifin prototiplərinin iştirakı ilə Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında Cıdır düzündə tamaşa təşkil edildi. Maraqlı məqamlar çox idi. Yəqin ki, ildən-ilə Vaqif Poeziya Günləri daha da təkmilləşəcək.
F.B. – Bu temp olmalıdır, yəni, adiləşməməlidir.
Elnarə Akimova: Məncə kəmiyyətə yox, keyfiyyətə, yaradıcılıq baxımından rəqabətə üstünlük verilməlidir. Sovet dövründə keçirilən Vaqif Poeziya günlərində hətta Vaqiflə Vidadinin simasında deyişmə təşkil olunub və bu deyişməni Eldar Nəsib və Vaqif Cəbrayılzadə aparıb. 1982-ci ildə Vaqif Poeziya Günündə ilk çıxış nitqini İsmayıl Şıxlı söyləyib. Ondan sonra Cabir Novruz, Nəbi Xəzri və başqaları öz şeirlərini səsləndiriblər. Sonda simvolik olaraq Səməd Vurğunun “Vaqif” dramından bir parça göstərilib. Sovet dövründə keçirilən Vaqif Poeziya Günlərində adlı-sanlı şairlər, müğənnilər iştirak edib, mən orada təsadüfi bir imza görmədim.
T.M. – Vaqif Poeziya Günləri çərçivəsində Vaqifin həyat və yaradıcılığına diqqət artır. Vaqif yaradıcılığının tədqiqi hansı mərhələlərdən keçib?
Elnarə Akimova: Molla Pənah Vaqifin ilk tədqiqi Firudin bəy Köçərlinin, Salman Mümtazın adı ilə bağlıdır. Sonrakı illərdə Həmid Araslı, Araz Dadaşzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev maraqlı tədqiqatlar meydana qoyublar. Hər birinin də dövrə və Vaqif yaradıcılığına fərqli yanaşması olub. Həmid Araslı onu realist şair, Araz Dadaşzadə realist ədəbi metoda yiyələnmiş ilk sənətkar, Əziz Mirəhmədov təsviri realizm üslubunun nümayəndəsi, Yaşar Qarayev realizmin hazırlıq mərhələsini yaradan ədib kimi xarakterizə edib. Bütün bu tədqiqatlar sovet dövründə gerçəkləşən işlərdir. Vaqifin müstəqillik illərində ədəbi prosesə yeriməsi akademik Nizami Cəfərovun adı ilə bağlıdır. Nizami Cəfərov 1988-ci ilin sonlarında “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “Azərbaycan intibahı: problemlər, mülahizələr” məqaləsində, daha sonra isə 1991-ci ildə işıq üzü görən “Füzulidən Vaqifə qədər” kitabında mifoloji yaddaş, folklor potensialı ilə Yeni dövr kontekstinə daxil olan XVIII əsri və Vaqif yaradıcılığını milli oyanış, intibah mədəniyyətinin zəmini kimi təqdim etdi. Bu fikir həmin dövr ədəbiyyatşünaslığında geniş polemikalara rəvac verdi, müxtəlif ədəbi instansiyalarda müzakirəsi təşkil olundu. Ölkənin demək olar ki, bütün ciddi alimləri bu tezislə bağlı fikir və mülahizələrini bölüşdülər. Bu müzakirələr sonucunda həm XVIII əsrə və onun yaradıcı şəxsiyyətlərinə, o cümlədən Vaqif irsinə münasibətdə çoxsaylı yanaşmalar meydana qoyuldu. Vaqif irsinə son yanaşma kimi bu yaxınlarda çap olunan İsa Həbibbəylinin “Molla Pənah olan Vaqif” monoqrafiyasının adını çəkə bilərik ki, bu kitabda İsa müəllim Vaqifi erkən realizm ədəbi cərəyanının banisi kimi təqdim edir. Və nəinki XVIII əsr, ona qədər davam tapmış bütün ədəbi mərhələlər, klassik ədəbiyyat “Vaqif ədəbi mərhələsi”nə nəzərən tədqiq və şərh olunur.
Təbii ki, Vaqif elə bir parlaq ədəbi istedada malik sənətkardır ki, özü ilə bağlı ədəbiyyatşünaslıqda fərqli və modern sənət prinsipləri kontekstində araşdırmalara imkan verəcəkdir. Bu sırada, Vaqifin “Görmədim” müxəmməsi ilə bağlı Azər Turanın yazdığı məqaləni xatırlatmaq yerinə düşər. Həmin məqalədə sovet dövründə müxəmməsin“Ey xoş onlar kim Məhəmməd Mustafanı sevdilər” misrası ilə başlayan bir bəndinin kəsilib atılması, hansı ki, burada Vaqifin dinə bağlılığı ehtiva olunurdu, Azər Turan həmin məqama diqqət yönəldərək tədqiq etməyə çalışmışdır.
Vaqif yeni tipli ədəbiyyatın yaradıcısıdır. Vaqif mərhələsinin özünün əvvəlki və sonrakı ədəbiyyata böyük təsiri oldu, bir növ körpü rolunu oynadı. O, özündən əvvəlki ədəbiyyatı milli zəmində yekunlaşdırdı və sonrakı ədiblərin bir çox maarifçi məsələlər və istiqamətlər yönündə fəaliyyət göstərmələrinə yol açdı. Təsadüfi deyil ki, Vaqifin açdığı işıqdan yola çıxan XIX əsr dühalarının – Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin və Abbasqulu ağa Bakıxanovun milli ədəbiyyatı və dili inkişaf etdirmək yönündə çabaları onların öz sahələrində yeniliklərə imza atmaları ilə nəticələndi. Zənnimcə, biz Vaqifə qədər olan bir dövrü tədqiq etmişik, indi qarşıda duran problemlərdən biri Vaqifdən sonrakı mərhələni öyrənmək, onun təsir etdiyi məqamları üzə çıxartmaq olmalıdır.
F.B. – Vaqif Poeziya Günləri ilə bağlı nəyi təklif etmək olar?
Elnarə Akimova: Vaqif Poeziya Günləri çərçivəsində geniş miqyaslı beynəlxalq simpoziumun təşkilinə indidən hazırlaşmaq lazımdır, xarici qonaqlara dəvətnamələr göndərilməlidir. Şuşaya biz həmişə öz gözümüzlə baxmışıq və baxmalıyıq. Amma Şuşaya həm də xarici vətəndaşların, alimlərin, səyyahların gözü ilə baxılmalıdır. Şuşanın insanlarda yaratdığı təəssürata, onun mənəvi bir məkan olaraq təsirinə diqqət yetirilməlidir. Şuşanın mədəni-mənəvi mühitinin təbliğatı sferasına Qarabağ dağlarındakı şamanlardan tutmuş Qarabağ dağlarındakı sufilərə, Qarabağda toxunmuş 2500 yaşlı Pazırıq xalçasındakı oğuz elementlərinə qədər hər kiçik nüans cəlb edilməlidir. Yaxud Mən çox istərdim ki, Şuşada nəqşibəndi təriqətinin şeyxi Seyid Həmzə Nigari (1805-1885-ci illərdə yaşamış sufi şairi – red.) ilə bağlı bir tədbir təşkil edilsin. İlk dəfə Qarabağı şeirlərinə Nigari gətirib, Qarabağ sevgisini tərənnüm edən ilk nəzm ustadıdır. Uzun müddət qürbətdə yaşasa da, daim ürəyində vətən eşqi olub. Eləcə də Mir Möhsün Nəvvabın özünü biz daha geniş kontekstdə tanıtmalıyıq.
F.B. – Mir Möhsün Nəvvab ensiklopedik biliyə malik alim olub.
Elnarə Akimova: Bəli. Ensiklopedik zəka sahibi olub. Onun istər musiqi tədqiqləri – “Vüzuhül ərqam” mətni, istər yaratdığı “Məclisi-fəramuşan” ədəbi məclisi, istəsə də qələmə aldığı “1905-1906-cı illərdə еrməni-müsəlman davası” əsəri daha geniş şəkildə tədqiq olunmalıdır. Biz bunları daha geniş müstəviyə çıxartmalıyıq. Bir məsələni aktuallaşdıranda ona diqqət daha çox yönəlir, daha geniş çevrələrə yayılır. Ümumiyyətlə, Şuşanı Şuşa edən simvolik adlar var. Bu adlara diqqət və həssaslığı və ən əsası, peşəkar yanaşmanı artırmaq lazımdır.
Hazırladılar: Təmkin Məmmədli, Ləman Carçalova, 1905.az
Söhbət 29 sentyabr 2022-ci ildə baş tutub
Əvvəlki söhbətlər burada:
1-ci; 2-ci; 3-cü; 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı