Tarix üzrə elmlər doktoru Camal Mustafayev və tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovla Şuşadan danışdıq.
Fuad Babayev: Şuşanın azad olunmasından 2 ilə yaxın vaxt keçir. Bu müddət ərzində Şuşaya onlarla səfər baş tutub. Minlərlə insanlarımız orada olublar. Şuşada bir neçə böyük tədbir gerçəkləşib, iki “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilib, Bülbülün ev muzeyi bərpa olunub. Sadaladıqlarım görülən işlərin yalnız bir qismidir. Şuşa hər zaman bizim qəlbimizdə, beynimizdə yer tutub. Amma biz indi 30 illik fasilədən sonra Şuşaya gedib-gəlmək imkanı əldə etmişik. Şuşa ilə bağlı informasiyaların yayılmasında sizi qane etməyən nədir? Ən çox hansı qeyri-dəqiqliklərə yol verilir?
Yunis Hüseynov: Şuşa 2 ilə yaxındır ki, hay faşistlərinin pəncəsindən xilas edilib. Bunun üçün bütün şuşalılar, bütün xalqımız, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, şanlı Azərbaycan ordusuna tarix boyu minnətdar olmalıdırlar. Mədəniyyət paytaxtımızda keçirilən tədbirlər, əlbəttə ki, xalqımızın milli ruhunun yenidən canlanmasına xidmət edir. Bu tədbirlər, eyni zamanda Şuşanın əsl türk torpağında bina edilməsini və türk xalqlarının ən aparıcı qüvvələrindən biri olan Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Şuşa azad ediləndən sonra orada iki dəfə “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilib. Bu tədbirlərdə respublikamızda yaşayan millətlərin və xarici ölkələrin nümayəndələri iştirak ediblər. Bununla biz sübut edirik ki, Azərbaycanın tacı və mədəniyyət mərkəzi sayılan, musiqisinin hərəkətverici qüvvəsi olan Şuşa heç vaxt erməni şəhəri olmayıb və ola da bilməz. Şuşaya gedən şəxslərə tarixi yerlərin göstərilməsi, onlara izahatlar verilməsi çox təqdirəlayiqdir. Biz bunu alqışlamalıyıq. Lakin mən bir şuşalı və xanlıqlar dövrünə aid nəslin nümayəndəsi kimi həmin tarixi yerlərin göstərilməsində buraxılan səhvlərə dözə bilmirəm. Ona görə dözə bilmirəm ki, Şuşanı bilməyən, duymayan adam Şuşa haqqında necə danışa bilər? Misal üçün Şuşadakı tarixi yerlər qeyd edilərkən Cıdır düzünün qarşısında yerləşən Divanxananı birinci dəfə Xan sarayı kimi qələmə verdilər. Mən təxminən 15-20 otaqdan ibarət olan o Divanxananın bütün otaqlarını gəzmişəm. Ən ağır cinayət törətmiş insanları orada saxlayırdılar, Divanxananı Xan sarayı kimi qələmə vermək, əlbəttə ki, bizə yaraşmaz. İkinci dəfə isə Cabbar bəyin evini Xan sarayı kimi təqdim etdilər. Cabbar bəy 1920-ci ildə Azərbaycanın işgalından və Xalq Cümhuriyyətinin devrilməsindən sonra Türkiyəyə mühacirət edən adamlardan biri olub. Hazırda onun uşaqları və nəvələri İstanbulda yaşayırlar. Cabbar bəyin evini Xan sarayı kimi göstərmək əlbəttə ki, düzgün deyil. Şuşada Xan sarayı Çuxur məhəllənin qurtaracağındadır. Çuxur məhəllədə olan küçə sanki Şuşanın şimalı ilə cənubunu yarı bölür. Həmin küçə birbaşa Çöl qalaya gedir. Çöl qalanın dərəsinə enərkən küçə qurtarır. Xan sarayı ikimərtəbəli olub. Xan sarayı dağıdılan başqa binalardan istər quruluşuna, istərsə də divardakı rəsmlərinə görə köklü surətdə fərqlənir. Şuşanın demək olar ki, tarixi ənənələrə malik olan küçələrindən əsər-əlamət qalmayıb. “Mədəni şəhərlərin kanalizasiya xətləri” haqqında 1897-ci ildə Parisdə nəşr olunan kitabda Şuşanın kanalizasiya xətləri öncül yerlərdən birini tuturdu.
Şuşaya yağan qar, yağış və kanalizasiya suları heç zaman küçəyə axmazdı. Bu sular birbaşa həmin kanallar vasitəsilə Daşaltı çayına tökülərdi. Şuşaya yağış yağanda adamın ayağında bir qram palçıq olmazdı. Çünki küçələr mərmər daşlarla döşənmişdi. Şuşa yaranan gündən mədəniyyətin nə olduğunu özündə əxz edib.
F.B. – Camal müəllim. Sizin Yaqub Mahmudovla həmmüəlif olduğunuz “Şuşa Pənahabad” kitabınızın nəşrindən artıq 10 il keçir. Bu kitabın yeni illüstrativ materiallarla zənginləşdirilmiş təkrar nəşri barədə düşünürsünüz?
Camal Mustafayev: Bizim 2012-ci ildə işıq üzü görmüş “Şuşa Pənahabad” kitabımız Şuşa şəhərinin Ermənistan silahlı quvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2012-ci il tarixli sərəncamına cavab kimi hazırlanmışdı. Təbii ki, həmin dövrdən xeyli vaxt keçib. Bir çox məsələlər aydınlaşdırılıb, yeni faktlar üzə çıxarılıbdır. Ən başlıcası isə Şuşa şəhəri mənfur ermənilərdən azad olunub. Bütün bunlar yeni yazılacaq əsərlərdə və yaxud sizin qeyd etdiyiniz kimi kitabımızın daha da təkmilləşdirilmiş ikinci nəşrində əks olunmalıdır.
F.B. – Siz Şuşa işğaldan azad olunandan sonra orada olmusunuz?
Camal Mustafayev: Xeyr. Yunis müəllimə verdiyiniz sualla bağlı qeyd demək istəyirəm ki, Şuşa şəhərinin təqdimatında bir koordinasiya olmalıdır. Şuşaya əsasən turistlər və yerli sakinlər gedirlər. Şuşa sakinlərinin öz doğma evlərini, yurdlarını görmək istəməsi başa düşüləndir. Bununla yanaşı Şuşa şəhərinin tarixini, memarlığını, incəsənətini tədqiq edən kifayət qədər mütəxəssislərimiz var. Mənə verilən məlumata görə bu ilin sentyabr ayında Şuşaya həsr olunmuş böyük beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Şuşa unikal bir şəhərdir. Şuşa şəhərinin hər bir sahəsi, onun tarixi, memarlığı, sənətkarlığı, ticarəti və s. xüsusi tədqiqat obyektidir. Yunis müəllim 2022-ci ildə çap edilmiş “Qarabağnamə” kitabında qeyd edib ki, Şuşa şəhəri Cənubi Qafqazda xalçaçılıq sənətinin əsas mərkəzlərindən biri olub. Belə bir ifadə var. Cənubi Qafqazda xalçaçılıq sənətinə ton verən mərkəz məhz Şuşadır. Yerdə qalanların hamısı məhz Şuşa çeşniləri əsasında xalça toxuyublar. Şuşa xalçalarının sujetli, nəbati və s. növləri olub. Mən hazırda təkcə Qarabağın, Şuşanın yox, ümumiyyətlə Azərbaycanın xalçaçılıq tarixini araşdırmağa çalışıram. Bu işlərlə məşğul olduqca görürəm ki, bu məsələdə Qarabağın, ilk növbədə də Şuşanın nə dərəcədə böyük əhəmiyyəti olub. Misal üçün xalça ticarəti ilə Cənubi Qafqazda ən çox Şuşa tacirləri məşğul olub. Onlar Azərbaycan, Şuşa xalçalarını dünya bazarlarına çıxarıblar. Xalçaçılıq Cənubi Azərbaycanda daha yüksək inkişaf səviyyəsinə çatmışdı. XIX əsrdə Azərbaycana gələn Aqranoviç soyadlı rus tədqiqatçısının yazılarında bir fakta rast gəldim. O qeyd edir ki, Şuşadan və Gəncədən olan tacirlər xalçaları xüsusi məntəqələrdə toplayır, oradan isə ilk növbədə İstanbul vasitəsilə dünya bazarına çıxarırdılar. İstanbulda xalçalar çeşidlənib, növlərə ayrıldıqdan sonra ölkələrin xarakterinə və tələbatına uyğun paylaşdırılırdı. Sonra bu funksiya Birinci Dünya müharibəsinə qədər İstanbulun, sonra isə Londonun üzərinə düşdü. Hazırda Azərbaycan xalçalarına, o cümlədən Qarabağ və Şuşa xalçalarına ABŞ muzeylərində rast gəlmək mümkündür.
Azərbaycan Respublikası Prezidentinin bu ili “Şuşa İli” elan etməsi, Şuşanın dünya miqyasında tanınmasında çox önəmli bir rol oynadı. Şuşanın məhz Azərbaycan şəhəri olduğu hamıya gün kimi aydındır. Heç kəs Şuşanın erməni şəhəri olduğunu qəbul etmir. Bir daha qeyd edirəm ki, bu məsələdə Prezidentimizin sərəncamı böyük rol oynadı. Şuşada böyük tikinti-abadlıq işləri həyata keçirilir. Şuşa siyası tədbirlərə, “Xarıbülbül” Beynəlxalq Folklor Festivallarına, Zəfər qurultayına, Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi etdi. Bütün bunlar çox böyük işlərdir. İki il bundan əvvələ qədər hamımızda bədbinlik var idi. Hətta müharibənin ilk dövrlərində belə Şuşanın işğaldan azad ediləcəyinə inanmırdıq. Mənim əsas tədqiqat sahəm sənətkarlıq və şəhər tarixidir. Şuşanın tarixini sonradan araşdırmağa başlamışam. Şuşanı ermənilər işğal edəndən sonra mən fikirləşirdim ki, biz Şuşasız yaşaya bilərik? Mən 2-3 ay sarsıntı içində yaşamışam. O günləri yadıma salanda deyirəm ki, şükürlər olsun ki, Şuşa əsl sahibinə qaytarılıb. Şuşa bu gün tikilir, qurulur, abadlaşdırılır və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Təbii ki, müəyyən nöqsanlar olacaqdır. Ən əsası odur ki, bu işə can qoyanlar öz işlərini görürlər.
F.B. – İndi Şuşaya getmək, Şuşadan yazmaq, informasiyalar vermək çox adamı cəlb edir. Amma Camal müəllim 2012-ci ildə Yaqub Mahmudovla birlikdə “Şuşa Pənahabad” kitabını yazıb. Yunis müəllim 2013-cü ildə “Şuşa şəhərinin tarixi”ni təqdim edib. 2015-ci ildə “Şuşa salnaməsi”, 2018-ci ildə “Qarabağ”, 2022-ci ildə isə “Qarabağnamə” kitablarını oxuculara təqdim edib. Bu illər ərzində Şuşaya maraq hansı mərhələlərdən keçib? Yunis müəllim, həm tədqiqatçı, həm də şuşalı kimi bu barədə nə deyə bilərsiniz?
Yunis Hüseynov: Mən Şuşadan 1992-ci il may ayının 8-də, axşam saat 7-ə 25 dəqiqə qalmış çıxmışam. Şuşa Topxana, Şuşakənd, Kirs dağı, Xəlfəli istiqamətindən hayların və onların fəal köməkçiləri olan yadelli əsgərlərin pulemyot və top atəşinə tutulmuşdu. Şəhər alışıb yanırdı. Şuşanın ab-havasından əsər-əlamət yox idi. Havadan barıt qoxusu gəlirdi. Əlbəttə ki, 366-cı alayın qarətçi əsgərləri olmasaydı erməni heç vaxt Şuşaya ayaq basa bilməzdi. Mən o əsərləri mərhələ-mərhələ yazırdım. O kitabları çap etdirəndə məni xəyalpərəst adlandırırdılar. Mən isə o kitablarda yazırdım ki, biz cənab Prezidentimizin əmrini və şanlı ordumuzun xilaskarlıq missiyasını gözləyirik. Cənab Prezident uzun müddət münaqişənin sülh yolu ilə həll edilməsi uğrunda fəal mübarizə aparıb. Lakin, ATƏT-in bədnam Minsk qrupunun üç həmsədri Azərbaycanın haqq işini, ədalətli mübarizəsini dondurmaq və torpaqlarımızı haylara verməkdən əl çəkmirdilər. Bizə deyirdilər ki, barışın, razılığa gəlin. Necə barışaq, necə razılığa gələk? Erməni deyir ki, torpağı vermirəm. Torpaq mənimdir.
Mən kitabları yazdıqca hiss edirdim ki, artıq Azərbaycan Prezidentinin müharibə haqqında strategiya və taktikası elmi cəhətdən hazırlanıb. Haylar özlərinə gəlməsələr nə vaxtsa Azərbaycan ordusu zəfər yürüşünə başlayacaq. Və nəhayət Qələbə bizə nəsib oldu. Hələ 2018-ci ildə “Qarabağ” kitabımın 30 nüsxəsini Cocuq Mərcanlıda məktəbə, İcra nümayəndəsinə və digər vəzifəli şəxslərə hədiyyə etmişdim. Mən kitablarımda üstüörtülü yazırdım ki, ermənilər müvəqqəti olaraq işğal etdikləri ərazilərimizin yerüstü və yeraltı sərvətlərini talan edirlər. Ermənilər işğal etdikləri rayonlarımızdan hər il 90 min ton taxıl götürüblər. Cocuq Mərcanlıda Şuşaya doğru dalğalanan bayrağımızı görəndə mən İcra Hakimiyyətinin nümayəndəsinə dedim ki, bu bayraq tezliklə Şuşada dalğalanacaq. Cocuq Mərcanlıda Şuşadakı Yuxarı Gövhərağa məscidinin timsalında çox gözəl məscid inşa edilib. Bu kitabları yazmaqla mən həm şuşalılara ruh gətirirdim, həm də özüm sakitləşirdim. Çünki, mən gözümü açıb Şuşanın dağlarını, çəmənlərini, ormanlarını, körpülərini görmüşəm. Şuşanı Venesiyaya bənzətmək daha doğru olardı. Şuşa şəhərinin ərazisindən çoxlu arxlar keçirdi, biz onlara dərələr deyirik. Evlərin qabağından keçən dərələrin üzərindən körpülər salınmışdı. 4-5 metr uzunluğunda olan belə körpülərin sayı həddindən çox idi.
Biz beynəlxalq ictimaiyyətə sübut etmək istəyirdik ki, münaqişə sülh yolu ilə həll olunsun. Xankəndi Azərbaycanda ən gözəl şəhərlərdən biri idi. Onlar bizdən yaxşı dolanırdılar. Nə desən o şəhərdə var idi. Xankəndində Mehdiqulu xanın ilxıları saxlanılıb. Ermənilərin Qarabağa adiyyatı yoxdur. Ermənilər Cənubi Qafqaza gəlmədirlər. 1828-ci ilin Türkmənçay müqaviləsindən və 1829-cu ilin Ədirnə sülh müqaviləsindən sonra İrandan 40 000, son məlumatlara görə 200 000-dən çox erməni ailəsi Cənubi Qafqaza köçürülüb. Onların əksəriyyəti İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazisində yerləşdirilib. Rus imperiyasının məqsədi Cənubi Qafqazda özü üçün xristian dayağı yaratmaq idi. 1828-ci ildə “Erməni vilayəti”, 1849-cu ildə isə İrəvan quberniyası yaratmaqla çar höküməti öz məqsədinə nail oldu. Ermənini Qafqazda özü üçün bir fiqura çevirdi. Ermənilərin Azərbaycan ərazisində yaşamasını sübut edən heç bir tarixi memarlıq abidələri yoxdur. Qazançı kilsəsi 1836-cı ildə rus əsgərləri və onların ailələri üçün ruslar tərəfindən tikilib. Ermənilərin Qarabağla bağlı heç bir folklor nümunəsi yoxdur.
Camal Mustafayev: Şuşa şəhərinin adı və əhalisinin tərkibi haqqında fikirlərimi bildirmək istəyirəm. 1823-cü ildə Yermolovun tərtib etdiyi “Qarabağ əyalətinin təsviri”ndə (Описание Карабахской провинции. 1823-cü ildə Gürcüstandakı baş hakim polkovnik Yermolov və həqiqi mülki müşavir Mogilevskinin göstərişi ilə tərtib edilib – red.) Şuşa şəhərinin xanlıqlar dövrünə aid 17 məhəlləsi var. Şuşa şəhəri hissə-hissə tikilib. Çuxur məhəllə deyilən Təbrizli məhəlləsi Pənahəli xanın dövründə salınıbdır. Sözügedən kameral təsvirdə ailə başçılarının hamısının bir-bir adları verilir. Təbrizli məhəlləsində yaşayan 62 ailənin hamısı azərbaycanlılardan ibarət olub. Orada qeyri-millətin heç bir nümayəndəsi olmayıb. Pənahəli xan Bayat və Şahbulaq qalalarını tikdirərkən sənətkarlığı inkişaf etdirmək üçün Ərdəbil və Təbrizdən ora ustalar, memarlar köçürülmüşdü. Ona görə də Şuşadakı ilk məhəllə Təbrizli məhəlləsi adlanıb. “Qarabağ əyalətinin təsviri”nə görə Şuşa şəhərində 1823-cü ildə 1500-ə yaxın ailə yaşayırdı. Onun 1000-i azərbaycanlı, 500-ü isə xristian ailəsi idi. Amma bu xristian ailələrinin heç biri erməni deyildi. Bunlar Qarabağ xanlığının Xəmsə məliliklərindən köçüb gələn alban mənşəli əhali idi, onlar sonradan erməniləşdirildi.
Təmkin Məmmədli: Təbii ki, Qarabağ məlikliklərinin ermənilərə heç bir aidiyyatı yox idi.
Camal Mustafayev: Bu tarixdə çoxdan sübut olunmuş bir məsələdir. Ermənilər Qarabağa olan iddialarını alban məlikləri ilə sübut etməyə çalışırdılar. Amma alban məliklərinin erməni tarixinə, mədəniyyətinə və kilsəsinə heç bir aidiyyatı yoxdur. XIX əsrin 2-ci yarısından etibarən ermənilər kütləvi surətdə Cənubi Qafqaza, Azərbaycan torpaqlarına köçürülüb. Köçürülmənin və erməniləşmənin miqyası çox böyük olub. 1897-ci ildə Rusiya İmperiyasında keçirilmiş Əhalinin Birinci Ümumi siyahıyaalınmasında Şuşa şəhərinin əhalisi təxminən 25 min nəfər göstərilir. Ermənilərin Qarabağa kütləvi köçürülməsindən sonra Şuşada cəmisi 10 min nəfər azərbaycanlı var idi. 1917-ci il siyahıyaalınmasında Şuşanın əhalisi təxminən 43 min nəfər olub. Mən bu yaxınlarda Xarici İşlər Nazirliyinin jurnalına “Şuşa şəhərinin yaranması, inkişafı və formalaşmasının əsas mərhələləri” adlı məqalə göndərmişəm. Sovet hakimiyyəti qurulandan sonrakı mənzərəyə diqqət yetirsək görərik ki, 1923-cü ildə Xankəndi Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtına çevrildi. Bu hadisə ermənilərin Şuşa şəhərindən kütləvi şəkildə çıxmasına səbəb oldu. Elə vaxtlar olub ki, Şuşa şəhərində 12 -13 min nəfər əhali yaşayıb. Çünki ermənilər başa düşürdülər ki, Şuşanın onlara heç bir aidiyyatı yoxdur. Özlərinin çirkin niyyətlərini, murdar xislətlərini Şuşada həyat keçirə bilməyəcəklər. Son statistikaya görə Sovet hakimiyyəti dövründə Şuşada 22 mindən bir qədər çox əhali yaşayırdı. 1989-cu ilin məlumatına görə, orada 1300 nəfər erməni qalmışdı. Amma Sovet hakimiyyəti zamanı, Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcudluğu dövründə ermənilər Şuşaya divan tutublar. Şuşanın tarixini məhv etmək üçün, orada Azərbaycanın izini itirmək üçün əllərindən gələni əsirgəməyiblər. Şuşada ən böyük abidələrdən biri olan Xəzinə qayasında tikilmiş böyük imarətləri dağıdıblar. 1964-cü ildə Şuşanın Lenin küçəsində beşmərtəbəli ev tikmək üçün Xanlıqlar dövrünə aid bir neçə karvansaray və hamam da məhv edilib.
Yunis Hüseynov: Düzdür, bunlar gözümün qabağında olub.
Camal Mustafayev: Ümumiyyətlə, Şuşa baxımsız, xaraba bir vəziyyətə salınmışdı. Allah Ulu Öndərə rəhmət etsin. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Şuşanın bir şəhər kimi məhv olmasının qarşısı alındı. Nazirlər Kabinetinin qərarı ilə (“Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin qərarı–red.) 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrildi. Şuşada Şərq Musiqi Alətləri Fabriki istifadəyə verildi, muzeylər açıldı, məqbərələr tikildi.
F.B. – O cümlədən Vaqifin məqbərəsi.
Camal Mustafayev: Vaqifin məqbərəsi 1982-ci ildə tikilib. Bütün bunlar ermənilərə dağ çəkib. Paşinyanın özü də etiraf etdi ki, əhalisinin 90%-dən çoxu azərbaycanlı olan şəhərə necə erməni şəhəri demək olar. Bu faktdır. Biz öz kitabımızda Şuşa adını hündürlük, şiş qaya, yamac mənasında vermişik. Amma mənə elə gəlir ki, bu o qədər də doğru izah deyil. Mən 1-2 ay bundan əvvəl rəhmətlik Qiyasəddin Qeybullayevin Azərbaycanlıların etnogenezindən (К этногенезу азербайджанцев: историко-этнографическое исследование, Баку, 1991 – red.) bəhs edən kitabını vərəqlədim. Qeybullayevin həmin kitabındakı izahat mənə çox inandırıcı gəldi. Azərbaycanda yaşayış yerlərinin böyük əksəriyyətinin adı vaxtilə burada yaşamış tayfalarla bağlıdır. Qeybullayev Korneli Tasitə (eramızın I-II əsrlərində yaşamış Roma tarixçisi-red.) istinadan yazır ki, Şimali Qafqazda türkdilli Dondar tayfaları olub. Dondar tayfaları sonradan Azərbaycana köç ediblər və onun mərkəzi Sosu və ya Şoşu adlandırılıb. Hazırda Tovuz rayonunda Dondar Quşçu kəndi var. 18-ci əsrin 2-ci yarısı, 19-cu əsrin əvvəllərində İrakli ilə döyüşlər zamanı əhalinin çoxu Qazaxdan köç edib Qarabağa gəlmişdi. Qarabağda olan Şıxlı Əskipara, Alpout kəndlərinin əhalisinin hamısı qazaxlılardır. Onlar Qarabağa köçəndə özləri ilə öz kəndlərinin adını da gətiriblər. Bu həmişə belə olubdur. Ağdamdakı Şıxlılar, Şıxlinskilər nəsli də Qazağın Şıxlı kəndindəndir. Qiyasəddin Qeybullayev izahatında qeyd edir ki, Qarabağda bu adda bir neçə yaşayış məntəqəsi, o cümlədən, Şuşa kəndi yaranıb. Şuşa kəndinin əhalisi həmin albanlar və türklər olub. Onlar sonradan xristianlaşıblar.
T.M. – Dondar tayfalarını Azərbaycana gəlişi hansı dövrə təsadüf edir?
Camal Mustafayev: Söhbət ərəb işğallarına qədərki dövrdən gedir.
Yunis Hüseynov: 6-7-ci əsrlər.
Camal Mustafayev: Xalqların Böyük köçü zamanı hunlara qoşulub gələnlər var. XIX əsrdə Şimali Qafqazda da Dondarların qaldığı ərazilərdə bu adda yaşayış məntəqələri qeydə alınıb. Mənə elə gəlir ki, Şuşa adının etimologiyası ilə bağlı elmi cəhətdən əsaslandırılmalı olan fikir budur.
F.B. – Yunis müəllim bir qədər fərqli düşünür.
Camal Mustafayev: Bizim öz kitabımızda da Şuşa adının etimologiyası fərqli şəkildə izah edilib.
F.B. – Yunis müəllim “Qarbağnamə” kitabında Şuşa qalasının etimologiyasını – ərəb sözü “şaişə” (“şuş”) – qəhrəman, mübariz, yenilməz qala kimi izah edir.
Yunis Hüseynov: Molla Məhəmməd əl-Cari “Car salnaməsi” ndə onu çox gözəl izah edib. Mən elə qəbul edirəm.
F.B. – Fikrimcə, “Şuşa ensiklopediyası” olsaydı Şuşa adının etimologiyası ilə bağlı bütün versiyalar orada öz əksini tapardı.
Yunis Hüseynov: Çox gözəl fikirdir. Şəkililər öz şəhərlərini “Qayadan asılmış şəhər” adlandırırlar. Amma biz Şuşanı “Səmadan asılan şəhər” kimi təsvir edirik. Çünki aşağıdan baxanda Şuşa sıldırım qayanın üzərində, elə bil göydən asılı vəziyyətdədir. Bəzi tarixçilər yazırlar ki, Şuşanın indiki ərazisində şəhər olub. Şuşa şəhərinin indi yerləşdiyi ərazilərdə heç bir yaşayış məskəni olmayıb. “Qarabağnamə”nin müəllifinə istinad edərək deyə bilərəm ki, Pənahəli xanın tapşırığı ilə Qarabağ xanlığının yeni paytaxtı üçün ərazi olaraq indi Şuşa adlandırdığımız yeri tapdılar. Gəlib xana deyirlər ki, belə bir ərazi var, amma bu əraziyə insan girə bilməz. İri ağaclarla, kol-kosla, tikanlı kollarla örtülmüş əraziyə Xan özü gəlib baxandan sonra görür ki, bura xanlıq üçün yararlı paytaxt məkanı ola bilər. Sonradan Çuxur məhəllə adlandırılan ərazi kol-kosdan təmizlənir, 2-3 dənə sısqa bulaqdan başqa su mənbəyi olmadığı üçün kankanlar quyu qazırlar. Şuşanın yuxarı hissəsindəki quyulardan şor su, aşağı hissəsindəki quyulardan isə şirin su çıxır. Çuxur və Ağadədəli məhəlləsində meyvələrin yetişməsində bir ay, bir ay yarım fərq var. Aşağıda tut iyun ayının sonunda yetişdiyi halda, yuxarıda iyul ayının sonunda yetişir. Bu Şuşanın unikal şəhər olduğunu sübut edir. Çünki, Şuşa elə bir məkanda, ərazidə yerləşib ki, düşmən onu heç cür ala bilməz.
Camal Mustafayev: Yaqub müəllimlə həmmüəllif olduğum kitabın ön sözündə qeyd edilib ki, Şuşa Qarabağın sinəsində Azərbaycan möcüzəsidir. Yəni ki, Şuşa möcüzədir.
Yunis Hüseynov: Şuşanın payızı da, qışı da, yazı da, yayı da fəsillərə uyğundur. Şuşada küləkli günlərin sayı ildə bir həftədən çox olmur. Şuşada yetişən meyvənin dadı başqa bir ərazidə yetişən heç bir meyvənin dadı ilə müqayisə edilə bilməz. Şuşa bütün xəstəliklərin dərmanıdır. Şuşanın havası astma kimi ağır xəstəliyin dərmanıdır. Xurşidbanu Natəvan ərə getdikdən sonra Xasay xan Usmiyevlə Tiflisdə yaşayırdı. Amma Tiflisdə Natəvan ağır xəstələnəndə həkimlərin məsləhəti ilə onlar Şuşaya qayıdıb gəlirlər.
“Qarabağnamələr”in iki müəllifi Nersesov (Mirzə Yusif Qarabaği- red.) və Həsən İxta Əlizadə Şuşanın yaranma tarixinin 1752-ci il olduğunu yazıblar. Mirzə Camal bəy, Mirzə Adıgözəl bəy isə 1754-1757-ci il kimi qeyd edirlər. Birinci “Qarabağnamə”nin müəllifi Adıgözəl bəy bu əsəri şəxsən özü yazmayıb. Məncə, Adıgözəl bəyin diqtəsi ilə yazılan bu kitabdakı səhv hicri və qəməri tarixlərinin bəlkə də düzgün hesablanmamasından qaynaqlanır.
T.M. – Siz Şuşa şəhərinin əsasının 1752-ci ildə qoyulmasını qəbul etmirsiniz?
Yunis Hüseynov: Mən onu qəbul etmirəm. Şuşanın əsası 1750-ci il avqustun sonu, sentyabrın əvvəlində qoyulub. Tiflisdə Kataşvilinin redaktorluğu ilə nəşr olunan “Opisaniye sobıtiy” adlı jurnalda yazılıb ki, Məhəmmədhəsən xan Qacar Şuşaya hücum edəndə Şuşa şəhəri nəinki var idi, hətta orada pul zərb edilirdi.
Camal Mustafayev: Şuşanın tarixi ilə bağlı hər kəs bir tarix yazır. Xoşumuza gəlsə də, gəlməsə də Qarabağ xanlığı, Şuşa şəhəri haqqında məlumatlar daha çox “Qarabağnamələr”də verilir. Oradakı xronoloji ardıcıllığa əsasən əvvəlcə Bayat, sonra Şahbulaq, axırda isə Şuşa qalası tikilib. “Qarabağnamələr”də yazılır ki, Şuşa şəhərinin əsasının qoyulmasından bir il sonra Məhəmməd Həsən xan Qacar oraya hücum etdi. O vaxtlar tarixşünaslıqda belə bir fikir var idi ki, Qacarın Şuşaya hücumu 1750-ci ildə olub. Amma artıq arxiv sənədləri və mənbələr əsasında sübut olunub ki, Məhəmməd Həsən xan Qacarın Qarabağ xanlığına yürüşü 1757-ci ildə olub. Bütün mənbələrin hamısında Şahbulaq qalasının əsası 1751/1752-ci il göstərilir. Hətta mənim elmi rəhbərim Fuad Əliyevin “Şimali Azərbaycan şəhərləri” kitabında Şuşanın yaranması ilə bağlı 2 müxtəlif tarix göstərilir. Bu yazılardan elə çıxırdı ki, Şuşanın əsası Şahbulaq qalasından əvvəl qoyulub. Əvvəla, bu ardıcıllıq dəyişməzdir. Əvvəlcə Bayat, sonra Şahbulaq, daha sonra isə Şuşa qalası tikilib.
Bəzi mənbələrdə Şahbulaq qalası ilə Şuşanın tikintisinin eyni ildə olması yazılır. Yeni qurulan Qarabağ xanlığınıın, Pənahəli xanın büdcəsi yox idi, dağılmış bir məmləkət idi. Belə bir vəziyyətdə xanın eyni vaxtda iki qalanı tikdirməsi inandırıcı deyil. Mirzə Camal Cavanşir Qarabaği yazır ki, Pənahəli xan Şahbulaqda olarkən bu qalanın onun təhlükəsizliyini təmin edə bilməyəcəyini başa düşdü. Pənahəli xan yeni qala tikintisi üçün müraciətində deyirdi ki, biz dağlar arasında düşmənin hücum edə bilməyəcəyi qala tikməliyik, eyni zamanda bu qala bizim el-obayla da əlaqələrimizi kəsməməlidir. Səhv etmirəmsə, Şuşa şəhərinin tikiləcəyi yeri Pənahəli xana Vərəndə məliyi göstərib.
F.B. – Pənahəli xan Xəmsə məliklərini artıq mərkəzi hakimiyyətə tabe etdirmişdi.
Camal Mustafayev: Bəli.Oranın Şuşakəndin otlaq yeri olmasını da heç kim təkzib etməyib. Yunis müəllim haqlı olaraq qeyd etdi ki, orada heç bir şəhər olmayıb. Osmanlı imperiyasının 1727-ci ildə tərtib etdiyi “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” ən etibarlı mənbə hesab edilə bilər. Həmin sənəddə Qarabağda olan bir şəhər göstərilir. O da dağılmış vəziyyətdı olan Bərdədir. İkinci şəhər isə Bəylərbəyliynin mərkəzi kimi Gəncə göstərilib. Mən hesab edirəm ki, Şuşa şəhərinin əsasının qoyulmasının 1752-ci ildən götürülməsi daha ağlabatandır. Burada söhbət şəhərin tikintisinin başlamasından, yerin seçilməsindən gedir. Şuşa şəhərinin ilk Cümə məscidi qamışdan tikilib.
Yunis Hüseynov: Onu çox düz dediniz.
Camal Mustafayev: Şuşa qala divarının uzunluğu 2,5 km. idi.
T.M. – Şuşa qala divarının uzunluğunu 850 metr və ya 8 km yazanlar da var.
Yunis Hüseynov: Bilmirlər, görməyiblər ona görə.
Camal Mustafayev: Mən onu Elturan Avalovun əsərindən götürmüşəm. O, dəqiq ölçüsünü verib. Həmin o qala divarını İbrahimxəlil xan yenidən tikdirdi. Çünki, o qədər tələsik tikilmişdi ki, möhkəm deyildi və 20-30 il sonra sıradan çıxmışdı. Ona görə İbrahimxəlil xan möhkəm qala divarlarını yenidən çəkdirməli oldu. Şuşa qalasının Gəncə, Ağoğlan və İrəvan qapıları da həmin dövrdə tikilib.
F.B. – Bizim tarixçilərimizin Şuşanın nə adının etimologiyası, nə də yaranma tarixi ilə bağlı yekdil bir fikri yoxdurmu? Bizim belə məsələlərdə yekdil fikrə gələ bilməməyimizdən ermənilər öz məqsədləri üçün istifadə edə bilərlər?
Camal Mustafayev: Mən erməni saytlarını oxuyuram. Onlar həmişə tarixi saxtalaşdırmağa cəhd ediblər və bu yenə davam edəcək. Onlar nə qədər çalışsa da, Şuşanın erməniliklə heç bir əlaqəsi yoxdur. Şuşa şəhərinin daşı, divarı, əhəngi, toponimləri türkçülüklə bağlı olub, O 17 məhəllənin arasında bir dənə başqa dildə izah olunan məhəllə adı yoxdur.
Şuşa şəhərinin əsasının Şahbulaq qalasından əvvəl qoyulması fikri ilə razılaşırsınızmı?
Yunis Hüseynov: Xeyr.
Camal Mustafayev: Şahbulaq qalasının əsası nə vaxt qoyulub?
Yunis Hüseynov: Bayat qalasının əsası 1748-ci ildə, Şahbulaq qalasının əsası isə 1749-cu ildə qoyulub.
Camal Mustafayev: Mirzə Camal bəy yazır ki, Bayat qalasının əsası qoyulandan sonra 3-4 il xanlığın mərkəzi olub.
Yunis Hüseynov: Mirzə Adıgözəl bəyin əsərində tarixi hadisələr xronoloji ardıcıllıqla verilib. Və orada məlum olur ki, Şuşanın əsası 1750-ci ildə qoyulub. Mən bu fikrimin üzərində dururam. Mən Şuşada maarif şöbəsində baş inspektor işləmişəm. Orada Azərbaycan, erməni və rus məktəbləri var idi. Azərbaycan məktəbləri ilə müqayisədə erməni və rus məktəblərində demək olar ki, şagird yox idi. Erməni məktəbinə nisbətən rus məktəbində şagird bir az çox idi. Erməni məktəbinin direktoru uşaqlara şagird forması alanda birinci sinif üçün həmişə 3 uşağın adını yazırdı. Onların da ya anası, ya da atası rus idi. Camal müəllim, siz Şuşada 1300 nəfər erməni olması faktını hardan götürmüsünüz?
Camal Mustafayev: 1989-cu ilin statistikasından. O dövrdə Şuşada heç erməni yox idi?
Yunis Hüseynov: Var idi. Şuşada 350-dən artıq erməni olmayıb. Mən 1950-ci ilə kimi Şuşada 3 erməni ailəsi tanıyırdım. 1950-ci ildən sonra hayların Şuşaya ayağı açıldı.
Camal Mustafayev: Dünyada statistika deyilən elm və fəaliyyət sahəsi var. Azərbaycan şəhərlərinin hamısının statistikası var. 1989-cu ildə Şuşada 350 erməni olmasının da mənbəyini göstərmək lazımdır. Mənim üçün mənbə rəsmi statistikadır.
T.M. – Amma statistik mənbə yanlış və şişirtmə də ola bilər.
Camal Mustafayev: İstənilən halda statistik məlumatlar müqayisə edilməlidir.
Yunis Hüseynov: Şuşada 21 məscid var idi. 17 məhəllənin hər birinin ayrıca məscidindən başqa iki cümə məscidi olub. Bundan başqa bir məscid Mirzənin imarətinin yanında, bir məscid isə gənc qızlar üçün Qurdlar məhləsində fəaliyyət göstərib. 18 hamamdan biri xristianlar üçün olub. Xristianların hamamının ayrı olmasının məqsədi o idi ki, onların suyu müsəlmanların suyuna qarışmasın. İkinci bir tərəfdən isə Tofiq Köçərli “Qarabağ: yalan və həqiqət” kitabında yazır ki, Pənahəli xanın dövründə Şuşada bir xristian ailəsi olub. O da Məlik Şahnəzər xanın qaynatası idi. Camal müəllim, bu kitabı siz də oxumusunuz. Bu fikrə necə yanaşırsınız?
Camal Mustafayev: Mən mənbəyə inanıram. Mənim mənbəyimdə Təbrizli məhəlləsində bir dənə belə xristian yoxdur.
Yunis Hüseynov: Şuşada hər bir küçədə məscid var idi. Hər məscidin qarşısındakı küçədə yaşayan əhalinin sayına müvafiq meydança olub. Meydançanın qarşısında, məscidin sağında ya solunda pir var idi. Məhərrəmlik mərasimlərində adamların hamısı məscidə sığışmırdı. Hər bir küçədən başqa küçələrə 6-7 yol ayrılırdı. Şuşanın memarlığı Azərbaycanın heç bir şəhərinə bənzəmir. Şuşa məscidlərinin tayı-bərabəri yoxdur. Şuşa məscidinin sütunlarını iki adam əl-əl verib ağuşuna ala bilməzdi. Yay vaxtı Şuşa məscidindəki sütunlardan su damcılayırdı. Bu məscidlərin tikintisi Kərbəlayı Səfixan Qarabaği tərəfindən həyata keçirilib.
Gövhərağa vəsiyyət edib ki, mən sizə iki övlad qoyub gedirəm. Bunlar Yuxarı və Aşağı Cümə məscidləridir. Mən sizdən xahiş edirəm ki, onun üzərində yazılan kitabələrdəki cümlələrimə, tələblərimə əməl edəsiniz. Məsciddə yığılan sədəqələrdən ilk növbədə müəllimlərə, ziyalılara, kasıblara, bivarislərə, şikəstlərə, kənardan gələn qəriblərə təmənnasız köməklik göstərəsiniz. Bir də xahişim odur ki, mənim övladlarımın içərisinə murdar adamların girməsinə heç vaxt razı olmayın. Əgər siz bu şərtləri yerinə yetirməsəniz, mənim ruhum sizi dünyada bağışlamaz. Gövhərağa öz vəsiyyətinə görə Kərbəlada dəfn edilib. Natəvanın atası Mehdiqulu xan da Kərbalada dəfn olunub. Şuşa müqəddəs şəhərdir. Şuşa haramlıq götürmür. Mən Şuşa mağarasında olmuşam. O mağaraya Üç Mıx dağı da deyirlər.
Camal Mustafayev: Məmmədəli Hüseynov Şuşa mağarasını araşdırıb. Bizim kitabımızda da ona istinad var.
Yunis Hüseynov: Şuşanın mədəniyyəti Tiflisin mədəniyyətindən yüksək olub. Şuşa musiqiçilərinin Tiflis mühitinə təsiri danılmaz faktdır.
Camal Mustafayev: Bu, mübahisə obyekti ola bilməz.
Yunis Hüseynov: Artıq XVIII əsrin ikinci yarısında İbrahimxəlil xanın sarayında Tarzən Ələsgər başda olmaqla, Həsənçə, Yusif, Tarverdi Həsən, Mirzə Hüseyn, Əli Şirazi, Qaraçı Əsəd, Pərnaz oğlu Məhəmməd, Mirzə İsmayıl, Qaraçı Hacı bəy, Kosa Məhəmməd və başqa xanəndələr olub. İbrahimxəlil xan atası Pənahəli xanın yolunu davam etdirib. O hər zaman xanəndə və sazəndələrə hörmətlə yanaşıb, hərbi səfərlərə gedəndə onları özü ilə aparıb.
Hazırladılar: Təmkin Məmmədli, Ləman Carçalova, 1905.az
Söhbət 18 may 2022-ci ildə baş tutub.
Əvvəlki söhbətlər burada: 1-ci; 2-ci; 3-cü; 4-cü, 5-ci, 6-cı, 7-ci