AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, “Abidələri Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov və Şuşa şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sabiq sədri Vaqif Hüseynovla Şuşadan danışdıq.
Fuad Babayev: Bugünkü söhbətimiz Şuşanın tarixi memarlıq abidələri haqqında olacaq. Şuşa işğalda olduğu onilliklər ərzində ermənilər guya orada aparılan böyük quruculuq işlərindən ağızdolusu danışırdılar. Amma Şuşa azad edildikdən sonra məlum oldu ki, belə bir şey olmayıb.
Vaqif Hüseynov: Ermənilərin təbliğatı həmişə yalan olub.Adam erməni sözünü sadəcə dilə gətirmək istəmir. Şuşa azad olunandan sonra mən orada iki dəfə olmuşam. Möhtərəm prezidentimiz də çıxışlarında dəfələrlə qeyd edib ki, ermənilər Şuşanı xaraba qoyublar. Erməni işğalı dövründə Şuşada bir dənə də olsun ictimai əhəmiyyətli bina tikilməyib. Erməni Şuşanı tam xaraba qoyub gedib. 1905-ci və 1920-ci illərdə Şuşa 2 dəfə yandırılıb, 28 illik işğal dövründə də şəhər darmadağın olub. Ermənilər işğal etdiyi şəhəri tələsik tərk edəndə tarixi əhəmiyyət kəsb edən memarlıq abidələrinin hamısını yandırıb getdilər. Ermənilər Şuşada heç bir quruculuq işi aparmayıb.
Faiq İsmayılov: Mən işğaldan azad ediləndən sonra Şuşaya birinci gedən (15 dekabr 2020-ci il – red.) 60 nəfərlik komissiyanın tərkibində olmuşam, 5 gün orada yaşamışam. 5 gün ərzində 800-dən çox slayd və foto işləmişəm, orada monitorinq aparmışam. Mən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü və Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin fəxri professoruyam. Abidələr mənim son 30 ildə işlədiyim yeganə sahədir. Şuşa şəhərində 2 minə yaxın tarixi mədəniyyət abidəsi var. Onların əksəriyyəti yaşayış evləri olub. Bu abidələrin böyük bir qismi sovetlər dönəmində dağıdılıb. Yəni həmin yaşayış evlərini söküb yerində 5 mərtəbə “xruşovka”lar (1956-73-cü illər arasında tikilmiş 5 mərtəbəli panel binalar – red.), restoranlar, inzibati-sosial binalar tikilib. Şuşadakı tarixi memarlıq abidələrimizin çox böyük bir hissəsi isə Azərbaycan torpaqlarının işğalı dövründə erməni vandalizminə məruz qalıb. Yaşayış evləri və məhəllələr tamamilə yox edilib, onların xarabalıqları qalıb. Gələcək nəsillərə erməni vandalizminin Şuşadakı izlərini göstərmək üçün bu xarabalıqlardan istifadə etməliyik.
F.B. – Vikipediyada “Şuşa abidələri” adlı məqalə var. Bu məqalədə Şuşadakı abidələrin siyahısı yer alıb. Vikipediyadakı Şuşa abidələri haqqında inormasiyalar həqiqəti əks etdirir?
Faiq İsmayılov: Vikipediya ciddi bir platformadır. Xaricdə Şuşa və ya istənilən mövzu haqqında informasiya axtaran şəxs daha çox Vikipediyaya üz tutur və oradakı məlumatlarla qane olur. Bu mənbədə isə yetərincə qeyri-dəqiqlik var. Tutaq ki, Şuşa qala divarlarının uzunluğu 850 metr olduğu halda onu 8 km. göstərmək nəyə lazımdır? Qala Divarları üzərində tikilmiş bürclərin sayı da 17 ədəd deyil. Qala divarları ilə yanaşı şəhərdaxili sarayların da bürcləri olub. Malikanə və saraylar mühafizə divarları ilə bağlanıblar. Yəni bu bürclər hücumların qarşısını almaq üçün istehkam rolu oynayırdı. Mən Şuşadakı 6 sarayı müəyyən edə bilmişəm. Qara bəyim xanın sarayı, Pənahəli xanın sarayı, Xan sarayı, Qacar sarayı, Natəvanın sarayı və s. Qeyd etmək lazımdır ki, Vikipediyadakı və bəzi dövlət qurumlarının saytlarındakı yanlış məlumatlar Azərbaycan dövlətinin əleyhinə yayılan dezinformasiyadır. Azərbaycan Mədəniyyət Nazirliyinin kataloqunda işğaldan azad edilmiş ərazilərdə 700-dən çox tarix mədəniyyət abidələri dövlət qeydiyyatına alınıb. Bu kataloqa daxil edilən abidələr Sovet dövründə işlənərək siyahıya alınmış və keşmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərliyinin Bakıya təqdim etdiyi siyahıdır.
Təmkin Məmmədli: Ümumiyyətlə, Şuşada qeydiyyata düşən və qeydiyyatdan kənar nə qədər tarixi memarlıq abidəsi var?
Faiq İsmayılov: Rəsmi olaraq 2 rəqəmə rast gəlirik. Bəzi yerlərdə 117, bəzilərində isə 230 tarixi memarlıq abidəsinin adı çəkilir. Mənim qeydiyyatımda 850 tarix mədəniyyət abidəsi var.
T.M. – Yəni bu qədər fərq var.
Faiq İsmayılov: Bəli. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 700-dən çox tarix mədəniyyət abidəsinin dövlət qeydiyyatında olduğu rəsmi şəkildə yüksək tribunalardan səsləndirilir. Mən isə 2645 tarixi mədəniyyət abidəsinin həm fotoşəkillərini, həm coğrafi ərazilərini təqdim edə bilirəm.
F.B. – Vaqif müəllim, Siz hansı illərdə Şuşa Şəhər İcraiyyə Komitəsində (Şuşa şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi – red.) çalışmısınız?
Vaqif Hüseynov: Mən 1976-cı ildən 1987-ci ilə qədər Şuşa Şəhər İcraiyyə Komitəsinin sədri olmuşam. İlk növbədə onu qeyd edim ki, Şuşa mahiyyəti etibarilə unikal təbiət abidəsidir. Bu şəhərin inkişafı 2 mərhələdən ibarət olub. Birinci mərhələdə şəhərin əsası Pənahəli xan (1693-1763) tərəfindən qoyuldu. 2 il ərzində qala divarları və müxtəlif təyinatlı binalar tikildi. Şəhərin Aşağı məhəllə adlanan hissəsinin formalaşması prosesi başlandı və axıra çatdırıldı. Aşağı məhəllənin formalaşdırılması Qarabağın eyni adlı ətraf kəndlərindən gələn əhali tərəfindən həyata keçirildi. Mən bu kəndlərin adını çəkmək istəyirəm. Şuşa şəhərinin şərq hissəsini əhatə edən məhəllələr Seyidli, Qurdlar, Hacı Yusifli, Çöl Qala, Culfalar, Quyuluq, Çuxur kəndlərindən gələn istedadlı memarlar, sənətkarlar və tacirlər tərəfindən formalaşdırıldı. İkinci mərhələ isə İbrahimxəlil xanın (1759-1806) dövrünə təsadüf edir. Həmin dövrdə Şuşanın Yuxarı məhəlləsi Qarabağın Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı və Təzə kəndlərindən gələn əhali tərəfindən formalaşdırılıb. Buradakı evlərin əksəriyyəti iki mərtəbədən ibarət olub. Şuşadakı bu evlər qranit tərkibli put (yonulub hamarlanmamış daş – red.) daşlarla tikilib. Divarların qalınlığı 1 metrə qədər çatırdı. Bu da evlərin yayda sərin, qışda isti olmasını təmin edirdi. Evlərin eyvanları şəbəkələrlə bəzədilərdi. Sovet dövründə görülən işlərdən danışarkən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin ucaldılmasını xüsusi qeyd etmək istəyirəm. Vaqif məqbərəsinin memarı Eldar Kanukov olub.
Faiq İsmayılov: Mən Şüşa memarlığının özəlliyinə diqqət çəkmək istəyirəm. Vaqif müəllimin də qeyd etdiyi kimi hətta XVIII-XIX əsrlərə aid evlərin də əksəriyyəti ikimərtəbəli olub. Həmin ikimərtəbəli evlərin eyvanları da təbii şəraitə uyğun idi. Yəni günəşin çıxması və batması, küləyin istiqaməti nəzərə alınırdı. 2 mərtəbəli evlərdə otaqların sayı çox olurdu. Qədim evlərin başqa bir özəlliyi də orada bir-birinə paralel buxarıların (buxarı – divar içində hörülmüş ocaq- red.) quraşdırılması idi. Buxarı vasitəsilə qışda divarın içi ilə tüstü bayıra xaric olurdu. Yayda isə bu buxarı otağın içində olan rütubəti bayıra aparırdı, otaqda hava sirkulyasiya edirdi. Həmin otaqlar nə qədər bağlı qalsa da orada iylənmə, kiflənmə olmurdu.
F.B. – Şuşa memarlığına xas özəlliklər öyrənilib? Media çalışmalıdır ki, Şuşanın memarlığına bələd olmayan, ümumiyyətlə, bu sahədə informasiyası az olan oxucumuz da bu məlumatlardan bəhrələnə bilsin. Şuşa memarlığı yetərincə öyrənilib?
Faiq İsmayılov: Xeyr. Öyrənilməyib.
Vaqif Hüseynov: Şuşanın memarlıq abidələrinin öyrənilməi ilə əlaqədar Şamil Fətullayev çox iş görüb. Ş.Fətullayev Şuşanın iri yaşayış binalarının, məhəllə bulaqlarının və məscidlərinin hamısının çertyojlarını işləyib hazırlayıb. Mədəniyyət Nazirliyinə təqdim olunmuş həmin çertyojların surəti məndə də var.
Faiq İsmayılov: Görülən işləri təbii ki, təbliğ etməliyik. Şuşa memarlığının inkişafında böyük layihələr olub. Məsələ burasındadır ki, həmin layihələrdə binanın əzəməti görünsə də evlərin quruluşunda bayaq qeyd etdiyim nüanslar nəzərə alınmayıb.
Bülbülün ev-muzeyinin bərpası başlayanda biz onun çertyojunu hazırlayaraq mətbuatda yaydıq. Bundan sonra Prezidentin tapşırığı ilə Bülbülün ev-muzeyinin bərpasına başlanıldı. Təqdim olunan layihə-smetanı uzun müddət Mədəniyyət Nazirliyində çalışmış memar Rizvan Bayramov hazırlayıb. Təqdim olunan layihənin çertyojunda kobud səhvlərə yol verildi. Bülbülün ev-muzeyi sanki villa kimi nəzərdə tutulurdu. Abidənin divarları üzərindəki örtüklər, giriş darvazısının iki dəfə böyük və hündür verilməsi belə düşünməyə əsas verir. Mən layihəyə qəti etiraz edəndən sonra bir qisim qüsurlar aradan qaldırıldı. Yəni örtüklər götürüldü, darvaza kiçildildi. Amma ev-muzeyin həyətində Bülbülün güllələnərək dağıdılmış büstü ilə yeni büstünün yanaşı qoyulması çox kobud səhvdir. Bülbülün güllələnmiş büstü üçün ayrıca kompozisiya yaradılmalı idi. Həmin kompozisiyada insanlar ermənilərin burada hansı vəhşiliklər törətdiyini görməli idi.
Hər hansı tarixi memarlıq abidəsinin bərpasına başlamazdan öncə onun bütün materiallarının laboratoriya analizi aparılmalıdır. Şuşada da bərpa işləri aparılarkən yerli materiallardan istifadə olunmalıdır. O dövrdə bərkidicilərin alındığı maddə bu gün də Şuşanın ərazisində var. Sadəcə həmin materialları tapıb ondan istifadə etmək lazımdır. Şuşa abidələrinin tikintisində daha çox gəcdən (gəc – gillə gipsin qarışığından hazırlanan al-sarımtıl rəngli maddə, suvaq işlərində istifadə olunur – red.) istifadə olunub.
F.B. – Vaqif müəllim, Siz Şuşanı neçənci ildə tərk etmisiniz?
Vaqif Hüseynov: 1992-ci il mayın 8-də.
F.B. – Bəs Şuşa işğaldan azad olunandan sonra ora nə vaxt getdiniz?
Vaqif Hüseynov: Mən işğaldan azad olunandan sonra Şuşaya “Xarıbülbül” festivalı zamanı (12-13 may 2021-ci il – red.) getdim.
F.B. – Siz 1992-ci ildə tərk etməyə məcbur qaldığınız Şuşanı necə gördünüz?
Vaqif Hüseynov: 30 il keçməsinə baxmayaraq mənə elə gəldi ki, Şuşadan dünən çıxmışan. Amma Şuşanı gəzəndə insan dəhşətə gəlir, sanki şəhər balacalaşıb.
F.B. – Şəhərin balacalaşması yəqin ki, dağıntı ilə əlaqədardır.
Vaqif Hüseynov: Bəli. Şuşa şəhərinin aşağı hissəsinin 90 faizi dağıdılıb.
F.B. – Bu dağıntılar 1992-ci il döyüşlərinə aiddir, yoxsa sonrakı dövrə?
Vaqif Hüseynov: Mənə çatan məlumatlara görə bu dağıntılar ermənilərin Şuşanı tərk etməyə məcbur qaldığı dövrə aiddir.
İstər 1992-ci ildə Birinci Qarabağ müharibəsi dövründə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə Şuşada ciddi dağıntılar olmayıb. Ermənilər son 28 ildə məqsədli şəkildə tarixi memarlıq abidələrini söküb yerində başqasını tikməklə Şuşanın formasını dəyişdirdilər.
Mən Şuşadakı kilsələrdən danışmaq istəyirəm. Nəinki Şuşada, bütün Qarabağda heç vaxt erməni kilsəsi olmayıb. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyası Azərbaycanın bir çox bölgələri kimi Şuşaya da daxil oldu. İndiki Qazançı kilsəsinin yerində 1722-ci ildə tikilmiş Alban memarlığına aid birnefli (bir zallı –red.) məbəd olub. 1800-cü illərdə bu məbədin yanında rus komandanlığının göstərişi ilə zəng qülləsi tikilərək dindar rus əsgərlərinin istifadəsinə verildi. Bundan başqa Xanlığın Divanxanasından da rus əsgərlərinin ibadəti üçün istifadə edilib. Sonradan zəng qülləsi rus əsgərlərinin ibadəti üçün darısqal olduğu üçün alban məbədini söküb onun yerində kilsə tikmək zərurəti yarandı. O dövrdə müsəlmanın kilsə tikintisində işləməsi qeyri-mümkün idi. Beləliklə, kilsə tikmək üçün mülki əhali tapa bilmədiklərinə görə ruslar Culfanın Qazançı kəndindən Şuşaya erməni əhalini köçürdülər. Qazançı kəndindən gələn ermənilər kilsənin tikintisindən sonra Şuşada qalaraq elə kilsənin ətrafında məskunlaşıb orada yaşadılar. Şuşa camaatı Culfadan gələn erməniləri qazançılar adlandırırdı. Elə bu səbəbdan də kilsənin adına Qazançı kilsəsi deyilməyə başladı. Memarlıq quruluşu baxımından həmin abidə rus pravoslav memarlığına uyğundur. Qriqoryanlara qəti aidiyyatı yoxdur. Əgər Qazançı kilsəsi qriqoryanlara məxsus olsaydı onun əsas binasının üstü piramida şəklində olmazdı. Məndə Qazançı kilsəsinin 1868-ci ilə aid şəkilləri var. Həmin şəkillərdə Qazançı kilsəsinin memarlıq quruluşu tamam fərqlidir. Ermənilər belə saxtakarlığa əl ataraq Şuşadakı alban mənşəli tarixi memarlıq abidələrimizi erməniləşdiriblər.
T.M. – Ermənilər Qazançı kilsəsindən başqa Şuşada saxtalaşdırdıqları hansı tarixi memarlıq abidələrinə iddia edirlər?
Faiq İsmayılov: Ermənilər Şuşa şəhərini 2005-ci ildə dünya ermənilərinin dini mərkəzi elan ediblər. Onlar bütövlükdə Şuşanın formasını erməniləşdirməyi düşünürdülər. Ermənilər hər il 100 min dollar təkcə kitab çapına pul xərcləyirdilər. Mən Beynəlxalq Avrasiya Memarlar Təşkilatının ermənilərin də iştirak etdiyi Forumunda Qarabağla bağlı məruzəçi idim. Məndən əvvəl çıxış edən ermənilərdən soruşurdum ki, əgər Qarabağ ərazisi sizə məxsusdursa, niyə bu toponimləri dəyişdirirsiniz, əgər bu abidələr sizindirsə işğal dövründə niyə onun formasını dəyişib erməniləşdirirsiniz. Təbii ki, bu suallarım cavabsız qalırdı. Ümumiyyətlə bizim ən böyük səhvimiz Şuşanın tarixini Pənahəli xanın şəhər salmasından başlamağımızdır. Amma Pənahəli xan mövcud yaşayış məskəninə gəlib və orada məhəllələr salıb, Şuşanı qalaya çevirib.
Vaqif Hüseynov: Şuşa şəhər İcraiyyə Komitəsi rayon tabeliyində olan qurum idi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi də əsasən Rayon Partiya Komitəsi və Rayon İcraiyyə Komitəsi ilə işləyirdi. Biz müəyyən dərəcədə kölgədə qalırdıq. Mən Şuşada işlədiyim dövrdə orada azərbaycanlıların sayını artırmağa çalışırdım. Ona görə də ətraf rayonlardan, – Laçından, Ağdamdan, Bərdədən, lap elə Bakıdan Şuşaya gəlib ev tikmək istəyənlərə şərait yaradırdıq. Buna görə mən dəfələrlə partiya töhməti almışam.
T.M. – Ümumiyyətlə, Şuşada demoqrafik vəziyyət nə vaxtsa ermənilərin xeyrinə yaxşı olub?
Vaqif Hüseynov: 1969-1979-cu illərdə Vilayətdə (keçmiş DQMV -red.) ermənilərin sayının 5 faiz azalmasına rəğmən, azərbaycanlıların sayı 5 faiz artdı. Əhalinin artım surəti bu templə gedirdi. Bu da Şuşadakı məskunlaşma ilə əlaqədar idi. Vilayətin digər rayonlarındakı Azərbaycan kəndləri tam əsarət altında idi, orada artımdan söhbət belə gedə bilməzdi. Mən 1978-ci ildə Rayon Partiya Komitəsinə gələndən sonra birinci katib Vaqif Cəfərovun (1988-ci ilin avqust ayından 1991-ci ilin oktyabr ayınadək Şuşa rayon Partiya Komitəsinin I katibi vəzifəsində işləyib – red.) məsləhəti ilə yenidən Şuşa Şəhər Sovetinə getdim. Mən onda Vaqif müəllimə dedim: “Şəhər Sovetinə o şərtlə gedərəm ki, onun statusu dəyişdirilsin.” Bu 1990-1991-ci illərə təsadüf edir. Mən müvafiq sənədləri hazırlayıb respublika rəhbərliyinə təqdim etdim və öz məqsədimə nail oldum. 1990-cı ilin fevral ayının 7-də Ali Sovetin qərarı ilə Şuşa Vilayət tabeli şəhər statusu aldı. O vaxt Xankəndi özü də Vilayət tabeli şəhər idi, biz Vilayətdən kənara çıxa bilmirdik. Bu statusdan sonra Şuşanın inkişafı tamam başqa cür olacaqdı. Əfsuslar olsun ki, erməni işğalı buna imkan vermədi.
F.B. – Siz 1992-ci ildə Şuşanın işğalına qədər orada olmusunuz. Aqanbekyanın “Humanite” qəzetinə verdiyi məlum müsahibəsindən və Heydər Əliyevin Politbürodan uzaqlaşdırıldığı 1987-ci ildən 1992-ci ilə qədər Şuşada hansı proseslər getdi?
Vaqif Hüseynov: Aqanbekyan Fransadakı müsahibəsində belə bir cümlə də işlətmişdi ki, Qorbaçovla danışıb, Qarabağ Ermənistanın olacaq. Ondan sonra ermənilər, xüsusən də Ermənistandan gələn ermənilər, “Krunk” təşkilatı Vilayətdə fəallaşmağa başladılar. Azərbaycanlıların bu hərəkata qarşı reaksiyası çox zəif oldu. Biz Mərkəzi hökumətə teleqramlar vurur, ermənilərin SSRİ-ni dağıtmağa yönəlmiş separatizmini ifşa edən yazılar yazırdıq. Həmin dövrdə mən (11 iyun 1988-ci il – red.) Şuşa Şəhər İcraiyyə Komitəsində işləyəndə 1-ci katib Niyaz Hacıyevin (Şuşa rayon Partiya Komitəsinin I katibi olub – red.) yanına gedib respublika deputatlarından imza toplamaq vasitəsilə DQMV-nı ləğv etmək təklifini irəli sürdüm. Təcili olaraq Azərbaycan SSR Ali Sovetinin XI cağırış 7-ci sessiyasına müraciət hazırlandı və burada vilayətin ləğv olunması əsaslandırıldı. Kifayət qədər imza toplayan bu müraciət təəssüf ki, nəticəsiz qaldı. Bu barədə Niyaz Hacıyevin 2005-ci ildə nəşr edilmiş “Dağlıq Qarabağın tarixindən sənədlər” kitabında ətraflı məlumat verilib.
T.M. – Vaqif müəllim, Qala divarının üzərindəki “Şuşa” yazısı haqqında məlumat verməyinizi istərdik.
Vaqif Hüseynov: “Şuşa” sözünü o vaxt mən yazıb qala divarına quraşdırmışam.
F.B. – O yazı Şuşanın vizit kartı hesab edilə bilər.
Vaqif Hüseynov: Çox düzgün qeyd etdiniz ki, o yazı Şuşanın vizit kartı idi. Şuşa işğalda olduğu dövrdə bütün dünya Şuşanın Azərbaycana məxsus olmasını o yazı ilə tanıyıb.
F.B. – Şuşanın işğaldan azad olunmasından keçən 2 il ərzində hansı boşluqlar olub? Bizim platformadan istifadə edərək Siz hansı təklifləri səsləndirmək istərdiniz?
Faiq İsmayılov: Dövlət öz üzərinə düşəni gücü çatan səviyyədə edir. Problemlərin aradan qaldırılması üçün cəmiyyəti, ictimaiyyəti buna sövq etmək məqsədilə vəsaitlər ayırır. Amma mən indiyə kimi hər hansı bir QHT-nin Vikipediyanın redaktəsi ilə bağlı hazırladığı layihəyə rast gəlməmişəm. Çünki Vikipediyadakı bütün yazıları istinad göstərməklə redaktə etmək mümkündür.
F.B. – Bunu hər birimiz edə bilərik.
Faiq İsmayılov: Bəli, hamımız edə bilərik. Adətən nöqsan olanda günahı özümüzdə deyil, başqasında və ya dövlətdə görürük. Bəs biz özümüz nə etmişik? Şuşa şəhərinin indiki bərpasına ictimai nəzarət yaradılmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa alınan zaman ilk çıxışında deyirdi ki, Şuşanın tarixini özünə qaytarmalıyıq. Şuşanın tarixi ilə bərabər biz onun gözəlliyini də özünə qaytarmalıyıq. Erməni vandalizmini mətbuata çıxarmalıyıq. Bunun üçün kifayət qədər materiallarımız var. AMEA-nın Tarix İnstitutu Şuşanın tarixi mədəniyyət abidələrinin xronoloji ensiklopediyasını çapa hazırlayır.
Vaqif Hüseynov: Bərpa işlərindəki müəyyən çatışmazlıqlar isə zamanla aradan qalxacaq. Şuşanın baş planı tam hazır olandan sonra şəhərin köhnə məhəllələrinin bir neçə variantda detal planlaşdırma layihəsi işlənməlidir. Mən təklif edərdim ki, Şuşada Pənahəli xanın at belində heykəli ucaldılsın.
Faiq İsmayılov: Mən təklif edərdim ki, Şuşa şəhərindəki saraylar XVIII əsr memarlığına və sosial mədəniyyətinə uyğun bərpa olunaraq otel kimi istifadəyə verilsin.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 5 may 2022-ci ildə baş tutub.
Əvvəlki söhbətlər burada: 1-ci; 2-ci; 3-cü; 4-cü, 5-ci, 6-cı