Bakı Bloggerlik məktəbinin təsisçisi Yelena Eyvazlı-Sidorenko və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının idarə heyətinin üzvü Lalə Mehdiyeva ilə danışdıq.
Fuad Babayev: Azərbaycanda blogger olmaq. Bu barədə nə deyə bilərsiniz?
Lalə Mehdiyeva: Bloggerlik mövzusu olduqca aktualdır və ölkəmizdə bu sahə durmadan inkişaf edir. Həm də yalnız bloggerlik deyil, bununla yanaşı video-bloggerlik də çox yayılmaqdadır. Müasir dövrdə hər kəs yeni texnologiyalardan istifadə edir. Görürük ki, gənclərimiz müxtəlif mövzularda YouTube kanalları açırlar. Təəssüf ki, Azərbaycanda bu hal çox zaman dəblə bağlı olur. Çox istərdik ki, Azərbaycanı xaricdə düzgün tanıdan, ölkəmiz haqqında xoş imic yaradan bloggerlərimiz yetişsin.
Fuad Babayev: Bu, hamımızın istəyidir. Lalə xanım, Siz “Bloger-V-bloger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihə həyata keçirmişiniz.
Lalə Mehdiyeva: Mən hal-hazırda əvvəllər sədri olduğum Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatında (AGAT) idarə heyətinin üzvüyəm. 2 il bundan öncə təşkilatımız bir təşəbbüs irəli sürdü və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Azərbaycan reallıqları haqqında bilib-bilmədiklərimizdən bəhs edəcək bir bloggerlik məktəbi açdıq. Əslində buna bloggerlik məktəbi demək də olmaz. Seminar xarakterli bu tədbir 10 nəfər blogger yetişdirmək istiqamətində həyata keçirilirdi. Biz həmin o jurnalist bloggerləri gənclər ilə görüşdürdük. Görüş Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində həyata keçirildi. Həmin tədbirdə iştirakçılar əsasən Jurnalistika fakültəsinin tələbələri olsa da, başqa gənclər də bizə müraciət etmişdilər və iştirak etdilər. Biz o gəncləri bloggerlər ilə görüşdürdük və blogger olmağın ən doğru yolu nədir, hal-hazırda hansı istiqamət daha aktualdır – bu kimi suallar barədə ongünlük seminar keçirdik. Mövzumuz da daha çox Azərbaycan və Azərbaycan həqiqətləri barədə idi. Burada yalnız Qarabağ həqiqətləri deyil, ümumiyyətlə, ölkəmizin milli-mənəvi dəyərləri, elmi, ədəbiyyatı, Azərbaycanla bağlı dəb mövzusu və s. barədə müzakirələr oldu. Gənclər hansı istiqamətdə gedəcəklərini özləri seçirdilər. Sadəcə olaraq bloggerlər və jurnalistlər öz təcrübələrinə əsaslanaraq bunun texnikasını gənclərlə bölüşdülər.
Fuad Babayev: Yelena xanım, Siz Bakı Bloggerlik Məktəbinin təsisçisisiniz. Sizə ənənəvi bir sual vermək istərdim: necə oldu ki, Siz bu məktəbi təsis etdiniz? Bizim blogerlik dünyada olan blogerlikdən nə ilə fərqlənir?
Yelena Eyvazlı-Sidorenko: Ümumiyyətlə, son dövrlər bütün ölkələrdə hər şey dəbdən başlayır. Sadəcə, ölkəmiz gənc olduğundan, bizdə hər şey bir qədər gec baş verir. Amma deməzdim ki, Azərbaycanda əsl bloggerlik fəaliyyəti çox da aktualdır. Hətta bəziləri bloggerlik nədir bilmir; bir çox bloggerə sual verəndə, bloq ilə v-bloq arasında fərqin nədən ibarət olduğu sualına cavab tapmır. Onlara görə bloq – video çəkmək, özünü göstərmək, həyatını reklam etməkdir və s. Lakin maarifləndirici, hansısa məna daşıyan videolar ilə bağlı deyə bilərəm ki, bu sahələrdə problemlər var.
Ümumiyyətlə, məktəbin təşkili ideyası necə yarandı… Bu yay mən işimdən bir az kənar qaldığım üçün xeyli asudə vaxtım yarandı və ətrafda baş verənləri çox rahat şəkildə analiz etməyə başladım. Qardaşımın qızı bizdə qalırdı və görürdüm ki, bütün günü YouTube kanalına girir. Bu qız, rusca təhsil aldığından, rusdillidir. Amma mən onun danışığında Rusiya ləhcəsini, jarqonlarını hiss etməyə başladım. Öyrəndim ki, Rusiya uşaq bloggerlərini izləyir. Araşdırdım ki, rəfiqələri, dostları da bu kanala baxırlar. Bu, məndə böyük həyəcan hissi yaratdı. Çünki Rusiyada 13 yaşlı blogger oğlanla necə münasibət yaratdığı və onunla münasibətə nədən son qoyduğu, makiyajın necə olması, həyata baxış və s. barədə videolar çəkir, mentalitetimizə uyğun olmayan bu videoları çox rahat yayımlayır. YouTube-da böyüklər və kiçiklər üçün bölmələr var. Uşaqlar YouTube Kids-ə baxdığı zaman belə, pis vərdişlər qazana bilərlər. Çox narahat oldum və bu zaman məndə Bakı Bloggerlik Məktəbini yaratmaq ideyası yarandı. Evdə bu ideyamı ciddi qəbul etmədilər. Jurnalistika ilə bağlı bir iş olsa idi, heç bir problem yoxdur, bəs bu nə üçün lazımdır. Amma bilməliyik ki, bloggerlik jurnalistikanı da özündə birləşdirir və jurnalistikanın yeni bir növüdür. Alternativ media kimi yalnız saytlar qələmə verilir. Əslində, deyəndə ki, jurnalistika 4-cü hakimiyyətdir, o zaman, məncə bloggerlik yeni dövrün yeni hakimiyyət qoludur.
Hələ 2008-ci ildə ANS kanalında fəaliyyət göstərdiyim zaman ABŞ-a seminarlara getmişdim. O zaman iş vaxtı bizə Facebook, Odnoklassniki və s. sosial şəbəkələrə giriş qadağan idi. Amma Amerikada həmin dövrdə proqram çərçivəsində bir televiziyanı ziyarət vaxtı sosial şəbəkələr ilə işləyən 40 nəfərdən ibarət iş departamenti gördüm. Bu adamlar bütün günü sosial şəbəkələri araşdıraraq, oradan müxtəlif mövzu tapıb onları jurnalistika mövzusuna çevirirdilər və çox maraqlı eksklüziv xəbərlər alırdılar.
Bu məktəbi yaratmaqda məqsədim uşaqları müdafiə idi. Birinci ideyam ondan ibarət oldu ki, öz uşaq bloggerlərimiz olsun və onlar da bizim stereotipləri, mentallığımızı, tərbiyəmizi, mədəniyyətimizi, tariximizi təbliğ etsinlər. Ölkəmizdə çox geniş kütlə əsasən rus və digər xarici bloggerləri izləyir. Amma yaxşı olardı ki, bu izləyicilər bizim bloggerləri seçsinlər. Bunun üçün də bloggerlərimiz ulduz olmağa nail olmalıdırlar ki, geniş kütlə onları tanısın.
Yayda bir pilot layihə – “yay məktəbi” kimi üç aylıq bir kurs düşündüm. Böyük maraq oldu, “blogger” sözünü eşidən valideynlər, uşaqlar məktəbə axın etdi. Görürsən ki, valideyn istəyir ki, uşağı blogger olsun, amma uşaq bunun nə olduğunu anlamır, heç marağı da yoxdur.
Fuad Babayev: Bəs nəyə görə valideyn uşağının blogger olmasını istəyir?
Yelena Eyvazlı-Sidorenko: Hər bir sahədə şöhrətpərəstlik bizə xas olan xüsusiyyətdir. Bəzi valideynlər də istəyir ki, uşağı ulduz olsun. Hətta bəzi analar belə bir məqsədlə özlərinə kanal açırlar ki, gələcəkdə uşağını inkişaf etdirsin.
Lalə Mehdiyeva: Həm də müxtəlif şirkətlər ilə əlaqə qururlar, əməkdaşlıq edirlər, çünki gəlir mənbəyidir.
Yelena Eyvazlı-Sidorenko: Əslində, böyük gəlir mənbəyidir. İlk dərsimdə uşaqlara sual verdim ki, bura niyə gəlmisən və bloggerlik fəaliyyətindən nə umursan. Cavablar belə oldu – birincisi, gəlmişəm ki, tanınmış olum; ikincisi, pul qazanım.
Mehman İbrahimov: Blogger ilə youtuberin fərqi nədir?
Yelena Eyvazlı-Sidorenko: Blog sözü “web” və “log” ifadələrindən yaranıb. Yəni “web” sözündəki “b” və “log” sözü bir yerdə “blog” sözünün yaranmasına səbəb olub. Blog – elektron gündəlik deməkdir. Youtuber isə vlogger deməkdir.
Mehman İbrahimov: Uşaqlar da məhz video bloggerliyə meyllidirlər.
Yelena Eyvazlı-Sidorenko: Hamının əlində telefon var və bu telefondan rahatca xəbərləri oxuya bilirlər. Amma artıq bu xəbərləri oxumağa ərinirlər, dövr artıq qısa videolara maraq yaradıb. Facebook-da reklam kimi hansısa bir şəkli qoysanız, sizdən həmin reklam üçün çox pul alacaq, lakin bir video qoysanız, reklam xərci daha az olacaq. Bu cür xırdalıqlar var. Nəyə görə? Son vaxtlar sosial şəbəkələr yeni bir sistemə keçib, artıq videoya baxmaq üçün hansısa düyməyə basmağa ehtiyac yoxdur, səhifəyə keçən kimi video avtomatik açılır. Yəni sosial şəbəkələr videoları bizə “yeridir”. Tələb və təklif anlayışları var. İnsan düşünür ki, bu əgər tələb olunursa, niyə də bunu etməyim. Niyə oturub yazı yazım, həm də hərf səhvlərini düşünüm. Və, insanlar yazı ilə o qədər populyar ola bilmirlər, video ilə isə bu çox asandır. Fikir verin, son illərdə bütün TV kanallarımızın sosial şəbəkələrdə və YouTube-da öz kanalı var. Çünki anlayırlar ki, insanların çox hissəsi bu xəbərləri, məlumatları, hadisələri artıq bu qurğu vasitəsi ilə görmək istəyirlər, televizoru yandırıb baxmaq istəmirlər.
Fuad Babayev: Televizoru müəyyən vaxtda – istədiyi veriliş başlayanda izləməlidir, burada isə istədiyi vaxt ona baxa bilər.
Yelena Eyvazlı-Sidorenko: Üstünlüklər çoxdur. Bakı Blogger Məktəbinin məqsədi o deyil ki, hamı – taksi sürücüsü də, mağaza satıcısı da və bütün şəhər blogger olsun.
Son zamanlar apardığım araşdırmalar göstərir ki, əhalimizdə – uşaqdan böyüyə çox böyük kompleks problemi var. 35-45 yaşda olan insanlar bu komplekslə mübarizə aparmaq üçün bizim treninqlərə qoşulurlar.
Fuad Babayev: Hansı komplekslər? Yaxşı komplekslər də var. İnsanı insan edən də, müəyyən mənada, komplekslərdir.
Yelena Eyvazlı-Sidorenko: Mən yaxşı komplekslərdən danışmıram. Siz dediyiniz tərbiyə, abır-həyadır. Mən bunları nəzərdə tutmuram. Insan var ki, sadəcə sizinlə oturub danışanda çox çəkinir, iki cümlə qurub deyə bilmir. Məgər bu cür insanlar azdır? Uşaqdan böyüyə, hətta məmurlarda belə fikir dağınıqlığı olur. İnsan bəlkə də öz sahəsində gözəl mütəxəssisdir, amma fikrini ifadə edə bilmir. Mənim qrupumda 25 nəfər var və onlar mənimlə təklikdə çox sərbəst və rahat danışırlar, amma kimi isə auditoriyada 25 nəfərin qabağına çıxartsam, iki cümləni birləşdirib öz fikrini dəqiq çatdıra bilməyəcək.
Fuad Babayev: Çünki auditoriyadan qorxma, çəkinmə məsələsi vardır.
Yelena Eyvazlı-Sidorenko: Bəli, həm bu, həm də diksiya, ləhcə problemi, jestlər… Biz təkcə demirik ki, telefonunu götür, get çək, blogger ol. Əsas məqsədimiz bu deyil. İnsanları sevdikləri vasitələr ilə idarə etmək lazımdır.
Fuad Babayev: Bloggerin pul qazanma modeli haqqında oxucularımıza nə deyə bilərsiniz? Bu, yalnız baxış sayı və reklamlar ilə mümkündür?
Yelena Eyvazlı-Sidorenko: Əsasən 3 istiqamət mövcuddur. Birinci istiqamət odur ki, izləyicilərin sayı artdıqca və bu say minlərlə, milyonlarla olduqda, YouTube kanalı həmin insana ödəniş edir. YouTube-un özünün həvəsləndirici – gümüş, qızıl, brilyant düymələri həmin insana təqdim olunur, eyni zamanda mükafat verilir. Yəni izləyicilərin artdıqca pul qazanmağa başlayırsan. İkincisi, fikir vermisinizsə, YouTube-da bir videoya baxdığınız zaman, video dayanır və arada reklam gedir. Həmin video bloklara görə də videonun sahibləri ödəniş alır. Üçüncü, blogger populyarlaşdıqca, həmin sahədə marağı olan şirkətlər, brendlər, sahibkarlar bu bloggerlərə müəyyən vəsait ödəyirlər ki, öz məhsullarını populyar etsinlər. İki cür reklam var: açıq, hansı ki konkret məhsulu reklam edir və gizli, yəni sadəcə, video çəkiliş apardığınız zaman orada hansısa brendin adı görünür.
Biz ev tapşırıqları veririk, hər həftə müxtəlif mövzularda videolar çəkilməlidir. Dərsə gələn də başa düşür ki, blogger olmaq böyük bir əziyyətdir.
Fuad Babayev: Həm də ciddi işdir. Insanlarsa buna əyləncə kimi baxırlar.
Yelena Eyvazlı-Sidorenko: Çünki Azərbaycanda əksər bloggerin fəaliyyət istiqaməti əyləncədir. Onları da qınamaq olmur, tələb təklifi nəzərə alırlar.
Lalə Mehdiyeva: Mən bir neçə dəfə öz fəaliyyətimlə bağlı bloq açmaq istəmişəm. Mövzum gənclər və onların inkişafı idi. Yəni ciddi mövzu idi. Mənə bir neçə blogger dedi ki, bundan gəlir əldə edə bilməzsən. Gəlir əldə etmək, qazanmaq istəyirsənsə, ciddi mövzu olmamalıdır. Məsələn, musiqi, yaxud dəb ilə bağlı bloq gəlir gətirə bilər.
Yelena Eyvazlı-Sidorenko: Bu, Azərbaycanda belədir. Əslində, bloggerlik ölkəmizdə aktual deyil. Biz bu prosesdə girişin hələ əvvəlindəyik. Aleksandr Lapşin məsələsinə diqqət yetirək. Bu adam siyasi bloggerdir, Dağlıq Qarabağa qanunsuz səfər etmişdi, sonra da həbs olundu. Amma Lapşin siyasi bloqu ilə çox populyarlıq qazandı. Onun bir videosuna yüz minlərlə insan baxıb. Bu o demək deyil ki, auditoriya yoxdur. Adətən televiziyalardan soruşurlar ki, niyə şou proqramlara bu qədər diqqət yetirirsiniz, deyirlər ki, tələb budur. Bəli, tələb bu ola bilər, amma bir neçə il gəlir gətirməsə belə, cəmiyyətimizə faydalı olmaq üçün səndən ciddi xəbərlər gözləyən auditoriyanı yavaş-yavaş qazanmaq lazımdır.
Fuad Babayev: Burada dil məsələsini nəzərə almamaq olmaz. Misal çəkdiyiniz Lapşin rusdilli internet məkanda fəaliyyət göstərir. Ancaq Azərbaycan dilli auditoriyanın əhatə dairəsi, məlumdur ki, daha azdır.
Yelena Eyvazlı-Sidorenko: Biz o məsələni də düşündük. Məktəbimizə ilk qəbulda 25 nəfərdən heç biri Azərbaycan dilini bilmirdi. Bunlar rus bölməsində oxuyan və Azərbaycan dilini bilməyən uşaqlar idi. Hətta bizi televiziyalara dəvət edəndə 70 nəfərin içində yalnız bir nəfər tapa bildim ki, mənimlə verilişə qonaq qismində getsin. Amma indi qrupun yarısı Azərbaycan dillidir, yarısı rusdilli. Dərsləri isə iki dildə aparırıq. Mən eyni məlumatları uşaqlara iki dildə çatdırıram. İngilis bölməsində də uşaqlarımız var. Onlara da Azərbaycanın tarixi abidələri, yaxud 20 Yanvar barədə ingilis dilində video çəkməyi tapşırırdım ki, nəticədə Azərbaycan, rus və ingilisdilli auditoriyaya çıxa bilək.
Fuad Babayev: Bizim rus, ya ingilisdilli auditoriyaya çıxmaq imkanlarımız var. Ancaq Qarabağ həqiqətlərini xaricə translyasiya etmək işində o qədər gecikmişik ki, artıq ermənilərin yalanı dünya tərəfindən həqiqət kimi qəbul olunur.
Lalə xanım hər halda Avropa ilə daha çox kontaktdadır. Orada vəziyyət necədir?
Lalə Mehdiyeva: Əsas məqsədimiz ondan ibarətdir ki, Avropa ölkələri ilə əməkdaşlıq edək, beynəlxalq proqramlarda, layihələrdə iştirak edək, Azərbaycan gənci ölkəmizi Avropada təmsil edə bilsin. Bu istiqamətdə gənclərimizə yardımçı oluruq. Eyni zamanda kreativ, innovativ, savadlı gənclərin yetişməsi istiqamətində də bir sıra layihələr həyata keçiririk. Dağlıq Qarabağ mövzusu bizim üçün ən prioritet mövzulardan biridir. Əsas məqsədimiz də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Bəs bunu hansı yollarla edək? Düşündük ki, Qarabağ adında bir mobil tətbiqetmə yaradaq. Və bu mobil tətbiqetmə Azərbaycanda bu sahədə ilkdir. “Karabakh” mobil tətbiqetməni hər kəs Play Store, yaxud App Store-dən öz telefonuna yükləyə bilər. Mənə elə gəlir ki, bu, hər birimizin vətəndaşlıq borcudur. Çünki yükləmə nə qədər çox olursa, reytinqdə bir o qədər yuxarı qalxırıq və “top”a düşürük. Axtarış da verəndə bizim tətbiqetmə birinci çıxır. Ermənilərin də bu sahədə bir çox mobil tətbiqetmələri var. Bu mobil tətbiqetməni yaratmaqda məqsədimiz o idi ki, Qarabağın adı dünya mobil tətbiqetmələrinin sırasında olsun, çağdaş dövrün tələblərinə uyğun olaraq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və eyni zamanda, xaricdə yaşayan soydaşlarımıza rahat yolla məlumatlar ötürə bilək. Qarabağla bağlı yeni məlumatlar, operativ xəbərlər tərəfimizdən hər gün 3 dildə oxuculara çatdırılır.
Fuad Babayev: Lalə xanım, əks rabitə var? Hiss edirsiniz ki, insanlar bunu istəyir?
Lalə Mehdiyeva: Təbii ki, təbliğ etməkdən, reklamdan çox şey asılıdır. Maliyyə də çox vacib şərtdir. Öz gücümüzə çalışırıq ki, bunun piarını aparaq. Tətbiqetmənin sosial media üzərindən yayılmasını həyata keçiririk. Ancaq təəssüf ki, nəticə azdır və bunun üçün başqa vasitələrdən də istifadə edirik. Keçən il Türkiyədə iki universitetdə: İstanbul Aydın Univesiteti və Yeni Yüzyıl Universitetində “Karabakh” mobil tətbiqetməsinin təqdimatını keçirdik. Türkiyədə gənclərdə marağın çox olduğunu gördük. Bizim də əsas məqsədimiz yalnız Azərbaycan auditoriyası ilə işləməkdən ibarət deyil, daha çox xaricə çıxmağı planlamışıq. Və ilkin olaraq Türkiyədən başladıq. Çünki Türkiyədə universitetlərdə müxtəlif ölkələrdən çox sayda gənclər təhsil alır. Həmin təqdimatlarda çoxlu xarici tələbə iştirak edirdi. Onların çoxu “Karabakh” mobil tətbiqetməni öz telefonlarına yüklədi.
Fuad Babayev: Bəs erməni bloggerləri, onların fəaliyyəti barədə nə deyə bilərsiniz?
Yelena Eyvazlı-Sidorenko: Mən yayda uşaqlara tapşırıq verdim ki, Şəhidlər Xiyabanı haqqında bir video çəkin. Üç həftə ərzində gördüm ki, ya uşağı ora aparan olmayıb, ya vaxt tapılmayıb, ya da uşaq çalışıb, amma istənilən alınmayıb. Mən də dedim ki, o zaman hamı ora birlikdə gedərik. Həm ziyarət edərik, həm də tarixi bir daha yada salarıq. Şübhəm yoxdur ki, hər biri məlumatlıdır. Amma mən onların nəyə görə lazım olduqlarını özlərinə digər prizmadan göstərmək istəyirdim. Bildiriş göndərəndə ki, uşaqları Şəhidlər Xiyabanına gətirərsiniz, valideynlərdən biri mənə mesaj yazdı ki, uşaqları aparmaq üçün düzgün yer olduğuna əminəmmi? Ola bilsin ki, bir neçə valideyn də onun kimi düşünürdü. Valideyndən soruşdum ki, niyə istəmir. Dedi ki, məktəbdə uşaqlara ermənilərin vəhşiliklərini göstərirlər, uşaqlar da psixoloji gərginlik keçirir. Razıyam, amma biz həqiqətləri hər kəsə onun öz dilində çatdırmalıyıq.
Fuad Babayev: Və müəyyən doza ilə…
Yelena Eyvazlı-Sidorenko: Təəssüflər olsun ki, bizdə o doza yoxdur. Ona görə də bəzi uşaq hətta ora getməyə qorxur. Valideynləri razı saldım ki, erməni vəhşiliklərindən danışmayacağam. Sadəcə istəyirəm ki, gəlib çəkiliş etsinlər və bununla bağlı öz dostlarına video hazırlasınlar. Biz o hadisələri övladlarımıza düzgün çatdırmalıyıq, bu mövzudan qaçmamalıyıq.
Bizə çoxlu sayda yaşlı insanlar müraciət edir ki, bloggerəm, istəyirəm ki, sizdə təlim alıb daha peşəkar olum. Böyüklər üçün də təlimləri nəzərdə tuturuq, amma əsas hədəfimiz uşaqlardır. Bu gün fəaliyyətim kimlərəsə mənasız görünə bilər, lakin ümid edirəm ki, gələcəkdə bu uşaqlardan biri gedib Qarabağ həqiqətləri, bədnam qonşularımız haqqında reportaj hazırlayar, yaxud bloq yaradar, o zaman düşünərəm ki, məqsədimə çatmışam.
Bizim problemlərin kökü özümüzdədir. Bu gün bizdə bir çoxları uşaqlarımıza deyir ki, getmə, orada müharibə haqqında danışırlar, amma təəssüf ki, ermənilərdə belə deyil. Ermənilər lap kiçik yaşından uşaqlara aşılayırlar ki, türk düşməndir.
Fuad Babayev: Ermənistanda heç bir valideynin ağlına gəlməz ki, “erməni soyqırım abidəsi”nə uşağını buraxmasın.
Yelena Eyvazlı-Sidorenko: Bu sahədə təkcə ermənilər fəaliyyət göstərmir. 2017-ci ildə Litva və Latviyadan bloggerlər gəlib Qarabağ haqqında bir film çəkiblər. Yəni ermənilər artıq sifarişlə xarici bloggerləri cəlb edirlər. Görürlər ki, aralarında maraqlarını dünya ictimaiyyətinə çatdıracaq insan yoxdur, xaricidəki bloggerlərdən istifadə edirlər.
Fuad Babayev: Yaxud aralarında belə insanlar var, amma onlar tərəfsiz sayılmır, yəni ermənidir. İstəyirlər ki, bu insan bir rus, ya ingilis olsun.
Yelena Eyvazlı-Sidorenko: Guya bunlar tərəfsizdir. Yəni sifariş ilə pul alıb çəkiliş edən blogger artıq tərəfsiz sayılmır. Düzdür, deyə bilərlər ki, çəkiliş üçün pul alması barədə sübut yoxdur. Amma ehtimal edirəm ki, bu belədir.
Fuad Babayev: Bunu sübut etmək çox çətindir. Amma məntiqi cəhətdən bu qənaətə gəlmək olar.
Yelena Eyvazlı-Sidorenko: Əlbəttə, ermənilərin içində elə insanlar da var ki, həqiqəti görüb bunu dünyaya çatdırmağa çalışır. Ermənistanda da düşünürlər ki, bunları gizlədək, elə Litvadan, Latviyadan bloggerləri dəvət edək, qoy istədiyimizi dünyaya yaysınlar.
Bu gün ən təsirli müharibə informasiya müharibəsidir. Heç bir silah informasiya qədər güclü deyil. Dünyada bir obraz var: hamı tolerant, sülhsevər olmalı, insan ölümü pisdir və s. Mən də istərdim ki, insanlar ölməsin. Amma biz hər gün informasiya müharibəsində ölürük. Və bizə elə gəlir ki, bu iş yalnız saytların üzərinə yüklənməlidir. Xeyr. Bu, bizim bloggerlərimizin də əsas işi olmalıdır.
Mən blogger deyiləm və özümü bu işə tam hazır hiss etmirəm. Amma bloq açsam, istərdim ki, Qarabağ həqiqətləri ilə bağlı bir istiqamət olsun. İnsan birinci növbədə özünü hazır etməlidir. İkincisi, əgər hansısa bankın, yaxud brendin reklamını çəkməyə hazırıqsa, birini də Qarabağa aid çəkək. Vacib deyil ki, rus, ya ingilis dilində olsun. Azərbaycan dilində olsun, amma titrləri xarici dildə olsun. Və onu gözəl bir reklam halında dünya ictimaiyyətinə çatdırmaq olar.
Fuad Babayev: Tutaq ki, redaksiyanın siyasəti var. Balaca bir saytda hər hansı bir materialın çap olunması bir neçə mərhələdən keçir. Bloggerdə bu cür vəziyyət yoxdur. Amma bu, bir tərəfdən informasiyanın operativliyini artırır, digər tərəfdən məsuliyyət hissini azaldır. Bəs bloggerlərin beynəlxalq xartiyası, hansısa kodeksi, necə deyərlər “Hippokrat and”ları varmı?
Yelena Eyvazlı-Sidorenko: Jurnalistin baş redaktoru olur, bloggerin yox. İnternet məkanı azaddır, sərbəstdir, genişdir, sərhədsizdir. Orada hansısa sərhəd qoyub qanunları tətbiq etmək olmur.
Fuad Babayev: Mənə elə gəlir ki, nəhəng şirkətlər bir blogger ilə o zaman maraqlana bilər ki, həmin adam öz auditoriyasını tutaq ki, hədyan yaydırmaqla qazanmayıb.
Yelena Eyvazlı-Sidorenko: Bilirsiniz, baxışlar fərqlidir. Mən jurnalistikadan çıxandan sonra özəl sektorda PR mütəxəssisi kimi çalışmışam və şahidi olmuşam ki, hansısa bloggerin izləyici sayı 100 min, ya 300 mindir deyə, gözüyumulu reklamı ona verirlər. Bundan sonra da görürsən ki, reklam gedən həmin videonun altında yalnız təhqirlər, söyüşlər, çağırışlar və s. var. Başa düşürsən ki, bu, reklam vermək istədiyin adam deyil. Ancaq izləyicisi çoxdur deyə, bir çox şirkətlər belə səhv buraxırlar. Onun targetinq (müəyyən kriteriyalara uyğun gələn auiditoriyaya məzmun üzrə seçilmiş məlumatların çatdırılması – red.) qrupunun kim olduğu, onu izləyənlərin həmin bloggerdən nəyi gözlədiyi haqqında heç kim düşünmür. Maarifləndirməyə ehtiyac var. Əminəm ki, vaxt gələcək, hətta siyasi arenada Azərbaycanda da çox ciddi bloggerlər olacaq. Sadəcə, müəyyən qədər vaxt lazımdır.
Fuad Babayev: Tamaşaçının – bloggerlərimizin auditoriyasının obrazı haqqında nə demək olar?
Yelena Eyvazlı-Sidorenko: Ən çox baxılan kanallarımıza nəzər salsanız, görərsiniz ki, orada streotiplərimiz barədə zarafat edirlər, bizim hansısa baxışlarımızı lağa qoyurlar və bu da izləyicilərin xoşuna gəlir. Mən yenə də komplekslər barədə danışmaq istərdim. Son zamanlar kompüterin digər tərəfində oturan izləyici aqressivləşib. Özünü ifadə etmək, düzgün təqdim etmək, cəmiyyətə “satmaq” böyük mədəniyyətdir. Bağçaya gedəndə görərdik ki, əl jestlərindən tutmuş, göz kontaktına, danışıq qabiliyyətinə və s. sahədə problemləri olan uşaqlar bağçada küncdə oturub; hamı danışır, bu uşaq isə heç kəslə oynamır, kollektivə qarışmır. Anası deyir ki, uşaq bir az utancaqdır. Amma bu, utancaqlıq deyil, kompleksdir. Və həmin uşaqlar artıq böyüyüblər, yenə də “künc”dədirlər, sadəcə bu dəfə əllərində telefon var. Bu telefonun arxasında isə özlərini Marvelin hansısa bir qəhrəmanı hesab edirlər.
Fuad Babayev: Komiks qəhrəmanları…
Yelena Eyvazlı-Sidorenko: Amma elə düşünmürlər ki, komiks qəhrəmanlarıdırlar. Özlərini həqiqətən “qəhrəman” kimi hiss edirlər. Elə zənn edirlər ki, hər bir kəsə, hər bir posta, paylaşıma rəy verməyə haqları var, hətta hamı bunu onlardan gözləyir və insanın üzərinə öz neqativliyini tökmək, təhqir etmək onların borcudur. Əvvəla, bu bir tərbiyəsizlikdir. Ikincisi, ona şəxsidə yazırsan ki, gəl filan vaxtı danışaq, görək nə demək istəyirsən; görürsən ki, yoxa çıxır, səni Facebook-da blok edir və s. Təəssüf ki, bəzi insanlar polemika aparmaq, diskussiya etmək bacarmır. Bir insan yaxşı bir şey paylaşanda heç kəs demir ki, afərin; amma çoxlu neqativ rəylər yazılır. Yəni vaxtilə komplekslər ilə böyümüş, hal-hazırda isə kompleksləri aqressiyaya çevrilmiş və telefon, ya kompüter qarşısında oturub hər şeyə rəy verən “telefon politoloqları”mız bizim auditoriyanı “udur”.
Fuad Babayev: Necə düşünürsünüz, bəlkə ölkəmizdə insanların rifah halı yüksəldikcə, sosial şəbəkələrdə hirsini çıxan adamların kommentlərdə aqressivliyi də azalar?
Yelena Eyvazlı-Sidorenko: Bunları bir-biri ilə əlaqələndirmək istəməzdim. Kommentləri yazan insanlar yalnız kasıb təbəqənin adamları deyildir. Məncə, valideynlərin üzərinə böyük məsuliyyət düşür. Yeni nəslə düzgün istiqamət versək, o zaman hər şey yaxşı olar.
Lalə Mehdiyeva: Yeni nəsli yetişdirən də indiki gənc nəsildir. Biz də gənclər ilə işləyirik: müxtəlif seminarlar keçiririk və gəncləri dəvət edirik. Burada qətiyyən ödəniş yoxdur. Məsələn, həyata keçirdiyimiz fitnes etikası seminarının məqsədi gənclər arasında sağlamlığı təşviq etməkdən ibarət idi. Gənclər arasında buna çox böyük həvəs oldu. Digər seminarımız gənclər arasında sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı idi. Burada da gənclərdən böyük maraq gördük. Ancaq sırf Qarabağ həqiqətlərinin yayılması istiqamətində gənclərimiz tərəfindən sosial mediadan istifadə mövzusunda seminara yalnız ətrafımızda olan tanış adamları yığa bildik. Halbuki digər seminarlarda auditoriyada oturmağa yer yox idi.
Siz bayaq doğru qeyd etdiniz ki, kompleksi olan insanlar öz aqressiyasını sosial şəbəkələrdə tökürlər. Amma bu gün əgər cəmiyyətə töhfə verməkdən danışırıqsa, hər birimiz bir töhfə versək, bəlkə də bu gün alınmayacaq, lakin bir neçə ildən sonra nəticəni görəcəyik.
Mehman İbrahimov: İstəməzdim ki, sosial şəbəkə ilə müqayisə edəm, ancaq maraqlıdır, bloqun Facebook, Twitter və s. kimi sosial şəbəkələrdən üstünlüyü nədədir? Mən əgər rahat şəkildə sosial şəbəkədə öz fikrimi ifadə edə bilirəmsə, o zaman bloq açıb orada yazı yazmaq və ya video hazırlayıb orada yerləşdirmək kimi əziyyətli işlərə ehtiyac var?
Yelena Eyvazlı-Sidorenko: Özünə blogger deyən hər bir insan əslində heç bloq aparmır. Bu çox əziyyətli işdir. Bizdə daha çox video bloggerlər aktivdir. Ancaq sırf bloq – elektron gündəlik aparan insanlar daha çox kimlərdir? Artıq nəyəsə nail olmuş siyasətçilər, tarixçilər, biznesdə çalışanlar, incəsənət adamları… Lakin mən sıfırdan başlayıb özümə bloq açsam, bəlkə də onu oxumayacaqlar, kiməsə maraqlı olmayacaq. Çünki bloqları əsasən tanınmış insanlar açır.
Lalə Mehdiyeva: Ya da tanınmış olmasa da, sensasiyalı bir hərəkət etməli, mütləq söyüş söyməli və ya qeyri-adi video çəkib bloqa qoymalıdır ki, hamı tanısın. Çünki belə olduqda, bunlara normal adi videodan daha çox baxış sayı olur.
Fuad Babayev: Yelena xanım, Bakı Bloggerlik Məktəbi harada yerləşir? Ora necə yazılmaq olar?
Yelena Eyvazlı-Sidorenko: Məktəbimiz Azadlıq prospekti 192E də yerləşir. Həftədə bir dəfə olarsa, kursun aylıq ödənişi 70 manat, iki dəfə olarsa, 100 manatdır. Dərslər 2 saat davam edir. Kim istəyərsə, qoşula bilər. Müxtəlif yaş qrupları var: 5-9 yaşdan ibarət kiçik qrup, 10-15 yaş arası böyük qrup. Həmçinin daha yaşlı insanlar üçün qrup mövcuddur ki, onların çoxunun bloqu var və daha çox vloggerliklə məşğuldurlar. Hal-hazırda bütün qruplara dərsi mən keçirəm. Amma yükümüz artdıqca yeni müəllimləri işə qəbul edirik.
Çox sevinirəm ki, valideynlər deyirlər ki, uşağım əvvəl lövhəyə çıxanda dərsi danışmağa çəkinirdi, amma indi o cür kompleksi yoxdur. Əlbəttə bura bağça deyil və mən tərbiyə vermirəm, amma uşaqlara həyata düzgün və pozitiv baxış təlqin edə bilirəm. Pozitiv baxış isə böyük uğurlara gətirir. Cəmiyyət də əgər pozitiv düşünsə, birlikdə hansısa nəticələrə nail ola bilərik.
Fuad Babayev: Lalə xanım, gələcəkdə Avropa istiqamətində yenidən fəaliyyət göstərmək və bloggerliyə yer ayırmaq fikriniz var?
Lalə Mehdiyeva: Təşkilatımız fəaliyyət göstərdiyi müddətdə biz də yeni-yeni layihələr həyata keçirəcəyik. Hal-hazırda bizim Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyinin nəzdində Etika Akademiyası fəaliyyət göstərir. Bu Fərdi İnkişaf Mərkəzi etika təlimləri həyata keçirir. Bakı Təhsil İdarəsi ilə müqaviləyə əsasən məktəblər ilə də çalışırıq. Mən də düşünürəm ki, hər şey kiçik yaşlardan başlamalıdır. Birinci sinifdən doqquzuncu sinfə qədər şagirdlərə etika təlimləri keçirik. Burada süfrə mədəniyyətindən başlamış danışıq mədəniyyətinə qədər hər şey öyrədilir. Bu təlimlərə hətta düzgün jestlərdən istifadə etmək, liderlik məktəbi də daxildir. Bu istiqamətdə fəaliyyətimizlə cəmiyyətə öz töhfəmizi verməyə çalışırıq. Bloggerlik ilə bağlı silsilə tədbirlərimizi davam etdirmək istəyirik. Həmçinin hazırda ölkəmizdə yerləşən səfirliklərə “Karabakh” adlı mobil tətbiqetmə barədə məlumatları ötürürük. Yəni Türkiyədən başladıq, orada təqdimat keçirdik, indi istəyirik ki, digər Avropa ölkələrində də bu cür tədbirlər keçirək.
Materialda www.2day.kh.ua saytının fotosundan istifadə edilmişdir.
Hazırladı: Mehman İbrahimov, 1905.az