Afrika qitəsində qaçqın və məcburi köçkünlərin sayı ilbəil artır. Son statistikaya görə qitənin əhalisinin 35 milyon nəfəri ev-eşiyindən didərgin düşərək başqa ərazilərdə yaşayır. Qaçqın və köçkün ordusunun yaranmasının başlıca səbəbləri münaqişələr və təbii fəlakətlərdir.
AZƏRTAC xəbər verir ki, bu statistika BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında yer alır. Qeyd olunur ki, son 5 ildə iqlim dəyişikliyinə görə yaşayış yerini dəyişənlərin sayı 1 milyon nəfərdən 6,5 milyon nəfərə çatıb. Son 15 ildə Afrikada qaçqın və köçkün sayının 3 dəfə artdığını müşahidə edilib. Əvvəllər bu artım əsasən münaqişələrlə bağlı idisə, indi daha çox təbii fəlakətlərlə əlaqəlidir.
BMT-nin qurumlarının son hesabatında göstərilir ki, köçkünlük yaşayış vasitələrinin məhv olmasına, milli-mədəni identikliyin pozulmasına və icmalar arasında əlaqələrin itməsinə səbəb olur. Lakin işin iqtisadi tərəfləri daha ağırdır.
Qaçqın və məcburi köçkünlər əksər hallarda işləmədikləri üçün vergi ödəmirlər. Buna paralel olaraq yerli və mərkəzi idarəetmə orqanları onların saxlanması, təhsili və sağlamlığı üçün kifayət qədər vəsait ayırır. Bu da yerli və ölkə büdcələri üçün ağır yükə çevrilir.