Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələr zamanı mülkü əhalinin qorunması ilə bağlı videokonfrans vasitəsilə keçirilmiş açıq müzakirələrində iştirak edib və çıxış səsləndirib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Daimi nümayəndəliyin rəhbərinin çıxışında müzakirə olunan məsələnin BMT Təhlükəsizlik Şurası, beynəlxalq ictimaiyyət və xüsusilə də, Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Dünyada mülki əhalinin yeni və yaxud uzun müddətdir davam edən, aktiv və ya atəşkəs ilə dayandırılmış silahlı münaqişələrdən əziyyət çəkdiyi, on minlərlə mülki vətəndaşın öldürüldüyü və ya zərər çəkdiyi, milyonlarla insanın isə öz doğma yurdlarından didərgin düşdüyü beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Çıxışda Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə, xüsusilə də azərbaycanlı mülki əhaliyə və infrastruktura dəymiş zərər və işğalçı ölkənin davam edən qeyri-qanuni fəaliyyəti barədə ətraflı məlumat verilib. Burada 1980-ci illərin sonunda 250 min azərbaycanlının Ermənistandan bir çox halda ölüm ilə nəticələnən məcburi deportasiyası qeyd olunub, həmçinin 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Ermənistan tərəfindən Azərbaycana qarşı müharibənin başlanıldığı və bunun nəticəsində on minlərlə insanın həyatını itirdiyi, o cümlədən mülkü infrastruktura, digər mülkiyyətə və yaşayış yerlərinə zərər verildiyi qeyd olunub.
Həmçinin Daimi Nümayəndəliyin rəhbərinin çıxışında Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirildiyi və bunun nəticəsində bir milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin salındığını vurğulanıb, işğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistan tərəfindən sözügedən ərazilərdə hərbi quruculuq işlərinin aparılması, ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətinin dəyişdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdüldüyü qeyd olunub. Bu fəaliyyətin regionda sülh, təhlükəsizlik və sabitliyə təhdid yaratdığı, o cümlədən bununla yüz minlərlə insanın azadlıq və hüquqlarının pozulduğu ifadə edilib.
Daimi Nümayəndəliyimizin rəhbəri bu yaxında dərc edilmiş “Azərbaycan ərazilərində müharibə cinayətləri və Ermənistanın məsuliyyəti” adlı hərtərəfli hesabata istinad edərək, hesabatın Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edən dəlilləri əks etdirdiyini vurğulayıb.
Çıxışda BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı münaqişələr zamanı zərər çəkmiş mülki əhalinin qorunması məsələsinin daima diqqət altında saxlanılmalı olduğu və silahlı münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiq olmaları üçün tələbin mütəmadi olaraq bəyan edilməsinin vacibliyi vurğulanıb.