“Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi təqdim edir
21-ci əsrdə, sivilizasiyanın bu mərhələsində hələ də uşaqlara tam təhlükəsiz həyat təmin edilməyib. Hələ də böyüklərin çözə bilmədiyi amansız münaqişələr və qovğalar səbəbindən, cahalətin mövcudluğu və cahillərin varlığı üzündən uşaqlar dəhşətlər yaşayır, vaxsız və amansız şəkildə həyatlarını itirməli olurlar.
İkinci Dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı təsis olunarkən yeni sülh erasının yaranmasına böyük ümüdlər yaranmışdı. İllər bunun həddən artıq optimist yanaşma olduğunu təsdiq etdi.
Baxmayaraq ki, uşaqların silahlı münaqişələr zamanı zərər çəkməməsi üçün bir sıra beynəlxalq normativ aktlar imzalanıbdır. Məsələn, 1949-cu ildə qəbul edilmiş Cenevrə hüququ döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərin, yəni mülki əhalinin, o cümlədən, uşaqların mühafizəsinə yönəlib. 1954-cü ildə uşaqların müdafiəsi üçün BMT-nin Uşaq Fondu –YUNİSEF yaradılıb. 1989-cu ildə BMT Uşaq Hüquqları Konvensiyasını qəbul edib. BMT Baş Assambleyasının 25 may 2000-ci il tarixli qətnaməsi ilə Uşaq hüquqları haqqında Konvensiyaya Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokol qəbul edilib. Eyni zamanda, BMT Baş katibinin müavini statusunda, Uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis edilmişdir. Amma dünyada, xüsusən müsəlman ölkələrində uşaqların adi yaşam hüquqları, təhlükəsizliyi ilə bağlı çox ciddi problemlər var. Bu gün Fələstin, Yəmən, Suriya, İraq, Əfqanıstan, Myanma və s. ölkələrdə uşaqlar faktiki olaraq xüsusi soyqırımına məruz qalır.
2 milyon uşağın məhvinə səbəb olan müharibələr
BMT-nin məlumatına görə, 1945-1992-ci illərdə 149 müharibə şəraitndə baş vermiş hadisədə 23 milyon insan (dinc sakin) öldürülüb. Son onilliklərdə 2 milyon uşaq öldürülüb; 4-5 milyon qaçqın düşüb, 4-5 milyon əlil olub, 12 milyon evsiz qalıb, 1 milyondan çox uşaq yetim qalıb və yaxud valideynindən ayrı yaşamalı olub, 10 milyon psixoloji travmaya məruz qalıb. Bu illik orta göstəricilər üzrə 19-cu əsrdən 2 dəfə, 18-ci əsrdən 7 dəfə çox idi.
II Dünya müharibəsindən sonrakı dövrdə ən uzun çəkən müharibə ocaqlarına diqqət edək: Anqola (1975-2002); Əfqanıstan (1979-1989 və 2001-2014 ); Şri-Lanka (1983-2009); Somali (1986-1991); Fələstin (1948-indiyədək fasilələrlə); Çeçenistan (1994-2004); Suriya (2011-indiyədək); Vyetnam (1955-1964) ; Azərbaycan (1988-indiyədək). Təbii ki, quru statistik rəqəmlərə bir az can versək və hadisələri gözümüzün önünə gətirməli olsaq vaxtsız ölümlər, böhranlar, yoxsulluq, ehtiyac, xəstəliklər, fiziki məhdudiyyətlər, təlaşla qorxu ilə yuxusu ərşə çəkilmiş uşaqlar və s. acı həqqiqətləri görə biləcəyik.
Məhz bu əsrdə yaxın vaxtlardakı münaqişələrdə uşaq qurbanlarının say artıqlığı dinc sakinlərin hərbçilərə nisbətən çox ölməsi ilə izah olunurdu. Halbuki, XVII və XIX əsrlərdə və XX əsrin əvvəllərindəki konfliktlərdə qurbanların ancaq yarısı dinc sakinlər idi. 2-ci Dünya müharibəsindən başlayaraq hərbçi olmayan qurbanların faiz göstəricisi surətlə artmağa başladı (60 %) və 1980-cı ildə isə təxminən 90 faiz idi. Bu müharibə edən ölkələrin malik olduqları yeni silah növləri və ondan istifadə zamanı məqsədli və ya təsadüfi olaraq döyüş zonası kimi milli ərazilərdən də istifadə edilməsi ilə bağlı idi.
Oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, yuxarıda göstərdiyimiz statistikaya İkinci Dünya müharibəsi dövründəki yəhudilərə qarşı almanların soyqırımı (Holokast ) zamanı 6 milyon nəfərin (1 milyonu uşaq olub), Coventry (Böyük Britaniyada 1940-ci ildə, təxminən 600-dək insan) və Drezdenin (Almaniyada 1945-ci ildə, texminən 22.000-25.000 insan) bombalanması və Xirosima və Naqasakiyə atılan atom bombaları (1945-ci il 2.5 milyon insanın məhvi ) daxil deyil. “Böyük siçovulların öldürülməsi üçün kiçik sıçanları öldürmək lazımdır” Müharibələrdə mülki şəxslər arasında ölüm artımının daha bir səbəbi də ən müasir münaqişələrin dövlətlər arasında deyil, onların ərazilərində olmasıdır. 1994-cü ildə BMT-nin Humanitar İşlər Departamenti 13 ölkədə bu tip “fövqəladə fövqəladə hallar” olduğunu və 20 milyondan çox insanı “həssas” qrup kimi təsnif etdiyini bildirdi. Potensial fövqəladə vəziyyətə malik digər 16 ölkə də sıralanmışdı.Müasir müharibələrdə ailələr və uşaqlar yalnız qarşıdurmada təsadüfən zərər almırlar, onlar da xüsusi hədəflər olamaqdadırlar. Çünki bir çox müasir mübarizə eyni ölkədə və müxtəlif etnik qruplar arasındadır. Etnik təmizləmə məqsədilə soyqırıma aparan yolda yetkinləri öldürmək bəs etmir; Düşmənin gələcək nəsilləri – onların uşaqları da aradan qaldırılmalıdır. Bir siyasi şərhçi Ruandada zorakılığa məruz qalmadan danışarkən 1994-cü ildə yayımlanan radio yayımında “Böyük siçovulların öldürülməsi üçün kiçik sıçanları öldürmək lazımdır”-deyə söyləmişdi. Müharibə bitsə də, əfqan uşaqlarının faciəsi davam edir
BMT-nin otən il yaydığı məlumata görə, Əfqanıstan müharibəsinin mövcud olduğu 15 il müddətində 923 uşaq ölüb, 2589 nəfəri xəsarət alıb. Hətta bu ölkədə son illərdə təhlükəli yaşayış yerləri və minadan tam təmizlənməmiş ərazilərdə dinc sakinlərin o cümlədən də uşaqların ölümü və ciddi xəsarət alması faktları baş verməkdədir. 2016-ci ildə xəsarət alanların sayı əvvəlki illə müqayisədə 6 faiz artıb.
“Bu bitməyən müharibə üzündən anaların, ataların, gələcəyimiz olan uşaqların zərər çəkməsini sona çatdırmaq vaxtıdır ” –deyə BMT-nin İnsan haqları üzrə baş komissarı Zeyd Raad al Huseyn bildirib.
“Ramallah nyus” qəzetinin yazdığına görə, 2016-ci ilin oktyabrında Əfqanıstanın Künduz şəhərində, ölkənin hava qüvvələri Talibançılardan şəhəri müdafiə edərkən iki vertolyot tərəfindən atılan raketlər bir nəfərin xüsusi evində dörd uşağını yaralayıb. Ən yaşlısı 17 yaşında olan bir uşaq ayağını itirib. “Mənim yazıq oğlum. Onun gələcəyi çox qaranlıq olacaq “, – deyə uşağın atası Hakim bildirib. O, “Bu il ötən ildəkindən daha çox insan yaralanıb.”-deyə qorxu və narahatşılığını dünyaya eşitdirməyə çalışıb.Müharibə ocaqlarının döyüşlərdən sonra da təmizlənməmiş əraziləri təhlükə mənbəyi olaraq qalır. “Ramallah Nyus”-un Birləşmiş Millətlər Təşkilatının məlumatlarına əsasən yazdığına görə, indiyədək döyüşlərdən qalan hərbi sursatlar səbəbindən 86% -uşaq zərər görüb. Oynayarkan, yaxud satmaq məqsədilə dəmir toplayarkən 183 nəfər ölüb, 426 nəfər isə yaralanıb. 2016-cı ildə müharibənin başlanmasında 15 il keçən ərəfədə , 100-ə yaxın ölkənin BMT Konvensiyasının müəyyən silahlar haqqında V protokolunu imzaladıqdan sonra, Əfqanıstan hökuməti nəhayət ki, partlayıcı qalıqlarını aradan qaldırmaqla bağlı məcburiyyəti əks etdirən Konvensiyanı ratifikasiya etdi.
Bununla belə, hələ də bir sıra xüsusi partlayıcı qurğular və bombalar (İED) ciddi təhlükə olaraq qalır və əksər hallarda bu qayıtmış, köçkün ailələrə zərər verməklə sonlanır.
Öz həmyaşıdlarının cənazəsini daşıyan Suriya uşaqları- 2011-ci ildən Suriyada 11420 uşaq öldürülüb
Suriya vətəndaş müharibəsini şəkillərdə və videolarda izləyərkən inanmaq çətindir ki, öz yaşıdlarının cənazəsini daşımağa məcbur qalan uşaqlar müharibədən sağ qala bilsələr də, psixoloji travmadan azad ola bilsinlər. Londondakı müstəqil Oksford Araşdırma Qrupuna görə, Suriyada 2011-ci ildən indiyədək 11420 uşaq öldürülüb. Suriyadakı uşaqların faciəsinə aid internetdə minlərlə video yerləşdirilib. Bu görüntülər və uşaqlarla söhbətlər ürək dağlayır. Gözlərinin qabağında raketlər partlayan balaca oğlanlar və qızlar kameraya danışır: “Bir hücum olduqda, məktəblərimizə cəsədləri gətirirlər və atam onları dəfn etməyə kömək edir”. Oksford Tədqiqat Qrupu Suriya ordusunun hücumlarından, silahlı hücumlardan ən çox uşaqların öldüyünü təsbit edir. Məlumatlara görə, uşaqlar snayperlər tərəfindən vurulmuş və edam edilərək öldürülmüşdür. İşgəncə ilə 112 ölüm hadisəsi qeydə alınıb.Suriyadakı münaqişədən qaçan 2 milyon insanın yarısından çoxu uşaqlardır.
İkinci İntifada başlayandan 1.996 fələstinli uşaq öldürülüb
Uşaqlar Şərqi Qüds və Qəzza bölgəsinin daxil olduğu Qərb Şahilində yaşayan 4,68 milyon fələstinlinin 46,2 faizini təşkil edir. 2000-ci ilin sentyabrından Fələstində İsrailin hərbi işğalına qarşı ikinci İntifadanın baş verməsi (üsyan) uşaqların həyatı üçün təhlikə yaratdı. Fələstinli Uşaqların Beynəlxalq Müdafiəsi Təşkilatının məlumatına görə, 2000-ci ilin sentyabr və fevral ayları arasında İsrail qüvvələri tərəfindən 700 fələstinli uşaq öldürülüb.Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Təşkilatı Qəzzada öldürülən 547 fələstinli uşağın ölümünü təsdiqləyib. Onlardan 535 nəfəri İsrail hücumlarının birbaşa nəticəsi olaraq öldürülən uşaqlar idi. Bu uşaqların təxminən 68 faizi 12 yaş və ya daha kiçik idi. İsrailin ikinci ölüm hücumu, 27 dekabr 2008-ci ildə başlayan “Səhrada tufan “ əməliyyatı adı ilə (Operation Cast Lead) 22 gün davam etdib və əməliyyatda 350-dən çox fələstinli uşaq həyatını itirib. Fələstində münaqişələrin başlanğıcından uşaqlar daima yüksək səviyyəli zorakılığa məruz qalıblar. Belə ki, İsrail əsgərləri və polislər etiraz aksiyalarını dayandırmaq üçün çox güc tətbiq etdikləri vaxt təxminən 1.477 uşaq yaralanıb.Qərb Sahilindəki fələstinli uşaqlar, böyüklər kimi, İsrailin hərbi məhkəmə sistemi altında, əsas hüquqlarını inkar edən təqib və həbslərlə üzləşirlər. 1967-ci ildən bəri İsrail eyni ərazidə iki ayrı hüquqi sistem yürüdür: İsrail əhalisi mülki qanunla yaşayır, fələstinlilər isə hərbi vəziyyətə tabedirlər. İsrail Şərqi Qüdsdə Fələstinli uşaqlara mülki qanunu tətbiq edir. İsrail hər il hərbi məhkəmələrdə 500-dən 700-ə qədər uşağı təqib edən yeganə ölkədir. İsrail uşaqlarının hərbi məhkəmə sistemi ilə əlaqəli hər hansı bir fakt isə mövcud deyil. Fələstin Uşaqlarının Beynəlxalq Müdafiəsi Təşkilatı hesab edir ki, 2000-ci ildən başlayaraq, İsrail hərbi qüvvələri tərəfindən həbs olunan və İsrail hərbi həbs sistemində təqib olunan ən azı 8500 fələstinli uşaq yaralanıb. 1991-ci ildə İsrail Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasını (ÇHS) ratifikasiya etdi. 2002-ci ildəki ilk baxış zamanı BMT-nin Uşaq Hüquqları Komitəsi, BMT-nin Humaitar Yardım Komissiyasının həyata keçirilməsinə nəzarət edən orqanı, “qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlərə qarşı iddiaları və şikayətləri və fələstinli uşaqlara işgəncə və pis rəftar” ilə bağlı narahatlıqlarını ifadə edib. Hətta fələstinli uşaqlarla davranışlarına görə, İsrail hökumətinə beynəlxalq qanunlara riayət etmək üçün dəfələrlə “tövsiyələrə əməl edilməməsi” xəbərdarlığı verilib.
Çeçenistan müharibələrində minlərlə uşaq öldürülüb və xəsarət alıb
ABŞ-ın Human Rights Watch təşkilatının və Rusiyanın “Memorial” təşkilatının 1994-cü ildən 1996-cı ilə qədər davam edən 1-ci çeçen müharibəsində 35000 öldürülmüş insanın 5000 nəfərinin uşaqlar olduğu bildirilir. Ümumiyyətlə, hər iki Çeçen –Rusiya müharibəsində 400000 minədək insanın məhv edildiyi haqqında məlumatlar var , təxminən 20000-60000 minədək uşağın öldürüldüyü iddia edilir (Müxtəlif təşkilatlar və mənbələrdə məlumatla bağlı bəzi qeyri-dəqiqliklər və üst-üstə düşməyən məqamlar var) Budan başqa müharibədən aldıqları fiziki və mənəvi travmalar ucbatından çoxlu sayda əlil və xəstə çeçen uşaqları var.
“2014-cü il uşaqlar üçün faciəvi olub”-YUNİSEF
2014-cü il dekabrın 13-də UNİSEF-in Cenevrədəki tədbirində çıxış edən qurumun rəsmi nümayəndəsi Sara Krou “Bu il uşaqlar üçün faciəvi olub”, – deyərək aşağıdakı rəqəmləri açıqlayıb: “Ukraynada ölkədaxili köçkün uşaqların sayı 128 mindir. Aprelin ortalarından oktyabrın sonlarınadək Donetsk və Luqanskda azı 36 uşaq öldürülüb, 100-dən çoxu isə yaralanıb. İsrailin hücumu sayəsində Qəzzada 538 uşaq öldürülüb, 3370-dən çoxu yaralanıb, 1500 uşaq isə yetim qalıb. MƏR-dəki münaqişə bu il 432 uşağın ölümünə, 245 min uşağın qaçqın düşməsinə səbəb olub, 10 minədək uşaq isə silahlı qruplaşmalara cəlb edilib. Suriyada 1,7 milyon, Cənubi Sudanda isə 326 min uşaq qaçqın həyatı sürür…”.
600 milyon uşaq təhlükəli döyüş bölgələrində yaşayır…
Statistikaya görə, dünyada yaşayan təqribən 2 milyard uşaqdan 600 milyonu, yəni dünyadakı uşaqların 30%-i yoxsulluqdan əziyyət çəkir. Bunun də əsas səbəblərindən biri mənasız silahlı münaqişələrdir. Əlbəttə, bu, aclıq, epidemiyalar, savadsızlıq kimi problemləri də özü ilə gətirir. Dünyada 150 milyona yaxın uşaq heç məktəbə getmir. 600 milyona yaxın uşaq təhlükəli döyüş bölgələrində yaşayır. Nəticədə, hər il milyonlarla uşaq həlak olur və ya şikəst qalır, qalanları isə həyatını əzab-əziyyət və bədbəxtlik içində keçirir. Bu günə qədər aclıq, xəstəlik, baxımsızlıq səbəbi ilə ölən uşaqların sayı milyonlarladır.
Dünyada 400 minə yaxın uşaq əsgər var…
Bu gün dünyada 350-400 minə yaxın uşaq əsgər var. Təkcə 90-cı illərdəki silahlı münaqişələrdə 2 milyondan çox uşaq ölüb, 6 milyondan çox uşaq ağır yaralanıb və ya şikəst qalıb. Hər il 8-10 min uşaq minaya düşərək ölür və ya şikəst qalır.
Müharibədə iştirak etməyə məcbur edilən uşaq əsgərlər qeyri-kafi qidalanmadan yaranan xəstəliklərə görə həyatını itirir. Vitamin çatışmazlığından yaranan xəstəliklər, vəba, malyariya ən geniş yayılmış xəstəliklərdəndir.
Somali, Myanma, Cənubi Sudan da daxil olmaqla, 8 ölkədə uşaqlar zorla əsgər edilir. ABŞ, İngiltərə, Avstraliya və Kanadada isə 18 yaşdan aşağı uşaqları əsgərə aparmaq sərbəstdir. 23 döyüş bölgəsində 50-dən çox terror təşkilatı uşaqları döyüşməyə məcbur edir. İnsan Haqları Müşahidə Təşkilatının (Human Rights Watch) 23 iyun 2014-cü il tarixli hesabatına əsasən, Azad Suriya Ordusu, Nüsra cəbhəsi, İslami Cəbhə kimi təşkilatlar Suriya hökumətinə qarşı uşaq döyüşçülərdən istifadə edir. İŞİD kimi təşkilatlar da uşaqlara silahlı təlim keçir və onlardan intihar hücumlarında istifadə edir. Bundan əlavə, uşaqlar snayperçi kimi təlimləndirilir və cəbhələrə silah-sursat daşıyırlar. Hesabatda kürd nəzarəti altındakı bölgələrdə də uşaqların cəbhəyə göndərildiyi bildirilir.
ABŞ işğalından sonra İraqda 6 milyon uşaq yetim qalıb…
Suriyalı Zorakılığı Müşahidə Mərkəzi 2011-ci ildən etibarən ölən döyüşçü oğlan uşaqlarının sayının 194 olduğunu bildirmişdi. İraqda da eyni mənzərə hakimdir. BMT-nin hesabatına əsasən, 5.5 milyon iraqlı uşaq əsas ehtiyaclarından məhrumdur. ABŞ işğalından etibarən 6 milyon uşaq yetim qalıb, minlərlə ailə uşaqlarını itirib. “Iraq Body Count-IBC”nin faktlarına əsasən, işğal müddətində 3.290.018 iraqlı uşaq şikəst qalıb və ya həyatını itirib. Bundan əlavə, İraqda hər il 35 min körpə ölür və uşaqların ¼-i qeyri-kafi qidalanmaya görə fiziki və əqli cəhətdən inkişaf etmir.
Artıq Yəməndə 135 uşaq həlak olub
Son dövrdə İŞİD-in türkmənlər, yezidilər kimi bir çox bölgə xalqına etdiyi hücumlar uşaq ölümlərinin artmasına səbəb olur. Ölüm, yaralanma, şikəst qalmadan başqa, İraqda uşaqları gözləyən digər təhlükə də uşaq quldur dəstələridir. Şəxsiyyət vəsiqələri dəyişdirilən uşaqlar 400-10 min dollara satılır. Bunların bir qismi uşaq porno qruplarının əlinə düşür.
Dünyadakı münaqişə ocaqlarının sayı artdıqca ölən uşaqların da sayı artır. YUNİSEF-in mayın 25-nə verdiyi məlumata görə, Yəməndə cəmi iki ay əvvəl başladılmış silahlı əməliyyatlar nəticəsində 135 uşaq həlak olmuş, 260-ı isə yaralanmış və şikəst olmuşdur.
Azərbaycanlı uşaqlar müharibə qurbanı kimi
İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 2 yaşı hələ tamam olmamış Zəhranın faciəsi son 20 ildə azərbaycanlı uşaqların öldürülməsi, girov götürülməsi ilə bağlı tarixçəmizə nəzər salmağa vadar etdi.
Təəssüf ki, Azərbaycan da müasir tarixinin son 20 ilini müharibə şəraitində yaşayır. 1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan uşağının vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olmuşdur. Bu barədə yüzlərlə fakt vardır. Beynəlxalq güclər və erməni lobbisi tərəfindən qondarılmış bu münaqişə nəticəsində daha çox itki və əzab-əziyyətə, psixoloji zərbələrə məruz qalan qaçqın və məcburi köçkün övladları olsa da, digər şəhər və bölgələrdə də ata, yaxud anaları şəhid, yaxud əlil olmuş on minlərlə uşaq var ki, onlar da Qarabağ savaşının qurbanları hesab edilirlər.
1988-1989-cu illərdə Qərbi Azərbaycanda (indiki Ermənistand ərazisində) yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən 216 azərbaycanlının 23-ü uşaq olmuşdur. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir. Ümumilikdə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq öldürülüb.
1988-1994-cü illərdə itkin düşmüş 4566 azərbaycanlıdan 53-ü uşaq olub. 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, əsir və girov götürülməsi məlum olan 877 nəfərdən 22 uşaq bu günədək Ermənistanda əsirlikdədir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1.03.2004-cü il tarixli məlumatında bildirilir: “Münaqişə zonasında əsir və girov götürülməsi faktı ermənilər tərəfindən danılan şəxslərdən 18 nəfəri 14 yaşına qədər olan uşaqlardır. Girov götürülən zaman onlardan ən böyüyü — Gülafə 14 yaşında, ən kiçiyi Məhsəl isə cəmi ay yarımlıq idi. Girov götürüləndən sonrakı taleyi məlum olmayan bu 18 uşaq valideynləri və qohumları tərəfindən axtarılır”.
Həm torpağını, həm anasını, həm də gözlərini itirmiş laçınlı Nurlanə…
1993-cü il martın 31-də Kəlbəcər işğal olunarkən Laçın rayonunun mühasirədə qalmış Şamkənd kəndindən olan müəllimə 20 yaşlı Səma Kərimova 2 yaşlı qızı – Hümbətova Nurlanə ilə birlikdə girov götürülmüşdür. Girovluqda olduğu müddətdə digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə girov götürülmüş körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin, özünün məruz qaldığı mənəvi işgəncələrə dözməyən və ölümü əsirlikdən üstün tutan Səma Kərimova 15 may 1993-cü il tarixdə özünə qəsd etmiş, beləliklə, Nurlanə və qardaşı Rüfət Hümbətov anasız qalmışlar. 4 aylıq əsirliyin sonunda ermənilərin boyun nahiyəsinə avtomat qundağıyla vurduqları zərbələr nəticəsində Nurlanə bu günədək 8 dəfə cərrahi əməliyyata məruz qalsa da, görmə qabiliyyətinin cüzi faizi bərpa olunmuşdur. Nurlanə Nursuz imzası ilə şeirlər yazan şəhid övladı 2012-ci il mayın 18-də dünya ictimaiyyətinə və Ermənistan başçısı Serj Sarkisyana kəskin müraciət ünvanlamışdır. Qardaşı Rüfət isə 20 ildən çox özgə qapılarında və yataqxanada yaşadığı əzablı, anasız qaçqın həyatı sayəsində şəkər xəstəliyinə düçar olmuşdur.
Əmirova Xəzəngül Təvəkkül qızı: Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə üstünə benzin tökərək yandırmışlar.
Erməni həkimlər 10 yaşlı Şövqinin bazu sümüyünü çıxarıblar…
İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyitləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar. Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst olub.
Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst qalıb. A.Hacıyev 2003-cü ilin may ayında 10 yaşında vəfat edib.
15 yaşlı Nəzakətin gözləri qarşısında atasının qulaqlarını kəsiblər…
Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr verib, onun qulaqlarını kəsib, anası hədə və şantajlara dözməyərək dəli olub, qızın özünü isə 4 min rus rubluna ailəsinə satıblar.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir.
Atəşkəs dövründə də ermənilər uşaq qətllərini davam etdirmişlər
1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər rayonun Ermənistanla həmsərhəd Əlibəyli kəndində iki uşağın ölümünə və birinin yaralanmasına bais olmuşlar. 2011-ci ilin martın 8-də Ağdamın cəbhə xəttində yerləşən Orta Qışlaq kəndində öz həyətində dostları ilə oynayan atasız böyümüş, ailənin tək övladı olan 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsinə tuş gələrək həlak olmuşdur. 2011-ci ilin iyulunda yenə də Tovuz rayonunun Əlibəyli kəndində çaydan tapdığı oyuncağın içindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həyatını itirmişdir. Və s. və i.a.
Müharibə illərinin ağrısı hələ də yaşanmaqdadır…
I Qarabağ savaşı bitdikdən sonra – 1994-cü ilin mayında atəşkəs barəsində saziş bağlandıqdan sonra dövlətimiz neft-qaz gəlirləri sayəsində vətəndaşların, o cümlədən, uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbir və layihələr həyata keçirmişdir. Beynəlxalq təşkilatlar, o cümlədən, YUNİSEF də xüsusən qaçqın uşaqlara müxtəlif səpkili yardımlarla dövlətə dəstək olmuşdur. Son 10-15 ildə çadır şəhərcikləri ləğv edilmiş, çadırlarda eləcə də vaqon, yataqxana, dövlət idarələrində, qurma evlərdə yaşayan 10 minlərlə məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür. Bütün bu tədbirlər qaçqın və məcburi köçkün övladlarının reabilitasiyasına müsbət təsir göstərmişdir. Lakin artıq özləri dünyaya övlad gətirməkdə olan 1988-1994-cü illərin müharibə uşaqları o illərin bir çox psixoloji, fizioloji zərbələrini bu gün də yaşamaqdadırlar. Bu şikəst, görmə, eşitmə, nitq və s. qabiliyyətlərində qüsur olan kişi və qadınlar məhz o illərin didərgin uşaqlarıdır..
Qaçqın uşaqların ölüm səviyyəsi digərlərindən 3-4 dəfə çox olub…
Uzun illər həyat şəraiti və sanitariya baxımından yararsız yerlərdə yaşamaları məcburi köçkünlərin və övladlarının bir sıra xəstəliklərə düçar olmasına gətirmişdir. “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət proqramı”nın hesabat hissəsində qeyd edilir ki, ağır məişət şəraitində yaşamaları və təmiz içməli su əldə etmək imkanlarının olmaması səbəbindən 40 min nəfər məcburi köçkün qadın müxtəlif xəstəlikdən (mədə-bağırsaq, virus infeksiyaları, dəri xəstəlikləri, malyariya, difteriya, qarın yatalağı, sinir xəstəlikləri, vərəm, qanazlığı, şəkər və s.) əziyyət çəkib, nəticədə uşaqlar və yeni doğulmuş körpələr arasında da xəstələnmə halları artıb. Buna görə də məcburi köçkun əhali arasında uşaq ölümü səviyyəsi ölkə üzrə olan orta göstəricidən 3-4 dəfə çox olub.
Köçkün əhali qrupundan olan qadınlar və uşaqlar daha həssas qruplar hesab edilirlər. Məcburi köçkünlərin təxminən 200 min nəfərini uşaqlar təşkil edirlər… Köçkün məktəblərinin bəziləri vaqonlarda, qurma evlərdə, qeyri-münasib obyektlərdə fəaliyyət göstərib. Sinif otaqları çatışmadığı üçün dərslər 2-3 növbəli keçirilib. Bunlar isə tədrisin keyfiyyətinə də mənfi təsir göstərib.
Çadırlarda 4200 uşaq dünyaya gəlib…
1992-2007-ci illər ərzində çadır şəhərciklərində 4 min 200 uşaq dünyaya gəlib. Çadır şəhərciklərində doğulan həmin uşaqlar da qaçqınlıq taleyi yaşayırlar. Müharibənin dəhşətlərini görərək, psixoloji travma alan 300-500 min uşağın isə sosial reabilitasiyaya ehtiyacı var. Uşaq Hüquqlarını Müdafiə Liqasının mətbuata verdiyi açıqlamaya görə, Azərbaycanda yaşayan təxminən 3 milyon uşağın mövcud problemlərinin 45 faizi, ümumi sayın yalnız 10 faizini təşkil edən qaçqın uşaqların üzərinə düşür.
Qaçqın uşaqların 70,2 faizi risk qrupuna daxil edilib…
Azərbaycan Tibb Universiteti Uşaq Xəstəlikləri kafedrasının müdiri, professor İbrahim İsayev və digər əməkdaş tibb elmləri namizədi Sevinc Hüseynova 2010-cu ildə Gəncə şəhərində məskunlaşan məcburi köçkün (qaçqın) uşaqlarının sağlamlıq və şəxsiyyət xüsusiyyətlərinin vəziyyətini araşdıran hesabat hazırlayıblar. Tədqiqat zamanı Azərbaycanın Gəncə şəhərində fəhlə və tələbə yataqxanalarında məskunlaşmış Dağlıq Qarabağ bölgəsindən 7 yaşdan 17 yaşadək olan 342 məcburi köçkün uşaq müayinə olunub. Müayinə olunmuş uşaqların yalnız 8,2% praktiki sağlam çıxıb, 70,2% risk qrupuna daxil edilib və 21,6 faizində müxtəlif xroniki xəstəliklər aşkar edilib. Aparılmış tədqiqat işinin nəticələri göstərib ki, məcburi köçkün uşaqları uzun müddət təsir göstərən qeyri-adi həyat şəraiti orqanizmdə “distress” yaradaraq, müxtəlif patoloji halların inkişafı ehtimalını artırır. Bu, məcburi köçkün uşaqlarında sosial adaptasiya prosesinin vəziyyətinə təsir göstərir. Belə uşaqlar narahat, özünə güvənməyən, ünsiyyətə girməyən, kollektivə çox çətin uyğunlaşan, fəal həyatı sevməyən, çox həssas, utancaq, hər şeyə şübhə ilə yanaşan, ətrafdakılara biganə, küsəyən, pessimist, çox vaxt tərs xüsusiyyətləri ilə səciyyələnir. Onların sosial adaptasiyaları çox zəif olur, peşə seçimində çətinlik çəkirlər, çətinliklərlə üzləşəndə isə müxtəlif neqativ hallar və psixosomatik xəstəliklərin, eləcə də intiharların başvermə ehtimalı artır.
Sevinc Kərimova
(Araşdırmada «Moning», “Reuters”, «Ramallah news», CNN, hafta.az saytlarından, wikipedia, youtube və s. kimi bir sıra internet resurslarından istifadə edilib)