Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verdi.
Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Bolqarıstan Prezidenti Rumen Radevə və birinci xanım Desislava Radevaya, Bolqarıstan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.