Azərbaycanın milli qüvvələrinə ağır zərbə vurmaq niyyəti 1918-ci ilin mart hadisələrindən sonra yarandı. Bakıda tam hakimiyyətə malik olmaq üçün ilk növbədə burada milli hərəkatın dayağı olacaq milli qoşun hissələrinin formalaşıb möhkəmlənməsinə yol verməmək lazım idi. S.Şaumyan heç cür razılaşa bilmirdi ki, müsəlman millətçiləri Bakını Azərbaycanın paytaxtına çevirməyi arzulayırlar. O, Bakıda milli qüvvələrin möhkəmlənəcəyi təqdirdə bu şəhərin və bütünlüklə Cənubi Qafqazın Rusiya üçün (eyni zamanda, “Böyük Ermənistan” üçün) birdəfəlik itirilə biləcəyindən dəhşətə gəlirdi. Ona görə də S.Şaumyan Bakıda müsəlman qoşun hissələrinin hələ kifayət qədər möhkəmlənmədiyindən istifadə edərək qəti hərəkət etməyi lazım bilirdi. 1918-ci ilin martın sonlarında Azərbaycanda və Bakı ətrafında yetişmiş olan obyektiv və subyektiv şərait də onu buna vadar edirdi. Bir tərəfdən, Bakı Soveti şimalla əlaqələrini itirərək Rusiyadan kömək almaq imkanından, digər tərəfdən taxıl ehtiyat ərazisi sayılan Muğan torpaqlarından məhrum olmuşdu.
Bu iki strateji dayaq olmadan Bakı Sovetinin mövcudluğunu düşünmək mümkün deyildi. Və nəhayət, Azərbaycan milli qoşun hissələri Şamaxı və Hacıqabulda dayanaraq qərbə doğru uzanan yolları da Bakı Sovetinin üzərinə qapatmışdı. Onların irəli hərəkət etməsi isə Bakının şəriksiz hakimiy yətinə can atan və buradan “öz təsirini və gücünü bütün Zaqafqaziyaya yaymaq” istəyən S.Şaumyan və onun tərəfdarlarının mürtəce niyyətlərinə son qoya bilərdi. İfrat bolşevik və daşnak elementləri anlayırdılar ki, Bakını əllərində saxlamaq, onu bolşevikləşdirmək, erməniləşdirmək və azərbaycanlıların əlinə verməmək üçün yeganə şansları azərbaycanlılara “dərs verməkdir”. Onları iflas olmaqdan yalnız zorakılıq tədbirləri xilas edə bilərdi. İdeoloji baxımdan Rusiya bolşevik hökuməti tərəfindən ilhamlandırılan Bakı ifrat bolşevikləri və daşnak qüvvələrinin törətdikləri kütləvi qırğın əməlləri həqiqətdə onların siyasi ömrünü bir neçə ay uzatdı. “Müsavat” partiyasının “Zaqafqaziyada ən güclü siyasi partiya”ya və eyni zamanda bolşeviklərə qarşı ən güclü siyasi rəqibə çevrildiyini böyük qorxu ilə etiraf edən S.Şaumyan rəhbərlik etdiyi qırğınlardan sonra bir neçə ay Bakının siyasi hakimiyyətini öz əlində cəmləşdirə bildi.
S.Şaumyan Azərbaycanın müstəqilliyi uğrunda mücadiləyə başlamış milli qüvvələrə müraciət edərək demişdir: “Sizə Azərbaycanın müstəqilliyi yerinə bir məzarlıq verəcəm”. Müraciət Bakının bütün müsəlman əhalisinə nvanlanmışdı. Məqsədi Bakını bütünlüklə müsəlmanlardan təmizləmək, onu Ermənistan tərkibinə daxil etmək idi. Şaumyan dinc əhali üzərinə hücuma keçmək üçün bəhanə axtarırdı.
1918-ci ilin martın 30-da Bakıda Azərbaycan milli qurtuluş hərəkatlarında iştirak edən zabitlər Lənkərandakı könüllü birləşmələrə silah göndərmək istəyirdilər. S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti bu silahları təslim etməyi əmr etdi. Milli qurtuluş hərəkatının zabitləri bu əmrə itaətsizlik göstərərək silahları «Evelina» gəmisinə yüklədilər. Gəmi hərəkət etməyə hazırlaşarkən bir qrup matros erməni hərbi dəstəsi ilə birlikdə gələrək silahları müsadirə etmək istədi. Azərbaycan zabitləri bu işə mane olmaq istəyərkən iki tərəfdən də odlu silahlardan atəş açılmış və hər iki tərəfdən tələfat olmuşdur. Bundan istifadə edən erməni Şaumyan daşnak və bolşevik qüvvələrini müsəlmanların üzərinə yeritdi. Bununla da Şaumyanın Bakının müsəlman əhalisinə qarşı tərtib etdiyi plan tətbiq edilməyə başlandı. S.Şaumyan və onun ətrafındakılar Azərbaycanın milli qüvvələrini məhv etmək üçün 1918-ci ilin martın sonunda Bakıda qırğın törətdilər.
Bakıda 3 gün tüğyan edən qırğınların şahidlərindən birinin ifadəsinə görə həm müsəlmanlar, həm də daşnaklar silahların geri qaytarılması ilə bağlı danışıqları diqqətlə izləyirdilər. Gərginliyin dinc yolla aradan qaldırmaq ehtimalı ortaya çıxanda Şamaxı yolunda gizlənmiş ermənilər təxribata əl atdılar və bolşevik patrullarını atəşə tutdular. Bu isə şəhərdə müsəlman əhalisinin qırılmasına başlamaq üçün işarə oldu.
Elə həmin gecə S.Şaumyanın əmri ilə Əsiryansın silahlı dəstəsi müsavatçıların qərargahına basqın edib güclü atışmadan sonra qərargahı ələ keçirtdi. Əsiryansın ifadəsinə görə, bu qərargahda güllə və partladıcı maddə lər hazırlanan xüsusi laboratoriya var idi. Martın 30-da axşam bütün şəhər «qaynar qazan»a çevrildi. Erməni cəlladları hətta, bolşevik olan azərbaycanlılara da rəhm etmirdilər. Bildirirdilər ki, kimliyindən asılı olmayaraq, hansı əqidəyə və hansı partiyaya məxsus olmasına baxmayaraq, müsəlman olan məhv edilməlidir. Onlar İrandan gəlmiş fars tacirlərini də müsəlman olduğu üçün öldürürdülər. Bütün bunların nəticəsində bir neçə gün ərzində Bakıda minlərlə azərbaycanlı öldürüldü. Müxtəlif müəlliflər bu qırğınlar zamanı öldürülənlərin sayının 10-15 min arasında olduğunu göstərirlər.
Beləliklə, silah gücünə və faciələr hesabına Bakı bolşevikləri Bakıda sovet hakimiyyətini qurmağa müvəffəq oldular. Lakin bununla kifayətlənmək fikrində deyildilər. Milli qoşun hissələrinin hələ xeyli zəif olmasından və Zaqafqaziya seymindəki fikir ixtilafından istifadə edən bolşeviklər qərbə doğru irəliləmək niyyətini heç də gizlətmirdilər. Onların fikrincə, bir qədər qətiyyət nümayiş etdirsəydilər, 1918-ci ilin yazınadək daha böyük əraziləri öz təsir dairəsi altına ala bilərdilər. Şaumyan sonralar V.Leninə göndərdiyi məktubda belə yazırdı: “Biz Bakıdakı vətəndaş müharibəsindən sonra az bir qüvvə ilə ora (Gəncəyə) yerimiş olsaydıq, daha yaxşı olardı. O zaman vəziyyət xeyli əlverişli olardı”.
Bakı bolşeviklərinin liderlərinin fikrincə, hələ 1918-ci ilin yanvarında Azərbaycanın milli qüvvələrinin cəmləşmiş olduğu Gəncəyə hücum etmək üçün yaxşı imkan var idi. Çünki o zaman Azərbaycanın milli qüvvələri hələ çox zəif idi. Onların Türkiyə ilə əlaqəsi yox idi. Cəbhədən qayıdıb Bakıda toplaşmış rus alayları isə Gəncəni almağa kömək edə bilərdi. İnqilabi Müdafiə Komitəsi tərəfindən elan olunmuş hərbi səfərbərlik 1918-ci ilin may ayında Bakı XKS tərəfindən daha 6 ay uzadıldı. Azərbaycanın müstəqilliyinin elan edilməsi ərəfəsində Bakı XKS say etibarı ilə böyük olan orduya malik idi. Bu ordunun əsasını bolşevikləşmiş ruslar, ermənilər təşkil edirdilər. Topladıqları silahlı dəstələrə arxalanan Bakı Sovetinin rəhbərləri daha sürətlə hərəkət edərək nəinki Azərbaycanın bütün ərazisini, hətta tam Zaqafqaziyanı işğal etmək niyyətində idilər. Hərbi dəniz işləri üzrə komissar Q.Korqanov bildirirdi ki, Ermənistan və Gürcüstanda xalq kütlələri intizarla Qırmızı ordunun yolunu gözləyirlər və ona görə də sürətli hücum barədə düşünməlidirlər.
Bakı XKS sədri S.Şaumyan da bu mövqedə dayanmaqla bərabər, belə bir planın həyata keçirilməsinin ilhamçısı və təşkilatçısı idi. V.Lenin tərəfindən Zaqafqaziyanın fövqəladə komissarı təyin olunmuş S.Şaumyan Cənubi Qafqazın tezliklə ələ keçirilməsi üçün sürətlə irəli getməyin zəruriliyini bildirirdi. Qarşıya qoyulan planların mahiyyətini inqilabi bolşevik şüarlarla pərdələməyə çalışan S.Şaumyan milli niyyətlərinin reallaşdırılmasında ilk növbədə erməni-daşnak ünsürlərinə arxalanırdı. Ətrafına topladığı daşnak qoşun dəstələrinə üstünlük verməklə yanaşı, S.Şaumyan Yelizavetpolda (Gəncə), bu quberniyanın digər qəzalarında və Gürcüstanda yaşayan ermənilərin onunla həmfikir olacağına da şübhə etmirdi. O, Rusiya XKS-ə göndərdiyi məktubunda gizlətmirdi ki, Yelizavetpola doğru irəliləməklə burada və sonra isə digər yerlərdə ermənilərin üsyanını qaldırmaq və bununla da Zaqafqaziya hökumətinin devrilməsinə nail olmaq lazımdır. S.Şaumyan və Q.Korqanovun hazırladığı plana görə, onlar LBiçeraxovun İranda olan dəstəsi ilə bərabər iki istiqamətdən – Kürdəmir-Yevlax-Gəncə və Şamaxı-Göyçay-Kaxetiya-Tiflis istiqaməti ilə hücuma keçməli idilər.
Gəncəyə və oradan da Tiflisə doğru hücumunda S.Şaumyan, eyni zamanda, cəllad Andranikin əməli yardımına bel bağlayırdı. Qeyri-insani əməlləri ilə silahsız azərbaycanlıların qanına rəvac verən bu cəllad Bakıdakı sovet hakimiyyətini tanımaqla Qafqazın yeni fövqəladə komissarının əmrini yerinə yetirməyə hazır olduğunu bildirirdi.
N.Qəhrəmanov “I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili” (Bakı, “E.L.” Nəşriyyat və Poliqrafiya Birliyi-2008) kitabından