Azərbaycanda 1918-ci ilin faciəli hadisələrinin mənzərəsənin bolşeviklərin interpretasiyasında bərpası ilə bağlı ilk addımlar artıq sovet hakimiyyəti qurulandan dərhal sonra atıldı.
1920-ci illərdən başlayaraq Azərbaycan SSR-də 1917-1918-ci illərin inqilabi hadisələrinin iştirakçılarının xatirə axşamları keçirilirdi. Bu axşamların iştirakçılarının çıxışlarının stenoqramı səliqə ilə köçürülür, müvafiq ideoloji filtrdən keçirildikdən sonra Azərbaycanda sovet hakimiyyəti uğrunda mübarizə tarixiu haqqılnda əsərlərin əsasını təşkil edirdi.
Öz tərcüməyi-hallarını həmin illərin fonunda söyləyən xatirə müəlliflərinin demək olar ki, hamısı 1918-ci ilin mart hadisələrini Bakı quberniyasında sovet hakimiyyətinin qurulması prosesində dönüş dövrü kimi səciyyələndirib, onların antiazərbaycan xarakteri daşıdığını bildiriblər. Bolşevik natiqləri əsasən bolşevik-daşnak dəstələrinin Bakı, Quba və Şamaxıda törətdikləri qırğınlardan müsəlman əhalisinin daha çox zərər çəkdikləri hadisələri təsvir ediblər.
1917-ci ildən bolşevik partiyasının üzvü olan Q.Blyumin xatırlayırdı: “1918-ci ilin hadisələri başladı və biz, öz silahlı qüvvələrimiz olmadığından, daşnak dəstələrindən istifadə etdik”.
A.Kaçayeva xatırlayırdı: “…batalyonları formalaşdırarkən, öz komandanlığımız olmadığından, kommunist nüvəsinə malik olmayan, 70 faizi ermənilərdən ibarət ordu yaratdıq.”
A.Qaber-Kornun yazdığı kimi, “müsavatçılardan “vəhşi diviziya”nı tərk-silah etməyi tələb edir və onları sovetlərdən qovurdular, daşnakların tərk-silah olunmasında isə zəif israr edir və onları sovetlərdə saxlayırdılar; bu ətraf mühitdə, xüsusilə də türk əhalidə çox pis təəssürat yaradırdı”.
A.Baqdasarovun xatirəsində qeyd olunur ki, “vətəndaş müharibəsinin milli zəmində müharibəyə çevrildiyi və ordunun başında 80% daşnakların təmsil olunduğu mart hadisələrindən sonra, patiya hiss etdi ki, yaşaya bilməz, hakimiyyət rusların və ermənilərin əlində idi. Erməni milli şurası bütün drujinaları nizamlayırdı”.
Q.Blyumin etiraf etməyə məcbur idi: “Daşnak dəstələri öz murdar işlərini gördülər, 20000 yazıq müsəlman əhalisini doğramaqla, vətəndaş müharibəsi əvəzinə, milli zəmində müharibə yaratdılar”.
Şamaxı hadisələrinin şahidi olan və Bakı hökumətinin Stepan Lalayevə “geniş mandat” verdiyini bildirən P.Boçarov qeyd edirdi: “Bir gecə ərzində şəhər sanki yoxa çıxmışdı. Əhali məhv edilmişdi. Əraziyə Caparidzenin sədrliyi altında komissiya göndərildi. Şamaxının komendantı daşnak Paxlasin azad edildi və onun qırğın zamanı fəaliyyətsizlik nümayiş etdirən dəstəsi ləğv edildi. Həmçinin daşnak Stepan Lalayev geri yollanıldı”.
Şamaxı hadisələrini öyrənmək üçün oraya Məşədi Əzizbəyov göndərildi. Bu da Əzizbəyovu müşayiət edən qızıl əsgər Z.Hacıyevin şahidliyi: “Partiya komitəsinin qərarı ilə mən Məşədi Əzizbəyovun rəhbərliyi ilə Şamaxıya ezam olundum. Şamaxıya çatanda bizi daşnaklar qarşıladılar və öldürməyə çalışdılar. Sonra Mədrəsəyə getdik. Əhali incidilmiş, qadınlara qarşı zorakılıq edilmişdi. Küçələrdə çəlləklərdə şərab daşınırdı, hamı sərxoş idi, böyük biabırçılıqlar törədilirdi. Şamaxıdan Altıağaca yollandıq. Mitinq çağrıldı, y.Məşədi bəy çıxış etdi və molokanları, türkləri və erməniləri sülhə çağırdı. Təəssüf ki, onların arasında bizim sənədləri oxuyacaq bir nəfər də savadlı adam tapılmadı. Əhalidə ermənilərə qarşı əks əhval-ruhiyyə olduğundan, mən imza yerində Şaumyanın əvəzinə, Caparidzenin adını oxudum. Deyirdilər ki, əgər siz bizə qarşı rus əsgərlərini göndərsəniz, biz sovet hakimiyyətinə qarşı belə qəzəbli olmarıq. Məşədi bəy qayıtdıqdan sonra, Baksovetdə Şamaxı qəzasında yaranmış vəziyyət haqqında məruzə etdi”.
1 may 1918-ci ildə Qubaya yalnız ermənilərdən ibarət olan üçminlik ordu birləşməsi daxil oldu. Birləşmənin rəhbəri müsəlmanlara qarşı heyvani nifrət bəsləyən qatı daşnak Amazasp Srvandztyan idi. Amazaspın dəstəsinin Qubaya gəlməsini Quba qəzasının yəhudi slobodasında Qızıl Ordu dəstəsində xidmət edən S.İlyansev belə xatırlayır: “Bir neçə gündən sonra eşitdik ki, Amazaspın 1500 nəfərdən ibarət dəstəsi gəlib. Yolda ikən kəndləri yandırmışdı. Məlum oldu ki, Amazasp bolşevik kimi gəlsə də, o və dəstəsi kəndləri və şəhəri yandıraraq, əhalini soyub, milli qırğın törədib və gedib”.
Hadisələrin digər şahidi, Qubadakı qırmızı dəstənin üzvü Mir Musa xatırlayırdı: “Daşnak Amazasp türk əhali ilə haqq-hesab çəkirdi. Kütləvi terror, soyğunçuluq və qətllər başladı”.
Hadisənin şahidi, sonralar uzun illər ərzində Azərbaycanın partiya təşkilatına rəhbərlik etmiş Mir Cəfər Bağırov 1923-cü ildə, hələ Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin rəhbəri olarkən tərcüməyi-halında Quba qəzasında baş verən faciəli hadisələri ətraflı təsvir etmişdi. O yazırdı: “Dərindən təəssüf edirəm ki, iradəmə zidd olaraq Qubadakı dəhşətli mənzərənin şahidi olmuşam. Əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qurtarmaq üçün xüsusi bir yardım göstərə bilməməklə yanaşı, hətta öz qohumlarımı da xilas edə bilmədim. Əmim, 70 yaşlı qoca Mir Talıb, onun oğlu Mir Haşım, kürəkəni Hacı Heybət və bir sıra qohumlarım vəhşicəsinə süngülərlə qətlə yetirildilər”.
Bəzi məlumatlara görə, Bağırov “həmin dəhşətli mənzərənin” qarşısını almaq üçün bəzi tədbirlərə əl atıb, lakin onu həbs ediblər.
Yəhudi slobodasında Qızıl Ordu dəstəsində xidmət edən Xaniko Şafadimo xatırlayır: “Gizli rəhbərlərimiz y. Bağırov və Mardaxay Yakubov bizə bildirirdilər ki, Amazaspın dəstəsindəkilər bolşeviklər deyil, millətçilərdir. Siz onların dəstələrinə qarışmayın, bolşeviklər gələnə kimi gözləyin. Xaçmazda öyrəndik ki, y. Bağırov Xaçmazdadır və eşelonun rəisi Amazasp onu həbs etdirmək istəyir. Çünki o, təşviqat aparırdı ki, kəndlilərə toxunmasınlar, onların günahları yoxdur. Biz Şalma Marday və Mardaxay Yakubovun rəhbərliyilə ermənilərin yanına getdik və izah etdik ki, Bağırov müsavatçı deyil, əsil inqilabçıdır, bizə rəhbərlik edir və onun üçün bütün millətlər bərabərdir. Bu öz təsirini göstərdi və daşnaklar onu azad etdilər”.
Bu insanların danışdıqları ayarı-ayrı epizodlar belə, birmənalı nəticə çıxarmağa imkan verir: 1918-ci ilin baharında Azərbaycanda sovet hakimiyyəti minlərlə azərbaycanlının sümükləri və qanı üzərində qurulub.
İlqar Niftəliyevin “1918-ci ilin baharında Azərbaycanlıların soyqırımı bolşeviklərin xatirələrində” (“İrs-Наследие” 2012№2(56)) məqaləsinə əsasən Gündüz Nəsibov hazırladı