Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondundan (BVF) və Dünya Bankından (DB) 4 milyard ABŞ dolları həcmində təcili yardım paketini cəlb etmək istəyi ilə bağlı xəbər bu gün çox müzakirə olunur.
BVF və DB ən iri beynəlxalq maliyyə təşkilatları kimi BMT çərçivəsində fəaliyyət göstərirlər. Məqsədləri iqtisadi çətinlik şəraitində olan üzv ölkələrə vəziyyətdən çıxmaq üçün uzunmüddətli və azfaizli kreditlər verməkdir. Ölkəmiz 1992-ci ildən bu qurumlarla əməkdaşlıq etməyə başlayıb. Müstəqilliyin ilk illərində bazar iqtisadiyyatına keçid prosesinin sürətlənməsi işində, dövlət əmlakının özəlləşdirilməsində, infrastrukturun bazar iqtisadiyyatı sisteminin tələblərinə uyğunlaşdırılmasında öz maliyyə vəsaitləri və peşəkar mütəxəssislərinin verdikləri məsləhətləri ilə dövlətimizə kömək etdikləri iddia olunur. Keçmişi təftiş etmədən deməliyəm ki, o zaman təqdim edilmiş kreditlərin bir hissəsi hələ də dövlət borcumuzun tərkibində qalmaqdadır.
Bəs hazırkı borclanmamız hansı səbəbdən qaynaqlanır? Səbəblər hamıya aydındır: milli valyutamızın ABŞ dollarına nəzərən son bir ildə iki dəfə mərkəzləşmiş qaydada ucuzlaşdırılması, neftin qiymətinin dünya bazarında sürətli enişi və bu fonda iqtisadiyyatımızın bütün sferalarında işgüzar fəallığın aşağı düşməsi. Fikrimcə, Azərbaycan hökuməti bu beynəlxalq qurumları borc xatirinə deyil, islahatların aparılması işinə yardım etmələri üçün ölkəyə dəvət edir. Çünki hökümətin sərəncamında sərbəst valyuta ehtiyatları kifayət qədərdir. Digər tərəfdən BVF və DB konkret şərtlərə əməl edildiyi halda dövlətlərə kredit verir və bu şərtlər ölkəmizin həyata keçirmək istədiyi islahatlara çox bənzəyir. Gəlin onlarla tanış olaq:
– BVF və DB təqdim etdiyi vəsaitlərin hara xərclənməli olduğunu özləri müəyyənləşdirir, vəsaitdən təyinatı üzrə istifadə edilməsinə nəzarəti onların yerli nümayəndələri həyata keçirirlər. Məlumat üçün deyim ki, həmin işçi heyətinin bütün xərcləri təqdim edilmiş kreditdən ödənilir;
– Bu qurumlar borclanan ölkənin iqtisadiyyatının açıq bazar münasibətlərinə uyğunlaşdırılması üçün lazım olan islahatların aparılmasına xüsusi diqqət edir və bunu kreditin təqdim edilməsi zamanı əlahiddə şərt kimi hökumətin qarşısına qoyur. Bir az sadə dillə ifadə etsək, siz BVF və DB-dən kredit alıb idxal və ya ixracda nə təbii, nə də süni monopoliyanı saxlaya bilməzsiniz. Borclanan hökumətin dünya bazarlarına inteqrasiyasına mane olan bütün məhdudiyyətlərin aradan qaldırılması üçün onun ÜTT (Ümumdünya Ticarət Təşkilatı) ilə əməkdaşlığının genişləndirilməsinə nail olmağa çalışılır. Bu da vəsaitin verilməsi üçün tələb olunan vacib şərtlərdən biridir;
– borclanan dövlətin ümumi xərc strukturunda dövlət aparatının və sosial xərclərin kəskin azaldılması şərti də bu qurumların əsas tələbləri içərisində prioritet təşkil edir;
– borclanan dövlətin milli valyutasının alıcılıq qabiliyyətinin dayanıqlı olmasına xidmət edən iqtisadi islahatların sürətləndirilməsi, dövlətə məxsus iri istehsal və xidmət obyektlərinin özəlləşdirilməsi, yerli resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinin stimullaşdırılması işinin təşviqi;
– bu qurumlar ölkədəki fəaliyyətləri haqqında dövri olaraq hesabatlarla çıxış edir, mətbuata açıq olur və dövlət başçısı ilə birbaşa ünsiyyət imkanlarına malik olurlar.
Bu şərtlərlə tanış olduqdan sonra fikirləşə bilərsiniz ki, hər şey qaydasındadır. Və cəmiyytə də elə bunları istəyir. Amma burda bir və ya bir neçə “əmma” var.
Məşhur Amerika filosofu, sosioloq E.Toffler yuxarıda adları qeyd edilən qurumları özünün məşhur “Üçüncü dalğa” əsərində “soyğunçu” adlandırır. Onların əsas məqsədinin zəif xalqlara məxsus sərvətlərin ələ keçirilməsində ABŞ hökumətinin aləti olduğunu qeyd edir. Bu nüfuzlu alim adı çəkilən qurumları tənqid edən ilk şəxs deyil. Belələri kifayət qədərdir. Başqa bir fakt, ötən əsrin 80-ci illərində Yuqoslaviya hökuməti kredit alaraq BVF-nin məsləhtlərinə uyğun islahatlara başladı və separatizm, minlərlə dinc əhalinin ölümünə səbəb olan etnik müharibələr nəticəsində bu gün dünyanın siyasi xəritəsində belə bir ölkə artıq yoxdur. Qardaş Türkiyə uzun illər bu qurumlardan borc alaraq iqtisadiyyatını sağlamlaşdırmağa çalışsa da buna nail ola bilməmiş, ancaq onlarla əməkdaşlığı məhdudlaşdırdıqdan sonra davamlı inkişaf edən iqtisadi sistem qura bilmiş, milli valyutasının kəskin dəyərsizləşməsinə, hökümətlərin az qala kaleydoskopik sürətlər dəyişməsinə son qoymuşdur.
İqtisadiyyat elmi kreditin mahiyyətini ondan düzgün istifadə edildiyi halda əlverişli hesab edir və bunu əsaslandırmaq üçün kreditin hələ də istər ayrı-ayrı fərdlər, hüquqi şəxslər və istərsə də dövlətlər tərəfindən fasiləsiz istifadəsini arqument kimi gətirir.
Elçin Cəfərov, Azərbaycan Universitetinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri