Həcər Verdiyeva: “…Herodotun dövründə Ermənistan olmayıb. Herodot özünün “Tarix” əsərində göstərir ki, Frakiya tayfaları Balkanlardan Frigiyaya-Kiçik Asiyaya gəliblər, oradan Şərq istiqamətinə yönələrək, Mesopotamiyaya keçiblər.
Herodot göstərir ki, onlar Fəratdan yuxarıda yaşayıblar. Herodotun dövründə Ərməniyyə fikri olması düzgün deyil. Strabonun dövründə isə bəli, Ərməniyyə var idi. Ancaq nə Qafqazda, nə də Kiçik Asiyada idi, Fərat çayının hövzəsində bir ərazidə idi. Doğrudur, Movses Xorenasi, Favtos Buzand və digər erməni mənbələri israrla sübut etməyə çalışırlar ki, Böyük Ərməniyyə olub. Ermənilərin qəbul etdiyi erməni tarixi haqqında gerçəklər sual altındadır. Movses Xorenasi də erməni tarixini yox, erməni xalqının tarixini yazıb. Sonradan sovet ermənişünaslığında bu, təhrif olunaraq erməni tarixi kimi təqdim olunub. ABŞ-ın Kaliforniya Universitetinin professoru Nina Qarsayan mənbələr əsasında ciddi araşdırma apararaq sübut edib ki, “Böyük Ərməniyyə” Movses Xorenasi, Favtos Buzandın təxəyyülünün məhsuludur. Tarixdə “Böyük Ərməniyyə” olmayıb. E.ə.189-cu ildə üç Ərməniyyə yaranıb. Artaşetlər Ərməniyyəsi (e.ə. 189-cu ildə yaranıb, b.e. I əsrinə kimi mövcud olub), b.e. I əsrinin 30-cu illərində Arşakilər Ərməniyyəsi olub və Arşakilər Parfiya sülaləsi ilə bağlı olmuşdur. Onu da bilmək lazımdır ki, I Artaşet hansı Ərməniyyəni yaradıb? Onun dövründə Böyük Ərməniyyə, Kiçik Ərməniyyə, bir də Sofena olub. Böyük Ərməniyyə Fərat çayından sağda, Kiçik Ərməniyyə isə Fərat çayından solda yerləşib. Sofena isə Diyarbəkirlə sərhəddə yerləşirdi. Nina Qarsayan da bu faktı 1971-ci ildə “Ərməniyyə IV əsrdə” məqaləsində göstərib və bildirib ki, ”Ərməniyyələr” mərkəzləşmiş bir qurum şəklində mövcud olmayıblar. Bu məqalə 1971-ci ildə Ermənistan Elmlər Akademiyasının “Xəbərləri”nin 2-ci sayında dərc olunub. Lakin məqalə dərc olunan günün səhərisi bu məqalənin olduğu jurnalın bütün nüsxələri yandırılıb. Hərçənd tamamilə məhv edə bilməyiblər, həmin jurnalın nüsxəsi Azərbaycan Respublikasında və Moskvada saxlanılır. Və indi erməni tarixçiləri obyektiv mövqedən çıxış edən Nina Qarsayanın və onun tələbələrinin, ardıcıllarının mövqeyini qəbul etmirlər. Bildirirlər ki, onlar Movses Xorenasi, Mixitar xəttindən ayrılıblar”.
Həcər Verdiyeva: “Tarixdə Böyük Ərməniyyə olmayıb” müsahibəsindən
15.10.2018, 1905.az