
Xalqımızın tarixində elə şəxsiyyətlər var ki, onların adı və xidmətləri nəsillərdən-nəsillərə ötürülərək yaddaşlarda əbədi yaşayır. Belə şəxsiyyətlərdən biri həkim, səhiyyə təşkilatçısı olmaqla yanaşı, eyni zamanda, dövlət xadimi, diplomat, alim, pedaqoq kimi tanınan Əziz Məmmədkərim oğlu Əliyevdir.
AZƏRTAC xəbər verir ki, görkəmli elm və dövlət xadimi haqqında “Böyük Azərbaycan naminə Əziz Əliyev” adlı tarixi-publisistik və bioqrafik kitab nəşr edilib.
Kitabın müəllifi ixtisasca həkim olsa da, son illər tarixçi kimi fəaliyyət göstərən və bir sıra maraqlı əsərlər qələmə alan Adıgözəl Məmmədov onun çətinliklərlə dolu həyatını Vətənə və xalqa xidmətə həsr olunan ömrün parlaq bir nümunəsi kimi təqdim edib.
İndiyədək Azərbaycan və ingilis dillərində nəşr olunan kitab bu dəfə türk dilində çapdan çıxıb.