“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktoru Nurulla Əliyev müəllifi olduğu “Böyük Dərbənd ensiklopediyası” barədə söhbətdə Dərbəndin yaşı barədə danışdı.
Heç demə Dərbənd şəhərinin 2 000 illiyinin keçirilməsi ilə bağlı çox problemlər yaşanıbmış. Müəllif qeyd etdi ki, sovet dönəmində arxeoloq, tarix elmləri doktoru Aleksandr Kudryavtsev Dərbəndin 5 000 yaşının olduğunu qeyd edirmiş. Onun başçılığı ilə Dərbənddə Narın qala və onun ətrafında, Qırxlar qəbiristanlığında arxeoloji qazıntılar aparılıb.
2012-ci ildə Dərbəndin, 5 000 deyil, 2 000 illiyi qeyd olunub.
Böyük bir kitab ərsəyə gətirə bilmiş Nurulla Əliyev, kitabda Dərbəndin zəngin tarixi, arxeologiyası, etnoqrafiyası, onun yeməkləri, memarlığı, hamamları, qəbiristanlığı, şəhərin hərbi strateji əhəmiyyəti və s. haqqında geniş məlumat olduğunu söylədi.
Dədə Qorqudun Dərbənddəki qəbri ilə bağlı çoxlu mülahizələrin olduğunu deyən alim, kitabda bu mövzuya həsr olunmuş ayrıca bölmə olduğunu vurğuladı.
Dədə Qorqudun daha çox mifik şəxsiyyət olduğu fikrinə münasibət bildirən N.Əliyev, vaxtilə İtaliya, Fransa, Türkiyə tarixçilərinin Dədə Qorqudun qəbrinin Dərbənddə olduğu barədə qeydlərinin olduğunu söylədi və Dərbənddə ona abidə ucaldılması istəklərinin olduğunu açıqladı: “Biz, “Dərbənd Xeyri Cəmiyyəti” olaraq orada xatirə kompleksi açmaq istəyirik. Ona görə də bu il Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəz Qarayevə bu xatirə kompleksinin quraşdırılmasında və həmçinin Dərbənd Dövlət Azərbaycan Dram Teatrının binasının bərpa edilməsi işində köməklik göstərməsi üçün məktub ünvanladıq”.
Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının fəaliyyəti barədə suala N.Əliyev belə cavab verdi: “Hazırda o teatrın əvvəlki yerində fəaliyyətinin bərpa olunmasına çalışırıq. Biz, bunun üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etdik, bizə 3 milyon manat pul ayırdılar. Ancaq yer məsələsində problem yarandı. Teatr üçün ayrılan yer münasib deyil, öz köhnə yerində isə qəza vəziyyətində olan qədim binanı gərək təmiz söküb yerində təzə bina tikəsən. Azərbaycan teatrı fəaliyyət göstərir, lakin öz binasında deyil, Tabasaran teatrının binasında oturur. Burada Dağıstan rəsmilərinin münasibəti böyük rol oynayır. Dağıstan Muxtar Respublikasının başçısı olmuş Ramazan Hacımuradoviç Abdulatipov həmişə söz verirdi ki, binanı bərpa etdirəcək, amma vədinə əməl etmirdi. Indi Dağıstanın yeni rəhbəri Vladimir Vasilyevi gözləyirik, o da Bakıya gələcək. Ümid edirik ki, o, bizə kömək edə bilər.
Hazırladı: Mehman İbrahimov, 1905.az