İdeologiya cəmiyyətin maraqlarını, dünyagörüşünü, ideallarını ifadə edən ideyalar sistemi, məqsədləri və hədəfləri olan inanc və fikirlərin bütünləşməsidir.
İdeoloqlar məhz təbliğat vasitəsilə özünün, öz millətinin haqlı, qarşısındakının isə haqsız olduğuna inandırmağa çalışır. Bununla birlikdə ideologiya rəhbər tutduğu proqram və prinsipləri tətbiq etmək üçün müəyyən vasitələrə sahib olmaq məcburiyyətindədir. Bu vasitələrin başında “güc və ya şiddət” gəlir. Yəni zor tətbiq etmək. İdeologiya elmi izahlara əsaslanmaz. Onun vəzifəsi haqlı və ya haqsız bütün hadisələri yeganə bir səbəbə bağlamaqdır. İdeologiyanın əsas ünsürlərindən biri də mifologiyadır. Mif hadisələrin keçmişdə necə olduğunu və gələcəkdə necə olması lazım gəldiyini göstərən zehni təsəvvürdür. (8, s. 278). Hər bir millətin tarixində mifologiyalar böyük rol oynamışlar. Məsələn, italyanların «Mare Nostrum” (Böyük Dəniz), “yunanların Megalo Idea”‖ (Böyük İdeya), türklərin “Qızıl Alma”‖ kimi əfsanələri keçmiş və gələcək hadisələri açıqlayan qavramlardır. Şübhəsiz ki, bu mifologiyalar arasında “Böyük Ermənistan”‖ əfsanəsinin də özünəməxsus yeri vardır. Düzdür, “Böyük Ermənistan”‖ ideologiyası “Hai-That”‖ (ermənilərin davası) doktrinasını özündə əks etdirir, amma mifologiyaya əsaslanır. Onun mifologiyaya əsaslanması əslində anormal bir vəziyyət deyil, ancaq keçmişdəki bütün bədbəxt hadisələrin və fəlakətlərin səbəbinin təkidlə türklərdə axtarılması əsl psixoloji xəstəlikdir. Necə ki, nasistlər (bütün almanlar deyil – E.Ş.) Almaniyanın uğradığı məğlubiyyətlərin və fəlakətlərin qaynağı olaraq yəhudiləri məsul tutmuşdularsa, bütün ermənilər də Hai-Taht ideologiyasının gerçəkləşməməsində və keçmişdəki fəlakətlərin baş verməsində türkləri ittiham etməkdədirlər. “Böyük Ermənistan‖ məsələsi bir çox konfrans və simpoziumların, kitab və məqalələrin mövzusu olmuŞdur. Amma bu ideologiyanın mifoloji əsasları çox az tədqiq edilənlər sırasındadır. “Böyük Ermənistan”‖ ideologiyasının mifoloji əsasları nədir?
1) Nuh peyğəmbər və onun nəvəsinin nəvəsi Hay / Hayk əfsanəsi
2) Dünyanın ilk xristian milləti əfsanəsi
3) Soyqırımı əfsanəsi
Ermənilərin Nuh peyğəmbərlə bağlı iddiaları və Hay / Hayk əfsanəsi
Erməni ideoloqları öz tarixlərinin “Nuh Tufanı”na qədər apararaq‚ guya Nuh peyğəmbərin nəvəsinin nəvəsi Hay və ya Hayk ilə başlandığını iddia etməkdədirlər. Bu düşüncəyə görə, Nuhun gəmisi Ağrı dağında lövbər salmışdır və məhz buna görə də Nuhun nəvəsinin nəvəsi Haydan törəyən ermənilərin ana vətəni Şərqi Anadoludur. Eyni zamanda Hay / Hayk 400 il yaşamış və öz ölkəsini Babilistana qədər genişləndirmişdir (10, s. 12-16; 9, s. 12; 20, s. 100-101). Halbuki məsələyə fərqli aspektdən yanaşan erməni alimi Keğam Kerovpyan yazır ki, Hay və xələfləri tarixi simalar deyil, erməni xalqıyla qaynaşan müxtəlif millətlərin adlandırmalarıdır (12, s. 86). Belə bir vəziyyətdə Hayk əfsanəvi şəxsiyyət olduğuna görə onun Nuhdan törəməsi də uydurmadır.
Bu məsələdə xüsusilə bəzi məqamlara aydınlıq gətirməyin son dərəcə vacib olduğunu hesab edirik. Nədir bu məqamlar? Əsas məqam yəhudi ideologiyası ilə erməni ideologiyası arasında paralellik aparma və oxşarlıq yaratma siyasətidir. Yəhudi fəlsəfəsinə və onların müqəddəs kitablarına görə, guya Tanrı tərəfindən seçilmiş millət məhz İsrailoğulları, yəni yəhudilərdir və Tanrı (Yehova) Hz. İbrahimin yuxusuna girərək, “… Misir (Nil) çayından ta … böyük çay olan Fərata qədər kənanilər, kənizilər … və yəbusilərin məmləkətini sənin nəslinə verirəm”, demiş və Nildən Fərata qədər olan torpaqları İsrailoğullarına hədiyyə etmişdir (6, s. 45; 3, s. 7). Sonradan siyasi Sionizm fəlsəfəsinin meydana gəlməsi ilə yəhudi ideologiyasında dünya hakimiyyəti məfkurəsi təşəkkül tapmışdır.
Eyni siyasət erməni ideologiyasının da tərkib hissəsi kimi formalaşmışdır. Dünya ictimaiyyətinə çatdırmaq istədikləri şüar budur ki, guya Tanrı tərəfindən “seçilmiş olan millət” məhz ermənilərdir (15, s. 57). Yəhudilərdəki dünya hakimiyyəti məfkurəsinin əksinə olaraq ermənilər belə bir ideyanı reallaşdıra bilməyəcəklərini dərk etdiklərinə görə, sadəcə Şərqi Anadolu və Qafqaz bölgələri ilə kifayətlənməkdə və iddia etdikləri bu torpaqların bir zamanlar məhz Hz. Nuhun nəvəsinin nəvəsi olan Haya vəd edildiyini önə sürməkdədirlər. Məhz bu baxımdan erməni ideologiyası “ermənilərin seçilmiş millət, Nuh peyğəmbərin erməni mənşəli olması və onun nəvəsinin nəvəsi Haya vəd edilən torpaqlar” iddiaları üzərində yaranıb möhkəmlənmişdir.
Qatı millətçi fikirləri ilə tanınan Zori Balayan da “Oçaq” adlı kitabında Nuh peyğəmbərin erməni olduğunu və bu dildə danışdığını iddia edir (4, s. 30). Erməni iddialarına görə, Ağrı dağına çıxaraq həyatda qalmağa müvəffəq olan qövm ermənilərin atalarıdır. Bu baxımdan Ağrı dağı ermənilər üçün müqəddəslik simvoludur. Bu müqəddəslik guya Nuh peyğəmbərin erməni mənşəli olması ilə əlaqədardır. Ermənilər bu inancla özlərini “seçilmiş millət” olaraq görməkdədirlər. Həm də elə bir millət ki, Tanrı onları Nuh Tufanı ilə sınağa çəkmiş, ermənilər də bu sınaqdan uğurla çıxmışlar (14, s. 41). Nuh Tufanı kimi çətin imtahan və hətta həyatda qalmaq üçün bütün çətinliklərin öhdəsindən gələ bilmə qabiliyyətlərinə və dözümlü olduqlarına olan inamları erməni kimliyinin bir parçası halına gəlmişdir. Bu baxımdan, ermənilər gəminin Ağrı dağında oturması səbəbi ilə vətənlərinin Şərqi Anadolu olduğunu iddia etməkdədirlər. Gəminin Naxçıvandakı Gəmiqayada dayanması ilə bağlı tədqiqatlar dərinləşdikcə, ermənilər belə bir yeni iddia ortaya atdılar ki, guya Nuh peyğəmbər erməni olduğuna görə, onun ayaq basdığı bütün torpaqlar ermənilərə məxsusdur. Məlum məsələdir ki, belə iddialar elm adına heç bir həqiqəti özündə əks etdirmir. Bütün bunlar mifoloji təxəyyüllərə əsaslanan əfsanəvi iddialardır. Məsələyə dini aspektdən yanaşsaq, Adəm peyğəmbər bəşəriyyətin ilk atası sayıldığı kimi, Nuh peyğəmbər də Dünya Tufanı səbəbiylə bəşəriyyətin ikinci atası sayılır. Belə bir vəziyyətdə, hər hansı milli mənsubiyyətdən söhbət gedə bilməz. Yox, əgər Hz. Nuh ermənilərin də iddia etdiyi kimi, ermənidirsə, o zaman ağla gələn ilk fikir budur: bəşəriyyət ermənilərdən törəmiş və bütün dillər erməni dili əsasında formalaşaraq, sonradan deformasiyaya məruz qalmışlar. Necə deyərlər, bax, budur müəmma!
“Sivilizasiyanın ilk beşiyi – Ermənistan” iddiaları və “Ararat – Ağrı dağı” ilə bağlı məsələlər
Hələ 1703-cü ilin mayın 27-də mifoloji təxəyyüllərlə yaşayan erməni nümayəndələri Rusiya imperatoru I Pyotra tam ciddiliklə yazırdılar ki, dünyanın yaranması bizim ölkədən başlanmışdır. Nuhun gəmisi Ararat dağında dayananda, Nuh o gəmidən çıxmış və dünya aləm bu gəmidən yaranmışdır. Çarlıqların çoxu bizim ölkənin tərkibindən ayrılmışdır. Bizim dövlətimiz bütün dövlətlərdən qədimdir, bütün dövlətlərin açarı bizim əlimizdədir (1, s. 63).
Hətta məşhur gürcü alimi İlya Çavçavadze 1902-ci ildə çapdan çıxan «Армянские ученые и вопиющие камни‖ (Erməni alimləri və daşların fəryadı) adlı əsərində ermənilərin daha da irəli gedərək, Adəm peyğəmbəri də ermənistanlı kimi qələmə vermələri kimi avantürist ideyalarını bəzi xarici müxbirlər və mətbuatlar vasitəsilə bütün dünyaya yaymağa çalışdıqlarını göstərmişdir (5, s. 43).
Belə çıxır ki, sivilizasiyanın ilk beşiyi Ermənistan olmuşdur, dünyanın yaranması da Ermənistandan başlanmışdır. Bu bir həqiqətdir ki, hər bir millətin tarixin qaranlıq və qədim dövrləriylə əlaqəli əfsanə və dastanları vardır. Əfsanə və dastanlar mənəvi və psixoloji dəyərlər şəklində qəbul edilə bilər, ancaq elmi və tarixi həqiqət olaraq önə sürülə bilməz. Məsələ burasındadır ki, ermənilərin Adəm peyğəmbərə və Nuh peyğəmbərə tək başına sahib çıxmaları heç bir dastani məziyyətləri belə özündə əks etdirmir. Çünki yuxarıda da qeyd edildiyi kimi, Adəm peyğəmbər və Nuh peyğəmbər bütün bəşəriyyətin atası sayılırlar.
Burada “Ağrı dağı” barəsində müəyyən məsələlərə aydınlıq gətirməyi son dərəcə vacib hesab edirik. Bu dağın adı Bibliyada “Ararat” olaraq keçir. Lakin ermənilər bu adı mənimsəyərək erməniləşdirmişlər. Halbuki “Ararat”‖ kəlməsinin ermənilərlə və erməni dili ilə heç bir əlaqəsi yoxdur. Əgər “Ararat” həqiqətən də ermənicə bir kəlmədirsə, o zaman nəyə görə bu millət “Ağrı dağı”nı “Ararat” deyil, “Masis” adlandırır? Məsələ burasındadır ki, “Ararat” kimi oxunan “RRT” əslində Urartu adının sami dilindəki yazılışıdır. Məlum olduğu kimi, Urartu tayfaları hay ola bilməzdilər, çünki onlar Asiya mənşəli xalq idi (22, s. 276; 13, s. 37; 7, s. 11-12; 18, s. 17). Haylar isə Hind-Avropa dilli xalqdır. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi, bu dağ Bibliyada “Ararat” şəklində yazılmışdır, halbuki Bibliyanın ortaya çıxdığı dövrlərdə erməni millətindən və dilindən söhbət gedə bilməzdi.
“Dünyanın ilk xristian milləti” əfsanəsi
Ermənilər arasında dərin kök salan ənənəvi psixologiyaya görə, dünyanın bütün xristian ölkələrinin ermənilərin haqq səsinə cavab vermələri və Hai-Tahd ideologiyasına hərtərəfli dəstək vermələri zəruridir. Hər şeydən əvvəl ona görə ki, ermənilər xristianlığı ilk qəbul edən millət, eyni zamanda xristianlığın “ilk şəhid milləti”dir. Erməni kilsəsinin iddiasına görə, Hz. İsa Eçmiədzinə (ermənilər Eçmiədzinin mənasını Allahın yeganə oğlunun yer üzünə endiyi məkan olaraq izah edirlər – E.Ş.) enərək erməni kilsəsini inşa etmiş, onu digər kilsələrdən fərqli olaraq daha müstəqil və ehtişamlı bir mövqeyə gətirmişdir (11, s. 19). Erməni iddialarına görə, bunun səbəbi erməni millətinin Tanrı tərəfindən seçilmiş olmasıdır. Buna görə də Tanrı seçilmiş olduqları səbəbiylə kilsəni məhz onların torpaqlarında qurmuşdur. Vatikan isə bu nəzəriyyəni rədd edərək, kilsənin ilk dəfə Romada inşa edildiyini və bu işin icrası üçün Hz. İsa tərəfindən müqəddəs Saint Pierreyə tapşırıldığını irəli sürməkdədir. Katoliklərə görə, İsanın vəkili məhz bu şəxsdir (20, s. 126). Ermənilər 301-ci il tarixini ilk xristian dövlətinin quruluş ili olaraq qəbul edirlər. Bu tarixin ilk xristian dövlətinin quruluş ili kimi göstərmələrinin və eyni zamanda “dünyanın ilk xristian dövləti və milləti” şəklində önə sürdükləri iddiaların səbəbi tamamilə dini, siyasi mahiyyətdədir və qonşu ölkələr üzərində dini və mədəni üstünlüklər əldə etmək üçün aparılan təbliğatdır. Buradan belə bir sual doğur: əgər ermənilər həqiqətən də yer üzünün ilk xristian millətidirsə, nəyə görə sülhə tərəf ilk addım atmaqla öz inanclarını sübut etmirlər? Məgər Hz. İsa kini, nifrəti, terrorizmimi təlqin edirdi? Əlbəttə, intiqam hərəkətləri İsa peyğəmbər tərəfindən heç vaxt öyrədilməmiş və qəbul edilməmidir. Əgər ermənilər həqiqətən də xristianlıq dininə bağlı millətdirsə, nəyə görə digər xristian inanclıların Ermənistana gəlib Hz. İsaya olan məhəbbətini bölüşmələrinə icazə verilmir? Qeyd edək ki, kilsə hər hansı bir erməninin digər xristian məbədlərində ibadət etməsini qadağan edir. Bu barədə “Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri” adlı kitabında müəllif Səmyuel Uimz yazır: “…Erməni kilsəsi digər xristian məbədlərində ibadət edən hər bir ermənini kilsədən uzaqlaşmış hesab edir. Erməni kilsəsi rəsmi kilsədən başqa digər kilsələrdə ibadət edən erməniləri cəhənnəm odu ilə lənətləyir…‖ (19, s. 66).
Hz. İsanın prinsiplərindən uzaqlaşan və özünəməxsus bir yol cızaraq millətçi partiyalara və terror təşkilatlarına öncülük edən erməni kilsəsi haqqında arxiyepiskop Qevond Turyan yazırdı: “…Dini icmalar uzun zamanlardan bəri erməni partiyalarının inqilab ocaqları olmuş, ən şeytani proqramlar buralarda hazırlanmışdır. Dini mərkəzlər silah anbarlarına və inqilab komitələrinin qərargahlarına çevrilmişdir. Dini liderlər söz və yazı ilə xalqı üsyana təşviq edirlər. Artıq moizələrdə ibrətamiz sözlər və İncilin doktrinası zikr edilmir. Sədaqət və doğruluğun əksinə yalançılıq, humanizmin əksinə kin və intiqam, əxlaqın əksinə isə alçaqlıq və şərəfsizlik təlqin edilir… Dini liderlər komitələr tərəfindən təşkil edilmiş bayramlara, yığıncaqlara və mərasimlərə öndərlik edirlər…” (11, s. 75).
Onu da qeyd edək ki, bu sözlərin müəllifi olan Qevond Turyan erməni millətçiləri tərəfindən təhdid edilmiş və 1922-ci ildə ABŞ-a köçmək məcburiyyətində qalmışdı. Nəhayət, 24 dekabr 1933-cü ildə Nyu-Yorkdakı dini ayini keçirmək üçün erməni kilsəsinə gəldiyi zaman o, daşnak terroristləri tərəfindən guya Hai-Tahd ideologiyasına, yəni ermənilərin milli davasına xəyanət etməsi səbəbi ilə qətlə yetirilmişdir (17, s. 74-75).
Ümumiyyətlə, Erməni Kilsəsi siyasi və ictimai müzakirələrin mərkəzi olmuşdur. Millətin problemləri həmişə kilsəni dərindən düşündürmüşdür. “Böyük Ermənistan‖ dövlətini yarada bilmək üçün dünya ölkələrini hörümçək toru kimi saran kilsə erməni partiyalarını və terror təşkilatlarını ətrafına yığmış, müntəzəm bir şəkildə onları dəstəkləmişdir. “Xristianlığın ilk şəhid milləti” iddiası isə tamamilə dini təbliğat xarakteri daşıyır. İddiaya görə, dünyanın ilk xristian milləti olan ermənilər 1915-ci ildə müsəlman türklər tərəfindən şəhid edilərək soyqırıma uğramışlar. Əsl məqsəd dünyanın xristian dövlətlərindən dəstək almaq və bu sayədə “Böyük Ermənistan” düşüncəsini reallaşdırmaqdır. Onlar bu sayədə ortaya çıxan dindaşlıq cəhdlərini siyasi müstəviyə oturtmaqda, özlərini dünyada və Qafqazda xristianlığı mənimsəyən ilk millət kimi tanıtdırmaq və xristianlığın Qafqazdakı qalası kimi göstərməkdir. Eyni zamanda bu dinin yayılışındakı təzyiqlərə sinə gərən “şəhid millət” imici formalaşdırmaqla qonşu ölkələr üzərində dini, siyasi təzyiq qurmaqda, digər tərəfdən də sivilizasiyalar arasında meydana gələn qarşıdurmalardan məharətlə istifadə etməkdədirlər.
“Ermənilərin soyqırımı” iddialarının mifoloji əsasları
Nəhayət, “soyqırımı əfsanəsi”nə gəlincə, bu mifologiyanın arxasında bilavasitə kilsə dayanır. Kilsə uydurulan soyqırımı ilə Nuh Tufanı arasında məntiqsiz bir əlaqə quraraq erməni-türk düşmənçiliyini daha da gərginləşdirmişdir. Bu ənənəyə görə, guya ermənilər Tanrı tərəfindən “seçilmiş bir millətdir” və Tufan hadisəsindən sonra onların nə qədər dözümlü və əzmli bir xalq olduğu ortaya çıxmışdır. Yəni Tanrı onları Nuh Tufanı ilə sınağa çəkmiş, ermənilər də bu sınaqdan uğurla çıxmışlar. İddiaya görə, birinci imtahandan müvəffəqiyyətlə çıxan erməniləri Tanrı ikinci dəfə də imtahana çəkib ki, bu imtahan da əfsanələşdirilən “erməni soyqırımı”dır. Guya ermənilər kütləvi surətdə məhv edilmək istənilmiş, amma bütün bunlara baxmayaraq öz iradəsi, dözümü və əzmi sayəsində millət olaraq tarix səhnəsindən silinməmişlər. Ermənilər arasında yayılan inanca görə, birinci fəlakət Tufandırsa, ikinci fəlakət də türklərdir. Buna görə də türklər ermənilər tərəfindən insan kimi deyil, simvolik olaraq təbii fəlakətlərin meydana gətirdiyi hadisələrin sinonimidir (14, s. 41). Erməni kilsəsi tərəfindən Şüuraltına belə düşüncələr yerləşdirilmişdir ki, guya ermənilər Allahın lütfü ilə necə ki, Tufanda məhv olmamış və ardından bütün dünyaya yayılaraq ana vətənlərinə qayıtmaq gücünü özlərində tapa bilmişdilərsə, 1915-ci il hadisələrindən sonra da həyatda qalmağı bacarmışlar (16, s. 103). Amerikan tədqiqatçısı Səmyuel A. Uimz bu barədə yazır: “Ermənilər xristian dünyasının içində dönə-dönə nağıllar söyləyərək, özlərinin İisus Xrist yolunda əzabkeş millət olması haqqında xristian dünyasında ictimai fikir yaratmaq istəmişlər. Ermənilər xristian olmayan hər şeyin xristianlığa qarşı ziyan, qorxu və nifrət olması təsəvvürünü formalaşdırırlar. Bu günlər ermənilərin danışdığı ən böyük nağıl isə bundan ibarətdir ki, guya 1915-ci ildə onların 1.5 milyon nəfər ulu babası türklər tərəfindən qətlə yetirilmişdir və bu, iyirminci əsrin ilk genosid nağılıdır…‖ (19, s. 62).
Daha sonra o, yazır: “…Ermənilər iddia edirlər ki, onlar əvvəlcə öldürülmüş və sonra – onlar bu cür yaxşı xristian olduğundan – 1.5 milyon nəfəri İisus kimi zühur etmişdir. Hər Şey bir yana, erməni liderləri xəyali genosidi “çarmıxa çəkilmə”, yeni diktator ölkənin yaradılmasını isə İisus kimi “zühur etmək”lə müqayisə edirlər. Bu saxtakarlıqdır!…” (19, s. 177).
Bu soyqırımı əfsanəsindən bir amil olaraq istifadə edib millətin beynini zəhərləyən erməni kilsəsi terror təşkilatlarını da hər vəchlə dəstəkləmişdir. Erməni kilsəsindən ilham alan Daşnaksutyun ideoloqlarına görə, erməni milli maraqlarının həyata keçirilməsi üçün inqilab, silahlı mübarizələr, terror, cinayət və qətl hadisələri zəruridir. Qeyd edilməlidir ki, bizlər tərəfindən qəbul edilən “terror, cinayət və qətl hadisələri” məfhumları ermənilər tərəfindən haqq-ədalət simvolu kimi mənimsənməkdədir. Erməni terror qrupları törətdikləri aktları qəbul etsələr də, bu cinayətlərini qanuniləşdirməkdədirlər. Hətta erməni millətinin və qurumlarının böyük əksəriyyəti də bu cinayətləri qəbul edirlər, lakin bu terror cinayətlərinin səbəblərini qanuni yollardan izah etməyə cəhd göstərərək, özlərinə bəraət qazandırmağa çalışırlar. Halbuki terrordan hər hansı bir şərt daxilində qanuni metod olaraq istifadə edilməsi beynəlxalq qanunlara ziddir. Onlar eyni zamanda din faktorundan da istifadə edərək, xristian dövlətlərin dəstəyini qazanmış və “xristianlığın ilk qəbulediciləri və şəhid milləti” adı altında müsəlman türklərdən intiqam almağı hədəfləmişlər ki, müəyyən mənada da buna nail olmuşlar. Radikal erməni qrupları türklərə qarşı müəyyən etdikləri hədəf və məqsədlərini həyata keçirmək üçün hər vasitədən istifadə etməyi vacib sayırlar. Əcdadları və milləti üçün “ədalət” tələbi ilə fəaliyyət göstərən bu qruplar öz istəklərini guya əxlaqi və mənəvi dəyərlər üzərində qururlar. Erməni milli psixologiyasına görə, əgər terrordan daha şiddətli bir metod olsa, ermənilər «ədalət” naminə ondan da istifadə edəcəklər. Bu vəziyyət ermənilər arasındakı nifrətin və terroru qidalandıran ana damarın nə qədər güclü bir məqama çatdığını ortaya qoymaqdadır. Əgər belə demək mümkündürsə, bu düşüncə və psixologiya ermənilərin etnopsixoloji travma vəziyyətinin bir məhsuludur.
Etnopsixoloji travma vəziyyəti
Bu psixologiyanın nəzəri əsasını ermənilərin milli təhlükəsizlikləri üçün başlıca təhdid olaraq qəbul etdikləri “qonşularından (Türkiyə və Azərbaycan) duyulan qorxu” ənənəsi təşkil edir. Bunun səbəbi isə ermənilərin tarix boyunca milli dövlətlərinin olmamasıdır. Yəni bu bir travma vəziyyətidir. Ümumilikdə travma vəziyyətini özünəməxsus şəkildə dəyərləndirən görkəmli türk alimi Vamik Volkan belə bir izah verir ki, millətlərin kimliyində keçmişdə əldə etdikləri uğurlar və qarşılaşdıqları faciələr böyük rol oynamaqdadır. Bunlar “seçilmiş travmalar və zəfərlər”dir. Bəzi millətlər seçilmiş olduqlarını düşünərək, tarixi həqiqətlərdən uzaqlaşmaqda və müəyyən mənada mifologiyaya söykənməkdədirlər. Mifoloji təsəvvürlər sıx-sıx yad edilməkdə və nəsildən nəslə ötürülməkdədir (21). Düzdür, ermənilərin tarixi keçmişlərində əldə etdikləri uğurlar olmasa da, onlar öz milli kimliklərini qoruyub saxlamaq üçün mifologiyalara söykənməkdə və özlərini buna inandırmaqdadırlar. Bu baxımdan ermənilər məhz belə bir travma vəziyyətindədirlər. Onlar özlərini “qurban edilən millət” olaraq təsəvvür etməkdədirlər. Yəni ermənilər “zavallı və yaxşı”, türklər isə «pis və insanlıqdan uzaq məxluqdurlar”. Dolayısı ilə «qurban edilən ermənilər” türklər tərəfindən travma meydana gətirən hadisələrə insafsızca məruz qaldıqlarına inanmaqdadırlar. Digər bir ifadə ilə, erməni kimliyi “yaxşının pis tərəfindən məhv edilməsi” anlayışı üzərində qurulmuşdur.
Avrasiya Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarından tədqiqatçı Gündüz Aktan erməni kimliyi ilə bağlı qeyd edir ki, erməni kimliyinin tərifinin əksini isbat etmək onların kimliklərini puç edəcəyi üçün tarixi həqiqətlərə dair məlumatlar zehni bir senzuradan keçirilib rədd edilməkdə və ya görməzdən gəlinməkdədir (2).
Bu vəziyyət ermənilərin yaratdıqları öz mifoloji keçmişlərinə fanatik dərəcədə bağlı olduqlarını göstərməkdədir. Məsələ burasındadır ki, əsrlər boyu ermənilər bu anlayış və məfhum içərisində tərbiyə edilirlər. Yəni onlar “itirilmiş torpaqlar”məfhumuna özlərini inandırmış və bunları yeni nəsillərə aşılamışlar. İddia edilən itirilmiş torpaqlar Şərqi Anadolunu – ki, bu bölgələr ermənilər tərəfindən Qərbi Ermənistan olaraq qəbul edilməkdədir – Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ və Kür çayına qədər olan ərazilərini, Gürcüstanın Borçalı, Cavaxetiya bölgələrini və s. əraziləri əhatə edir. Ermənilər tərəfindən törədilən cinayət və qətllərin əsasını məhz bu iddialar təşkil edir. Erməni şüurunda həqiqət və haqq-ədalət mənasını daşıyan bu iddialar “Böyük Ermənistan” düşüncəsindən və bu düşüncənin coğrafi sərhədlərindən qaynaqlanır. Ermənistanda gənclərin türk düşmənçiliyi ruhunda yetişdirilib, “Qədim Böyük Ermənistan” kimi saxta tarixi keçmişlərini dərindən öyrənmələri istər keçmişdə olsun, istərsə də günümüzdə xüsusi diqqət mərkəzindədir. Bir türkü öldürən hər bir erməni qəhrəman hesab edilir. Çox kiçik yaşlarından etibarən onların etnik kimliklərinin türk düşmənçiliyi üzərində qurulduğu danılmaz bir həqiqətdir. Bu düşüncələrlə yetişən ermənilər türkləri tarixi və əbədi düşmən olaraq qəbul etməkdə və dünyanın onların guya haqq səsinə cavab vermələrini tələb etməkdədirlər. Onlara görə, türklər törətdikləri cinayətlərin hesabını verməli, əzəli yurdları olan qədim erməni torpaqlarını geri qaytarmalı və etdikləri “xəta”nı qəbul etməlidirlər. Beləliklə, onlarda haqsızlığa uğramışlıq hissi meydana gəlmişdir. Ermənilər heç bir ölkənin və beynəlxalq qurumların onları başa düşmədiklərini fikirləşirlər. Onlara görə, belə bir vəziyyətdə türklərə həddini bildirmək lazımdır ki, bu da yalnız şiddət, yəni terror vasitəsilə mümkün ola bilər. 1970-80-ci illərdə erməni terroristlərinin türk diplomatlarına qarşı törətmiş olduqları cinayətlər, bütün erməni terror təşkilatlarının Türkiyəni hədəf göstərmələri, 1905-1907, 1918-ci illərdə, daha sonra Azərbaycan torpaqlarının işğal edilməsiylə orada yaşayan günahsız insanların amansız şəkildə qətlə yetirilmələri bu deyilənlərə əsaslı sübutdur. Bu vəziyyət erməni millətinin şüuraltına hopmuş bir xəstəlikdir. Bu xəstəliyin müalicəsini erməni ideoloq Zori Balayan belə izah edir: “Hətta həkimlər belə bu xəstəliyi müalicə edə bilmirlər. Bu xəstəlik soyqırımına uğramış ermənilərin xəstəliyidir. Bu xəstəliyin müalicəsi üçün türklər soyqırımı törətdiklərini qəbul etməli və erməni xalqından üzr istəməlidirlər. Başqa alternativ yoxdur” (4, s. 289).
Ermənistanın xarici siyasəti yanlış hesablamalar üzərində qurulmuşdur. Bu da hökumətin özünün xarici siyasətinə kifayət qədər hakim ola bilməməsi və daha dəqiq bir ifadə ilə, müstəqil olmaması ilə əlaqədardır. Erməni diasporunun, həm radikal millətçi qrupların, həm də xarici qüvvələrin təzyiqləri Ermənistan hökumətinin balanslaşdırılmış siyasət yeritməsinə mane olmaqdadır. Əslində bu vəziyyəti Ermənistanın bəzi siyasi xadimləri təsbit ediblər, lakin mövcud vəziyyəti öz lehlərinə dəyişdirə biləcək gücü özlərində tapa bilmirlər. Radikalların da hakimiyyətə gəlməsi ilə Ermənistanın regiondakı ölkələrlə problemləri artmış və nəticədə özü-özünü izolyasiya etdirmişdir. Ermənistanın qonşu dövlətləri özünə düşmən elan etməsi əslində öz maraqlarına da tərsdir. Məhz bunun nəticəsidir ki, Ermənistan uzun illərdir özünü inteqrasiya proseslərinin kənarında tutmuşdur. Halbuki Ermənistanın gələcəyi işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaqdan, ekspansionist siyasətindən əl çəkməkdən, qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymaqdan ibarətdir. Etnopsixoloji travma vəziyyətində olan ermənilər fanatik dərəcədə bağlı olduqları mifoloji keçmişlərindən əl çəkmədiyi və Hai-Taht ideologiyasına sadiq qaldığı müddətcə Ermənistanın qonşu dövlətlərlə münasibəti daim gərgin olacaq və regionda qeyri-sabitlik hökm sürəcəkdir.
ƏDƏBİYYAT
- Abdullayev Əbdüləli, Kərimov Şöhlət, Zahidov Bəhrəm. Beynəlxalq terrorizm: onunla cinayət-hüquqi və kriminoloji mübarizənin aktual problemləri. Bakı: Qanun, 2006, 403 s.
- Aktan Gündüz. Ermeni olayları ve kimlik sorunu. “Radikal” qazetesi, 04 Ekim 2000.
- Armaoğlu Fahir. Filistin meselesi ve arap-İsrail savaşları (1948-1988). Ankara: Türkiye İş Bankası Kültür yayınları, 1991, 591 s.
- Балаян З. Г. Очаг. Ереван: Советакан грох, 1984, 424 c.
- Чавчавадзе И. Г. Армянские ученые и вопиющие камни. Баку: Элм, 1990, 128 с.
- Çebi Hakan Yılmaz. İsrail’in şifresi. İstanbul: Pegasus yayınları, 2009, 360 s.
- Çetinkaya Nihat. Iğdır tarihi (tarih, yer adları ve bazı oymaklar üzerine). İstanbul: Türk Dünyası Araştırmaları Vakfı yayınları, 1996, 402 s.
- Daver Bülent. Siyaset bilimine giriş. Ankara: Siyasal kitabevi, 1993, 304 s.
- Gazigiray A. Alper. Osmanlı’dan günümüze kadar vesikalarla ermeni terörünün kaynakları. İstanbul: Gözen yayınları, 1982, 672 s.
- Gürün Kamuran. Ermeni dosyası. Ankara: Türk Tarih Kurumu, 1985, 215 s.
- İlter Erdal. Ermeni kilisesi ve terör. Ankara: Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma və Uygulama Merkezi yayınları, 1996, 176 s.
- Kerovpyan Keğam. Mitolojik ermeni tarihi. İstanbul: Aras yayınları, 2000, 109 s.
- Qeybullayev Qiyasəddin. Qədim türklər və Ermənistan. Bakı: Azərnəşr, 1992, 140 s.
- Laçıner Sedat. Türkiye-Avrupa ilişkilerinde kültür ve medeniyet: tarihsel ve ideolojik kökenler // Liberal Düşünce Dergisi‚ 1999, cilt: 4‚ № 13, s. 39-57
- Laçıner Sedat. Ermeni kimlik bunalımı ve güç politikalarının bir ürünü olarak ermeni sorunu // 2023 Dergisi, 2002, sayı: 12, s. 56-61
- Laçıner Sedat. Ermeni iddiaları ve terör / Ermeni sorunu el kitabı. Ankara: Ankara Üniversitesi basımevi, 2003, s. 95-122
- Lowry Heath W․ Nineteenth and twentieth century Armenian terrorism: Theads of continuity‚ international terrorism and the drug connection. Ankara: 1984, 156 p.
- Məmmədli Atamoğlan. Ermənilərin gerçək tarixi. Bakı: Elm, 2008, 436 s.
- Uimz Səmyuel A. Ermənistan – terrorçu “xristian”‖ ölkənin gizlinləri. Bakı: OKA Ofset Azərbaycan-Türkiyə Nəşriyyat-Poliqrafiya şirkəti, 2004, 386 s.
- Uras Esat. Tarihte ermeniler ve ermeni meselesi. İstanbul: Belge yayınları, 1987, 798 s.
- Vamık Volkan. Center for Development Research (ZEF Bonn): Facing Ethnic Conflicts, 14-16 December 2000. http://www.zef.de/download/ethnic_conflict/volkan.pdf
- Yusifov Yusif. Qədim Şərq tarixi. Bakı: Bakı Universiteti, 1993, 496 s.
EMİN ŞIXƏLİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
“NAXÇIVAN” UNİVERSİTETİ / ELMİ ƏSƏRLƏR/ 2015, № 1, 36-44 s.