“Böyük Ermənistan” adlanan coğrafi vilayət həqiqətən də “böyük” olduğu üçün deyil, “Kiçik Ermənistan” vilayətinə nisbətən bir qədər “böyük” olduğu üçün belə adlandırılırdı. Əslində heç bir ilk mənbə tarixdə “Böyük Ermənistan” adlanan dövlətin olduğunu təsdiq etmir. İndiyədək heç bir arxeoloji qazıntı zamanı “Böyük Ermənistan” adı həkk olunmuş pul tapılmayıb. Ermənilərin guya erməni hökmdarı olduğunu iddia etdikləri parfiyalı II Tiqranın adından zərb olunmuş pullarda da onun “Böyük Ermənistan” hökmdarı olduğu təsdiqlənmir.
“Böyük Ermənistan” tarixi həqiqət deyil, yalnız və yalnız, tarixdə heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özgə torpaqlarını işğal etməyi qarşısına məqsəd qoymuş başabəla “milli ideologiyadır”, mürtəce dini-ideoloji və terrorçu-işğalçılıq “doktrinasıdır”.
Antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə ölçüləri), odontoloji (diş quruluşu), seroloji (qan qruplarının tədqiqi) araşdırmalar sübut edir ki, uydurma “armenoid irqi” və ermənilər nəinki Cənubi Qafqazın aborigen əhalisi-yerli sakinləri deyillər, ümumiyyətlə Ön Asiyaya da sonradan gəlmişlər. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan Respublikası ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövrünə aid tapıntılar da təsdiq edir (Bunak V.V., Qraniə Armeniə, M., 1927, str. 26).
Tədqiqatçılar göstərir ki, müasir ermənilərin əcdadları olduğu güman edilən köçəri qəbilələr eramızdan əvvəl təxminən 12-ci əsrdə Balkan yarımadasından hərəkətə başlayıb Kiçik Asiyaya keçmiş və Yuxarı Fərat vadisində (Van gölünə doğru ərazilərdə) məskən salmışlar. Ermənilərin əcdadlarının bu əraziyə gəlmə olduqları tarix elmində sübut edilmiş faktdır (Məsələn, bax: Дяконов И.М.,Предыстория армянского народа, Ереван, 1968). M.Dyakonov həmin əsərində ermənilərin əcdadlarının (əgər onları həqiqətən ermənilərin əcdadı hesab etmək mümkünsə!) Yuxarı Fərat vadisinə gəlmə olduqlarını tutarlı linqvistik və arxeoloji mənbələrlə sübut edir. O, öz tədqiqatlarını daha da dərinləşdirərək sonralar yenidən bu mövzuya qayıtmış və yuxarıdakı konsepsiyasını təsdiqləyən əlavə dəlillər gətirmişdir (И.М.Дьяконов. Малая Азия и Армения около 600 г. до. н.э. и северные походы вавилонеких царей// “Вестник древней истории”, 1981, ?2, с.34-63) Ş.M.Dyakonovun bu məqaləsindəki bəzi fikirləri oxucuların diqqətinə olduğu kimi çatdırmağı lazım bilirəm: «Протоармяне появились в бассейне верхнего Евррата в качестве пришлого (а стало быть, неоседлого скотоводческого) народа в период господства здесь лувийской и хурритско- урартской цивилизаций … об автохтонности протоармянского нет речи (с.54- 55). «Следует учитывать, что протоармянские пришельцы, повидимому, состояли в меньшинстве по сравнении с местным лувийским и хурритским населением» (с.59)
Yeri gəlmişkən, M.Dyakonovun göstərdiyi Yuxarı Fərat vadisindəhökmranlıq edən yerli aborigen hürrilər Azərbaycan xalqının ulu babalarından biridir. Başqa sözlə, elm çox aydın təsdiq edir ki, bu torpaqlarda, o cümlədən yuxarı Fərat vadisində məhz biz azərbaycanlılar yerliyik, ermənilər isə köçüb gəlmədirlər.
Bir sözlə, bütün yuxarıda göstərilənlər və digər axtarışlar “tarixin atası” Herodotun ələ eramızdan əvvəl V əsrdə yazdığı bir həqiqəti təsdiq edir: ermənilər Kiçik Asiyaya qərbdən Avropadan köçüb gəlmişlər; onlar frigiyalıların nəsilləridir (Геродот.Историявдевяти книгах. I: 180, 194; III: 93; В: 49, 52; VII: 73).
Yaqub Mahmudov,
Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü,
Tarix İnstitutunun direktoru, Millət vəkili