
Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Bu proses işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması ilə yanaşı, yer adlarının və toponimlərin də bərpası məsələlərini də günün aktual problemi kimi ortaya çıxarır. Bu baxımdan abdallar toponimi və Abdallar kəndi tədqiqatımızın maraq dairəsinə düşüb. Abdallar kəndi Laçın rayonunun Abdallar inzibati ərazi dairəsində, Həkəri çayının sağ sahilində yerləşir. Abdallar XVII əsrdə Qaraçorlu mahalının, XX əsrin əvvəllərində Zəngəzur və Kürdüstan qəzalarının, daha sonralar Laçın rayonunun tərkibində olub. Abdal müxtəlif türk etnonimi ilə bağlı olan etnotoponimlərdəndir. Abdal sözü, tarixi mənbələrdə Ağ Hunların qalıqları olan “heftal”, “heptal”, “eftal” kimi səslənən fonetik formaları kimi göstərilir.
Bu sözlər Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Böyük Qayıdış: Abdal toponimi və Abdallar kəndi haqqında nə bilirik?” adlı araşdırma məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Laçın rayonunun Abdallar kəndi. Şəkil 1931-ci ildə çəkilib.
Ağ hunlar (eftalitlər, abdallar) V əsrdə siyasi bir güc halına gəlir və onların təşəkkül tarixi eramızın birinci yüz ilinə gedib çıxır. Ağ Hunların adı Hindistanın şimalında və Türküstanda zaman-zaman müxtəlif şəkildə “Haytal”, “Ye-ta” və s. kimi səslənir. Lakin sonralar Göy Türk xaqanlığının müdaxiləsi ilə (552–744-cü illər) Ağ Hun Dövləti parçalanıb və onun ərazisinin böyük bir hissəsi ələ keçirilib. Bir çox mənbələrdə göstərilir ki, Abdal qədim türk tayfalarından birinin adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirdiyi bildirilir. Ağ Hunların qalıqlarının kimlər olması hələ indiyə qədər araşdırma obyekti olaraq qalırsa da Kalaç, Karluq, Kanqlı kimi türk tayfalarının onların törəmələri olduğu göstərilir. Beləliklə, abdal tayfaları türklərin mənşəyi və təşəkkülü tarixində mühüm rol oynayıb, tarixdə xüsusi iz qoymuş ən qədim türk ulusudur desək yanılmarıq.
Abdal – Şərq inancına görə, fövqəltəbii gücə, qabiliyyətlərə sahib olduqları qəbul edilən dərvişlər, təsəvvüfdə isə mənəvi baxımdan yüksək məqama yetmiş insanlara verilən addır. Abdallar metafizik gücə malik olmaqla, müstəsna adamlar xaric kimsəyə görünməz, zaman və məkan sıralarını aşaraq istədikləri anda, istədikləri yerdə ola bilirlər.
Abdal sözü, “işıq” və “torlak” kimi əsasən dərviş mənasında işlədilirdi. Lakin qeyd etmək lazımdır ki, Yaxın və Orta Şərqdə yalnız sufi təriqətlərinin nümayəndələrinə dərviş deyilirdi. İrfani bir termin olaraq “dərviş” sözünün batini mənaları vardır. Dərvişlik bir yaşam tərzidir və eşq ilə ağlın, ruhla bədənin, təfəkkürlə şəxsi həyatın, hal ilə qalın münaqişəsiz bir vəhdətdə də olduğu qənaətinə gətirərək “kamil insan” formulunu təqdim edir. Deməli, bu baxımdan qiymət verilərsə, abdal həm də kamil insanın özüdür kimi səciyyələndirmək olar.
Abdal adıyla bağlı tayfa və yer adları başqırd, qaraqalpaq, qazax və türkmənlərdə də olması diqqətçəkən faktdır. Abdal inzibati yaşayış məskənləri haqqında Azərbaycan toponimlərinin ensiklopedik lüğətində verilmiş məlumatda göstərilir ki, suriyalı tarixçi Zaxari Ritor (VI yüzil) Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını çəkir.
Qeyd etmək lazımdır ki, Abdal və Abdallar adlı kəndlər Azərbaycanın bir sıra rayonlarında mövcuddur. Q.Qeybullayev göstərir ki, abdal etnoniminə erkən orta əsr mənbələrində rast gəlinir. Belə ki, Zəkəriyyə Ritor hələ VI əsrdə Şimali Qafqazda “hun vilayəti”ndə yaşayan tayfaları “abdel” adlandırırdı. V.V.Bartold abdelləri hunlar hesab edirdi. V.A.Qordlevski yazırdı ki, “abdal tayfası orta əsrlərdə Türkiyədə ən güclü ictimai-siyasi qrup hesab olunurdu”. Qubadlı rayonunda da abdal etnonimi ilə bağlı olan Abdalan adlı kənd vardır.
Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür. Abdallar, Laçın rayonunun coğrafi ərazisində mövcud olan qədim türk kəndlərindən biridir. Bəzən səhv olaraq Laçının köhnə adının Abdallar olduğunu iddia edirlər. Bu kökündən səhv fikirdir. Belə ki, Laçın toponimi də Abdallar toponimi kimi araşdırılmağa ehtiyacı vardır.
Qədim türk tayfalarından biri kimi səciyyələndirilən Abdal tayfası, Ağ hun tayfasının adını əks etdiyi sənədlərdə öz əksini tapır. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılıb.
Akademik V.V.Bartold abadel-abdal tayfasını hun tayfası sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə və Türkiyədə də abdal adlı tayfa qeydə alınıb. Alban tarixçisi Movses Kalankatlı Albaniyada yaşayan abdal tayfasının adını çəkir. Onun yazdığına görə heptallar (abdallar) Makedoniyalı İsgəndər dövründə (e.ə. IV yüz il) buraya köçürülüblər. Hər halda abdal tayfasının Qafqaz Albaniyasında eradan əvvəl yaşaması ehtimal olunur.
Abdal əsaslı etnotoponimlər Azərbaycan və Ermənistan ərazisindən başqa Rusiya Federasiyasının Başqırdıstan respublikasında, Türkmənistanda da yayılıb. Ordubad rayonundakı Abdal dağ adı, XIX yüz ildə Şimali Qafqazın Ter əyalətində Abdal dağı toponimlərindəki abdal sözü qədim türk tayfasının adını əks etdirir.
Göründüyü kimi abdal əsaslı etnotoponimlərin yayılma arealı olduqca genişdir.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








