
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Suqovuşan kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Suqovuşan kəndinə 54 ailə – 179 nəfər köçürülüb. Suqovuşana köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov öz doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün yaşayış kompleksində hər cür şəraitin yaradıldığını bildirib.
Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da Ağdərə rayonunun Suqovuşan kəndindəki yaşayış kompleksində ümumilikdə 180 ailə məskunlaşıb. 2,3 hektar sahədə inşa edilən yaşayış kompleksi 5 mərtəbəli olmaqla 5 binadan ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Suqovuşan kəndi fasiləsiz elektrik enerjisi, qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.