Birinci söhbət – http://1905.az/boyuk-v%c9%99t%c9%99n-muharib%c9%99si/
Böyük Vətən müharibəsi haqqında ikinci söhbətimizdə tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov və Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Şəfa Mövsümovla danışdıq.
Fuad Babayev: Hələ də Azərbaycan Sovet Sosialist Respublikasının itkiləri və bizim qələbənin əldə olunmasına töhfəmizin miqyası haqqında fərqli fikirlər var. Bizim itkilərin sayı barədə fikirlər müxtəlifdir, yoxsa elm artıq konkret rəqəm üzərində dayanıb?
Rövşən Hətəmov: Ümumiyyətlə, bu təkcə bizim problem deyil. Sovet tarixşünaslığında SSRİ-nin itkiləri ilə bağlı 1990-cı ilin əvvəllərinə qədər bir sıra sənədlərin məxfi qalması, xüsusən də müharibənin ilk dövründə yüz minlərlə sovet hərbçisinin, təqribən 3,5 milyondan 5 milyona qədər sovet hərbçisinin əsir alınması, həlak olması haqqında rəqəmlər kifayət qədər gizli saxlanılırdı. 1990-cı ilin əvvəllərindən etibarən bu məsələ Rusiya tarixçiləri tərəfindən araşdırılır. SSRİ-nin demoqrafik itkiləri haqqında 27 milyondan 32 milyona qədər müxtəlif rəqəmlər səsləndirilir. Amma müharibənin birbaşa hərbi itkiləri, yəni döyüşdə həlak olanlar, döyüşdə yaralandıqdan sonra hospitalda həlak olanlar da var. Onların statistikası uzun müddət aparılmayıb. Bundan başqa yaralandığına və ya xəstəliyinə görə ordudan tərxis olunmuş əsgərlərin evdə ölümü də hərbi itkilərdir. Yəni bunlar dəqiq araşdırılmayıb. Müharibənin ilk dövründə bu iş ümumiyyətlə bərbad vəziyyətdə idi. Bizim arxivimizdə də çoxlu sənədlər var ki, döyüşdə yaralanmış əsgərin ailəsinə onun fərari olması barədə məktub göndərilir, amma sonradan məlum olur ki, həmin şəxs ağır yaralı olduğu üçün hospitalda yatır. Ölmüş adamın əslində sağ qalması, sağ olduğu güman edilənin isə həlak olması barədə kifayət qədər faktlar mövcuddur.
Fuad Babayev: Belə anlaşılmazlıqlar neçə faiz təşkil edə bilər?
Rövşən Hətəmov: Azərbaycan əhalisini hərbi komissarlıq həm cəbhəyə, həm də sənaye müəssisələrinə səfərbər edirdi.
Fuad Babayev: O cümlədən Azərbaycandan kənarda olan sənaye müəssisələrinə səfərbər edirdi.
Rövşən Hətəmov: Ümumiyyətlə, hərbi komissarlığın səfərbərlik kvotasına görə əhali əsas etibarilə Bakının neft və hərbi sənaye müəssisələrinə səfərbər edilirdi. Azərbaycandan kənarda neft sənayesinə fəhlələrin göndərilməsi hərbi komissarlıq xətti ilə həyata keçirilmirdi. Çünki, 1942-ci ildə almanların yay əməliyyatları başlanan zaman məlum oldu ki, onların əsas hədəfi Bakıdır. Bakı nefti sənayesi, avadanlıqlar və mütəxəssislər, qazma idarələri tamamilə Volqaboyundakı İkinci Bakı adlanan neft sənaye rayonuna göndərildi. Müharibə ərəfəsində və müharibə dövründə əsas güc İkinci Bakını yaradılmasına verilmişdi. Amma özünü doğrultmayan bu layihə ümumi neftin cəmi 14,6 faizini verə bildi. Yeri gəlmişkən, 1942-1943-cü illərdə Azərbaycanda neft quyusunun qazılması işləri yalnız Neftçalaneftdə aparılırdı. Ona görə də 1942-ci ildə Azərbaycanda artıq neft sənayesi dayanmaq üzrə idi. Hətta o dərəcəyə gəlib çatmışdı ki, SSRİ Dövlət Müdafiə Komitəsi Bakıdan yalnız aviasiya benzininin verilməsini tələb edirdi. Müharibə dövründə Bakının istehsal etdiyi ən yüksək neft hasilatı 1941-ci ilin may ayına təsadüf edir.
Fuad Babayev: Yəni müharibəyə qədər.
Rövşən Hətəmov: Ondan sonra Bakının neft hasilatı sürətlə aşağı düşməyə başlayıb.
Təmkin Məmmədli: Yəni 1941-1945-ci ilə kimi neft hasilatı azala-azala gedib. Amma məlumdur ki, müharibədə neftin 80 faizini Bakı verib.
Rövşən Hətəmov: Bütövlükdə o düzdür. Müharibə ərəfəsində SSRİ-də hazil olunan neftin 80 faizini Bakı, 10 faizini isə Şimali Qafqaz verirdi. Müharibə dövründə cəbhənin əsas neft və neft məhsullarının istehsalçısı Bakı olub. Yusif Məmmədəliyevin ixtirası da çox zaman düzgün izah olunmur. O yüksək oktanlı benzinin alınmasının yeni üsulunu deyil, trotil partlayıcı maddəsinin istehsalı üçün toluol deyilən maddənin sintezini sürətləndirən yeni metodu kəşf edib. Həmin toluol isə benzinin oktanını qaldırmaq üçün istifadə edilən maddədir. Hələ müharibə dövründə Azərbaycan rəhbərliyi Sovet rəhbərliyinə Bakının dəniz sahillərində, dənizdə neft mədənlərinin salınması ilə bağlı layihələr təklif edib. Hətta müharibənin sonlarına doğru Azərbaycan neft sənayesinin bərpası ilə bağlı plan qəbul edilmişdi. Həmin planda gələcəkdə Neft daşlarının yaradılması da nəzərdə tutulurdu.
Fuad Babayev: Rövşən müəllim, Azərbaycan Sovet Sosialist Respublikasının müharibədə itkisi nə qədər olub? Tarix elmimiz hansısa rəqəmin üzərində dayanıbmı?
Rövşən Hətəmov: Dəqiq məlumatım yoxdur. Kərim Şükürovun müharibə illərində Azərbaycanda demoqrafik vəziyyətlə bağlı tədqiqatları var. Cəbhəyə gedən 600 min soydaşımızdan 300 mini geri qayıtmayıb. Amma bu statistika da hələ son rəqəm deyil. Bir faktı da qeyd edim ki, 1941-ci ilin yayından sentyabrına kimi Rusiyanın qərb bölgələrində, eyni zamanda Ukrayna, Belarus, Pribaltika və Moldovanın işğalından sonra SSRİ-nin əhalisi təqribən 30 faizə qədər azalmışdı. Ərzaq məhsullarının istehsalı 38 faiz azalmışdı, elektrik enerjisi, yanacaq və daş kömürün istehsalı təqribən 50 faiz azalmışdı. 1941-ci ilin payızında sovet-alman cəbhəsində hərbi əməliyyatların keçirilməsinin əsas səfərbərlik gücü məhz Qafqaz və Orta Asiya regionunun üzərinə düşürdü.
Fuad Babayev: Şəfa müəllim, Sizin tədqiqatlarınız hansı müstəvidədir?
Şəfa Mövsümov: Biz bu mövzunu 1941-1945-ci illər müharibəsi tarixi kimi son vaxtlar tədqiqata cəlb etmişik. Aydındır ki, bu sovet tarixşünaslığında Böyük Vətən müharibəsi tarixi adlanır. Bu da Kommunist partiyasının ideologiyasından irəli gəlirdi. İosif Stalinin bu müharibəyə Böyük Vətən müharibəsi deməklə SSRİ-də yaşayan bütün xalqları vahid sovet xalqı adı altında müharibəyə cəlb etmək məqsədi güdürdü. Burada Stalin 1812-ci ildə Fransa imperiyasına qarşı Rus imperiyasının döyüşdüyü Vətən müharibəsi prizmasından yanaşırdı. Ambisiyalı adam kimi Stalin tarixdə qalmaq üçün bu ideologiyanı seçdi. Əslində bu II dünya müharibəsinin tərkib hissələrindən biridir və SSRİ-Almaniya müharibəsi adlanır. Mən Azərbaycan sovet tarixşünaslığında 1941-1945-ci illər müharibəsinin tarixini tədqiq edirəm. Bu mövzunun tarixşünaslığını işləməklə yanaşı müxtəlif arxiv materiallarına və bir sıra xarici müəlliflərin əsərlərinə müraciət etməklə ümumi mənzərəni yaratmağa çalışmışam. İlk növbədə mən müharibənin başlama səbəblərindən toxunmaq istərdim. Bayaq qeyd etdiyim kimi bu Böyük Vətən müharibəsi deyil, SSRİ-Almaniya müharibəsi idi.
Fuad Babayev: Əgər Azərbaycandan hər 5 adamdan biri orduya çağırılıbsa və hər 10 adamdan da biri bu müharibədə həlak olubsa və o insanlar da Böyük Vətən müharibəsində iştirak ediblərsə, müharibənin necə adlandırılmasına diqqət yetirməyə lüzum varmı? Bu müharibənin elmi ədəbiyyatımızda, kütləvi informasiya vasitələrində Böyük Vətən müharibəsi kimi qalmasının nə qüsuru var?
Şəfa Mövsümov: Əslində heç bir qüsuru yoxdur. Sovet tarixşünaslığında bu mövzuya verilmiş addır. Amma dünya prizmasından baxdıqda, bir az neytral mövqedən yanaşdıqda görürük ki, bu SSRİ ilə Almaniya arasındakı müahribədir.
Fuad Babayev: O tərəflərdən biri olduğumuz halda biz neytral ola bilərikmi?
Şəfa Mövsümov: Bəli, mən də məqalələrimdə bəzən Böyük Vətən müharibəsi ifadəsini yazıram. Mən sadəcə bunu Kommunist partiyasının Sovet xalqlarını müharibəyə cəlb etmək üçün istifadə etdiyi ideologiya kimi dəyərləndiririm. Müharibənin başlama səbəbləri sovet tarixşünaslığında necə verilibsə, Azərbaycan sovet tarixşünaslığında da məhz elə verilib. Müharibənin başlanma səbəbi kimi Hitler Almaniyasının SSRİ-yə 22 iyun 1941-ci il saat 4.30-dakı qəfil hücumu göstərilir. 22 iyun 1941-ci il SSRİ-də son zəng günü idi. Faşist Almaniyası çox dəqiqliklə başa düşür ki, SSRİ-də son zəng günü bayram əhval-ruhiyyəsi və gecə atəşfəşanlıq olacaq. Ona görə də səhər tezdən SSRİ silahlı qüvvələri hücuma hazır olmayacaq. Amma biz bilirik ki, hələ 1941-ci ilin may ayında Rixard Zorge məlumat vermişdi ki, faşist Almaniyası müharibəyə hazırdır. Hətta məlumdur ki, 1941-ci ilin mart ayında SSRİ-nin xüsusi xidmət orqanları keçmiş Yuqoslaviyada hakimiyyət dəyişiklikləri həyata keçiriblər. Bu zaman Hitler Almaniyasının xüsusi diviziyaları artıq Yuqoslaviyanı işğal etmişdi. Bu Stalini və SSRİ-nin hakimiyyət orqanlarını artıq təşvişə salır. May ayında xüsusi olaraq Voroşilov, Konev, Jukov və SSRİ-nin digər yüksək rütbəli hərbçilərinin iştirakı ilə görüş keçirilir.
Fuad Babayev: Təbii ki, o həcmdə qoşunların dislokasiyasını, qəfil hücumunu həyata keçirmək mümkün deyildi. Müharibənin başlanması barədə məlumatlar var idi. Amma hər halda qəfil hücum müharibənin səbəbi deyil, belə demək mümkündürsə, hücumun aparılma üsuludur.
Rövşən Hətəmov: Gəlin məsələni bir az başqa cür qoyaq. Bizim mövzumuz Azərbaycanın II dünya müharibəsində iştirakıdır. Bakı, Azərbaycan ərazisi hələ 1940-cı ildə də hərbi əməliyyat meydanına çevrilə bilərdi. Bu faktdır. 1941-ci ildə SSRİ-nin İrana daxil olması faktı 1939-cu ildə də baş verə bilərdi. II dünya müharibəsinin ilk dövrü, yəni sentyabr ayında baş verən hadisələr, xüsüsən də Qərbi Belarus və Qərbi Ukraynanın SSRİ-yə birləşdirilməsi Azərbaycanda çox böyük yüksək rüh yüksəkliyi ilə qarşılanan məsələ idi. Çünki, rəsmi sovet təbliğatı parçalanmış xalqlara qarşı ədalətsizliyin aradan qaldırılması ilə bağlı geniş iş aparırdı. Bunun fonunda Azərbaycanda bu hadisələrə çox müsbət bir yanaşma var idi. Əlbəttə ki, müharibənin ilk dövründə Qərbi Ukrayna və Qərbi Belorusiyadan köçürülmüş əhalinin bir hissəsi Azərbaycana gətirilmişdi. Onlar Gəncə və Bakıdakı sənaye müəssisələrində çalışırdı. Onların dilindən tamam başqa şeylər eşidilirdi və xüsüsi təhlükəsizlik orqanları çalışırdılar ki, həmin şəxslərin verdiyi informasiya yerindəcə zərərsizləşdirilsin. Yəni müharibə böyük bir pafosla aparılmalı idi.
Sovet-fin müharibəsində də azərbaycanlılardan iştirak edənlər var. 1939-1940-cı illərdə SSRİ ilə Almaniya arasında münasibətlərin yüksək səviyyədə olması eyni zamanda bizə də dolayısı ilə təsir edirdi. Çünki, SSRİ Almaniyanı öz müttəfiqi görür və II Dünya müharibəsinin başlanmasının günahkarları kimi məhz İngiltərə və Fransanı ittiham edirdi. İngiltərə və Fransa çox gözəl başa düşdülər ki, alman işğalının və alman hərbi kampaniyasının məhdudlaşdırılmasının yollarından biri onu yanacaq tədarükündən məhrum etməkdir. 1940-cı ildə SSRİ Almaniyaya təqribən 650 min tondan çox neft və neft məhsulları ixrac etmişdi. Onun da böyük bir hissəsi Bakı neft sənayesinin məhsulu idi. Təsadüfi deyil ki, Fransanın işğalına, yəni 1940-cı il iyun ayının 23-nə qədər İngiltərə və Fransanın Bakını bombalanması planı vardı. Bu fakt xarici ədəbiyyatda kifayət qədər işıqlandırılıb. Yeri gəlmişkən, o dövrdə Almaniya kinostudiyalarından birində ingilis və fransız aviasıyasının Bakını bombalamasından bəhs edən “Bakı yanır” adlı film çəkilməsi nəzərdə tutulmuşdu. Sonradan o filmi Rumıniyanın neft mədənlərinin fonunda çəkdilər. Demək istəyirəm ki, Azərbaycan 1939-cu ilin sentyabrın 1-dən etibarən qeyri-iradi olaraq müharibədə iştirak edib. Azərbaycanlılar sovet qoşunlarının tərkibində Qərbi Belarus, Qərbi Ukrayna və Finlandiyaya qarşı hərbi əməliyyatlarda iştirak edirdilər. Azərbaycanlıların o döyüşlərdə iştirak sayı və göstərdiyi qəhrəmanlıqlarla bağlı əlimizdə kifayət qədər material yoxdur. Əlbəttə azərbaycanlıların bu hərbi əməliyyatlara genişsaylı iştirakından söhbət gemir, amma bu da öz-özlüyündə faktdır. Arxiv materialları sübut edir ki, İngiltərə və Fransanın bu dövrdə SSRİ ilə birlikdə Almaniyaya qarşı ittifaq yaratmaq planı olmayıb. Əksinə onların niyyəti SSRİ ilə Almaniyanı baş-başa qoymaq idi. SSRİ-nin 1939-1940-cı illərdə Qərbi Belorusiya, Qərbi Ukrayna və Pribaltikanı ələ keçirməsi almanların hücumuna qarşı bir növ baryer rolunu oynadı.
Şəfa Mövsümov: 1938-ci ildə Münxen sövdələşməsi (İngiltərə, Fransa, İtaliya və Almaniya arasında Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş – red.) təcavüzkarı şirnikləndirərək Avropada yeni müharibə ocağının yaranmasına gətirib çıxardı. Maraqlı cəhət odur ki, Qərb tarixşünaslığı “Münxen sövdələşməsi”ni sükutla qarşıladığı halda 1939-cu ilin avqust ayında SSRİ ilə Almaniya arasında imzalanmış “Molotov-Ribbentrop” paktına əsasən Polşanın bölüşdürülməsi faktını daha çox qabardırlar. Azərbaycanın II Dünya müharibəsində iştirakı ilə bağlı bir daha qeyd edim ki, Bakının ələ keçirməsi Hitlerin ən ümdə məqsədlərindən biri idi. Çünki, Hitlerin ifadələrindən birində qeyd edilir ki, əgər Bakı neft olmasa, SSRİ-nin bütün hərbi arsenalı dəmir oyuncaqdan ir şey olmayacaq. Yəni Əgər Bakı, Maykop, Şimali Qafqazı almanlar ələ keçirsəydi o zaman çox güman ki, SSRİ-nin müharibədəki taleyinin necə olacağı naməlum qalacaqdı. Biz qələbədə təkcə Bakı neftinin rolunu vurğulamamalıyıq. Məlumdur ki, Lend-lizə əsasən silah və ərzaqlar Xəzər dənizi ilə daşınırdı. Eyni zamanda Ukrayna, Belorusiya və SSRİ-nin işğal edilmiş digər bölgələrindəki ən mühüm fabrik və zavodların, hərbi-sənaye müəssisələrinin bir qismi də Bakıya köçürülmüşdü. Bakı müharibənin əsas cəbbəxanalarından biri idi.
Rövşən Hətəmov: O müəssisələr Bakıda qurulmamışdı, onlar Krasnovodsk vasitəsilə sonralar Uralətrafına aparıldı.
Şəfa Mövsümov: Bəli, sonradan Urala aparıldı. Bakıda bəzi avadanlıqlar, silah və partlayıcı maddələr, “Katyuşa”lar (reaktiv artilleriyalarından ibarət hərbi maşınlara verilmiş qeyri-rəsmi ad – red.)istehsal edilib.
Rövşən Hətəmov: Çox zaman qeyd etmirlər. Amma Bakıya 3 ədəd tam inşa olunmamış sualtı qayığın hissələri də gətirilib. Sonradan onları Bakıdan Gürcüstana göndəriblər. Maykop və Qroznıda olan neft Rostova gedən neft kəməri vasitəsilə daşınırdı, həcmi elə də böyük deyildi. Bakı nefti isə həm Gürcüstan və Həştərxan, həm də Quryev limanı vasitəsilə daşınaraq SSRİ-nin əsas sənaye obyektlərini təmin edirdi.
Öyrənilməmiş məsələlərdən biri də 1939-1940-cı illərdə İran və Türkiyə tərəfdən SSRİ-yə hücum təhlükəsinin mövcudluğu ilə bağlı idi. İlk hücum obyektlərindən birinin də Azərbaycanın olacağı faktı kifayət qədər diqqətə alınırdı. 1940-cı ilin iyununda Bakı şəhəri Xalq Zəhmətkeşləri Sovetinin İdarə Komitəsinin nəzdində xüsusi bir təxliyə şöbəsi yaradıldı. Həmin təxliyə şöbəsi hücumu Cənubdan, İran tərəfdən gözləyirdi. Hətta hücum olacağı təqdirdə təxliyə ediləcək şəxslərin qocalar, qadınlar, uşaqlar və ruhi xəstələrdən ibarət kateqoriyası da müyyən edilmişdi. 1940-cı ilin avqustunda SSRİ Zaqafqaziya Hərbi Dairəsi Komandanlığının Bakı Şəhər Soveti İcraiyyə Komitəsinə göndərdiyi məktubda xüsusi olaraq qeyd edilib ki, həmin əhali Quba, Balakən, Nuxa və Zaqatala bölgələrinə, yəni Azərbaycanın cənub əhalisi şimala köçürülməli idi. Amma Fransa ilə hərbi əməliyyatların qısa bir müddətdə başa çatması, Fransanın müharibədən çıxmasından sonra İngiltərənin təkbaşına bu əməliyyatları aparmaması Bakının bombalanması təhlükəsini aradan qaldırdı. Amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, 1941-ci ilin iyununa qədər Zaqafqaziya Hərbi Dairəsinin Qərargahının Kəşfiyyat İdarəsi mütamadi olaraq Türkiyə, İran və İraqda ingilis Hərbi Hava Qüvvələrinin hərəkət istiqaməti, orada qoşunlarının yerləşdirilməsi və say tərkibi ilə bağlı kifayət qədər məlumatlar əldə edirdi. Yəni 1941-ci ilin iyun ayına qədər bu təhlükə var idi.
Təmkin Məmmədli: Siz Fransa və İngiltərədən danışdınız. Bəs Almaniyanın Bakını bombardman etməsi ilə bağlı planları necə idi?
Şəfa Mövsümov: Bakını ələ keçirə bilməyəcəyi təqdirdə Hitlerin Bakını bombalamaq fikri var idi.
Rövşən Hətəmov: Uzun müddət sovet ədəbiyyatında Bakının hava hücumundan müdafiə qüvvələrinin kifayət qədər güclü olması ilə bağlı məlumatlar verilirdi. Amma arxiv sənədləri bunun əksini sübut edir. Bakının müdafiəsinin ən zəif cəhəti burada olan qırıcı aviasiyanın maddi ehtiyat hissələrinin kifayət qədər olmaması idi. Yəni lazım olan ehtiyat hissələrinin cəmi 50 faizi komplektləşdirilmişdi. Bakının zenit artilleriyasının kifayət qədər olmamsı da fakt idi. Bakının müdafiəsinin ən zəif nöqtəsi isə dənizdən idi. Demək olar ki, Bakı nə müharibə ərəfəsində, nə də müharibə dövründə dənizdən müdafiə olunmurdu. Müharibənin ilk günlərində də Bakının müdafiəsi həddən artıq acınacaqlı vəziyyətdə idi. Bakıda yerləşən hərbi aviasiya hissələrinin pilotları havada alman təyyarələri ilə döyüşdən yayınırdılar. Bakı ətrafında təyyarələri müşahidə və təyin etmək üçün qüllələr (вышка наблюдения обнаружения самолета-red.) şəbəkəsi, yəni 230-a qədər radar çatışmırdı. Bundan başqa Bakıya yaxınlaşan düşmən təyyarəsi ilə bağlı döyüşün taktikası hələ hazırlanmamışdı. Alman təyyarəsini aşkar edən kimi hücuma keçmək və ya Bakıya qədər gəlməsini gözləməyi hələ komandanlıq müəyyən etməmişdi. Təsəvvür edin ki, 1942-cı ilin mayında düşmənin kəşfiyyat təyyarəsi Bakı üzərində 40 dəqiqəyə yaxın uçuş keçirmişdi. Bu 40 dəqiqə ərzində 30 qırıcı təyyarə səmaya qalxsa da düşmən təyyarəsini aşkar edə bilməyib. Yəni həmin dövrdə Bakının bombalanması heç bir problem deyildi. Sadəcə sonradan cəbhə xəttinin birdən-birə uzaqlaşması alman aviasiyasına Bakını bombalamağa imkan vermədi, amma Qroznını bombalaya bildilər. Ona görə də Hitlerin Bakını bombalamaq fikrinin olmaması yanlışdır, onun belə bir fikri var idi.
Fuad Babayev: Şəfa müəllim, Azərbaycan sovet tarixşünaslığı ilə müstəqil Azərbaycanın tarixşünaslığının Azərbaycanın II Dünya müharibəsində iştirakı məsələsinə yanaşmasında hansı fərqləri görmək olur?
Şəfa Mövsümov: Dərhal o görünür ki, bizim sovet tarixşünaslığında həm azərbaycanlıların, həm də Azərbaycanın, onun iqtisadiyyatının müxtəlif sahələrinin müharibədə iştirakı o qədər də tam işıqlandırılmayıb. Bakı neftinin müharibədə oynadığı rol yalnız Yakov Aqarunovun (1907 – 1992, Azərbaycan siyasi-ictimai xadimi, şair və dramaturq, dağ yəhudilərinin yeni əlifbasının yaradıcısı – red.) 2 əsərində qeyd olunub.
Rövşən Hətəmov: Çapay Sultanovu (1936-2018, geologiya-mineralogiya elmlər doktoru, professor –red.) da yaddan çıxarmaq olmaz.
Şəfa Mövsümov: Mən sovet tarixşünaslığını nəzərdə tuturam. Ancaq müstəqillik dövründə Çapay Sultanovun rus və ingilis dillərində sanballı tədqiqatları var. Müasir tarixşünaslığımızda antifaşıst hərəkatından tutmuş legionerlərə, kənd təsərrüfatına qədər bütün sahələr araşdırılıb. Həttta Milli Aviasiya Akademiyasının “Azərbaycan təyyarəçiləri Böyük Vətən müharibəsində” adlı kitabı da nəşr olunub. O kitabda Hüseybala Əliyev, Adil Quliyev (Sovet İttifaqı Qəhrəmanı –red.), Vladimir (Cahangir) Bağırov (Mircəfər Bağırovun oğlu-red.) kimi təyyarəçilərin şücaətindən bəhs edilir.
Rövşən Hətəmov: Mircəfər Bağırovun oğlu təyyarə ilə taran (hava döyüşü üsulu – red.) tətbiq etmiş yeganə azərbaycanlıdır. Biz bu faktı çətinliklə də olsa orta məktəbin tarix dərsliklərinə saldıq. Onun çox maraqlı taleyi olub. Vladimir (Cahangir) Daşkənd Hərbi Piyada Məktəbində oxuyarkən Hərbi məktəbin rəhbərliyi tərəfindən Bağırovun adına oğlunun tənbəl, pinti, intizamsız olması ilə bağlı məktub gəlir. Bağırov onun adına ləkə gətirən bu məktubdan çox bikef olur.
Bunu azərbaycanlıların tənbəlliyi və məsuliyyətsizliyi ilə əsaslandıran marşal Timoşenkonun da təmsil olunduğu Sovet hərbi elitasında soydaşlarımıza qarşı belə bir mənfi münasibət var idi. Lakin, Bağırov bu məsələni araşdırandan sonra məlum olur ki, əslində məsələ başqa cürdur. Məlum olur ki, bu məktub dərsə üzü tüklü, yaxalıqları çirkli, sərxoş halda gələn zabitlərə irad tutan Cahangiri cəzalandırmaq məqsədilə yazılıb. Məsələ aydınlaşandan sonra məktəbin komandanlığı Bağırova onun oğlunu tərif edən başqa bir məktub göndərir. Əgər həmin dövrdə Bağırovun oğluna qarşı belə haqsızlıq edilirdisə, sıravi azərbaycanlılara olan münasibəti təsəvvür etmək çətin deyil.
Müharibə dövründə azərbaycanlı gəncləri hərbi məktəblərə təhsil almağa göndərirdilər. Lakin slavyan, rus əsilli zabitlər müxtəlif bəhanələrlə azərbaycanlıları hərbi məktəblərdən kənarlaşdırdığı üçün onlar cəbhəyə sıravi kimi gedirdilər. Halbuki bizim milli diviziyalarda komandir heyəti çatışmırdı. Azərbaycan rəhbərliyi bu problemi aradan qaldırmağa çalışsa da buna nail ola bilmədi. Bağırov yalnız 416-cı və 77-ci milli diviziyaları saxlaya bildi. Bundan başqa 402-ci diviziyanın məhv edilməsi erməni komandir tərəfindən həyata keçirilən ən böyük təxribat idi. Döyüşün gedişində hərbi alaylara xəbər vermədən onların hücum istiqamətinin dəyişdirilməsi diviziyanın düşmən mühasirəsinə düşməsi və darmadağın edilməsi ilə nəticələnir. Müharibə dövründə təltif edilən azərbaycanlıların az olmasına xüsusi diqqət çəkmək istərdim. Bu müharibə dövründə Azərbaycan rəhbərliyini ən çox düşündürən məsələlərdən biri idi. Azərbaycanın Milli diviziya hissələri tez-tez bir ordunun tərkibindən başqa ordunun tərkibinə atılırdılar və buna görə də təltif üçün təqdimatlar olmurdu.
Fuad Babayev: Çox maraqlı fenomendir.
Rövşən Hətəmov: Bu gələcək araşdırmalar üçün çox maraqlı mövzudur.
Təmkin Məmmədli: Siz bunu SSRİ-nin imperiya siyasəti ilə əlaqələndirirsiniz, yoxsa bu sadəcə səhlənkarlıq idi?
Rövşən Hətəmov: Müharibə ərəfəsində sovet hökumətinin apardığı ruslaşdırma siyasətinə rəğmən rus dilini bilməyən insanların faizi kifayət qədər çox idi. Sovet hərbi rəhbərliyində azərbaycanlılara qarşı çox neqativ münasibət var idi. Slavyan əsilli komandanlıq belə hesab edirdi ki, müsəlmanlardan hərbçi, xüsusən də zabit ola bilməz. Mən Sizə deyim ki, Sovet İttifaqı Qəhərəmanı İsrafil Məmmədovdan əvvəl İsmayıllıdan Kamal Qasımov Azərbaycanın ən populyar müharibə qəhrəmanı idi. Onun haqqında çox materiallar dərc olunub.
Şəfa Mövsümov: Kamal Qasımov haqqında film də çəkilib.
Rövşən Hətəmov: Yəni Sovet İttifaqı Qəhrəmanı adına layiq olan ilk azərbaycanlı Kamal Qasımov olub. Amma bu ad ona verilməyib.
Şəfa Mövsümov: Kamal Qasımov strateji əhəmiyyətli 4 körpünü partladaraq alman diviziyaslnın qarşısını kəsib. Nə qədər belə xüsusi xidmətləri olan soydaşımız təltifdən kənar qalıb. 1947-ci ildə erməni tarixçi Ayres Sarkisovun bir məqaləsi çap olunub. Onun Həzi Aslanovla bağlı geniş tədqiqatları var. “Azərbaycanlılar Stalinqrad uğrunda vuruşmalarda” adlı hərbi oçerkində o qeyd edir ki, Həmzə Sadıqov Hitlerin ən sadiq generalı Karl fon Rodenburqu da Stalinqrad ətrafında əsir almışdı. Bu bir cümlənin izi ilə sonradan müasir Azərbaycan tarixşünaslığında tədqiqatlar aparıldı, 2 kitab yazıldı. Məlum oldu ki, Həmzə Sadıqovla bağlı Mircəfər Bağırovun dəfələrlə Kremlə müraciət etməsinə baxmayaraq ona Sovet İttifaqı Qəhrəmanı adı verilməyib. Yəni Sovet tarixşünaslığında olmayan belə məsələlər müasir tarixşünaslığımızda öz əksini tapıb. Bundan başqa Musa Bağırovun Həzi Aslanovla bağlı 1999-cu ildə yazdığı kitabda onun son döyüşü və müəmmalı ölümünün sirri var, amma sovet tarixşünaslığında belə məsələlərə toxunulmayıb.
Rövşən Hətəmov: Bakının neft mədənlərinin dağıdılması ilə bağlı məsələyə toxunmaq istərdim. Bu həqiqətdən kənar informasiyadır. Bakının neft mədənlərinin partladılmasından söhbət getmirdi. Bakının neft quyuları armatur, çınqıl və betonla doldurulurdu ki, almanlar buranı müvəqqəti ələ keçirsələr belə onu bərpa edə bilməsinlər. Sadəcə neft emalı zavodlarının avadanlığının dağıdılması nəzərdə tutulmuşdu. 1942-ci ilin payızında Bakı neft sənayesində 8 min quyudan 5 mindən çoxu bu şəkildə artıq məhv edilmişdi.
Şəfa Mövsümov: Arxiv sənədlərində rast gəldiyim maraqlı məqamlardan biri də SSRİ-nin işğal edilmiş bölgələrindən erməni və yəhudilərin Azərbaycan SSR ərazisinə köçürülməsi ilə bağlı Sovnarkomun (Xalq Komissarları Soveti-red.) qərarları var. Həmin sənədlərdən aydın olur ki, erməni soyadlı şəxslər Dağlıq Qarabağ Muxtar Vilayətinə yönləndirilib.
Rövşən Hətəmov: 1942-ci ilin dekabrına qədər Azərbaycana təxliyə olunan 23 min əhali 51 rayon üzrə bölünmüşdü.
Təmkin Məmmədli: Onların etnik tərkibi haqqında məlumat var?
Rövşən Hətəmov: Azərbaycana ən çox əhali Krımdan, qismən Ukrayna, Belarus, Litva, Moldova və Şimali Qafqazın Orconikidze diyarından köçürülüb. Amma bundan başqa Bakıdan keçərək Orta Asiyaya 1 milyondan çox insan köçürülmüşdü. Gəmilər mütəmadi işləmədiyi üçün həmin insanların limanda saxlanılması və qayğısına qalınmasının özü də ağır bir yük idi. Epidemik xəstəliklərin yayılmamasına xüsusi diqqət yetirilirdi. Müharibə dövründə Bakıda şəhəri zibilliyən, zibili vaxtında yığmayan şəxslər ağır şəkildə cəzalandırılırdı. 1943-cü ildə SSRİ-nin digər şəhərlərindən fərqli olaraq Bakıda yatalaq epidemiyasının olmaması bununla bağlı idi. Zibilləri yandırmaq üçün 608 soba yaratmışdılar. Yəni şəhərdə sanitar qaydalara müstəsna əhəmiyyət verilirdi. Bir də ki, müharibə dövründə Bakının salamat qalmasının səbəblərindən biri də paytaxtımızın rayonlardan gələn ərzaq məhsulları ilə təmin edilməsi idi.
Fuad Babayev: Bu mövzunun tədqiqatında harada boşluqlar var? Hansı mövzular həqiqətən az işlənib?
Şəfa Mövsümov: Daha çox elmi-tədqiqat əsərlərinə yenidən baxılmalı və onlar yenidən dövriyyəyə cəlb edilməlidir. Azərbaycanda və xarici ölkələrdə olan arxiv materialları işlənilməlidir.
Son dövrlərdə bu istiqamətdə də müəyyən addımlar atılsa da partizan hərəkatının xarici ölkələrin arxiv materialları əsasında yenidən araşdırılmasına ehtiyac var.
Rövşən Hətəmov: 1943-cü ildə Azərbaycanda partizan dəstələrinin yaradılması tədqiq olunmayan mövzular sırasındadır. Mümkün işğal şəraitində xüsusi batalyonların tərkibində bu partizanlar təlim keçirdilər. 10-20 nəfərdən ibarət ən etibarlı xüsisi qrupların yaradılması nəzərdə tutulurdu.
Şəfa Mövsümov: Qafqaz uğrunda döyüşlər və orada azərbaycanlıların rolu da xüsusi olaraq araşdırılmalıdır. Təxliyə məsələləri, Azərbaycanın tibb işçilərinin müharibədə rolu, sosial-təminat məsələləri yenidən işlənməlidir.
Rövşən Hətəmov: Təxliyə olunmuş əhaliyə azərbaycanlıların münasibəti də tədqiqat üçün maraqlı mövzulardandır.
Hazırladı: Təmkin Məmmədli, 1905.az