Birinci söhbət – http://1905.az/boyuk-v%c9%99t%c9%99n-muharib%c9%99si/
İkinci söhbət – http://1905.az/boyuk-v%c9%99t%c9%99n-muharib%c9%99si-ikinci-sohb%c9%99t/?fbclid=IwAR0ANKO5Xv2hwGdsunfn_Z7zKyrcmNtfDI7iXFUYDK2hHib6k9Ze3fgeMmo
Böyük Vətən müharibəsi haqqında üçüncü söhbətimizin iştirakçıları tarix üzrə fəlsəfə doktoru Günay Hüseyn və AMEA-nın Tarix İnstitutunun dissertantı Ruslan Ağamalıyevdir.
Fuad Babayev: Bu bizim Böyük Vətən müharibəsinə həsr etdiyimiz üçüncü söhbətdir. Əvvəlki söhbətlərdən məlum oldu ki, hətta müharibənin necə adlandırılması ilə bağlı da hələ tarixşünaslığımızda yekdil rəy yoxdur. Bu müharibənin adı necə olmalıdır?
Ruslan Ağamalıyev: Mənim elmi işimin (“II Dünya müharibəsi və Azərbaycan ingilisdilli tarixşünaslıqda” – red.) müzakirəsi zamanı da bu problem ortaya çıxdı. Müasir dövrdə bu müharibənin adı ilə bağlı mübahisələr tarixilikdən daha çox siyasi müstəvidədir. Nə üçün biz özümüzü qalib dövlətlər tərəfində deyil, əks cəbhədə göstərməliyik. Müharibənin ilk aylarında Azərbaycandan 40 minə yaxın könüllü cəbhəyə yollanıb. Rəqəmlər göstərir ki, 681 min insan Azərbaycandan müharibəyə gedib.
Günay Hüseyn: Sovet dövründə bürokratik aparat çox güclü olduğu üçün hər bir şeyin sənədi var. Mən öz dissertasiyamla (“Baki dəniz limani 1941-1945-ci illər müharibəsi dövründə” – red.)əlaqədar tədqiqatlarımda bunun şahidi oldum. Təsəvvür edin ki, dəniz nəqliyyatının nəzdində olan uşaq bağçalarına verilən çörəyin, hər bir ərzağın, uşaqların sayının arxivi var. Amma oğurluqlara, talanlara, erməni məsələsinə demək olar ki, sənədlərdə rast gəlmək mümkün deyil. Belə hallar gizlədilirdi. Bağırovun ermənilərin əməlləri ilə bağlı Moskvaya yazdığı məktublara rast gəlmişəm. Mən də bu müharibənin II Dünya müharibəsi adlandırılmasının tərəfdarıyam. Amma nə yaxşı ki, azərbaycanlılar da fasizmə qalib gələn cəbhədə vuruşublar. Bu müharibədə iştirak edənlərin onu Böyük Vətən müharibəsi adlandırmasını da anlayışla qarşılayıram. Tarixi gerçəkliklər olduğu kimi yazılmalıdır.
Ruslan Ağamalıyev: Rus dilini bilmədiklərinə görə azərbaycanlılara qarşı arzuolunmaz münasibət var idi. Bunun qarşısını almaq üçün milli diviziyalar yaradılmışdı. Almanlar 1941-ci ildə Kerçi (Krımın şərq hissəsində şəhər, 1973-cü ildən qəhrəman şəhər – red.), Feodesiyanı tuturlar. Sovet komandanlığı Mexlisi (Lev Mexlis – sovet dövlət və hərbi-siyasi xadimi, qeneral-polkovkin (1944)-red.) komissar kimi Kerçə göndərir. 1941-ci ilinin dekabrı, 1942-ci ilin yanvarlnda Kerç-Feodesiya əməliyyatı keçirilir. Bu əməliyyat zamanı minlərlə azərbaycanlını heç bir rabitə əlaqəsi olmadan, təhlükəsizliyi təmin edilmədən barjalar (yedək gəmisi, su nəqliyyatı vasitəsi – red.), üstüaçıq balıqçı gəmiləri ilə Kerç boğazını keçməyə göndəriblər. Bir aviazrbə ilə yüzlərlə insan orada həlak olub. Ümumiyyətlə sovet cəmiyyətində insanın dəyəri yox idi.
Təmkin Məmmədli: Amma insana belə münasibət təkcə azərbaycanlılara şamil edirmirdi.
Ruslan Ağamalıyev: Xeyr. İtki olurdu. Hazırlıqsız göndərirdilər. Şimal qrupunun komandanı Maslennikovun (İvan Maslennikov – sovet ordu qeneralı, Sovet İttifaqı Qəhrəmanı – red.) milli diviziyaların döyüş qabiliyyətinin olmaması, onların ləğv edilməsi haqqında Stalinə məktubu var. Milli diviziyaların döyüş qabiliyyətinin olmamasının səbəbi azərbaycanlıların döyüşə bilməməsi və ya döyüşmək istəməməsi ilə bğlı deyildi. Sadəcə azərbaycanlıların rus dili bilməməsi soydaşlarımız arasında itkinin sayını artırırdı.
Günay Hüseyn: Onun bir səbəbi də Çar Rusiyası dövründə azərbaycanlıların hərbi xidmətə çağırılmaması idi.
Fuad Babayev: Şübhəsiz.
Günay Hüseyn: II Dünya müharbəsində SSRİ-nin çox itki verməsinin səbəblərindən biri də sovet ordusunun rəhbərlərinin müharibə ərəfəsində repressiyaya məruz qalması idi.
Fuad Babayev: Tuxaçevski (1893-1937, sovet hərb xadimi, hərbi nəzəriyyəçi, Sovet İttifaqı Marşalı – red.), Blyuxer (1890-1938, sovet hərb xadimi, dövlət və partiya xadimi, Sovet İttifaqı Marşalı – red.) və s.
Ruslan Ağamalıyev: Blyuxer Almaniya ilə əməkdaşlıqda ittiham edilirdi. Müasir rus tədqiqatçıları Mark Solonin, Viktor Suvorov (əsl adı – Vladimir Boqdanoviş Rezun – red.) müharibə ərəfəsində Almaniyanın və SSRİ-nin hərbi və canlı qüvvəsinin müqayisəli təhlili nəticəsində belə qənaətə gəliblər ki, sovetlərin müharibəyə hazır olmaması fikri reallığı əks etdirmir.
Günay Hüseyn: İki ölkə əhalisi arasındakı fərq də göz qabağında idi.
Ruslan Ağamalıyev: Müharibə ərəfəsində Almaniyanın əhalisi 69 milyon, SSRİ-nin əhalisi isə 187 milyon idi. Texnika sarıdan da SSRİ Almaniyadan üstün idi. “Əsgərin xatirələri” kitabında Quderian (Haynts Quderian (1888-1954, İkinci Dünya müharibəsində alman generalı – red.) 1941-ci ilin avqustunda fürerlə söhbətinə istinadən yazır ki, Hitler əgər SSRİ-nin 10 min tankının olduğunu bilsəydi heç müharibəyə başlamazdı. Halbuki, Quderian həmin rəqəmi kiçiltmişdi, həmin dövrdə SSRİ-nin 17 min tankı var idi. Amma Almaniyanın o qədər hərbi qüvvəsi, tankı yox idi. Almaniyanın ilk dövrdə uğurunun səbəbi təşkilatı baxımdan intizamlı millət olması, qəfil zərbə endirməsi və hərbçilərinin peşəkarlığı ilə bağlı idi. 1940-cı ildən Vermaxtın tərkibinə qatılan SS-də (1933-1945-ci illərdə Adolf Hitlerin mühafizəsini təmin etmək üçün fəaliyyət göstərən təhlükəsizlik təşkilatı – red.) xidmətlə bağlı bir faktı qeyd etmək istəyrəm. SS-ə daxil olmaq üçün əsgər 1800-cü ildən, zabit isə 1750-ci ildən üzü bəri valideynlərinin təmiz ari irqindən olduğunu sübut etməli idi.
Fuad Babayev: Suvorovun “konsepsiya”sı ondan ibarətdir ki, əvvəlcə Sovet İttifaqı hücum edəcəkdi, amma Vermaxt onu qabaqlayıb. Buna necə yanaşırsınız? Bu məntiqidir?
Ruslan Ağamalıyev: Suvurovun 1941-ci ilin iyulunda Stalinin “Tufan” (“Гроза” və ya “Гром” – red.) əməliyyatına hazırlaşması fikri ağlabatan deyil. O qeyd edir ki, 1941-ci ilin mayında Xarkov hərbi məktəbinin müdavimləri ilə görüşü zamanı məktəbin komandanı sülh barədə badə qaldıran zaman Stalin deyib ki, sülh lazım deyil, Almaniya ilə müharibə qaçılmazdır. Amma Stalin hesablamalarında yanılır. Stalin gözləyirdi ki, Hitler İngiltərəni işğal etməmiş Sovet İttifaqına hücüm etməyəcək.
Tənkin Məmmədli: Legionerlərlə bağlı fikrinizi bilmək istərdim.
Ruslan Ağamalıyev: Legionerlərlə bağlı onu qeyd etmək istəyirəm ki, itaət altına salınmış xalqa silah vermək axmaqlıqdır deyən Hitlerin legionlar yaratmaq və işğal etdiyi xalqlara müstəqillik vermək fikri yox idi. Sadəcə cəbhədəki itkilər Hitleri legionlar yaratmağa vadar edib. Avropanı tutarkən Hitler təxminən 200 min itki verdi. Amma 1941-ci ilin iyunundan 1942-ci ilin mart ayına qədər almanlar sovet cəbhəsində 1 milyon əsgər itirib.
Günay Hüseyn: Məsələ tək itkidə deyildi. Almaniya yerlərdəki əhalini də üsyana təşviq etmək istəyirdi. Azərbaycan ərazisinə təbliğat məqsədilə təyyarə ilə məktublar atılıb, paraşütçülər göndərilib. Sadəcə Azərbaycanın cəbhə xəttindən uzağlığına, yəni coğrafi amilə görə almanlar burada istəklərinə nail ola bilmədilər.
Ruslan Ağamalıyev: Neft amilini də nəzərdən qaçırmaq olmaz.
Günay Hüseyn: Almanların Avropa cəbhəsində məğlubiyyətinin əsas səbəbi ağır texnikanı hərəkətə gətirəcək neftin qurtarması idi. II Dünya müharibəsi dövründə 110 milyona yaxın neft çıxarılıb, onun 75 faizini Bakı verib. Azərbaycanın bu müharibədə verdiyi itki bizim üçün nə qədər böyük olsa da, bu 60 milyon insan təlafatının içində bir damladır. Onu demək istəyirəm ki, II Dünya müharibəsi ilə bağlı Azərbaycan dünya tarixşünaslığında Bakı, Bakı nefti və Bakı Dəniz limanı ilə təmsil olunub. Təsəvvür edin ki, bir il ərzində lend-liz ancaq Bakı limanı vasitəsilə ötürülüb.
Ruslan Ağamalıyev: Əhalinin sayına nisbətdə götürəndə Azərbaycan heç də az itki verməyib.
Günay Hüseyn: Mən deməirəm ki, Azərbaycanın itkisi az olub. Sadəcə dünya tarixçünaslığında Azərbaycanın əhəmiyyəti Bakı nefti və Bakı dəniz limanı ilə əlaqələndirilir.
Təmkin Məmmədli: Qərb mediasında bu müharibənin əldə edilməsində SSRİ-nin rolu da kiçildilir.
Günay Hüseyn: Mən bu fikirlə razı deyiləm. İkinci cəbhə 1944-cü ildə açılıb.
Ruslan Ağamalıyev: Heç kim insan itkisini inkar edə bilməz. Bu müharibədə SSRİ 27 milyon, İngiltərə isə 300 min itki verib. Amma lend-liz vasitəsilə gələn yüksək oktanlı benzinin də əhəmiyyətini azaltmaq olmaz. Misal üçün SSRİ müharibə vaxtı 4,2 milyon ton benzin işlədib, onun da 3 milyon tonu yüksək oktanlı benzin olub. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülsə də SSRİ-də bunu almaq mümkün deyildi.
Günay Hüseyn: Bakının müharibədə neftin 75 faizini verməsi faktdır. Bu çox böyük rəqəmdir. Amma bütün döyüş texnikasının Bakı nefti ilə işləməsini iddia etmək də yanlış olar.
Ruslan Ağamalıyev: Əvvəllər dərslklərdə yazırdılar ki, Almaniyanın 1941-ci ildə əsas məqsədi Moskvanı, 1942-ci ildə Bakını tutmaq olub. Amma mən araşdırmalarımda gördüm ki, elə 1941-ci ildə də əsas məqsəd Qafqaz neftini ələ keçirmək idi. Hitlerin 1941-ci il 21 avqust tarixli 34 saylı direktivinin də əsas məqsədi Qafqaz neftinin ələ keçirilməsidir. Hətta hərbi komandanlıq ona etiraz edəndə Hitler deyir ki, onun generallarnmın hərbi iqtisadiyyatdan başı çıxmır. Və o Napoleonun səhvini təkrar etmək istəmir. Düşmənin əsas qüvvələrini məhv etmədən onun paytaxtını tutmaq istəmirəm. Artıq sentyabrda Hitler görəndə ki, SSRİ çox zəifdir, o “Tayfun” əməliyyatı ilə Moskva üzərinə gedir.
Günay Hüseyn: Əgər Qərb mətbuatının yazdığı kimi SSRİ-nin qələbədə heç bir rolu olmayıbsa, bəs burada çıxarılan 110 milyon ton neft hara gedib.
Ruslan Ağamalıyev: Qərbin yazdığına görə Sovetdə çıxarılan 110 milyon neftin 45 faizi mazuta, 25 faizi kerosinə sərf edilirdi.
Günay Hüseyn: Bu həqiqəti əks etdirmir.
Ruslan Ağamalıyev: Almaniyanın müharibə dövründə neft istehlakı 10 milyon ton neft idi.
Günay Hüseyn: Almaniyanın daxili istehlakından başqa onun SSRİ ərazisində olan hərbi texnikasının da neftə ehtiyacı var idi. Moskva, Leninqrad yaxınlığında olan alman ordusunun neft tapması problem idi.
Ruslan Ağamalıyev: Almaniyanın 1941-ci ildə neft istehlakı 7,6 milyon idi, 1943-1944-cü illərdə istehlak 10 milyon tona çatdı. Almiyanın daxili istehsalı çox az idi. Avstriyada, Vyana ətrafında və Rumıniyada neft hövzələri var idi. Rumıniya Almaniyaya ən yaxşı vaxtda ildə 2,8 milyon ton neft verirdi. Daha çox sintetik neft istehsal edilirdi. Almaniya ilk sintetik neftin istehsalına 1913-cü ildə başlayıb. Sintetik neftin maya dəyərinin təbii neftdən dəfələrlə baha olmasına baxmayaraq Hitler yenə də sintetik neftin istehsalında israrlı idi. Çünki o bilirdi ki, müharibə başlayacağı təqdirdə Almaniya I Dünya müharibəsində olduğu kimi blokadada qalacaq. Ona görə də hətta Texasdan gələn neftə 20 dəfədən çox vergi qoyur ki, daxildə sintetik neftin istehsalını stimullaşdırsın. 1939-cu ildə Almaniyanın 20-ə yaxın sintetik neft zavodu var idi.
Fuad Babayev: Günay xanım, Sizin tədqiqat mövzunuz olan Bakı Dəniz lımanı fenomenindən danışmağınızı istərdim. O təkcə lend-lizdən, təxliyədən ibarət deyildi. Bakı Dəniz lımanının geniş oxucu auditoriyası üçün maraqlı olan məqamları hansılardır?
Günay Hüseyn: Dünya tarixşünaslığında Bakı dəniz limanının adı ancaq lend-lizə görə çəkilir. İran və Rusiya arxivlərində II Dünya müharibəsi dövründə Bakı dəniz limanının fəaliyyəti ilə bağlı kifayət qədər maraqlı sənədlər var. Bakı dəniz limanının və liman kollektivinin 1941-1945-ci illərdəki fəaliyyətinin öyrənilməsi, limanın o dövrki hərbi-strateji əhəmiyyəti və limançıların əzmkar əməyi mövzunu bu gün də aktual edən məsələlərdən biridir. Azərbaycanın indiki tarixi şəraiti, Ermənistanla davam etməkdə olan müharibə şəraitində Bakı dəniz limanının 1941-1945-ci illərdəki fəaliyyətinin öyrənilməsi ölkəmizin hərbi-müdafiə gücünün artırılması baxımından da böyük əhəmiyyət kəsb edir. II Dünya müharibəsi keçmiş sovet və xarici dövlətlərin tarixşünaslığında, o cümlədən Azərbaycan tarixşünaslığında geniş tədqiq edilən mövzulardan biri sayılsa da Bakı dəniz limanının İkinci dünya müharibəsi dövründə fəaliyyəti indiyə qədər ayrıca tədqiqat obyekti olmayıb. Bu tədqiqata qədər Bakı dəniz limanının fəaliyyəti Xəzər Quru Yük Daşıma Gəmiçiliyinin (Kapflot), Xəzər Neftdaşıma Gəmiçiliyinin (Kasptanker) və Xəzər hərbi donanmasının fonunda tədqiqata cəlb edilib.
Amma unutmaq olmaz ki, lend-lizdən savayı təxliyə, yaralı əsgərlərin daşınması, İrandan gələn bütün yükdaşımalar, bütöv zavodların daşınması məhz Bakı dəniz limanı vasitəsilə həyata keçirilib.
Təmkin Məmmədli: SSRİ İran münasibətlərində Bakı Dəniz limanının rolu nədən ibarət olub?
Günay Hüseyn: Hərbi donanmalar Bakı dəniz limanından keçməklə İran ərazisinə, Ənzəliyə yaxınlaşıblar, ora desant çıxarıblar.
Təmkin Məmmədli: Bakı Dəniz limanının, o cümlədən Xəzərdəki gəmilərin təhlükəsizliyi necə təmin edilirdi?
Günay Hüseyn: Müharibə başlayanda Xəzər Neftdaşıma Gəmiçiliyi (Kasptanker) və Xəzər hərbi donanmasından çoxsaylı könüllülər cəbhəyə gediblər. Müəyyən işlər görülsə də Bakı dəniz limanının təhlükəsizliyi qənaətbəxş olmayıb. Əhalinin böyük qismi cəbhəyə getmişdi, yerdə qalanlar da neft sənayesində çalışırdılar. Xəzər dənizində çox döyüşlər gedib, alman təyyarələrinin Kapflot və Kasptankerin gəmilərini batırması faktları da var. Amma Bakı dəniz limanının özündə döyüş olmayıb.
Ruslan Ağamalıyev: 1942-ci ilin oktyabrına kimi Hitlerin Bakını bombalamaq fikri olmayıb. 1942-ci ilin oktyabrında Hitler Qroznı və Bakını bombalamaq haqqında əmri verir. Stavropol aeroportunu sovet qoşunları dağıtdığı üçün alman təyyarələri bu əmri gerçəkləşdirə bilmir.
Fuad Babayev: Ruslan müəllim, Siz dissertasiyanızın (II Dünya Müharibəsi və Azərbaycan ingilisdilli tarixşünaslıqda –red.) hansı məqamlarını media ilə paylaşa bilərsiniz?
Ruslan Ağamalıyev: Mən Bakı neftinin qlobal siyasətdə oynadığı rolu tədqiq etmişəm. Almaniyanın 1913-cü ildə sintetik neft istehsalına başlamasından, 1935-1936-cı ildə Həbəşistanı tutandan sonra ona qarşı neft embarqosu da daxil olmaqla Hitlerin sistematik olaraq neftə can atmasını araşdırmışam. Almaniyanın 1938-ci ildə Çexoslavakiyanın Sudet vilayətini tutmasında səbəb təkcə orada etnik almanların yaşaması deyildi, həm də həmin ərazidə qonur kömür yataqlarının olması idi. Qonur kömürdən isə sintetik neftin alınmasında istifadə edilirdi. Almaniyanın Qalisiyanı və Polşanı tutması, Rumıniya ilə müqavilələr, Krıma yürüş, Bakını tutmaq istəyinin hamısı neft ilə bağlı məsələlər idi.
Fuad Babayev: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 2005-ci ildə Qələbənin 65 illiyi qeyd olunanda “Bakı – Qəhrəman şəhərdir” adı altında böyük bir kampaniya keçirdi. Bakıya Qəhrəman şəhər adı verilməməsinə münasibətiniz necədir?
Günay Hüseyn: Bakıya Qəhrəman şəhər adı o zaman verilməli idi. Bu tarixi ədalətsizlikdir.
Ruslan Ağamalıyev: Leninqrad, Stalinqrad, Sevastopol və Odessaya 1945-ci ilin mayında, müharibə qurtarmamışdan 8 gün əvvəl Qəhrəman şəhər adı verilib. Sonrakı mərhəldə Moskva, Kiyev, Minsk, Tula və s. şəhərlər də bu ada layiq görülüb. Ümumiyyətlə, 12 şəhər Qəhrəman adı alıb.
Fuad Babayev: Azərbaycanlıların cəbhədə verdiyi itkiyə rəğmən qəhrəmanlarımızın sayı azdır. Bunun səbəbi nədir?
Günay Hüseyn: Azərbaycan əhalisinin sayı digər millətlərdən az idi.
Ruslan Ağamalıyev: Erməni və gürcülərdən ki, az deyildi.
Günay Hüseyn: Razıyam. Cəbhəyə gedən azərbaycanlılar döyüş təcrübəsini müharibə illərində qazandılar. Kadr azlığı problemi var idi, zabit heyəti çatışmırdı, rus dilini bilmirdilər.
Ruslan Ağamalıyev: Azərbaycanlılara qarşı ayrı-seçkilik də var idi. 2-3 düşməni öldürən digər millətin nümayəndəsinə Sovet İttifaqı Qəhrəmanı adı verildiyi halda, cəbhənin taleyini həll edən qəhrəmanlıqlar göstərən soydaşlarımız bu təltiflərdən kənar qalıblar. 13 min insan Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onun 8 mini rus, təxminən 2 mini ukraynalılardır. 90 nəfər gürcü, 89 nəfər isə erməni bu ada layiq görülüb. Azərbaycandan 121 nəfər Sovet İttifaqı Qəhrəmanı var, etnik azərbaycanlı isə cəmi 43 nəfər olub.
Fuad Babayev: Qarşıdan Qələbənin 75 illiyi gəlir. Bu mövzunun tədqiqində hansı boşluqlar var? Mediadan gözləntiləriniz nədir?
Ruslan Ağamalıyev: Məsələlərə kompleks yanaşılmasını istərdim. Misal üçün almanların müsəlmanlara münasibəti haqqında kiçik bir fakt əsasında fikir söyləyirlər. Hərçənd ki, bu kimi məsələlərin geniş araşdırılmasına ehtiyac var. Hitler təbii ki, müsəlmanları öz tərəfinə çəkmək istəyirdi.
Günay Hüseyn: Müharibə dövrünün xarici mətbuatı, İran arxivləri çox az işlənib. İkinci dünya müharibəsinin nəticələrinin araşdırılması bu gün üçün də aktualdır.
Hazırladı: Təmkin Məmmədli, 1905.az