Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.
Uzadıb əlini Bakıya sarı,
“Batdıqca günaha batın!”, deyirdi.
“Vətən xainləri, yurd satqınları,
Satın Qarabağı, satın!”, deyirdi.
Canında od vardı, istilənirdi,
Şuşanın dağları çəkirdi ahı.
Seyidin qəlyanı tüstülənirdi,
Zülfi oxuyurdu “Yetim segah”ı.
Bu gecə yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi.
Şuşanı satanlar verib baş-başa,
Şəhərin üstündə qiymət kəsirdi.
Od tutub yanırdı Vaqifın goru,
Natəvan ah çəkib ağı deyirdi.
Usta toxunmuşdu hiylənin toru,
Hələ ki sözünü yağı deyirdi.
Vidadi Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifın qəbrinə sarı.
“Qurtarın, – deyirdi, – milləti dardan!”
“Qurtarın, – deyirdi, – bu torpaqları!”
Gözündə yaş gördüm, yanağında nəm,
Cıdır düzündəki “Xarı bülbül”ün.
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün.
Ocaq yerlərində qalanırdı kül,
İsa bulağından qan fışqırırdı.
Susmuşdu Üzeyir, susmuşdu Bülbül,
Düşmən “mənəm” deyib boğaz cırırdı.
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı…