
Axşam düşür, həyətlərdə tonqallar qalanır, uşaqlar sevinc içində papaq atırlar, qapılar döyülür, qırmızı lentlər bağlanır. İnsanlar həyəcanla Novruza sayılı günlərin qaldığını hiss edir. Bütün bu gözəlliklər İlaxır çərşənbənin – Novruzun ən mühüm mərhələlərindən birinin gəlişindən xəbər verir. Bu gün təkcə ilin son çərşənbəsi deyil, həm də baharın, yeni başlanğıcın müjdəsidir.
AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev İlaxır çərşənbə ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.
Folklorşünas bildirir ki, xalq arasında axır çərşənbə “İlaxır çərşənbə”, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi”də adlandırılır. Axır çərşənbə Novruz çərşənbələri arasında ən dəyərlisi, qiymətlisidir. Qədim zamanlardan axır çərşənbə xalq arasında ən əziz günlərdən hesab edilib. İlaxır çərşənbə torpağın oyanması ilə bağlıdır. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.

Adət-ənənələr və inanclar
Əpoş Vəliyevin sözlərinə görə, Azərbaycan xalqı əsrlər boyu bu çərşənbəni xüsusi adət-ənənələrlə qeyd edib. İlaxır çərşənbədə hər bir adətin arxasında bolluq, bərəkət, ruzi, sağlıq və uğurla bağlı inamlar dayanır.
Novruz bayramının ənənələrindən də biri “Yumurta boyamaq” adətidir. İnsanlar ilboyu yumurta qaynadıb yeyirlər. Lakin Novruzda qaynanmış yumurtanı həm də boyayırlar ki, bunun da bayramla bağlı xüsusi mənası vardır. İlaxır çərşənbədə və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir.

İlaxır çərşənbə və Novruz bayramının əsas simvollarından biri də səmənidir. O, torpağın oyanmasını, yeni həyatın başlanmasını və məhsuldarlığı təcəssüm etdirir. Səməni əkilməsi və onun böyüməsi ilə bağlı müxtəlif inanclar var. Səməni cücərtmək baharın gəlişi və ruzi-bərəkətin rəmzidir. Əgər səməni yaxşı və yaşıllaşaraq cücərsə, ilin uğurlu keçəcəyinə inanılır. İlk cücərən səməni evin ən gözəl yerinə qoyulur və onun üstündən qırmızı lent bağlanır. Bu, ailəyə xoşbəxtlik və firavanlıq gətirir.
Bu çərşənbədə nələr etməli?
İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.
Həmçinin bu günün başlıca özəlliyi ondan ibarətdir ki, qəbir üstünə gedilər, ölülərin ruhuna Quran oxunar, dua edilər. Axşam isə tonqalın üstündən yeddi dəfə o yan bu yana atılar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlasını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, xəstəliklərdən qorunacaqlarına inanırlar.

İnanclara görə, İlaxır çərşənbə axşamı tonqal qalayıb onun üzərindən atlanmaq insanın ruhi və fiziki təmizlənməsi deməkdir. İnsanlar atlanarkən belə deyirlər:
“Ağırlığım, uğurluğum odda yansın!” Bu, bütün dərd-bəlanın odla yox olacağına olan inamı ifadə edir.
Rayonlarda İlaxır çərşənbə adətləri
Azərbaycanın müxtəlif bölgələrində İlaxır çərşənbə fərqli adət və inanclarla qeyd edilir. Qazax, Tovuz, Şəki bölgələrində evlərə su çiləmək, bayram süfrəsinə xüsusi nemətlər – qatlama, fəsəli, qovurğa qoymaq ənənəsi var. Naxçıvanda İlaxır çərşənbə axşamı həyətlərdə tonqallar qalanır və hamı onun üzərindən atlayaraq arzu tutur. Quba və Qusar bölgələrində gənclər İlaxır çərşənbədə “qonaq getmək” adətinə əməl edirlər. Yəni, kəndin oğlanları axşam evlərə xəbərsiz gedir, ev sahibləri isə onlara şirniyyat, meyvə və hədiyyələr verirlər. Cənub bölgəsində isə İlaxır çərşənbədə həyətyanı sahədə ağacların altına qırmızı parça bağlanır ki, bu, ailənin uğurlu və bərəkətli olması üçün edilir.
Novruz falları
“Qulaq falı”, “qapıpusma”, “qulaqpusma” adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır.

Axır çərşənbənin məşhur fallarından biri “üzüksalma” adlanır. “Bundan irəli ilaxır çərşənbədə subay qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki: – Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.
Novruzun müjdəçisi – İlaxır çərşənbə
Texnologiyanın inkişafına və müasir həyat tərzinə baxmayaraq, İlaxır çərşənbə ənənələri bu gün də qorunub saxlanılır. İnsanlar ailələri ilə birlikdə bayram süfrəsinə toplaşır, şirniyyatlar bişirir, sosial şəbəkələrdə İlaxır çərşənbə ilə bağlı paylaşımlar edirlər. Xüsusilə papaq atmaq, tonqal qalamaq, fal açmaq kimi ənənələr hələ də gənclər arasında geniş yayılıb. Şəhərlərdə bayram yarmarkaları təşkil olunur, çərşənbə şənlikləri keçirilir.

Həmin axşam hər şey başqa cür görünür. Küçələrdə işıqlar daha parlaq yanır, insanların üzlərində təbəssüm var. Səməni yaşıl rəngi ilə baharın gəlişindən xəbər verir. Uşaqlar həyətdə tonqal ətrafında dövrə vurur, yaşlılar isə keçmiş illərin xatirələrini danışırlar. Qapı arxasında papaqlar görünür – içində şirniyyat, meyvə və bəzən kiçik hədiyyələr. Əlində səməni tutan bir qız isə səmimi bir arzuyla gözlərini göyə dikir: “Yeni il, yeni ümidlər, yeni başlanğıclar gətirsin…”
İlaxır çərşənbə bu gözəllikləri ilə Novruzun müjdəçisi olur. Bu bayram təkcə qədim adətlərin yaşaması deyil, həm də insanların birlikdə olmasının, sevincini bölüşməsinin ən gözəl nümunəsidir.
Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!