Ağırlığım, uğurluğum odda yansın
Artıq qışın qarlı gecələri arxada qalır, insanlar baharın isti nəfəsini hiss etməyə başlayır. Azərbaycanın hər guşəsində tonqallar qalanır, alov göyə ucalaraq sanki qışın soyuq nəfəsini yandırır. Bu, Od çərşənbəsidir – bəd nəzəri, pisliyi, xəstəlikləri arxada qoyub yeni başlanğıclar üçün ümid tonqalları yandırdığımız gün. Azərbaycan xalqı əsrlərdir ki, Od çərşənbəsini qışın sonuncu soyuqlarını əridən bir gün kimi qeyd edir. Bu çərşənbə təkcə odun alovlanması deyil, həm də ürəklərin istilənməsi, ümidlərin yenidən doğulması deməkdir. Qədim inanclarla müasir duyğuların qovuşduğu bir bayramda ölkəmizdə hər kəs bu gün qalanan tonqalların ətrafında birləşərək müxtəlif ayinləri yerinə yetirəcək.
Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru dosent Elçin Qaliboğlu AZƏRTAC-a müsahibəsində Od çərşənbəsinin mahiyyətindən danışıb.

Elçin Qaliboğlu bildirib ki, Od çərşənbəsi Novruz bayramından əvvəl qeyd edilən dörd çərşənbədən ikincisidir. Bu çərşənbə qədim inanclara əsaslanaraq odun müqəddəsliyini, onun insanları təmizləyən və qoruyan gücünü simvolizə edir. Əcdadlarımız odun isidici və həyatverici gücünə inanaraq, bu günü xüsusi mərasimlərlə qeyd ediblər. Azərbaycanın qədim inanclarına görə, Od çərşənbəsi Günəşin oyanışını, torpağın isinməsini və təbiətin canlanmasını simvolizə edir. Əcdadlarımız odun təmizləyici gücünə inanır, tonqal qalamaqla bütün bəlaların yanıb yox olacağını düşünürdülər. Bu çərşənbədə hər kəs öz həyətində ocaq qalayır, odun alovunda niyyət edir, sağlamlıq və ruzi-bərəkət diləyir. İnsanlar inanırlar ki, tonqalın üzərindən tullanan hər kəs uğursuzluqlardan qurtulur, yeni ilə təmiz ruhla qədəm qoyur.
Od çərşənbəsi – qədim inanclardan günümüzə
Folklorşünasın sözlərinə görə, odla bağlı inancların tarixi min illərlə ölçülür və bu inam türk xalqlarının dünya görüşündə mühüm yer tutur. Od Günəşin yer üzündəki rəmzi sayılmış, həyatverici, isidici və qoruyucu gücə malik olduğuna inanılmışdır. Bu düşüncə animizm və tanrıçılıq inancları ilə sıx bağlıdır.

Xalq arasında Od çərşənbəsi ilə bağlı müxtəlif inanclar və adətlər geniş yayılıb. Qədim dövrlərdə insanlar tonqal başında toplaşar, odun ətrafında nəğmələr oxuyar, şeirlər söyləyərdilər. Od müqəddəs sayıldığı üçün ona hörmətlə yanaşılır, onun üzərindən atlanmaqla köhnə ilin çətinliklərindən qurtulmaq mümkün olduğuna inanılırdı.
Bu gün də insanlar Od çərşənbəsində tonqal qalayır və inancına uyğun olaraq üzərindən tullanırlar:
– “Ağırlığım, uğurluğum odda yansın!”
Bu ritualın məqsədi insanın bütün mənfi enerjidən təmizlənməsi və yeni ilə uğurla qədəm qoymasıdır.
Bölgələrdə Od çərşənbəsi – ənənələr yaşayır
Azərbaycanın müxtəlif bölgələrində Od çərşənbəsi özünəməxsus şəkildə qeyd olunur. Tonqalların işığında bir araya gələn insanlar, qədim inancları yaşadaraq, birlik və həmrəylik ruhunu daha da möhkəmləndirirlər.

Bakı və ətraf bölgələrdə küçələrdə, meydanlarda tonqallar yandırılır, insanlar alovun ətrafında toplaşaraq şənlik edirlər. Şəki, Qax və Zaqatalada ailələr həyətlərində böyük tonqallar qalayır, qonşular birlikdə bayram edirlər. Bu bölgədə külək tonqalı alovlandırdıqca insanlar bir-birinə “Bərəkətli olsun” deyə diləklər edirlər. Qarabağ bölgəsində – xüsusilə Ağdam, Füzuli və Şuşada – keçmişdə tonqalın ətrafında yallılar gedilər, sazlı-sözlü məclislər qurulardı. Gəncədə isə Od çərşənbəsində qovurulmuş çərəzlər və şirniyyatlar hazırlanır, qapı pusmaq kimi maraqlı adətlər yaşadılır. Naxçıvanda hər evdə üzərlik yandırılır, tonqalın külü isə səhər tezdən axar suya tökülür.
Cənub bölgəsində Od çərşənbəsi odun və suyun vəhdəti kimi qəbul edilir. Tonqal qalamaqla yanaşı, bulağa gedib suya niyyət etmək də yayılmış bir adətdir.
Od çərşənbəsi süfrəsi – bolluq və bərəkət rəmzi
Hər çərşənbədə olduğu kimi, Od çərşənbəsində də süfrənin bol olması ilin bərəkətli keçəcəyinə işarədir. Xalq inancına görə, süfrədə şam yandırılmalı və bu şam axıra qədər yanmalıdır. Bu, ailənin həmişə işıqlı və bərəkətli olmasını təmin edəcək. Həmçinin bəzi inanclara görə də Od çərşənbəsində səməni suya qoyulmalı və niyyət edilməlidir. Bu, ilin ruzi-bərəkətlə keçəcəyinə işarədir.

Bayram süfrəsində ən çox qırmızı rəngə üstünlük verilir, çünki alovun rəngi olduğu üçün gücü, həyat enerjisini simvolizə edir. Buna görə də süfrədə qırmızı alma, nar, qırmızı şərbətlər və bu rəngdə olan digər meyvələr yerləşdirilir. Ənənəvi olaraq qovrulmuş çərəzlər – fındıq, badam, qoz və noxud da olur. Bu çərəzlər məhsuldarlığın və ruzinin artmasını ifadə edir. Şirniyyatlardan şəkərbura, paxlava və qoğal hazırlanır, çünki bunlar Novruz süfrəsinin ayrılmaz hissəsidir.
Od çərşənbəsi təkcə alovun yox, həm də qəlblərin isinməsi, mehribanlıq və paylaşımın simvoludur. Buna görə də süfrə nə qədər zəngin olarsa, evə bir o qədər bolluq və xoşbəxtlik gətirəcəyinə inanılır.
Od çərşənbəniz mübarək! Həyatınız həmişə işıq, sevgi və bərəkətlə dolsun!
04.03.2025, Gülay Nəzərova, AZƏRTAC