Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabının təqdimatı keçirilib. Kitabda Sərsəng su anbarının təsir dairəsində olan Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy və Yevlax rayonları ərazilərindəki tarixi və mədəniyyət abidələrinin tədqiqatına dair hesabat əksini tapıb.“Sərsəng harayı” layihəsinin rəhbəri Şamaxının millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovdur. “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabının redaktoru AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, müəllifləri tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Əsədova və arxeoloq, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyevdir.
Tədbirdə çıxış edən layihə rəhbəri Vəli Əlibəyovun sözlərinə görə Sərsəng su anbarında hər hansı fəlakət baş verəcəyi təqdirdə Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy və Yevlax rayonları ərazilərindəki tarixi və mədəniyyət abidələri və 400 min nəfər insan məhv olmaq təhlükəsi qarşısında qala bilər. Bildirilib ki, Sərsəng su anbarı ilə əlaqədar aparılan tədqiqatların nəticələri Avropa Şurası Parlament Assambleyasına çatdırılacaq və AŞ PA-nın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər üzrə məruzəçisinə təqdim ediləcək.
Tarixçi, ekspert Məhərrəm Zülfüqarlı bildirib ki, 1976-ci ildə inşa edilmiş Sərsəng su anbarı hazırda erməni hərbi birləşmələrinin işğalı altındadır. Bu işğal nəticəsində su anbarında ötən müddət ərzində heç bir təmir işləri aparılmadığından qəzalı vəziyyətdədir.
Tədbirdə layihənin əlaqələndiricisi Samir İsayev isə layihə haqqında məlumat verərək, jurnalistlərin suallarını cavablandırıb.
1905.az