
Bu gün Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür. 2020-ci il noyabrın 8-də, Vətən müharibəsinin 43-cü günü Şuşa işğalçılardan təmizlənib və şəhərdə Azərbaycan Bayrağı dalğalanıb.
AZƏRTAC Şuşa şəhərinin salınmasından bu günədək olan tarixə qısaca nəzər salır.

Şuşa: Yaranışdan Zəfərədək
Şuşanın bünövrəsi 273 il əvvəl Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Uca dağlar qoynunda qala-istehkam kimi inşa edilmiş şəhər zaman keçdikcə böyüyüb və ən gözəl məkanlardan birinə çevrilib. Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayan Şuşa şəhəri zəngin inkişaf yolu keçərək həm də mədəniyyət və musiqi beşiyi kimi tanınıb. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan Şuşa yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməsinə əlamətdar səhifələr yazıb.
Ötən əsrin 70-ci illərində şəhərin sürətli inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi həmin dövrdə şəhərin inkişafına dair xüsusi qərarlar qəbul edilib və quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi sahəsində mühüm addımlar atılıb.
Strateji cəhətdən əlverişli mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb, 55 nəfər əsir düşüb və girov götürülüb.
İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb. Erməni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün 600-ə yaxın tarixi memarlıq abidəsini, həmçinin Pənahəli xanın sarayını, Yuxarı Gövhər Ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan ediblər. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumi təhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, eləcə də Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıblar, nadir sənət incilərini talayıb məhv ediblər.

Vətən müharibəsinin ən uğurlu əməliyyatlarından biri
Qarabağın tacı sayılan Şuşa şəhərinin ikinci doğum tarixi 5 il əvvəl – 2020-ci il noyabrın 8-də yazıldı. 28 il erməni hərbi birləşmələrinin işğalı altında qalan Şuşanın azad edilməsi əməliyyatı Vətən müharibəsinin ən uğurlu əməliyyatlarından, Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən biridir. Azərbaycan Ordusunun döyüşçüləri mümkünsüz görünəni mümkün etdilər. Döyüşlər zamanı qəhrəman əsgər və zabitlər sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya doğru istiqamət götürdülər. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər. Noyabrın 7-də onlar yüngül silahlarla ətrafdakı qayalıqlara dırmaşaraq, şəhərə daxil oldular. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovdular və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad edildi.
Həmin gün xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan olundu. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaltdı.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad olunduğu noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur. Şuşanın ad günü həm də Zəfər Günüdür!

Müqəddəs məkan
Şuşa bütün Türk dünyası üçün müqəddəs bir məkan, bütün türk xalqları üçün əsl dostluq və qardaşlıq rəmzidir. Alınmaz qala sayılan Şuşanın tariximizdə xüsusi yeri var.
Prezident İlham Əliyevin söylədiyi sözlər də dövlətimizin başçısının bu şəhərə verdiyi dəyəri əks etdirir: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir… Bu gün Azərbaycan Bayrağı Şuşada dalğalanır”.
Şuşa şəhəri azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Həmin layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərin, ənənələrin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Hər il Cıdır düzündə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günləri keçirilir.
Şuşa Qarabağın baş tacıdır, elm, mədəniyyət mərkəzidir, Azərbaycanın etnoqrafik muzeyidir, folklor yaddaşıdır. Azərbaycanın varlığı, həm də Şuşadan keçir. Şuşa öz tarixi missiyasını yenidən ləyaqətlə yaşayır. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək, müxtəlif mədəni-kütləvi yığıncaqların mərkəzinə çevrilmək onun yeni beynəlxalq statusuna aiddir.

Qədim, modern və müasir
Bu gün Şuşa sürətlə tikilir, inkişaf edir, gözəlləşir. Küçələr, yollar, bulaqlar, məscidlər, təhsil və mədəniyyət, ticarət və iaşə mərkəzləri, sosial məkanlar yeni görkəm alır. Şəhərdə 1 nömrəli tam orta məktəbin binası, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Üzeyir Hacıbəylinin ev-muzeyi, Şirin su hamamının bərpası görülən işlərin yalnız bir hissəsidir.
Son 5 ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Dövlətimizin başçısı və Birinci vitse-prezident bu ilin martında şəhərdə tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar. Sonrakı səfər zamanı isə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında, şəhərdə inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və proses davam edir. Getdikcə doğma şəhərdəki evlərinə dönən sakinlərin sayı artır, doğma yurd üçün qəribsəmiş əhali öz ev-eşiyinə dönür, gecələr yanan işıqların sayı çoxalır. Dağlar qoynundakı qədim qala-şəhər yeni növrağına qovuşur.
Şuşa həm tarixi, həm də coğrafi baxımdan hər şeydən ucada dayanan qədim Azərbaycan şəhəridir. Şəhərin əzəli və əbədi sahibləri ata-baba ocaqlarına qayıdandan sonra onun inkişafı daha da sürətlənib. Bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə onun sosial simasına yeni naxışlar vurulur, əsl müasir və modern şəhər simasını alır. Şübhəsiz ki, zaman keçdikcə mədəni dünyanın diqqət mərkəzində olan bir şəhər kimi sivilizasiya mərkəzinə çevriləcəkdir.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









