
Bu il iyun ayına qədər Azərbaycan Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə 4 min 477 zəng daxil olub.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva məlumat verib: “Bu müraciətlərin statistikasına nəzər yetirdikdə görürük ki, kommunal problemlər, ünvanlı dövlət sosial yardımı, müayinə-müalicə, qeyri-obyektiv təhqiqat/istintaq, əlilliyin müəyyən edilməsi, müraciətin qeydə alınmaması, məşğulluq, məhkəmə qərarının icra olunmaması, aliment və digər məsələləri əhatə edib”.
Səbinə Əliyeva deyib ki, ənənəvi formada daxil olan müraciətlərdə olduğu kimi Ombudsmanın ünvanına Çağrı Mərkəzi vasitəsilə də daxil olan hər bir müraciətə çox həssaslıqla yanaşılır, insanların üzləşdikləri problem və çətinliklərlə bağlı şikayətlər operativ şəkildə araşdırılır, onların həlli istiqamətində aidiyyəti dövlət qurumlarına müraciətlər edilir, pozulmuş hüquqların bərpasına yönəlmiş tədbirlər görülür, məsələ daim nəzarətdə saxlanılır, təhlillər aparılır və müvafiq təkliflər irəli sürülür.
“Ombudsmana müraciət imkanını asanlaşdıran Çağrı Mərkəzinin fəaliyyəti təsisatda bu müraciətlərə çevik reaksiya verilməsi və müvafiq təhlillərin aparılması üçün geniş şəraitin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir”, – deyə Səbinə Əliyeva bildirib.