
Söhbət Qaxın Əmbərçay kəndində tarixən yaşadılan, nəsildən-nəslə ötürülən milli oyun və yarışlardan gedir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramının qeyd edildiyi bu günlərdə Qaxın Əmbərçay kəndində də qədim el-ənənələrinə uyğun at yarışları keçirilir.
Bəri başdan deyək ki, Əmbərçay kəndində Novruz bayramı başqa bir ruhda, başqa bir ab-havada qeyd olunur. Uzun illərdi bu kənddə bayram günlərində at yarışları təşkil olunur və hər kəs kəndin mərkəzində bir araya gəlir. Bu dəfəki yarışlar çiskinli-yağışlı havaya təsadüf etsə də hamı kəndin mərkəzində toplaşmışdı. Hətta kənddən kənarda, müxtəlif yerlərdə yaşayanlar belə bu günlər mütləq Əmbərçaya gəlib bu izdihamı, yarışları yaxından, canlı izləyir.
Sakinlər bildirir ki, Əmbərçayda dədə-babadan at insanların həyatında mühüm rol oynayıb. Maraqlıdır ki, kənddə at saxlayanların sayı hər gün artmaqdadır. Hazırda isə belə ailələrin sayı 50 nəfərdən çoxdur. Əksər təsərrüfat işlərini atla görən əmbərçaylılar el bayramlarında da qədim oyunları və yarışları unutmurlar.
Kənd sakini Vidadi Yusifov bildirir ki, o da gənclik illərində bu yarışlarda iştirak edib. İndi isə onun qohum-əqrabasından olan gənclər bu ənənəni davam etdirir.
“Bu at yarışları eyni zamanda, gənclərimizdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında, mərdlik, qoçaqlıq nümunəsi göstərməsində böyük rol oynayır” deyən Vidadi Yusifov iştirakçılara uğur diləyir.
Digər kənd sakini Fizuli Rəşidovdan öyrənirik ki, yarışlarda iştirak edənlərin əksəri Qarabağımızın azadlığı uğrunda qəhrəmancasına iştirak eləmiş oğlanlardır. Onlar bu gün də at belində öz şücaətini, igidliyini göstərirlər.
Beləcə 20 çaparın mübarizəsi başlayır. Çaparlar biri-digərini ötmək üçün səy göstərir, gərgin mübarizə aparır. Yolun bir hissəsində çaparlar gözdən itən kimi indi hamının diqqəti finiş xəttinə cəmlənir. Budur ilk çapar görünür. Bu isə son iki ilin qalibi Nicat Mahmudovdur.
At yarışlarının təşkilatçılarından olan Şahin Yusifov deyir ki, artıq ənənə halını alan yarışlara kənddən kənarda yaşayan digər sakinlər də qatılır.
Sonda yarışın qaliblərinə xüsusi mükafatlar təqdim olunub. Tədbir bayram konserti ilə davam edib.