Malori Moss 20 il əvvəl, 1994-cü ilin bu ayında, təxminən 500 mindən 1 milyona qədər ruandalı kişi, qadın və uşaqların qətlinin “soyqırım statusu” əldə etməsi cəmi 100 gün çəkdi. İzlədiyim xəbər proqramları günün cinayətləri üçün düzgün başlıq tapmağa çalışan icmalçıları və yazıçıları xatırlatdı. Bu, mənim üçün “etnik təmizləmə” ifadəsini xatırladılıb qəbahətimi dərk etdiyim dövr idi. İngilis dilində (və ya hər hansı digər dildə) başqa hansı söz təmizlənmə üçün günahsız (və ya hətta o qədər də günahsız olmayan) insanların öldürülməsini ifadə edir?
“Britanika ensiklopediyası”na görə, “etnik təmizləmə” termini serb-xorvat dilindəki eyni sözün hərfi tərcüməsindən əmələ gəlmiş və 1990-cu illərdə Bosniya və Herseqovina, Xorvatiya və Şərqi Timorda etnik qrupların qırğınları ilə əlaqədar işlədilmişdir. “Britanika ensiklopediyası” həmçinin qeyd edir ki, ifadə mənasına görə yox, soyqırımla eyni olub-olmaması sualına görə ziddiyyətlidir. Etnik qırğınları bildirmək üçün “etnik təmizləmə” termininin istifadəsi Holokostla əlaqədar “Yekun Həll” ifadəsinin işlədilməsinə bərabərdir. Qətl qətldir; burada təmiz bir şey yoxdur.
Mən kütləvi qətllərin törədildiyi iki məkanda gəzmişəm: bir dəfə Daxau baraklarında; ikinci dəfə Azərbaycanın Quba rayonunda uşaqların skelet qalıqları arasında. Heç birində gördüklərimin soyqırım, etnik qırğın, qətl və ya “poqrom” nəticələri olub-olmadığını müəyyən etmək ağlıma gəlməmişdi. Dəhşətlə üz-üzə qalaraq çox kədərlənmişdim – bu, qeyri-insani şəraitə insani reaksiya idi.
Mən qarşımdakı alt çənə, bud sümüyü və kiçik kəllə qalaqlarını tədqiq edən zaman linqvistik döyüş meydanına daxil oldum. Azərbaycanlılar öz kəndlərinin 20-ci əsr boyunca məhv edilməsini ermənilər tərəfindən törədilmiş (zaman-zaman rusların yardımı ilə) “soyqırımı” kimi qəbul edir. Bununla razılaşmayanlar isə hadisələri “faciələr” adlandırır. Onda gəlin bu sözlərin mənasına Merriam-Vebsterin (izahlı lüğət) köməyilə baxaq. Faciə “böyük kədərə səbəb olan bəd hadisə” kimi xarakterizə edilir. Kütləvi qətllərin “faciə” adlandırılması aşağılayıcıdır və həyatın dəyərinin azaldılması kimi görünür.
Azərbaycanın müstəqilliyini elan etməsindən bir müddət sonra, 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri hava limanına malik Xocalı şəhərini ələ keçirmiş, sakinlərin şəhəri tərk etməsinə icazə vermək əvəzinə, onları qətlə yetirmişdilər. Mən bu iki fevral gününü müzakirə edirəm, çünki baş verənlər qızğın mübahisə mövzusudur. 613 dinc sakininin (106 qadın və 63 uşaq da daxil olmaqla) qətlə yetirilməsi mübahisəli deyil, amma istifadə olunan terminologiya mübahisəlidir. Ermənilər baş verən qətllərin soyqırım olmadığını, əksinə, dinc sakinlərin arasında maskalanmağa çalışan azərbaycanlı əsgərlərin buna səbəb olduğunu qızğın şəkildə iddia edir. Bunun doğru olub-olmadığı sual altında olsa belə, nasistlərin Sobibor ölüm düşərgəsindən qaçan əsirlərin qaçış zamanı hasar boyunca öldürülmüş insanlara görə məsuliyyət daşıdığını deməsi ilə eyni deyilmi? Bielski qardaşları Polşa meşələrində yəhudilərin ölümünə səbəb olmuşdular, yoxsa nasistlər tərəfindən işğal edilmiş ölkədə yəhudilərin ən böyük xilasına rəhbərlik etmişdilər?
Bu məqamda terminlər haqqında fikirlərim qarışdığından, cinayətlər haqqında diaqram tipli sxem düzəltmək qərarına gəldim. Öldürmə qəsdən baş verib? Əgər belədirsə, bu, qətldir. Üç nəfərdən çox adam öldürülmüşdür? Bu zaman, FTB-yə görə, bu, kütləvi qətldir. İndi isə rəqəmlər qeyri-müəyyəndir. Kütləvi qətli qırğına çevirən hər hansı xüsusi dəyərin olmadığı görünür. Bununla belə, qırğını müəyyən edən müxtəlif xüsusiyyətlər var: “dəhşətli qəddar, lazımsız və heç bir fərq qoyulmadan”
Bəli, siz ilk üç sifəti düzgün oxudunuz. Bəlkə də ürək ağrısı ilə yanaşsam da, “dəhşətli qəddar, lazımsız” olmayan çoxsaylı qətl barədə xeyli fikirləşsəm də, bir nəticəyə nail ola bilməmişdim. “Heç bir fərq qoyulmadan” dəqiq əlaməti bildirən yeganə sifətdir. Xocalıdakı qətllər zamanı həqiqətən də heç bir fərq qoyulmamışdı? Qatillər qaçan ailələrdən ibarət dəstələrə atəş açırdılar, odur ki, bu meyara uyğun gəlir.
Biz cinayətin müxtəlif mənalarına irqi və etnik konteksti də əlavə etsək, daha dramatik anlayışlar meydana çıxır. Merriam-Vebstera görə, soyqırım bir siyasi, mədəni və ya irqi qrupa aid olan insanların öldürülməsidir. Bu, soyqırımın ən açıq və dəqiq tərifi kimi görünür. “Britanika ensiklopediyası” isə soyqırım adlanmaq üçün qətllərin sistematik olmasını tələb edir. “Poqrom” anlayışı adətən irqi və ya dini əsasda köməksiz insanların mütəşəkkil qətlini ehtiva edir. “Etnik təmizləmə” isə mütləq qətl hadisələrini tələb etmir (bu “qovma” da ola bilər), amma məcburi köçürülənlər üçün hər ikisi bərabərdir.
Yuxarıda yazılanlardan hər hansı birinin əhəmiyyəti var? Qətiyyən yox. Qətllərin sistematik və ya mütəşəkkil olub-olmadığına kim qərar verir? Hər hansı plan olmalıdır, yoxsa insanlar arasında fərq qoyulmadan irqi, dini və ya mədəni zəmində qətllər soyqırım sayılmaq üçün “kifayət qədər yaxşı” əsasdır? Beləliklə, biz bir daha ölüm terminologiyasının xəstə qarşıdurmasına gəlib çıxırıq. Cəsədlərin sayılması, hadisənin qəsdən törədilib-törədilmədiyinin və qətlin sistematikliyinin səviyyəsinin yoxlanılması ilə məşğul olan insanlar var? Yoxsa, hansısa siyasi lobbilər müəyyən qətl hadisələrinin əslində olduğundan daha aşağı səviyyəyə – faciə səviyyəsinə endirilməsinə çalışır.
Bilirəm ki, Qubada gördüyüm sümüklər Xocalıdan deyildi. Bilirəm ki, onlar dünyadakı başqa heç bir məzarlıqdan da deyildi. Amma Qubadakı skeletlər mənə görə hər yerdə – Babi Yar, Ruanda və ya Göz yaşı yolundakı soyqırım uşaqlarının təmsilçisi idi və sözün düzü, həmin məqamda semantika mənim üçün hər hansı bir əhəmiyyət daşımırdı.
Beləliklə, siz hansı anlayışı seçirsiniz? 169 qadın və uşağın cəsədi soyqırım adlanmaqdan ötrü sizin üçün kifayət qədər yüksək rəqəm deyilmi? Terminlərlə bağlı qızğın mübahisə aparanlara sözüm budur: cəsədləri saymağı dayandırın. Əvəzində güllə atan, əzaları yaran və ya uşaqları acından öldürən insanların niyyətlərinə nəzər salın. Qurbanlar tutsi, yəhudi, müsəlman, mormon və ya hakimiyyətdə olan iqtidarın sevmədiyi hər hansı dini və ya etnik qrupa aid olduqları üçün öldürülüblər? Qurbanlar mal-qara üçün nəzərdə tutulmuş maşınlarda köçürülüblər, yoxsa minlərlə mil məsafəni piyada getməyə məcbur ediliblər? Bu, “təmizləmə” və ya “köçürülmə” deyil. Bu, mədəni, etnik və ya dini zəmində baş verən məhvdir. Bu, soyqırımdır.
Mənbə: www.thehill.com