Ermənilərin silahlı terror və separatçı qruplarının başında dayanan Stepan Lalayevin rəhbərliyi ilə Şamaxı qəzasında 1918-ci ilin mart soyqırımında qırğın törədilmiş yaşayış məntəqələri haqqında əlavə məlumatlar belədir:
“Nəvahi kəndində 995 nəfər azərbaycanlı, o cümlədən 55 nəfər kişi, 260 nəfər qadın və 140 nəfər uşaq öldürülmüşdür. Yəhyalı kəndində 922 nəfər öldürülmüşdür, onlardan 360 nəfəri kişi, 412 nəfəri qadın, 150 nəfəri uşaq idi. Baloğlan kəndində 535 nəfər öldürülmüşdür, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri uşaq idi. Kalva kəndində 500 nəfər öldürülmüşdür, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 100 nəfəri isə uşaq idi. Ağsu kəndində 500 nəfər öldürülmüşdür, onlardan 200 nəfəri kişi, 300 nəfəri qadın olmuşdur. Tircan kəndində 360 nəfər öldürülmüşdür, onlardan 300 nəfəri kişi, 40 nəfəri qadın, 20 nəfəri uşaq idi. Bağırlı kəndində 370 nəfər, o cümlədən 80 nəfər kişi, 150 nəfər qadın, 140 nəfər uşaq öldürülmüşdür”.
…Şamaxı hadisələrinə dair Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Nazirliyinin adına hazırladığı məruzəsində fövqəladə istintaq komissiyasının sədri Ə.Xasməmmədov yazırdı: “Stepan Lalayevin Samson Əmirov və Saatsazbekovla birlikdə erməni əsgərlərindən təşkil olunmuş böyük bir silahlı dəstənin başında Şamaxıya gəlişindən az sonra… şəhərin bütün müsəlman hissəsi ləğv edildi. Lalayevin əmri ilə əsgərlər gənc müsəlman qızlarını tutur, onları Şamaxıdakı evlərinə aparır, soyundurur, güclə içirir, zurnada çalınan musiqi altında rəqs etməyə məcbur edir, zorlayır, sonra bəzilərini yerindəcə öldürür, bəzilərini isə hündür eyvanlardan küçəyə atırdılar”.
Müsəlman əhalisinə Şamaxıda ermənilər tərəfindən divan tutulması 1918-ci ilin sentyabrına qədər davam etmişdi. Yalnız türk qoşun hissələrinin köməyə gəlməsi erməniləri insanlığa zidd olan bu vəhşi əməllərdən əl çəkməyə məcbur etmişdi.
O günlərdə “Azərbaycan” qəzeti yazırdı: “S.Lalayevin Şamaxı müsəlmanlarına tutduğu divan bizim bu müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur”. Ermənilərin vəhşilikləri o qədər dəhşətli idi ki, bunları xalqdan saxlamaq mümkün deyildi. Şamaxı dəhşətləri bütün ölkədə əks-səda vermişdi. Bolşeviklər də öz mətbu orqanlarında Şamaxı faciəsinə dair hesabat dərc etməyə məcbur olmuşdular. Lakin burada Lalayevin törətdiyi vəhşiliyə yalnız bir ifadə ilə toxunulurdu: “…və dinc əhaliyə münasibətdə ədalətsizliyə yol verilmişdir”. İctimai rəyi sakitləşdirmək məqsədilə bolşeviklər Kojemyakonun başçılığı altında fövqəladə hərbi-istintaq komissiyası yaratmışdılar. Komissiyanın fəaliyyəti nəticəsində S.Lalayevə qarşı dinc əhalinin məhv edilməsi və şəhərin yandırılması ittihamı irəli sürülmüşdü. Bu cinayətkarı həbs etmək lazım gəlirdi. Kojemyako S.Lalayevi komissiyaya dəvət edib, onun həbs edildiyini bildirəndə Lalayev ona əhəmiyyət vermədən Şaumyana zəng vurmuşdu.Şaumyan isə Kojemyakonu aparata çağıraraq bildirmişdi: “Bu nə şıltaqlıqdır, Lalayevi həbs etmək düzgün deyil”. Beləliklə, “demokratiyanın ideya rəhbəri” bütün bu qətl və soyqırımın əsas günahkarı olan cinayətkarı himayə etmiş, Lalayev isə heç nə olmayıbmış kimi Daşnaksütyun bürosu tərəfindən ona ayrılmış cangüdənlərinin əhatəsində Velikoknyajevsk küçəsi ilə sərbəst gəzməyə başlamışdı. 3-4 gündən sonra isə qəzetlərdə fövqəladə hərbi-istintaq komissiyasının buraxılması haqqında xəbər dərc olunmuşdu.
Şamaxıda baş verən qırğınlarda ermənilər özlərinin mənəvi aləmlərini, əxlaqsız və ləyaqətsizliklərini bir daha ortaya qoydular…
R.Vəlizadə, H.Siyani, M.S.əl Həmid, F.Fərha Rəşid, S.Bərri “Şamaxı: 100 il “tam məxfi” qrifi altında” (Bakı 2014) kitabının materialları əsasında