![](https://1905.az/wp-content/uploads/2025/02/17389132952941958792_1200x630-1024x583.jpg)
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri arasında yolların yenidən qurulması mühüm rol oynayır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, 6 avtomobil yolunun tikintisi işləri ötən illərdə başa çatdırılıb. Tikintisi davam edən 38 layihənin isə 2025-2026-cı illərdə tamamlanması nəzərdə tutulur.
Ağdam, Füzuli və Xocavənd rayonlarını digər işğaldan azad olunmuş ərazilərlə bağlayan və bu rayonların daxili yollarının da tikintisi davam etməkdədir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu), Bərdə-Ağdam və Füzuli-Hadrut avtomobil yollarının inşası 2021-2023-cü illərdə başa çatdırılıb. Həmçinin tikinti işləri Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunda 93 faiz, Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolunda 8 faiz, Ağdam-Füzuli avtomobil yolunda 83 faiz, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunda 24 faiz, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda isə 99 faiz icra edilib.
![](https://azertag.az/store/manual/2025_02_07_67a5b5d8dcb30.jpg)
Bundan başqa, Ağdam və Füzuli rayonlarının daxili yollarının layihələndirilməsi və tikintisi işləri də davam etdirilir. Ağdam şəhərinin daxili yollarının layihələndirilməsi və tikintisi istiqamətindəki işlərin 70 faizi yerinə yetirilib. Buradakı işlərin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub. Füzuli şəhərinin daxili yollarının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi isə 24 faiz reallaşdırılıb.
Ağdam rayonunda Kəngərli kəndinə gedən avtomobil yolunun tikintisi 38 faiz, Ağdərə-Ağdam avtomobil yolunun tikintisi 30 faiz, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi 56 faiz icra edilib. Ağdam, Füzuli və Xocavənd rayonlarında yol infrastrukturunun qurulması ilə yanaşı, mərkəzi kommunikasiya sistemi də yaradılır.
Mühəndis Dəyanət Ağakişiyev Ağdam rayonu ərazisində aparılan yol tikintisi barədə məlumat verib. Bildirib ki, Bərdə-Ağdam yolunda işlər başa çatıb. Hazırda Ağdamın daxili yolları işlənilir. Xıdırlı kəndinin daxili yollarının 4 kilometrdə asfalt işləri tamamlanıb. Qalan 27 kilometrdə torpaq yatağı işləri tamamlanmaq üzrədir. Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun tikintisi də sürətlə davam edir. Yol üzərində layihələndirilən 5 ədəd körpünün tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda, yol üzərində lazımi yerlərdə keçidlərin tikintisi də həyata keçirilir.
Bu avtomobil yollarının inşası bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.