Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu
Bakı, 4 oktyabr 2023, AZƏRTAC
Bu gün 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-həmlə əməliyyatı zamanı Cəbrayılın düşmən tapdağından azad olunmasından üç il ötür. Rayon 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Cəbrayılın ərazisi 1050 kvadratkilometrdir. Bir şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun işğala məruz qalarkən 52 min 604 nəfər əhalisi olub. Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi Cəbrayıl rayonunda törətdikləri vəhşiliklərdir. Ermənilər işğal müddətində Cəbrayılı tamamilə dağıdıb, tarixi-dini abidələri yerlə-yeksan edib. İşğal dövründə ermənilər rayonun 72 ümumtəhsil məktəbini, 8 xəstəxananı, 132 tarixi abidəni, 150 mədəniyyət ocağını, 100-ə yaxın kəndi insanlığa sığmayan hərəkətlərlə məhv ediblər. Eyni vandallıq 30 ilə yaxın işğalda qalmış digər ərazilərimizdə də törədilib.
Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi nəticəsində Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.
İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir.
Rəşadətli Ordumuzun Zəfərə gedən yolunda mühüm qələbələrindən biri Cəbrayıl şəhərinin düşməndən təmizlənməsi oldu. Xalqımız bu xəbəri böyük coşqu ilə qarşıladı və Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22 min 775 əsgər və zabitimiz Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Bu il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi Ermənistan ordusunun bir çox istiqamətdə fəaliyyətinə məhdudiyyət yaratdı
AZƏRTAC-ın müxbiri Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə bağlı hərbi ekspertlə həmsöhbət olub. Hərbi ekspert Azər Bayramov söyləyib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun uğurlu əks-hücum fəaliyyəti əvvəlcə məhz Cəbrayıl və Füzuli istiqamətindən başladı: “Nəzərə alsaq ki, 2016-cı ildə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar uğurla nəticələndi, Lələtəpə yüksəkliyi və eyni zamanda, Cocuq Mərcanlı kəndi düşməndən azad edildi. Əldə edilən təcrübədən yararlanaraq Silahlı Qüvvələrimiz əks-hücum fəaliyyətini elə həmin istiqamətdən reallaşdırdı. Düşmənin 30 ildir qurduğu “Ohanyan” səddi kimi tanınan və keçilməz olduğu barədə mif yaradılan maneələr darmadağın edildi. Azərbaycan Silahlı Qüvvələri elə döyüşün ilk günündə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, eyni zamanda, Füzuli rayonunun bir neçə kəndini işğaldan azad etdi. Növbəti mərhələdə düşmən əsasən əks-hücumu Füzuli istiqamətindən gözləyirdisə, bölmələrimizin həyata keçirdiyi nadir taktika və manevrlər nəticəsində Araz çayı boyunca və eyni zamanda, Cəbrayıl şəhərinə doğru irəliləməyə qərar verildi. Əlbəttə ki, həyata keçirilən taktiki manevrlər bəhrəsini verməkdə idi. Düşmənin əsasən daha çox texnika, tank və eyni zamanda, ağır artilleriyanı Füzuli və Cəbrayıl istiqamətlərində cəmləşdirdiyini nəzərə alsaq, Silahlı Qüvvələrimiz çox böyük qətiyyətlə irəliləməyi bacarırdı. Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədi boyunca və Araz çayı istiqamətində ilk olaraq sərhədlərimizin bərpa edilməsi fəaliyyəti həyata keçirildi. Nəticədə separatçıların və Ermənistan ordusunun İranla olan hər hansı əlaqəsi kəsildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi separatçıların və eyni zamanda, Ermənistan ordusunun bir çox istiqamətdə konkret olaraq fəaliyyətinə məhdudiyyət yaratdı. Həmin rayonu işğaldan azad etdikdən sonra qüvvələrimizin Hadruta doğru irəliləməsi və oradan da Füzuli şəhərinə əks-hücum fəaliyyəti həyata keçirməsi düşməni şok vəziyyətinə salmışdı. Çünki düşmən öz ehtiyatlarını harada yerləşdirməsi və Ordumuzun qarşısına cəmləşdirməsi prosesini apara bilmirdi. Bu da ondan xəbər verirdi ki, düşmən getdikcə öz döyüş qabiliyyətini və əzmini itirirdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi, sonra Hadrut qəsəbəsinin Ermənistan ordusunun bölmələrindən təmizlənməsi düşmənin bir çox, əsasən də Füzuli istiqamətində nəqliyyat və digər təchizat yollarının tamamilə ordumuzun nəzarətinə keçdiyini göstərirdi. Düşmənin əsas cəmləşmə yerlərindən biri də Füzuli rayonu idi və onların təminatı kəsildikdən sonra həmin birliklərin şəxsi heyəti arasında yaranmış hərc-mərclik və pərakəndəlik mütləq şəkildə döyüşdə də özünü göstərməyə başlamışdı. Onlar Azərbaycan əsgərinin ayaq səslərini bir addımlıqlarında eşidirdilər. Bütün proseslərə nəzər saldığımızda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə və şanlı Ordumuzun həyata keçirdiyi nadir taktiki manevrlər Azərbaycanı qələbəyə doğru aparırdı. Bütün proseslər ard-arda baş verirdi. Nəhayət Ordumuzun Şuşa istiqamətində yolu açıldı. Azərbaycan Silahlı Qüvvələri Şuşada düşmənin əsas ağır birliklərini darmadağın edərək möhtəşəm tarixi qələbəyə imza atdılar.
Lələtəpədən Qərər kəndinə dörd ilə qət edilən yol
Vətən müharibəsində iştirak etmiş qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, qazi Qorxmaz Məmmədzadədir. İkinci Qarabağ müharibəsində Cəbrayıl istiqamətində şərəfli və çətin döyüş yolu keçən qazi rayonun Qərər kəndindən bir yaşında ikən anasının qucağında çıxıb. Cəmi bir il doğma yurdunun havasını udub, torpağına ayaq basa bilib. Düz 27 il sonra isə əlində silahla öz ata-baba ocağına geri dönüb.
Q.Məmmədzadə uzun illərdən sonra doğma rayonuna ilk dəfə 2016-cı il Aprel döyüşlərində qədəm qoyub. Həmin döyüşlər zamanı əldə edilən üstünlük Qorxmazda mütləq öz yurduna qovuşmaq ümidlərini artırıb: “Dünyaya göz açdığımın birinci ilindən torpaq həsrəti yaşadım. Uzun illər böyüklərimin, valideynlərimin dilindən öyrəndim kəndimizin hər daş-kəsəyinin yerini. Elə kiçik yaşlarından el-obama silahla qayıtmağı qarşıma məqsəd qoydum. 2010-cu ildən arzularıma doğru addımlamağa başladım. 2019-cu ilə qədər Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçı kimi xidmət etdim. Həmin ildən isə Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi xidmətimi davam etdirdim.
Cəbrayılın havasını ilk dəfə 2016-cı il Aprel döyüşlərində aldım. O zaman hiss etdim ki, Lələtəpə yüksəkliyindən Qərər kəndinə çox yol qalmayıb. Tezliklə mən doğma Qərərimə qovuşacağam. Növbəti əsas sınağımdan 2020-ci il Tovuz döyüşlərində keçdim. Cəmi iki ay sonra isə həlledici döyüş başladı. Müharibənin ilk anından son gününə kimi üç dəfə yaralanmağıma baxmayaraq, döyüş meydanından çıxmadım. Füzulinin Alxanlı kəndindən başlayan yolum Şuşaya qədər uzandı. Qarabağın incisinə çatmaq üçün Füzuli, Cəbrayıl, Xocavənd, xüsusilə Hadrut istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak etdim. Mənim üçün ən yaddaqalan hadisə doğma kəndimin azad edilməsi uğrunda döyüşmək oldu. Belə ki, 22 nəfərlik qrupa rəhbərlik edən bir döyüşçü kimi kəndimizi azad edib bayrağımızı sancdım. Bundan sonra içimə sanki bir rahatlıq dolmuşdu. Qızğın döyüşlər zamanı imkan edib evdəkilərə də şad xəbəri verməyi unutmadım. Lakin missiyam bitməmişdi. Şuşa uğrunda da döyüşməyi qarşıma məqsəd qoymuşdum. Həmin məqsədimə də çatdım. Üç il sonra o günləri böyük qürur hissi ilə xatırlayıram. Şəhid olan döyüş yoldaşlarımın ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı, Vətən keşiyində duran hərbi qulluqçularımıza isə səbir, iradə və dözüm arzu edirəm”.
Qeyd edək ki, Q.Məmmədzadə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Üç il əvvəl müjdəli xəbərin verildiyi gün…
2020-ci il oktyabrın 4-də Prezident İlham Əliyev xalqa müraciət edib: “Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.
Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.
Prezidentin söylədiyi kimi, Böyük Qayıdışımız Cəbrayıldan, Cocuq Mərcanlı ilə başlayıb və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə bağlıdır. Cəbrayılın azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi də işğalçılardan təmizləndi. Vətən müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. Qədim Xudafərin körpüsünün azad edilməsi və burada bayrağımızın ucaldılması, əlbəttə ki, böyük tarixi önəm, məna daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb.
Cəbrayıl yeni inkişaf dövrünə qədəm qoyub
Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Gələcəkdə Cəbrayıl rayon sakinləri mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Bu gün işğaldan azad edilmiş tarixi torpaqlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Lakin xalqımız ərazilərimizin düşməndən təmizlənməsi uğrunda canını qurban vermiş şəhidlərimizin və qazilərimizin xidmətini heç zaman unutmur. Unutmayaq ki, Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və Ağdam, Kəlbəcər və Laçını bir güllə atılmadan boşaltmağa məcbur etdi.