Müsahibimiz Azərbaycan MEA Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramovdur.
– Cəbi müəllim, 1965-ci ildə İrəvanda “erməni soyqırımı”nın 50, Andronik Ozanyanın anadan olmasının isə 100 illiyi böyük təntənə ilə qeyd olunub. Bu elə bir dövr idi ki, Andronikin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin şahidlərinin bir çoxu hələ sağ idi. Azərbaycan Respublikasının rəhbərliyində olan şəxslər bu tədbirlərə qarşı çıxmışdılarmı?
– O vaxt Azərbaycan SSR-in rəhbərliyində olan şəxslər tərəfindən bu məsələnin qarşısının alınması ilə bağlı böyük işlər görülüb. Bu hadisələrlə bağlı ətraflı tarixi arayış almaq üçün Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna müraciət olunub. O vaxtlar Tarix İnstitutuna rəhbərlik edən şəxslər – Əlövsət Quliyev, Zülfəli İbrahimov və başqaları bu məsələyə milli mövqedən yanaşıblar və tarixi həqiqətləri respublika rəhbərliyinə çatdırıblar. Həmin dövrdə Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini, 1967-1969-cu illərdə isə sədr vəzifəsində çalışırdı. Tarix İnstitutundan verilən arayışlar tarixi həqiqəti ortaya çıxarır və ermənilərə bu məsələləri reallaşdırmağa imkan vermirdi. Hərçənd ki, SSRİ rəhbərliyi qondarma hadisələrlə bağlı abidənin qoyulmasına, A.Ozanyan haqqında saxta məlumatlar əsasında kitab çap olunmasına imkan yaratmışdı. Amma bu hadisələrin ittifaq miqyasında qeyd olunmasına Heydər Əliyev mane olmuşdu.
– Məlumdur ki, Dağlıq Qarabağla bağlı ermənilərin ərazi iddiaları yeni məsələ deyil. Bu problem dəfələrlə gündəliyə çıxarılıb. Azərbaycan SSR rəhbərliyi tərəfindən bu təxribatların qarşısı necə alınırdı?
– Həqiqətən də Dağlıq Qarabağ məsələsi yalnız 1988-ci ildə qalxmamışdı. Bu məsələ 1923, 1945, 1947, 1956, 1967, 1972 və 1977-ci illərdə də müzakirə müzakirə predmeti olub. Heydər Əliyevin 1972 və 1977-ci illərdə hazırlayaraq SSRİ rəhbərliyinə təqdim etdiyi sənədlər ermənilərin bütün ümidlərini puça çıxardı. Mən 1977-ci il hadisələri ilə bağlı daha geniş danışa bilərəm. 26 il ərzində Tarix İnstitutuna rəhbərlik etmiş mərhum akademik İqrar Əliyev bu hadisənin təfərrüatlarını mənə danışıb. 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanırdı. Ermənilər də növbəti dəfə bu fürsətdən yararlanmağa çalışdılar. Ermənilər həmişə anti-Azərbaycan təbliğatı aparıblar. Bu təbliğatın qarşısını əsas alanlar isə Mir Cəfər Bağırov və Heydər Əliyev olub. Elə 1977-ci ildə görülən tədbir də bir növ 1945-ci ildə atılan addımın davamı idi. 1945-ci ilin noyabrında Ermənistan rəhbərliyi Stalinə müraciət edərək, Dağlıq Qarabağın tarixən guya Ermənistan ərazisi olması, iqtisadi və mədəni cəhətdən onunla yaxınlığını nəzərə alaraq, Ermənistanın tərkibinə verilməsini xahiş etmişdilər. Stalin və ətrafındakı insanlar, ilk növbədə isə A.Mikoyan yaxşı bilirdilər ki, ermənilər heç vaxt Cənubi Qafqazda qədim dövrlərdən yaşamayıblar. Və onların bu əraziyə 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürülmələri ilə bağlı ətraflı məlumatları var idi. Bununla belə M.C.Bağırov altı nəfər azərbaycanlı alimi Mərkəzi Komitəyə dəvət edir. Bu alimlər Əbdülkərim Əlizadə, Qəzənfər Mehdiyev, Məmməd Şərifli, İshaq Cəfərzadə, Saleh Qazıyev və Tarix İnstitutunun ilk aspirantı İqrar Əliyev idi. Azərbaycan alimlərinin hazırladıqları sənəd əsasında M.C.Bağırov SSRİ Nazirlər Sovetinin sədri Malenkova məktub yazır. Məktubda qeyd edir ki, Dərbənd, Zəngibasar, Borçalı və digər ərazilər Azərbaycana qaytarıldığı təqdirdə, Şuşa rayonunun ərazisi istisna olmaqla Dağlıq Qarabağın digər torpaqları Ermənistana güzəştə gedilə bilər. Təbii ki, burada Azərbaycan alimlərinin hazırladıqları sənədə istinad edilmişdi. Bu sənədlər Stalinə gələndə, o, belə bir dərkənar qoyaraq, Malenkova göndərir: “Bu məsələyə bir daha qayıdılmasın və sənəd köhnə bolşeviklərin arxivinə verilsin”. Ermənilər bu niyyətlərinin baş tutmadığını gördükdə, başqa hiyləyə əl atırlar. Onlar məsələ qaldırmışdılar ki, Ermənistanda ermənilərin sayı azdır və xaricdə yaşayan ermənilər bu respublikaya gəlmək istəyirlər. Bunun üçün Ermənistan SSR-də yaşayan azərbaycanlılar Azərbaycan SSR-ə köçürülməli, onların evləri isə yeni gələn ermənilərə verilməlidir. 1947-ci il dekabrın 23-də və 1948-ci il martın 10-da iki cinayətkar qərar qəbul olunur və həmin qərara əsasən 100 min azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi torpaqlarından köçürülməyə məruz qalır. Qərar Ermənistan SSR-in 22 rayonunu əhatə edirdi. Bütün bu hadisələrin tarixini Heydər Əliyev gözəl bilirdi. Ona görə də 1977-ci ilin noyabrında yuxarıda haqqında danışdığımız məsələ yenidən gündəmə gələndə, Heydər Əliyev gecədən xeyli keçmiş mərhum İqrar Əliyevə telefon zəngi edir və onlar ertəsi gün tezdən görüşürlər. Heydər Əliyev ermənilərin yeni niyyətləri ilə bağlı danışaraq, SSRİ Nazirlər Sovetinin 1977-ci il 23 noyabr tarixli məxfi qərar layihəsini ona göstərir. Həmin layihədə qeyd olunub ki, guya Dağlıq Qarabağ ərazisinin tarixi, iqtisadi, mədəni nöqteyi-nəzərdən Azərbaycana aidiyyatı yoxdur və Ermənistan SSR tərkibinə verilməlidir. Heydər Əliyev İqrar Əliyevə bunu təkzib edən tarixi arayış hazırlamağın zəruriliyini bildirir. İ.Əliyev hələ 1945-ci ildə bu məsələ ilə bağlı o zaman Azərbaycan SSR rəhbəri işləyən M.C.Bağırova altı alim tərəfindən hazırlanmış bir elmi arayış təqdim edildiyini söyləyir və Heydər Əliyevə bu arayışı yenidən işləyərək ona təqdim etməyi təklif edir. Təklifi bəyənən Heydər Əliyev elmi arayış hazır olduqdan sonra onu Azərbaycan KP MK Bürosunda müzakirəyə çıxarır, Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilir və həmin qərar keçmiş SSRİ rəhbəri L.İ.Brejnevə təqdim olunur. Yalnız bundan sonra SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağla bağlı qərar layihəsi ləğv edilir. Heydər Əliyevin operativ reaksiyası və atdığı qəti addımlar nəticəsində ermənilərin çirkin niyyəti baş tutmur. 1982-ci ildə Heydər Əliyev Sov.İKP Siyasi Bürosunun üzvü seçilir və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilir. 1984-cü ildə Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 70 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət edir. MK katibliyində bu məsələ qəbul edilir. Həlledici sözü isə Siyasi Büro deməli idi. Burada H.Əliyev, SSRİ Nazirlər Sovetinin Sədri N.Tixonov və SSRİ xarici işlər naziri A.Qromıko K.Dəmirçiyanın təklifinə qarşı çıxırlar. Bu məsələ 1985-ci ildə yenidən müzakirəyə çıxarılır və iclası aparan M.Qorbaçov Heydər Əliyevin kəskin müqaviməti ilə üzləşir. M.Qorbaçov H.Əliyevin kəskin etirazını gördükdən sonra onunla qarşıdurmaya getməyə cəsarət etmir.
– Bu ilin aprelində dünya erməniliyi guya 1915-ci ildə Türkiyə ərazisində baş vermiş “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır. Sizcə, baş verən hadisələrin əsil mahiyyəti nədən ibarət idi?
– “Erməni soyqırımı”ndan danışanda ilk növbədə ABŞ, İngiltərə və Fransa alimlərinin nəşr etdirdikləri ədəbiyyata diqqət yetirmək lazımdır. 1914-18-ci illərdə Amerikanın Osmanlı Türkiyəsindəki səfiri Henri Morqentau olub. Həmin dövrdə ABŞ prezidenti Vudro Vilson idi. Vilson 1911-ci ildə ABŞ prezidenti seçilərkən, bu ölkənin Antantadakı hərbi attaşesi olan polkovnik Xausun xatirələri nəşr olunub. Xaus xatirələrində qeyd edir ki, Vulsonla danışarkən, tanınmış şərqşünas Henri Morqentau Türkiyəyə səfir təyin olunarsa, bu ölkə ilə birbaşa əlaqələrin qurula biləcəyini söyləyib. Vilsonun cavabı isə qəribə olub: “Tezliklə Türkiyə adlı bir dövlət olacaqmı ki, mən oraya səfir göndərim?” Bu söhbət 1912-ci ildə olub. Lakin hər halda Vilson Morqantaunu Türkiyəyə səfir təyin edir və 1918-ci ildə o, “səfir Morqentaunun tarixi”adlı kitab nəşr etdirir. Vilsonun Xausa cavabı əslində ABŞ, Böyük Britaniya, Fransa və Çar Rusiyasının Türkiyə ilə bağlı planlarından xəbər verirdi. 1914-15-ci illərdə üç məxfi görüş olub. Bununla bağlı Britaniyanın xarici işlər naziri Bayfor maraqlı etiraflar edir. O yazır ki, “biz Türkiyəni yaxşı bir çay süfrəsi ətrafında bölüşdürdük. Yalnız Konstontinopolun məsələsi açıq qaldı”. Bu məsələni işdə reallaşdırmaq lazım gələndə isə ermənilər yada düşdü. Morqentaunun kitabındakı etiraflardan biri də türklərin ermənilərə qarşı heç bir cinayət törətmədiklərinin bildirilməsidir. Bəs 1915-ci il hadisələri nə ilə əlaqədardır? 1915-ci il hələ aprelin 22-də erməni katolikosu ABŞ Dövlət Departamentinə teleqram vurur ki, türklər onları qırırlar. Əslində isə aprelin 22-də daxili işlər naziri Tələt paşa 2345 nəfər erməni komitələrinin rəhbərlərinin həbs olunmasına qərar verir. Onlara bildirilib ki, müharibə aparan bir ölkənin – Türkiyənin ərazisində üsyanlar törədirlər. Və sual veriblər ki, Türkiyə vətəndaşı olduqları halda Britaniya, Fransa və Rusiya silahı ilə niyə xəyanət yolu tutublar? Aprelin 24-də isə ermənilər özlərinə qarşı soyqırım cinayəti törədildiyi barədə saxta hay-küy qaldırırlar. 1914-cü il siyahıya alınmasına görə, Türkiyədə 1 milyon 350 min nəfər erməni yaşayırdı. Daha 1 milyon nəfər isə Rusiya ərazisinə köçürülmüşdü. Rus məmuru Şavrov özü də etiraf edirdi ki, Rusiyadakı 1 milyon 300 min nəfər erməninin ən azı 1 milyonunu onlar köçürüblər. Bu rəqəmləri biz söyləmirik. Morqentaunun kitabının yazılmasında da ona kömək edən iki erməni – Şmavyan və Adomyan iştirak etmişdi. Bu adamlar qərb jurnalistləri və ermənilərdən aldıqları yanlış informasiyaları kitaba daxil edirdilər. Və Morqentau bunu gözəl bilirdi. Lakin Morqentaunun kitabında köçürülmə məsələsi diqqəti cəlb edən faktdır. Bildiyiniz kimi, ön cəbhədə türklərə qarşı xəyanətdə günahlandırılan ermənilər, hərbi əməliyyatların aparılmadığı digər bölgələrə köçürülmüşdülər. Hətta qərar da var idi ki, müharibədən sonra ermənilər əvvəl yaşadıqları yerə qaytarılsın və onlara müvafiq hüquqlar verilsin. Belə olan təqdirdə hansı soyqırımdan danışmaq olar? “Soyqırım” beynəlxalq-hüquqi termininin mahiyyəti 1948-ci il dekabr ayının 9-da BMT-nin insan hüquqları komissiyasının qəbul etdiyi 264 saylı qətnamədə öz əksini tapıb. Əgər etnik, mlli, dini, irqi mənsubiyyətinə görə bir xalq və ya millət, etnik qrup dövlət tərəfindən bilərəkdən və qəsdən məhvə məhkum edilirsə, bu, soyqırımdır. Türkiyə hökuməti tərəfindən qəbul edilən qərarlarda və atılan addımlarda bu əlamətlərin heç biri yoxdur. İkinci dünya müharibəsində inkişaf etmiş sənayeyə malik almanlar 11,6 milyon nəfər yəhudini qırmağı nəzərdə tuturdular. Amma nəticə etibarilə yalnız 6 milyondan çox yəhudini məhv edə bildilər. 1915-ci ildə Türkiyə kimi bir dövlətin texniki imkanları bu sayda ermənini məhv etməyə imkan verirdimi? Onların belə bir sənayesi yox idi. Həm belə bir sənayenin, həm də bu qırğınları sübut edən sənədlərin olmadığı bir şəraitdə soyqırımdan danışmaq olmaz. Rasizmin əsasını qoyan ingilislərdir, Əlcəzairdə ərəbləri soyqırıma məruz qoyan fransızlar, Amerikada hindiləri, astekləri, inkləri qıran ispanlar, ingilislər və fransızlardır. Ruslar Uzaq Şərqi işğal edəndən sonra 400-dən artıq xalqın dilini, mədəniyyətini məhv edib. Rus alimi Semyonov 1975-ci ildə Moskvada nəşr etdirdiyi “Orta əsrlər tarixi” kitabında yazır ki, türklər özlərinə tabe etdirdikləri xalqları heç vaxt assimilyasiyaya məruz qoymayıblar. Onların mədəniyyətinə, dilinə, dininə heç vaxt toxunmayıblar. Yeganə tələbləri o olub ki, vergi ödəsinlər. Bəs belə isə necə demək olar ki, türklər birdən-birə 1915-ci ildə 1,5 milyon ermənini qırıblar. Ümumiyyətlə, bu rəqəm özü haradan götürülüb? Bir çox dünya ölkələrinin arxivlərindəki araşdırmalar, İstanbuldakı erməni qriqorian kilsəsinin arxivinin materialları göstərir ki, bütün müharibə ərzində 302 min erməni öldürülüb. Bunun da 80 faizi ermənilər və onların havadarları tərəfindən öldürülən şəxslərdir. 1914-15-ci illərdə keçirilən məxfi görüşlərdən birində Rusiya çarı II Nikolaya belə bir sual verilir ki, sizdə “erməni məsələsi” mövcuddurmu? Əsəbi cavab verir ki, “bizdə yakutların məsələsi olmadığı kimi, erməni məsələsi də yoxdur”. Məşhur rus dövlət xadimi Lobanov-Rostovski yazır: “Ermənistan adlı ərazi bizə ermənilərsiz lazımdır”. Bu gün də Rusiya ermənilər haqqında düşünmür. Ona görə də tam inamla söyləmək olar ki, ermənilərin 100 illiyini qeyd etməyə hazırlaşdıqları 1915-ci il hadisələrinin nə tarixi, nə hüquqi, nə də mənəvi əsası yoxdur. Bu cinayəti törədən Rusiya imperiyası, ABŞ, İngiltərə və Fransadır.
– İki il öncə belə bir çıxış etmişdiniz ki, İrəvanın Ermənistana verilməsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin qərarı düzgün deyil və Azərbaycan Respublikası bu qərarı ləğv etməlidir…
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycan Milli Şurası tərəfindən 1918-ci ildə qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd edib. İrəvanın Ermənistana güzəştə gedilib-gedilməməsi qərarını xalq verməli idi. Hər hansı bir qurum bu məsələni təkbaşına həll etmək səlahiyyətinə malik deyil. Bu məsələ ilə bağlı xalqa müraciət olunubmu? Olunmayıb. Həm də Milli Şuranın İrəvandan olan üzvləri – M.Seyidov, M.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə İrəvanın ermənilərə güzəştə gedilməsinə qarşı Milli Şuraya iki dəfə müraciət ünvanlasalar da, qalan üzvlər məsələyə münasibətlərini bildirmədən qərarı qüvvədə saxlayıblar. Təəssüf ki, bu məsələ ilə bağlı Osmanlı Türkiyəsində də fikir ayrılığı vardı. Ənvər paşa və Tələt paşanın mövqeyi Azərbaycan xalqının mövqeyinə uyğun olsa da, Xəlil paşa və Vəhbi paşanın mövqeyi tamamilə əksinə idi. Digər bir tərəfdən isə Milli Şura bu qərarı qəbul edəndə ermənilər qarşısında hər hansı bir tələb qoymayıb. Bununla bağlı hansısa sənəd yoxdur. Bizim Tarix İnstitutunun dünyanın müxtəlif ölkələrindən gətirdiyi sənədlər də bunu bir daha təsdiq edir.
– Siz bunu hüquqi cəhətdən mümkün sayırsınızmı?
– Mən bunu mümkün sayıram. Birincisi, beynəlxalq hüquqda legitimlik və varislik hüququ var. Azərbaycan Respublikası 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu, tarixi-hüquqi aspektin bir tərəfidir. İkincisi, isə Milli Şura bu torpaqları ermənilərə güzəştə gedəndə referendum keçirməyib və xalqdan rəyini soruşmayıb. Milli Şuranın 29 may 1918-ci ildə qəbul etdiyi qərar hüquqi baxımdan qeyri-legitimdir. Üçüncüsü və ən mühümü isə güzəştə gedilən tərəf bu müddət ərzində Azərbaycan xalqına qarşı soyqırım törədib. Soyqırım cinayətinin təzminatı var. Həmin təzminat hüququnu və bizə qarşı törədilən cinayəti əsas götürüb, həmin güzəştə gedilmiş torpaqlar məsələsini dünya ictimaiyyəti qarşısında qaldıra bilərik. Həmin dövrdə ermənilər öz müstəqilliklərini elan etmək üçün Azərbaycan tərəfinin qərarını gözləyirdi. Və yalnız mayın 30-da müstəqilliklərini elan edirlər. Hərçənd guya ki, ermənilərin mayın 28-də müstəqilliklərini elan etdikləri bildirilir. Lakin burada saxtakarlıq var. Onların milli şurası Azərbaycan Milli Şurasının 29 may qərarından sonra öz müstəqilliklərini elan ediblər. Hərçənd ermənilər Türkiyə qarşısında (!-red.) öhdəlik götürmüşdü ki, bu ərazidə azərbaycanlılar rahat yaşayacaq, onların din və dillərinə qarşı təzyiq göstərilməyəcək, iqtisadi və mədəni problemləri həllini tapacaq.
Bir maraqlı fakt da var. Türkiyə hökuməti Azərbaycan torpaqlarında yaranmış Ermənistan dövlətini tanıyıb səfir göndərsə də, Gürcüstan dövlətini tanısa da, Azərbaycan dövlətini rəsmən tanımırdı. Türkiyə yalnız 22 yanvar 1920-ci ildə Azərbaycanın müstəqilliyini tanıyır. Etibarnamələr isə 3 fevral 1920-ci ildə təqdim olunur. Ə.Topçubaşov Azərbaycan nümayəndəsi kimi deyil, keçmiş Rusiya Dövlət Dumasının üzvü kimi sultan tərəfindən 15 dəqiqəliyə qəbul olunur. Bunun da əsas səbəbi Bakı nefti idi. Ümumiyyətlə, Birinci Dünya müharibəsində döyüşən bütün dövlətlər Bakı neftini ələ keçirmək istəyirdilər. Dünyanın bütün qabaqcıl neft şirkətləri Bakıda çalışırdılar. Azərbaycan dünya neftinin 57 faizini verirdi. Bakı nefti hən keyfiyyəti, həm də çıxarılma üsulu ilə ən gəlirli sahələrdən biri idi. Elə bu gün də Azərbaycanın ərazi bütövlüyünün pozulması neft məsələsi ilə bilavasitə bağlıdır.
– Müsahibəyə görə minnətdarlığımızı bildiririk.
Gündüz Nəsibov
1905.az
Müsahibə ilk dəfə 11 mart 2015-ci ildə dərc edilib