
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Cəbrayıl Könüllüləri” qrupuna qeydiyyat başlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gənclər Təşkilatlarının Resurs Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, proqrama qoşulmaq istəyən 18-29 yaş arası əslən Cəbrayıl rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq “qayidish.konullu.az” saytında qeydiyyatdan keçə bilər. Qeydiyyat mayın 20-nə kimi davam edəcək.
Qeydiyyat bitdikdən sonra müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsindən keçəcəklər. Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra Cəbrayıl rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
Könüllülərin hazırlanması üçün baza təlimləri peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM)” mövzularında həyata keçiriləcək. Təlimlərin keçirilməsində əsas məqsəd gənclərin könüllülüyün prinsip və dəyərləri, könüllülük kodeksi, vətəndaşlar və xarici qonaqlarla ünsiyyət qaydaları, tapşırıqların yerinə yetirilməsi və subordinasiya, peşəkar fəaliyyətlərdə emosiyaların idarə olunması, situasiyalardan çıxış yolları, effektiv ünsiyyət, Azərbaycan gənclər siyasətinin prioritetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik və bacarıqlarının artırılmasıdır.
Qeyd edək ki, hazırda “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri”, “Zəngilan Könüllüləri”, “Füzuli Könüllüləri” və “Laçın Könüllüləri” qrupları fəaliyyət göstərir. Könüllülər müvafiq ərazilərdə müxtəlif könüllü fəaliyyətlərinə cəlb olunur və aktiv iştirak edirlər.