Məşhur “Stratfor”un qurucusu və icraçı direktoru Corc Fridmanın “Növbəti 10 il” kitabı 2011-ci ildə, 11 sentyabr faciəsindən 10 il sonra işıq üzü görüb. Adından da göründüyü kimi 2011-ci ildən 2021-ci ilə kimi dünyada baş verəcək hadisələrdən bəhs edir bu kitab. Özü də bu proqnozlar toplusu deyil, qlobal və regional təmayüllərin təhlilidir. İlk növbədə və əsasən Amerikadan bəhs edən təhildən söhbət gedir. Və cənab Trampın məğlub olmaq üçün əlindən gələn hər şeyi etdiyi 2016-cı il cənab Fridmanın araşdırdığı onilliyin “ekvator”udur.
Yarım əsr yaşaya bilmiş Məşədi İbad “Tarixi-Nadir”i yarıyacan oxuya bildiyi üçün özünü savadlı adam saymağa meylli idi.
“Növbəti 10 il”dəki illərin yarısı arxada qalıbsa, cənab Fridmanın gəldiyi nəticələrin hansı hissəsi özünü doğrulda bilərdi?
Müəllif ABŞ ilə İranın barışacağını, Rusiya ilə Almaniyanın müttəfiq olacağını, Birləşmiş Ştatların imperiyaya çevrilmənin nəticələri ilə üzləşəcəyini, Avropa Birliyinin yaşaya biləcəyini, amma bəzi ölkələrin ittifaqı tərk edəcəyini yazmışdı…
Həyata keçən proqnozlar var bu sırada, deyilmi?
Elə məşhur Brexit proqnozlardan birinin artıq özünü doğrultduğundan xəbər vermirmi?
Amma unutmaq olmaz ki, Fridmanın kitabının əsas qəhrəmanı Amerikadır.
2011-ci ildə ABŞ-ın praktiki olaraq mütləq hegemon rolunda cəmi 20 illik təcrübəsinin olduğunu bildirən Fridman 2011-ci ildən 2021-ci ilə qədərki vaxtı Vaşinqtonun dünyanın düşmənçiliyini idarə etməyi öyrənməyə başlayacağı onillik kimi dəyərləndirib kitabında.
Və Amerikanın qarşılaşa biləcəyi bütün problemləri çözə biləcəyinə əmin olduğunu qeyd edib. Onu yalnız bir sual düşündürürdü: imperiyaya çevrilməyə məcbur olmuş ABŞ respublikanı qoruyub saxlaya biləcəkmi?
“Üzürlü səbəblər”dən 2011-ci ildən sonra Yaxın Şərqdə yaşanacaq hadisələri proqnozlaşdıra bilməyən müəllif əslində kifayət qədər maraqlı kitabının sonunda Amerikaya tələb olunanların siyahısını təqdim etmişdi: santimentlərsiz öz vəziyyətinin reallığını qəbul edən ölkə; mövcud reallıqların Amerika dəyərləri ilə uzlaşdırlmasının yükünü daşımağa hazır olan liderlər; hakimiyyətdən və prinsiplərdən məharətlə istifadə edən prezidentlər; ən başlıcası isə imperiya rolunda oynamağa məcbur olan respublikanı idarə etmək üçün gərəkli olan mədəniyyəti və institutları yaratma fürsətini qaçırmayan kamil Amerika xalqı…
2021-ciyə 5 il qalır.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist