Erməni soyqırımı barəsində kütləvi informasiya vasitələrində kifayət qədər məlumat tapmaq mümkündür. Lakin real faktları əks etdirən məlumatlara hər zaman rast gəlmək olmur. Məhz buna görə ermənilərin və onları müdafiə edənlərin irəli sürdükləri fikirləri analiz edərək həqiqətləri ortaya çıxarmağı daha məqsədəuyğun hesab etmək olar. Belə maraqlı məqalələrdən biri ingilis müəllifi Ceremi Saltın 2005-ci ildə Oksford Universiteti tərəfindən nəşr olunmuş Donald Bloksamın “Soyqırımın böyük Oyunu” adlı kitabını analiz edən məqaləsidir. Məqalədə ilk növbədə kitabda öz əksini tapan rəsmlər təhlil edilir. Belə ki, kitabın müəllifinin fikirlərinin düzgünlüyünü yoxlamaq üçün Ceremi Salt hətta rəsmlərdən birini geniş imkanlara malik olan fotoqrafa göstərmiş və rəsmə obyektiv yanaşması baxımından ona rəsm barəsində heç bir məlumat verməyib. Fotoqraf isə rəsmi 2400 pikselə qədər yaxınlaşdıraraq onun bir neçə fotoqrafın əl işlərindən ibarət saxta “kompozisiya” olduğunu bildirib.
Həmçinin Ceremi Salt məqaləsində qeyd edib ki, rəsmlərin həcmlərini böyütdükcə onlarda müxtəlif yönlərə meyllilik müşahidə olunur ki, bu da gerçək rəsmlər üçün yolverilməz haldır. Eyni zamanda müəllif rəsmlərdə türk məmuru kimi irəli sürülən şəxslərin libasının Osmanlı məmurlarının geyimi ilə heç bir əlaqəsinin olmadığını tarixi məlumatlara əsaslanaraq sübuta yetirib. Artıq bu analiz Donald Bloksamın kitabındakı məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını açıq şəkildə göstərir.
Obyektiv mövqeyin əks olunması üçün təkcə tarixi faktların ardıcıl olaraq ortaya qoyulması bəzən kifayət etmir. Zaman keçdikcə həqiqətə uyğun olmayan materialların sayı artır və bu fikirlərə ümumiləşdirilmiş cavab verməkdənsə, ayrı-ayrı fikirlərə vaxtında təhlil edilərək və faktlarla cavab vermək daha vacibdir. Bu proses bir qədər uzun və çətin görünsə də, əslində saxta bəyanatların qarşısının alınmasının əsas yollarından biridir.
İstifadə olunmuş mənbə: http://angelsof1915.blogspot.com/2011/06/forging-past-oxford-university-press.html
Fatimə İsmayılova
1905.az