1917-1918-ci illərdə Urmiya bölgəsində 130 mindən artıq azərbaycanlı soyqırıma məruz qalıb
VI ordu komandanı Xəlil paşanın III ordu komandanlığına 26 mart 1918-ci il tarixində göndərilən bir teleqramı da diqqəti cəlb edir.
Teleqramdan bəlli olur ki, Osmanlı dövləti, Urmiya gölü ətrafında ermənilərin fəaliyyətlərinin qarşısını almaq üçün Cənubi Azərbaycandakı müsəlman əhalidən toplanacaq qüvvələrlə VI və III orduların birlikdə həyata keçirəcəkləri Qars-İrəvan istiqamətində yürüş başlamağı planlaşdırmışdır. Həmçinin İran vəliəhdinin başçılığı ilə Təbrizdən hərəkət edən hərbi hissə ilə ermənilər arasında Xoyda baş verən vuruşmada ermənilər məğlub olaraq qaçmışdılar. Bu, bir daha yerli əhalinin erməni cəlladlarına qarşı mübarizə aparmasını sübut edir.
Urmiyadakı vəziyyətə dair VI firqə komandanı Xeyri paşadan VI ordu komandanlığına gələn 27 mart 1918-ci il tarixli, iki ay öncə Rəvandizdən Urmiyaya göndərilən və yeni qayıdan iki kəşfiyyatçının ifadələrinə əsaslanan teleqrama görə, “Urmiyada əksər əhalinin əlindəki silahlar ermənilər tərəfindən toplanmış və bəziləri silahlarını gizlədərək torpağa başdırmışdır. Urmiyanın quzeyində – Üşnü, Pəyan, Şərəfxanada ruslar tərəfindən buraxılmış külli miqdarda odlu silah və hərbi sursat vardır. Urmiyada Marşimonun (aysor dəstəsinin başçısı) komandasında olan 1.000 erməni bölgəyə hücuma keçmiş, amma İran valisinin 1500 süvaridən ibarət birləşmiş ordusunun qarşısında məğlub olaraq Dilman istiqamətinə çəkilmişdir. Lakin hələ də Urmiyada və Dilmanda fransız və ruslardan əldə edilən toplar və digər odlu silahlarla silahlanmış 2 minə qədər erməni dəstəsi mövcuddur”.
Xəlil paşanın III ordu və bu orduya bağlı IV nizami ordu komandanlığına 1918-ci il 13 aprel tarixində göndərdiyi teleqramda Urmiyadakı ingilis və fransız zabitləri komandanlığı altında 4 topa, xeyli odlu silaha malik olan 3-4 min erməninin olduğu, Urmiyanın 20-30 km. güneyində yerləşən Rəşaxan, Xəzmlər, Maşan, Salvatıda da ermənilərin xüsusi partizan dəstələrinin olduğu haqqında məlumat verilir.
Böyük dövlətlərin himayə etdiyi erməni-aysor birləşmələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən misli görünməmiş soyqırımılar Urmiyanın kəndlərində davam edirdi. Çəhirgə və Nazlıçay kəndlərinin əhalisi xristian ordusundan uzaqda yerləşən, möhkəm hasarlarla əhatə olunan Qəhrəmanlı kəndinə pənah aparmışdı. Bundan xəbər tutan erməni-aysor ordusu martın ortalarından başlayaraq kəndə hücumlar etməyə başladı. Aprelin əvvəlində 2 dağ topu gətirərək Əlipəncəsi adlanan dağətəyi mövqedən Qəhrəmanlı kəndini top atəşinə tutdular. Günortaya yaxın kənd tamamilə ələ keçirildi. 334 nəfər sakin tamamilə məhv edildi. Kənddə bir nəfər canlı belə qalmadı. İki-üç il bu kəndin şəhidlərinin sümükləri küçələrdə, həyətlərdə, evlərdə qaldı.
Xəlil paşanın XIII nizami ordu komandanlığı və VI firqə komandanlığına göndərdiyi teleqramda Baş komandanlıq Vəkalət-i Cəliləsinin əmri ilə III ordu tərəfindən Van istiqamətinə göndərilən və başında Əli Ehsan paşanın olduğu IV nizami ordunun Vanı ələ keçirməsi, Saray və Başqala istiqamətində erməniləri təqib etməkdə olduğu haqqında məlumat verilir. Bundan əlavə, sənəddə VI ordudan Urmiya istiqamətində hərəkət etmək üçün təsis edilən xüsusi partizan dəstəsindən ibarət bir taborun da 1918-ci il aprelin 5-də Rayatdan sərhədi keçərək Üşnü istiqamətində, digər üç taborun isə Ərbil və Rəvandiz arasında irəlilədiyi qeyd olunur. Van bölgəsindən geri çəkilən ermənilərin Urmiya ətrafındakı ermənilərlə birləşməsi, onları təqib edən IV nizami ordunun hərbi sursat çatışmazlığı səbəbindən çətinliyə düşə biləcəyi və buna görə də VI firqənin təcili olaraq Urmiyanı ələ keçirməsi istənilmişdir. VI firqə komandanı Xeyri paşa Urmiyadakı ermənilərin şəhəri əldən verməmək üçün toplantı keçirdiyinə dair xəbərlər aldığını bildirmiş və Xəlil paşadan Sovuçbulağa bir bölük göndərilməsini tələb etmişdir.
VI ordu komandanı Xəlil paşa VI firqə komandanlığına 13 aprel 1918-ci il tarixində göndərdiyi teleqramda “… ruslardan gözlədiyi köməkdən məhrum olan ermənilərin İrandakı ingilis, fransız və amerikalılar tərəfindən himayə olacaqlarına ümid etdikləri və onlarla birləşmək fürsətini gözlədikləri” xəbəri verilmişdi. Vəziyyətin ciddiləşdiyini görən ermənilər ingilis ordusu ilə birləşmək üçün İran hökumətindən icazə istəmişlər, lakin İran hökuməti onlara silahlarını təslim etdikdən sonra buna izn verəcəyini bildirmişdir. Bu zaman Urmiya bölgəsindəki ermənilərin hətta Mosulda ingilis qüvvələri ilə vuruşan Osmanlı ordusuna hücum edəcəyi barədə gizli məlumat alınmışdı. Buna görə də Osmanlı baş komandanlığı IV nizami orduya Urmiya-Dilman bölgəsini ələ keçirməyi tapşırmışdır. IV nizami ordu 1918-ci il mayın 10-da Üşnüdən Urmiyaya doğru hərəkətə başlamışdır (ATASE, K. 3632, D.136, F. 029-04).
Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa VI ordu komandanlığına 1918-ci il 15 may tarixli teleqramda ermənilərin Mosul bölgəsinə hücum edəcəkləri barədə alınan kəşfiyyat məlumatına əsaslanaraq IV nizami ordunun təcili olaraq Urmiya üzərinə hərəkətə keçməsini əmr etmişdir. Ənvər paşa eyni zamanda digər bir bölüyündə İrəvan-Culfa üzərinə hərəkətə keçməsini və Cənubi Qafqaz hökumətindən izn gəlməsini gözləmədən Təbriz xəttinin işğal edilməsini xüsusilə tələb etmişdir. VI ordu tərəfindən Rayat və Üşnü istiqamətində Urmiyaya doğru hərbi yürüş hazırlanarkən aysor patriki Marşimon VI tümən komandanlığına bir məktub göndərərək Osmanlı dövlətinə bağlı olduqlarını bildirmiş və ruslar tərəfindən aldadıldıqlarını …söyləyərək aman diləmiş, lakin qısa müddətdən sonra Osmanlı qüvvələrinə yenidən hücum etmişdir. IV nizami ordu iyunun 18-də Dilmanı ələ keçirmişdir. Dilman və Səlmasın Osmanlı qüvvələrinin köməyi ilə ermənilərdən azad olunandan dərhal sonra Qafqaz cəbhəsindən Andronikin tabeliyindəki erməni qüvvələri Culfa tərəfindən Araz çayını keçib Xoy üzərindən güneyə doğru irəliləməyə başlamışdır. Ermənilərin niyyəti Təbriz bölgəsinə qədər irəliləyən ingilis qüvvələri ilə birləşərək Osmanlı döyüşçülərini məğlub etmək və Qafqaz cəbhəsinə geri dönmək idi. Lakin Osmanlı qüvvələri ermənilərin ingilislərlə birləşməsinə aman verməmiş, onları məğlub edərək Araz çayının quzeyinə doğru geri çəkilməyə məcbur etmişdir.
Sənədən Osmanlı baş komandanlığına göndərilən 1918-ci il 22 avqust tarixli bir teleqramda ingilislərin Kirmanşahdakı qüvvələrini Sənəyə gətirdiyi və onların Sovuçbulaq üzərinə, oradan isə şimala doğru hücuma hazırlaşdıqları haqda məlumat verilmişdir. Bir müddət sonra ingilislər Rəşt-Urmiya xəttinə qədər gəlib çatmış və Təbrizin 10 km. məsafəsində Bazmiç kəndinə qədər yaxınlaşmışlar. Ənvər paşanın 1918-ci il 6 may tarixdə Qafqaz cəbhəsində olan III ordu komandanlığına göndərdiyi teleqramda Güney Azərbaycanda və Təbrizdəki erməni və ingilislərin o ətrafda yaşayan əhaliyə qarşı törətdikləri insanlığa sığışmayan hərəkətlərinə diqqəti çəkmiş və mümkün olduğu qədər sürətlə Təbrizə qüvvətli bir hissənin göndərilməsini və bunun üçün Qafqazdan Təbrizə qədər gələn qatar yolunun ələ keçirilməsini istəmişdir (ATASE, K. 2922, D.512, F. 017).
Pavədə olan hərbi komandanlıqdan 1918-ci il 3 iyun tarixli VI ordu komandanlığına gələn teleqrama görə Osmanlı dövlətinə məxsus hərbi hissələrin Təbrizə doğru istiqamət alması ilə ingilis və fransız konsulları şəhəri tərk etmiş, Təbrizdəki ermənilər də qaçmağa başlamışlar. Osmanlı qoşunları qısa vaxt ərzində Təbrizi ingilislərdən öncə ələ keçirmiş, daha sonra Miyanə, Dəymətaş, Qaraçam, Türkmənçay mövqelərində ingilislərə ağır zərbələr endirərək nəticədə onları cənub-şərq istiqamətində geri çəkilməyə məcbur etmişdir.
Urmiya, Səlmas, Xoy, Maku, Dilməqan şəhərlərində və onların ətrafındakı kəndlərdə Azərbaycan türklərinin qətlə yetirildiyi vaxt Osmanlı ordusu soydaşlarımızın yardımına gəldi. 1918 ilin iyununda Xoy şəhərinə çatan türk ordusu oradan Səlmasa doğru hərəkət etdi. Bir neçə gün davam edən döyüşlərdən sonra erməni ordusu darmadağın edilib qaçmağa başladı. Lakin onlar geri çəkilərkən də kəndlərə od vurur, insanları qətlə yetirir, məğlubiyyətlərinin heyfini dinc əhalidən çıxırdılar.
Həmin vaxt daşnak qaniçəni Andronik Xoy şəhərini ələ keçirmək və erməni-aysor qoşunu ilə birləşmək üçün 8 min nəfərlik hərbi qüvvə ilə Culfa yolundan hərəkət etdi. Ermənilər Xoy şəhərini ələ keçirib, əhalini qırdıqdan sonra özləri ilə gətirdikləri 10 min erməni ailəsini burada yerləşdirmək və Azərbaycanın bu hissəsini Ermənistana birləşdirmək niyyətində idilər. 1918-ci il iyunun 24-də Andronikin ordusu Xoy şəhərini mühasirəyə aldı. Ermənilər Urmiyada törətdikləri vəhşilikləri burada da davam etdirdilər. Lakin şəhər sakinləri silahlı müdafiə dəstələri yaradaraq düşmənə ciddi müqavimət göstərdilər. Şəhərin müdafiəsində qadınlar da iştirak edirdilər. Ermənilər şəhəri top atəşinə tutdular. Lakin bu vaxt Səlmas tərəfdən Osmanlı ordusunun yaxınlaşdığını görən ermənilər məğlub olacaqlarını hiss edib geri döndülər. Ermənilər yeni-yeni məkrli planlar qurur, zəif müdafiə olunan şəhər və kəndlərə basqınlar edib faciələr törədirdilər. Onlar rusların Urmiya gölündəki hərbi gəmisindən də istifadə etməyi nəzərdə tuturdular. 180 nəfər yaxşı təlim görmüş erməni-aysor hərbçisinin əlində olan bu gəmi vasitəsilə Şərəfxana limanına çıxmaq və oradakı gəmiləri ələ keçirmək istəyirdilər. Lakin onlar sahilə çıxarkən Osmanlı və Azərbaycan türkləri ilə döyüşdə məhv edildilər. Beləliklə, onların bu planı da baş tutmadı.
Seyid Əhməd Kəsrəvi Urmiya şəhərində 130 mindən artıq insanın erməni və aysorlardan ibarət xristian qoşunu tərəfindən qətlə yetirildiyini yazır.
Cənubi Azərbaycan, əsasən də Urmiya bölgəsində azərbaycanlılara qarşı törədilmiş kütləvi cinayətlər əslində ermənilərin Cənubi Qafqaz, Şərqi Anadolu və İran ərazisində türk-müsəlman əhalisini soyqırımına məruz qoymaqla gələcəkdə türksüz “böyük Ermənistan” yaratmaq planının tərkib hissəsi idi.
Güntəkin NƏCƏFLİ,
tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı