Mark Blievin “Cənubi Osetiya: Rusiya-Gürcüstan münasibətlərinin toqquşmasında” (Южная Осетия: в коллизиях российско-грузинских отношений) kitabı 2013-cü ildə Moskvada 1000 nüsxə tirajla çap olunmuşdur. Rusiya Federasiyasının Şərəf ordeni ilə təltif edilmiş, tarix elmləri doktoru Bliev, Şimali Osetiya Dövlət Universitetinin kafedra müdiridir.
Bu kitab gürcü-osetin münaqişəsinin tarixi köklərini araşdırır. Hadisələrə osetin mövqeyindən yanaşan müəllif ilk öncə hazırki Gürcüstan dövlətinin ərazi inzibati quruluşunu sual altına alaraq əslində Stalin və Orconekidze kimi bolşeviklərin sayəsində Abxaziya, Osetiya və Acarıstanın Gürcüstan ərazisinə əlavə edilməsi fikrini irəli sürür. Hazırki Gürcüstan dövlətinin formalaşmasına gətirib çıxaran tarixi prosesləri çox ətraflı izah edən müəllif, Qafqazın Çar Rusiyası tərəfindən işğalına qədər qərbi Gürcüstanın Osmanlı dövlətinin, şərqi Gürcüstanın isə İranın nəzarətində olduğundan Gürcüstanın vahid bir dövlət kimi meydana gəlməsinə görə ruslara minnətdar olmalı olduğunu vurğulayır. O, rusların Qafqaza yürüşdən müstəmləkə marağı güdmədikərini və günahlarının isə “gürcülərə qarşı həddən artıq qayğıkeş olmaları”ndan ibarət olması ilə izah edir. Müəllif daha irəli gedərək heç bir fakt göstərmədən Qızılbaşların və Osmanlıların gürcülərə qarşı vaxtaşırı genosid törətdiklərini, Çar Rusiyasınn imdad diləyən gürcüləri faktiki olaraq labüd məhvolmadan qurtardığını qeyd edir.
Münaqişənin köklərinə gəldikdə isə, Bliev bunu Qafqazın istilasında ruslara yardım edən gürcülərə XIX əsrin ortalarında Osetiya kəndlərinin idarəçiliyinin verilməsi ilə əlaqələndirir. Bunun nəticəsində, müəllifə görə, həmin dövrdən başlayaraq Osetiyada yaşayan osetinlərin sayı azalan xətt üzrə getmişdir. Onun təqdim etdiyi statistikada, 19-cu əsrin 60-cı illərində bölgədə 150000 osetinin yaşadığı halda, bu rəqəmin 1930-cu ildə 107000-ə, 1989-cu ildə isə 96000-ə qədər azaldığı göstərilir.
Müəllifin qeydlərindən bu nəticəyə gəlmək olar ki, Çar Rusiyasının süqutundan sonra Şimali Osetiyada mərkəzi Gürcüstan hakmiyyətinə qarşı ciddi müqavimət olmuş və bu hakimiyyət tanınmamışdır. Blievə görə, osetinlərin ram edilməsi bolşeviklərin gürcü millətçiləri razı salmaq istəyi və Stalin, Beriya kimi gürcü liderlərin səyləri nəticəsində mümkün olmuşdur. Stalinin Gürcüstan üçün xidmətlərindən danışan Bliev, osetin kəndlilərinin əhalisi deportasiya edilmiş Çeçen İnquş Muxtar Respublikasının üç rayonuna köçürülərək Hərbi Gürcüstan yolunun bütünlüklə Gürcüstan ərasizinə salınmağını ətraflı təsvir edir. O, Osetiyanı Gürcüstanın bir müstəmləkəsi kimi qələmə verir və nümunə kimi orada osetin dilində təhsilin qadağan edilməsini, rəhbər dövlət orqanlarına qeyri-osetin millətindən olan şəxslərin seçilməsini göstərir.
Gürcü-osetin münaqişəsinin 1992-ci ilədək olan dövrünün araşdırıldığı bu kitabda Qamsaxurdiyanın Osetiya ilə əlaqdər siyasəti faşist siyasəti adlandırılır. Müəllif bütün bunların məntiqi nəticəsi olaraq 1990-cı il 9 dekabr tarixdə Osetiya Ali Sovetinə keçirilən seçkiləri bir növ osetn xalqının öz taleyini müəyyənləşdirməsi kmi qiymətləndirir. Sonda Bliev 24 dekabr 1992-ci il Soçi anlaşmasının Rusiyanı Cənubi Osetiyanın mövcudluğunun qarantı kimi meydana gətirdiyini qeyd edir.
Kitabda maraqlı məqamlardan biri, müəllifin Çar Rusiyasının Qafqazda xalqları qarşı qarşıya qoyması, bir etnik qrupun kompakt yaşadığı ərazilərin gərgin münasibətdə olduğu başqa bir etnosun tabeçiliyinə verməsinin məqsədləri üzərində, məlum səbəblərə görə, digər məqamları ətraflı araşdırdığı kimi geniş dayanmır və bunu Çar sarayında hansısa ikinci dərəcəli məmurların düşünülməmiş və yanlış qərarları kimi bəsit səbəblərlə izah etməyə çalışır. Eyni fikirlər bolşevik Rusiyasının etnik siyasətinə də aiddir. Digər cəhət isə, Şimali Osetiya hadisələrində Rusiyanın iştirakının hər hansi bir şəkildə görünməməsidir. Ən önəmli məqam isə, Osetiya məsələləri ilə əlaqədar, azsaylı militarist bəyanatlar istisna olmaqla, rəsmi Tbilisinin mövqeyi və arqumentlərinin verilməməsidir ki, bu da əsərin elmiliyini azaldan ciddi faktorlardan biridir.
İlk dəfə 21.07.2014 tarixində dərc olunub.